Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqeyini gücləndirən amillər
Tarix: 04.07.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verməkdə və regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynamaqdadır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal strateji tərəfdaşa çevrilməkdədir. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətinin nüfuz və güc iyerarxiyasında sürətlə irəliləməkdədir.

Azərbaycanın xarici siyasət kursu Cənubi Qafqazın təhlükəsizlik
və inkişaf qarantı kimi

Həyata keçirilən rasional və praqmatik xarici siyasət kursu sayəsində bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın hərbi-siyasi, iqtisadi, ekoloji təhlükəsizliyinin təmin olunmasına fundamental strateji töhfələr bəxş edən regional güc mərkəzi kimi dəyərləndirir. Bu isə ona dəlalət edir ki, Azərbaycan regionun təhlükəsizlik qarantı və inkişaf mənbəyi qismində çıxış edir. Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqeyini gücləndirən amilləri şərti olaraq bir neçə yerə ayırmaq olar.

Enerji strategiyası
Ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionun və regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan və tərəfdaşlardan birinə çevirib. Belə ki, bu gün Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir. Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən, milli maraqlarımıza söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Təsadüfi deyil ki, regional əməkdaşlıq platformalarının yaradılmasını təmin edən başlıca regional güc olan Azərbaycanın iştirakı olmadan bu gün bölgədə heç bir layihə gerçəkləşdirilə bilməz. Bu da Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Hazırda Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir. Həyata keçirilən çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilə bilib. Azərbaycan, həmçinin, enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də, özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri də bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Dünya enerji bazarında ara-sıra baş verən proseslər göstərir ki, bəzi dövlətlər neft və qaz amilindən spekulyasiya edərək öz iqtisadi və siyasi məqsədləri üçün yararlanmağa çalışır. Azərbaycan isə bütün tərəfdaşları ilə səmimi, real bazar prinsiplərinə uyğun, hüquqi əlaqələr qurmaqla etibarlı tərəfdaş imici qazanıb. Respublikamızın bu cür mövqeyə sahib olması və tarazlaşdırılmış siyasət aparması özünün enerji ehtiyatlarından etibarlı və uzunmüddətli tərəfdaşlıq qurmaq üçün istifadə etdiyini sübut etmiş olur. Respublikamızın enerji sahəsində diversifikasiya siyasəti dünya yanacaq bazarına yeni keyfiyyət dəyişiklikləri gətirir.

Etibarlı tərəfdaş
Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Bunlarla yanaşı, mütəmadi surətdə ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirən Azərbaycan çoxtərəfli münasibətlər platforması olan beynəlxalq təşkilatlarda da öz mövqeyini möhkəmləndirməkdədir. Məsələn, Azərbaycanın 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təmsil edəcək yeni qeyri-daimi üzv seçilməsi buna başlıca nümunə kimi göstərilə bilər. Məhz bu qələbəni şərtləndirən başlıca faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik əsaslı, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət strategiyasıdır. Azərbaycan özünün müstəqil və suveren xarici siyasət strategiyasının fonunda nəinki regionun ən güclü və nüfuzlu aktoru qismində çıxış etməkdədir, eləcə də beynəlxalq münasibətlər sistemi çərçivəsində əksər milli dövlətlərin əməkdaşlıq etdiyi etibarlı tərəfdaşdır. Məhz bu, Azərbaycanın məlum parlaq qələbəsini şərtləndirən mühüm amil qismində çıxış etməkdədir. Eyni zamanda, ölkəmiz digər bir sıra regional və beynəlxalq təşkilatlarda da etibarlı strateji tərəfdaş, nüfuzlu aktor kimi səciyyələndirilir. Bugünlərdə “Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya çatdırmaq üçün “Trans-Adriatik Pipeline” (TAP) boru kəməri layihəsini seçib. Bu qərar Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mövqeyini bir qədər də gücləndirəcək. Azərbaycan etibarlı tərəfdaş olduğunu ilk dəfə dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsi ilə nümayiş etdirib və indiyədək bu yataqdan hasil olunmuş təxminən 2,3 milyard barrel neft əsasən Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılıb. Azərbaycan, həmçinin nəhəng “Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsində Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyə və Gürcüstanı “mavi yanacaq”la təchiz edən etibarlı qaz təchizatçısı kimi də özünü təsdiqləyib. Bu addım Azərbaycanın Avropanın mühüm və etibarlı qaz təchizatçısına çevrilməsi yolunda ciddi irəliləyiş kimi qəbul edilir. Bu mühüm uğurun əsasında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2011-ci ildə irəli sürülmüş təşəbbüs dayanır. Dövlət başçısı Brüsselə səfəri zamanı Avropanın etibarlı və çoxşaxəli qaz təchizatında Azərbaycanın mühüm strateji rolunu bir daha diqqətə çatdırıb. Bugünkü irəliləyiş Azərbaycanın Avropanın etibarlı qaz təchizatçısı rolunda çıxış etməyə hazır olduğunu əyani surətdə təsdiqləyir. Azərbaycan qazını Avropaya daşıyacaq TAP layihəsi Xəzər regionundan Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya qaz nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin gücü 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyon kubmetr qaz təşkil edəcək. “Şahdəniz 2” layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. “Mərhələ 2” layihəsi çərçivəsində “Mərhələ 1”dən il ərzində hasil olunan təqribən 9 milyard kubmetr qaza daha 16 milyard kubmetrin əlavə ediləcəyi gözlənilir. Bunun 6 milyardı Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək. Prezident İlham Əliyev Azərbaycan polisinin yaranmasının 95 illiyi münasibətilə Polis Akademiyasında keçirilən tədbirdə bildirib ki, Azərbaycan həddindən artıq önəmli ölkəyə çevrilib: “Azərbaycanın coğrafi vəziyyəti, bizim geosiyasi məsələlərlə bağlı tutduğumuz mövqe, enerji resurslarımız, nəqliyyat infrastrukturumuz, digər amillər, yəni, iqtisadi inkişaf, Azərbaycanın siyasi cəhətdən güclü ölkə olması, əlbəttə ki, bizə diqqəti artırır. Əlbəttə, Azərbaycan bir güclü dövlət kimi bəzi dairələr üçün böyük maraq doğurur. Biz buna etiraz etmirik. Çünki biz beynəlxalq aləmin bir parçasıyıq və bu gün beynəlxalq aləmin ən ali qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüyük. Dünyada bundan yuxarı səviyyə yoxdur. Əlbəttə ki, biz bütün əməkdaşlığa açığıq və beynəlxalq əməkdaşlıq üçün öz konkret addımlarımızı atırıq. Ancaq bir daha demək istəyirəm ki, bütün ölkələrlə, bütün qurumlarla bizim münasibətlərimiz qarşılıqlı maraqlar, qarşılıqlı hörmət üzərində qurulur. Bir-birinin işinə qarışmamaq prinsipi bizim üçün əsasdır. Bu, bizim prinsipial mövqeyimizdir. Bu mövqe ədalətə və beynəlxalq hüquq normalarına söykənir”.

Avroatlantik məkana inteqrasiya
Azərbaycanın xarici siyasət kursunda Avroatlantik qurumlarla əlaqələr və Avropa dövlətləri ilə ikitərəfli əməkdaşlıq münasibətləri xüsusi çəkiyə malikdir. Azərbaycanın demokratik dövlət quruculuğu siyasəti Qərbə inteqrasiyanı mümkün edən başlıca amildir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlət quruculuğu siyasəti Azərbaycanın bu yolda qətiyyətli oduğunu göstərib. Həmçinin, bəhs olunan istiqamətdə demokratik islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bunun göstəricisi olaraq, vətəndaşların hüquq və azadlıqlarının qorunmasını, seçki sisteminin və qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılmasını, mütərəqqi xarakterli məhkəmə-hüquq islahatlarının aparılmasını qeyd etmək olar. İqtisadi sahədə liberallaşma, genişmiqyaslı özəlləşdirmə tədbirləri, bazar iqtisadiyyatına keçid, həyata keçirilən beynəlxalq enerji layihələri və dünya iqtisadiyyatına inteqrasiya proseslərinin uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan Avropa məkanı ilə daha sıx tellərlə bağlanıb. Azərbaycanın, həqiqətən də, müasir, hüquqi bir dövlət kimi formalaşdığını təsdiqləyir. Eyni zamanda, bu tədbirlərin çox zaman Avropa İttifaqı, Avropa Şurası, ATƏT, Avropa Parlamenti kimi təşkilatlarla əməkdaşlıq şəraitində həyata keçirilməsi Azərbaycanın Avropa məkanına inteqrasiyasını uğurlu edən fundamental strateji amil qismində çıxış edir. Azərbaycanın Avropa məkanına inteqrasiyası həm də ölkəmizin bəhs olunan region dövlətləri ilə ikitərəfli qarşılıqlı-faydalı əməkdaşlığına söykənir.
Beləliklə, sadalananların qanunauyğun nəticəsi kimi qeyd etmək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də, yüksək beynəlxalq nüfuza malik olan milli dövlətə çevrilib. Prezident Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib ki, Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır, dünya miqyasında çox böyük hörmətə layiq olan ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır: “Azərbaycan ikinci ildir ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür və bu ən mötəbər qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir və deyəcəkdir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info