“BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var”
Tarix: 11.10.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


“Frank Şvabenin təqdim etdiyi məruzədə dövlətlərin ərazi bütövlüyünə müdaxilə etmək cəhdi aydın görünür”

Xəbər verildiyi kimi, AŞPA-nın payız sessiyasında “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri aparılıb. Assambleyada məruzəçi Frank Şvabenin hazırladığı məruzədə Azərbaycan və Türkiyəyə qarşı qərəzli ittihamlar irəli sürülüb. AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində bildirib ki, AŞPA-da ikili standartlar hələ də davam edir: “Qurumda gedən proseslər buradakı ciddi məsələlərə obyektiv yanaşmaya imkan vermir. “Avropa Şurası və BMT-nin insan hüquqları üzrə monitorinq orqanlarının üzv ölkələrə, o cümlədən “boz sahələr”ə məhdudiyyətsiz girişi” adlı məruzənin müzakirələri bir daha göstərdi ki, Azərbaycana, Türkiyəyə qarşı AŞPA-da qeyri-obyektiv, qərəzli mövqelər mövcuddur”.
Səməd Seyidov qeyd edib ki, Frank Şvabenin təqdim etdiyi məruzədə insan haqları təşkilatlarının adından istifadə edilərək, dövlətlərin ərazi bütövlüyünə müdaxilə etmək cəhdi aydın görünür. Bu, tamamilə beynəlxalq qanunlara ziddir. Müzakirə olunan sənəd əhəmiyyətsiz və AŞPA-nın nüfuzuna xələl gətirən sənəddir. “Əminəm ki, bu sənədin heç bir gələcəyi yoxdur. Qanunun aliliyini qorumaq üçün yaradılmış təşkilat dövlətlərin ərazi bütövlüyü, suverenliyi kimi ən müqəddəs prinsipləri, eləcə də beynəlxalq qanunları pozmaq cəhdini ortaya qoyur. Buna görə də Azərbaycan və Türkiyə nümayəndə heyətlərinin üzvləri buna qarşı çıxdılar”, - deyə S.Seyidov vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri bildirib ki, payız sessiyasının bütün məruzələrində iki ölkəyə qarşı qərəzli və tamamilə məntiqsiz ittihamlar gündəmə gətirilib. Azərbaycan həmişə Türkiyənin yanındadır. Türkiyənin problemi bizim problemimizdir. Türkiyəyə qarşı qaldırılmış məsələlər Azərbaycana qarşı olan məsələlərdir. Qardaş Türkiyənin mövqeyini müdafiə etmişik, edirik və edəcəyik.

“Boz zona” kimi iddia edilən ərazilər, sadəcə, işğal altında olan ərazilərdir”.
Məruzənin müzakirələri zamanı deputat Asim Mollazadə təmsil etdiyi Avropa Konservatorlar qrupu adından söyləyib ki, Avropa Şurasının əsas problemi beynəlxalq hüquqa riayət edilməməsi məsələsidir: “Boz zonalar”la bağlı məruzədə bəzi müddəalar var ki, onlar bir çox keçmiş sovet respublikalarının ərazi bütövlüyünü pozur. “Boz zona” kimi iddia edilən ərazilər, sadəcə, işğal altında olan ərazilərdir”.
Deputat qeyd edib ki, Azərbaycanın, eləcə də Gürcüstanın, Moldovanın ərazilərinin bir hissəsi hələ də işğal altındadır. Məruzə bu ölkələrin müstəqilliyinə xələl gətirir. Dağlıq Qarabağda bütöv bir şəhər darmadağın edilib, yüzlərlə qadın, uşaq qətlə yetirilib, etnik təmizləmə aparılıb. İnsan haqlarının müdafiəsi adı altında bu məruzə ərazilərin işğalını legitimləşdirməyə cəhddir. Bu ərazilərin işğal altında olduğu bildirilməlidir.
Asim Mollazadə qeyd edib ki, BMT-nin, Avropa Şurasının işğalçı ölkələrə təzyiq göstərmək imkanı var. “Boz zona” adlandırılan bu ərazilərdə işğalçılar yerləşir. Onların arasında çoxlu hərbi cinayətkarlar var. Əgər Avropa Şurası bütün üzv ölkələrin ərazi bütövlüyü prinsipinə riayət etmirsə, sonra de-fakto iddialı hakimiyyətlər peyda olacaq və bu təşkilatın nəzdində legitimləşəcək.
Azərbaycan nümayəndə heyətinin üzvü Türkiyənin ərazi bütövlüyünə də şübhələr yaradıldığını və bunun da beynəlxalq hüququn normalarının pozulması olduğunu diqqətə çatdıraraq məruzəyə etirazını bildirib.
“BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köçkünlərlə görüşməlidir”
Milli Məclisin deputatı, AŞPA-nın Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva isə məruzənin müzakirəsi zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan nümayəndə heyətinin üzvlərinə sərt cavab verib. O deyib ki, Azərbaycan torpaqlarının 20 faizi 25 ildir Ermənistanın işğalı altındadır və rəsmi Yerevan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, işğal etdiyi torpaqlardan bu günə qədər geri çəkilməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub. İyirmi beş ildir ki, 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz evlərinə qayıda bilmir. Yəni Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Krımdakı vəziyyətdən çox fərqlidir. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun azərbaycanlı yaşamır. Orada, sadəcə, separatçılar, terrorçular, Ermənistan əsgərləri var. Yəni məruzəçinin “boz zona” adlandırdığı həmin bölgələrdə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarını pozanlar yaşayırlar. Beynəlxalq insan haqları müdafiəçiləri, BMT, AŞPA təmsilçiləri Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köçkünlərlə görüşməlidir, “boz zona”da onları köçkün salan işğalçılarla, separatçılarla, terrorçularla, əsgərlərlə deyil. Digər tərəfdən, Azərbaycan dövlətinin işğal altında olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq sənədlərə, həm də Azərbaycan qanunvericiliyinə ziddir.
“Mən hər kəsi işğalçılara qarşı sərt addımlar atmağa çağırıram”
“Siz Azərbaycan Xarici İşlər Nazirliyinin saytında Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altındakı ərazilərinə, yəni “boz zonalar”a səfər edənlərin adlarına və saylarına baxa bilərsiniz. Onların çoxu Avropa Şurasının üzvü olan ölkələrin təmsilçiləridir. Onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara baxsanız görərsiniz ki, bunlar işğalçıya dəstək xarakteri daşıyır və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların kobud qanun və beynəlxalq hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı tədbirlər görüb? Heç bir tədbir görməyib. Bütün bunlardan sonra, təbii ki, belə bir sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq. İşğal edilmiş əraziləri, “boz zonalar”ı nəzarətdə saxlayan işğalçı, separatçı, terrorçular bu günə qədər beynəlxalq təşkilatların, beynəlxalq insan haqları qurumlarının heç bir çağırışına məhəl qoymayıbsa, bu sənədin qəbulundan sonra bu addımı atacaqlarına ümid etmək sadəlövhlük olardı. Məsələn, bir neçə il əvvəl ATƏT böyük bir faktaraşdırıcı missiya yaratdı. Həmin missiya Azərbaycanın işğal altındakı ərazilərində, “boz zonalar”da oldu və məruzə hazırladı. Həmin məruzədə bölgəni işğal altında saxlayan separatçı erməni rejiminə, işğalçı Ermənistana çağırışlar var idi. Amma Ermənistan o çağırışların heç birinə əməl etmədi. Bundan sonra onların insan haqları üzrə nümayəndələrin çağırışlarına əməl edəcəyinə inanmaq, sadəcə, mümkünsüzdür. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş iki azərbaycanlını - Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. Hətta AŞPA baş katibinin çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin çağırışlarına əməl edəcəyini düşünmək sadəlövhlük olardı. Ona görə də işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistanın baş naziri Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan torpaqlarına göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Ona görə də mən hər kəsi bu məsələyə daha ciddi yanaşmağa və işğalçılara qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz budur”, - deyə Q.Paşayeva qeyd edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info