“Təbliğat müharibəsində Azərbaycan günü-gündən güclənir”
Tarix: 04.07.2013 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Elxan İsazadə: “Dünyanın bir sıra ölkələri və əksər beynəlxalq təşkilatlar artıq Azərbaycanın xeyrinə qərarlar qəbul edirlər”

Diaspor təşkilatlarımız arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin olması ilə yanaşı, onların qarşısında azərbaycançılıq ideologiyasına əsaslanan bir sıra tarixi vəzifələr durur. Burada Azərbaycan reallıqlarının dünyaya olduğu kimi çatdırılması, eləcə də vətənə sədaqətlilik kimi meyarlar öz əksini tapıb. Bu amala sadiq qalan xaricdəki diaspor təşkilatlarımız fəaliyyətlərini daha da gücləndirirlər. Hazırda öz fəaliyyəti ilə seçilən belə diaspor təşkilatlarından biri də Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətidir. Təşkilatın sədri Elxan İsazadə 1978-ci ildə Naxçıvan şəhərində anadan olub.
-Hollandiyada nə vaxtdan yaşayırsınız?
- 2004-cü ilin sonlarında Hollandiyaya gəlmişəm. O zamandan bəri burada inşaat sektorunda mütəxəssis olaraq işləyirəm. İctimai fəaliyyət olaraq isə 2005-ci ildə Rotterdam şəhərində Hollandiya-Azərbaycan Həmrəylik Dərnəyini yaratmışıq və bu dərnəyin idarə heyətində fəaliyyət göstərmişəm. 2009-cu ildən isə bu təşkilatın sədri vəzifəsindəyəm.
- Hollandiyada Azərbaycanı lazımınca tanıda bilirsinizmi?
- Çox təəssüf ki, Azərbaycan uzun illər sovet hökumətinin ideoloji məngənəsində sıxılaraq öz gerçək kimliyini lazımi qədər dünya ictimaiyyətinə tanıda bilməyib. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra qarşısında duran ən mühüm məsələlərdən biri ölkəmizin bütün yönü ilə tanıdılması məsələsi olub. Təbii ki, bu məsələdə sadə vətəndaşdan tutmuş, məsul şəxslərə qədər hər kəsin üzərinə düşən milli vətəndaşlıq təəssübkeşliyi mühüm rol oynamalıdır. Hesab edirəm ki, Azərbaycanın istər son illərdə həyata keçirdiyi sistemli diaspor siyasəti, istərsə də dinamik iqtisadi inkişafı onun bir çox ölkələrdə, o cümlədən Avropanın aparıcı ölkələrindən olan Hollandiyada lazımınca tanınmasına və dəstəklənməsinə gətirib çıxara bilib. Lakin bu, bizi qane etməməlidir. Daha çox iş görməliyik.
-Siz Azərbaycan diasporunun birləşməsi, ölkəmizin tarixinin və mədəniyyətinin təbliği istiqamətində hansı işlər görürsünüz?
- Təbliğat müharibəsində Azərbaycan günü-gündən güclənir. Diaspor ilə iş Azərbaycan dövlətinin mühüm amillərindən birinə çevrilir. Dünyanın bir sıra ölkələri və əksər beynəlxalq təşkilatlar artıq Azərbaycanın xeyrinə qərarlar qəbul edirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində Azərbaycan həqiqətləri ilə bağlı işlər aparılır. Bu halda erməni irticasının görəcəyi iş tarixən sınaqdan keçirdikləri terror, dağıdıcılıq işləridir. Təbii ki, biz təbliğat müharibəsinə ermənilərdən gec qoşulduğumuz üçün bu sahədə bəzi çətinliklər yaşansa da, tam əminliklə deyə bilərəm ki, artıq Dağlıq Qarabağ məsələsi haqqında burada çox sistemli və ciddi işlər aparılır. Azərbaycan həqiqətlərini Hollandiya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilir və bilavasitə Qarabağ məsələsi və erməni vəhşiliyi bu tanıtımın ön planındadır. Azərbaycan diasporu olaraq Xocalı soyqırımı ilə bağlı Hollandiyadakı beynəlxalq insan haqları və başqa beynəlxalq qurumlara öz müraciətimizi bildirmişik və onlardan cavab istəyirik. Hər il bu soyqırımı ilə bağlı etirazlar, mərasimlər keçiririk.
- Bildiyimizə görə, erməni diasporu bir neçə dəfə Hollandiyada sizin, eləcə də digər Azərbaycan diaspor təşkilatlarının ofislərinə hücumlar edir. Bu məsələ ilə bağlı diaspor qurumlarımızın Hollandiya hüquq-mühafizə orqanlarına müraciətləri olubmu?
- Bəli, bizim Azərbaycan-Hollandiya Həmrəylik Dərnəyinin binasına dəfələrlə basqın olub və soyğunçuluq halları baş verib. Cəmiyyətimizin ofisində bayraq, bilgisayar, pul və başqa ləvazimatlar soyğunlar zamanı oğurlanıb. Hollandiya polisinə bu soyğunların ermənilər tərəfindən edildiyini sübut edə bilməsək də, yenə də öz şikayət və müraciətlərimizi etmişik. Məlumat üçün deyim ki, Benilüks ölkələrində Azərbaycanı təmsil edən özünəməxsus yeganə diaspor təşkilatı Azərbaycan-Hollandiya Dostluq Cəmiyyətidir. Təəssüf ki, bu gün biz binanın saxlanılmasında, maddi xərclərimizin ödənilməsində illərdir çox çətinlik çəkirik və hazırda bu çətinlikləri yaşayırıq. Cəmiyyətimizin maddi gəliri yoxdur və beş-on nəfər üzvlərimizin köməyilə ayaqda qalaraq fəaliyyətimizi davam etdiririk.
- Ermənilərin Hollandiyada antiazərbaycan fəaliyyətlərinin qarşısının alınmasında diasporumuz hansı addımları atır?
- Bizim cəmiyyətimiz Hollandiyada keçirilən tədbirlərin sayı və əhəmiyyətinə görə ciddi fəallıq göstərir. Ermənilərin saxta tezisləri ifşa olunur. Əlbəttə ki, ermənilər hər zaman tarixi Azərbaycan torpağı olan Qarabağın Ermənistana aid olmasını göstərmək üçün separatçı addımları dayanmadan həyata keçirirlər. Məsələn, abidələrimizi, bir çox hallarda isə islam-türk abidələrinin onlara aid olmasına dair həyasızcasına iddialar irəli sürürlər, milli mətbəximizlə, ədəbiyyatımızla, mədəniyyətimizlə bağlı digər iddialar onlar üçün adi hal olsa da, bizim üçün ciddi məsuliyyət yaradır və biz bu cür saxta tezislərə qarşı dəfələrlə Haaqa Məhkəməsi və bələdiyyələr qarşısında etirazlarla çıxış etmişik. Holland rəsmilərinə bu iddiaların saxta olduğunu faktlarla isbat etməyə çalışmışıq.
-Dərnəyinizin Hollandiya-Azərbaycan həmrəyliyinin yaranmasında və inkişafında hansı rolu olub? Bu həmrəyliyin möhkəmlənməsinə nə dərəcədə nail olubsunuz?
- Biz Hollandiya-Azərbaycan həmrəyliyini gücləndirmək üçün, artıq neçə illərdir ki, burada yaşayan azərbaycanlılarla işlər görürük. Hollandiya-Azərbaycan Həmrəylik Cəmiyyətinin xətti ilə 26 Fevral Xocalı soyqırımının ildönümü burada müxtəlif tədbirlərlə qeyd olunur. Eləcə də xalqımızın digər tarixi günlərinin, milli bayramlarının burada yüksək səviyyədə qeyd olunması, artıq ənənə halını alıb. Cəmiyyətimizin xətti ilə burada təşkil olunan müxtəlif mövzularda müzakirələr Hollandiya ictimaiyyətinin marağına səbəb olur. Bu günə qədər Azərbaycan əleyhinə aparılmış saxta tezislər burada yaşayan azərbaycanlıların dilindən gerçək şəkildə ictimaiyyətə çatdırılır. Xüsusilə biz çalışırıq ki, bu cür tədbirlərdə holland ictimaiyyəti ilə bərabər, burada yaşayan digər millətlərin, Hollandiya rəsmilərinin, türk diaspor təşkilatlarının nümayəndələrini də cəlb edək. Hollandiya-Azərbaycan münasibətlərinin inkişafında Hollandiyada yaşayan, təhsil alan, işləyən hər bir azərbaycanlı böyük rol oynayır və bu münasibətlərin inkişafı üçün hansısa qurumun təşkilatın məsul vəzifəli şəxsi olmaq mütləq bir şərt deyil, millətini, dövlətini sevən hər bir azərbaycanlı Azərbaycandan kənarda diaspor məsuliyyəti daşıyır. İstər yaşadığı məhəllədə, işlədiyi müəssisədə, oxuduğu məktəbdə hər bir hərəkətində Azərbaycanımızı təbliğ etdiyini unutmamalıdır və buna layiq olmalıdır.
-Bəs hər hansı çətinlikləriniz varmı?
- Azərbaycanlılar burada ciddi çətinliklərlə üzləşmirlər. Biz çalışırıq ki, azərbaycanlılar burada aparıcı, fəal qüvvə kimi təmsil olunsunlar və Hollandiyanın siyasi-ictimai və mədəni-sosial həyatında aktiv rol oynasınlar.
-Digər diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Bizim cəmiyyətimiz Avropadakı Azərbaycan və türk cəmiyyətlərinin hər biri ilə əlaqədə olur, əməkdaşlıq edir. Xüsusilə, bu funksiyanı bizim buradakı gənclərimiz həyata keçirirlər. Onların daha gənc olmalarına baxmayaraq, qısa bir müddətdə diaspor xəttində böyük nailiyyətlər əldə ediblər. Artıq bu gənclər “Hollandiyadakı Azərbaycanlı Gənclər” adlı təşkilat yaradıb və hal-hazırda öz fəaliyyətlərini davam etdirirlər.
-Hollandiyada diasporumuzun həmrəyliyi hansı səviyyədədir?
- Bildiyimiz kimi, diaspor fəaliyyətində milli və dövlət maraqları vahiddir və belə də olmalıdır. Hesab edirəm ki, buradakı diaspor təşkilatları da bu sahədə vahid mövqedən çıxış edir. Təşkilatların nizamnamələrində yaranmış fərqlər isə yalnız həmin təşkilatların fəaliyyət strukturu (saxtari) və yaxud tədbirlərin mözvusu ilə bağlıdır. Əlbəttə ki, necə deyərlər: “Birlikdən güc doğar”. Fəaliyyət göstərən hər bir diasporumuz onsuz da eyni ideya yolunda mübarizə aparır, amma bu gün bütün Azərbaycan diasporunun birləşib birgə fəaliyyət göstərməsi daha effektli nəticələr verə bilər. Ümid edirəm ki, bu bütövləşməyə, bütün diasporumuzun birgə irəliləməsinə tezliklə nail olacağıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info