Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
Tarix: 16.10.2018 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Əkbər Nəcəf 1975-ci ildə Neftçala rayonunda ziyalı ailəsində anadan olub. Türkiyə Ankara Universitetində, daha sonra da Mərmərə Universitetində Türk dili və tarix təhsili alıb. Ümumilikdə 15-dən çox əsərin müəllifidir.

- Yaradıcılığınızda hansı dövrlərə müraciət edibsiniz? Bir tarixçi üçün bu nə qədər əhəmiyyətlidirsə, oxucu üçün də maraqlıdır. Bu baxımdan, hansı əsərləriniz çap olunub?

- Mənim tədqiqat sahəm orta əsrlər ümumi türk tarixidir. Əsas tədqiqat predmentim isə Qaraxanlılar olub. Qaraxanlılar dövləti Osmanlı imperiyasından sonra ən uzunömürlü türk dövlətidir və təxminən 400 il ərzində dünya tarix səhnəsində yer alıb. Qaraxanlılar dövləti Xilafətin tərkibində yer almayan ilk müstəqil müsəlman-türk dövlətidir. Bu dövlətin 200 ili əhatə edən ilk dövrü, yəni “Böyük Qaraxanlılar dövləti tarixi” dünya tarixşünaslığında ilk dəfə mənim tərəfimdən tədqiq edilib. Bu əsər mənim ilk əsərlərimdən biridir və 2005-ci ildə Türkiyədə nəşr olundu. O zamandan da üzü bəri orta əsrlər türk tarixi mövzusunda tədqiqatlar aparıram. Bu illər ərzində “Xəzər ötəsi türkmənləri” (İstanbul, 2004), “Səlcuqlu dövlətləri və atabəyləri tarixi” (Bakı, 2010), “İnanc yaddaşı” (Bakı, 2014), “Hun minilliyi” (Bakı, 2015), “Miflərin köçü” (Bakı, 2017), “Aran Atabəyləri” (Bakı, 2017) başda olmaqla, bir çox çalışmam işıq üzü gördü.
Artıq dünyada klassik tarixçilik anlayışı yekunlaşdı. Yəni uzun bir dövr haqqında əsər yazmaq elə də maraqlı deyil. Mən də daxil olmaqla tarixçilər, əsasən, ağır akademik kitablar yazırlar və onlar da, ancaq arxivdə qalır. Bu kitablar geniş oxucuya ya xitab etmir, ya da onların diqqətini özünə cəlb edə bilmir. Çünki biz hələ də tarixi faktları kitab olaraq qavrayırıq. Yəni bir hadisə harada oldu, necə oldu, niyə oldu, qısaca, səbəb və nəticələrin təhlilindən ibarət tarixi əsərlər artıq maraqlı deyildi. Belə tarixçilik qurtardı. Tarix artıq xalqların ağıl inkişafını, yaddaşla hesablaşmasını, epistemolijik mübarizələrlə maraqlanır. Artıq tarixdə hadisələrdən çox, insan faktoru, zehin mübarizələri, əxlaqi-dini qayğılar, həyat tərzləri ön plana çıxdı.
Bu sadaladığımız anlayışlara görə tarixə müraciət edən Azərbaycanda oxucu tapmaq çox çətindir. Ümumiyyətlə, orta əsrlər dedikdə dağılmış dünya, kimin gücü kimə çatırsa, onu öldürmək və s. xüsusiyyətlər gözlərimizin önünə gəlir. Əslində, belə bir dünya tarixdə olmayıb. Əslində, o dövr bir çox baxımdan indiki dövrdən daha rahat olub. O insanların başlıca qorxusu kütləvi xəstəliklər və epidemiyalar idi. Bizim kimi həyatlarında mütləq strukturlar, onların itirilməsi kimi dərin böhranlar olmayıb. Biz öz dövrümüzün ideologiyalarını dəli köynəyi kimi o dövrün insanlarına geyindiririk. Halbuki, ancaq özümüzü aldatmış oluruq. Çünki tarix yaşayanlar üçün məna kəsb edir.

- Sizin “Miflərin köçü” əsəri Azərbaycan tarixşünaslığına nələri gətirdi? Bu əsərinizdə hansı yeniliklər özünü büruzə verir?

- Bu kitab “ieorafaniya” kitabıdır. İeorafaniya 1960-cı ildən etibarən başda Fransa olmaqla, Avropada müstəqil bir elm olaraq öyrənilir. Tədqiqat sahəsi, əsasən, “dinlər tarixi və tarix morfologiyası”nı əhatə edir. Qeyd etdiyimiz tarixdən etibarən Avropada tarixçilər və mifoloqlar xalqların yaddaşını, tarixi-psixologiyasını öyrənməyə böyük maraq göstərməyə başladılar. Bu, eyni zamanda bəzi dövlətlərin strategiyası halına gəldi. İnternet əsri ilə birlikdə bu proses daha da sürətləndi. Artıq böyük beynəlxalq şirkətlər belə, bu sahədə çalışan elm adamları ilə işləməyə başladılar. Buna görə, xalqları şəkilləndirən, yaşadan, zəiflədən və inkişaf etdirən şeylərin həmin xalqın genetik yaddaşında təsirli olduğu ortaya çıxdı. Bu yaddaş xalqların ibtidai yaddaşından qidalanır və bir növ xarakter kimi genetik olaraq nəsildən-nəslə keçir.
Xalqların və ya millətlərin də xarakter tarixi var. Bu xarakterlər, əsasən, mifik şüardan, yəni inanclardan bəslənir. Mənim “Miflərin köçü” adlı əsərim bir növ bu istiqamətdə bir araşdırma hesab olunmalıdır.
Tarix fəlsəfəsi deyilən elm XIX əsrdə ortaya çıxdı. Çünki avropalılar ağıl motivasiyalı, yəni rasionalist bir tarixi kimlik yaratmaq istəyirdilər. Buna görə, onlar üçün tarixə istiqamət verəcək ana və mərkəzi düşüncələrin xronologiyasının yaradılmasına ehtiyac vardı. Misal üçün, ibtidai-icma quruluşu, quldarlıq, feodalizm, renesans, Ellin, Roma mədəniyyətləri, hətta “mədəniyyət” anlayışının özü, qısaca, tarixi rasional düşüncənin bazasına çevirəcək minlərlə ana terminlər ortaya çıxdı. XX əsrdə, xüsusilə də Sovet dövründə biz də bu tarixi düşüncənin bir parçası halına gəldik. Ancaq heç bir zaman bu terminlərin tarixi davamlılığının, hansı mühitdə, hansı şəraitdə və hansı baxış bucağının istehsalı olduğunu, hansı nəzəri maraqlara xidmət etdiyini özümüzdən soruşmadıq. Yəni biz tarix olaraq bir kimliyin parçası olduğumuzu iddia etdiyimiz halda, hansı tarixi ağılın bir parçası olduğumuzu heç düşünmədik. Doğrusu, heç düşünməyimizi də istəmədilər.
Bunun adı elmi düşüncədə “Avropamərkəzli tarix anlayışı”dır. Sovet dövründə bu anlayışa bir qədər Rusiyanın ideoloji qayğılarını diqqətə alan sosialist bir forma verildi. Ancaq təməl olduğu kimi qaldı. Belə bir tarix anlayışı eyni yol qaydalarına görə eyni maşının dünyanın hər yerində hərəkət etməsinə oxşayır. Ancaq tarix insan hədəflidir və təbiidir ki, maşınlar və yol qaydaları eyni olsa da, içindəki insanlar fərqlidir. Fərqli dillərdə danışırlar, fərqli inanca, əxlaqa, hətta fərqli təbiət baxışına sahibdirlər. Mənim tədqiqatlarımın maraq dairəsi məhz bu fərqliliklərdir. Yəni vasitələr deyil, vasitəçi qüvvələrin formalaşma, yaranma, inkişaf və ölüm prosesləridir.

- Azərbaycan tarixşünaslığında Atabəylik anlayışına yeni bir baxış bucağını müəyyənləşdiribsiniz. Bu istiqamətdə gözəl bir tədqiqat əsəriniz çap olunub. Xahiş edirik ki, bu haqda oxucularımıza ətraflı məlumat verəsiniz.

- Atabəylik müstəqil bir dövlət sistemi deyildi. Atabəylik Səlcuqlu dövləti sistemi tərkibində yer alan bir qurumdur və bu qurumun daha sonra dövlət modeli almış şəklidir. Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub. Bunun birini, Azərbaycan Atabəyliyinin (Eldənizlər) tarixini rəhmətlik Ziya Bünyadov tədqiq edib. Mən isə Aran Atabəylərinin tarixini yazdım. Digər iki Atabəyliyin tarixi hələ yazılmayıb. Qeyd edim ki, Aran Atabəyliyi Azərbaycan Atabəyliyindən əvvəl yaranıb və Eldənizlərin təməl strukturlarını onlar formalaşdırıblar. Adına baxıb, bu Atabəyliyin Azərbaycanın Aran bölgəsi ilə məhdud olduğunu fikirləşməyin. Bütün İraq Səlcuqlu ərazisinə, yəni Dərbənddən Bəsrə körfəzinə, Xəzərdən Divinə qədər geniş əraziyə təsir edən böyük bir siyasi güc idi.
Sovet dövrü tarixşünaslığında “Aran” kimliyi bizim əlimizdən alındı və bu adı bir tərəfə atıb içindəki tarixi isə erməni tarixçiliyinin bir parçası halına gətirdilər. Halbuki Aran kimliyi olmadan Alban kimliyinin yerini müəyyən etmək çətindir. Məsələ, sadəcə, bununla da bitmir. İşin arxasında bu bölgədəki dini, etnik, siyasi və mədəni proseslərin tarixi də yer alır. Sırf buna görə, bu gün biz Qafqaz xristianlığı üzərində Aran məktəblərinin varlığını ortaya çıxara bilmirik. Bir çox aqnostik cərəyanları və ictimai hadisələri bir tərəfə atmışıq və araşdırmırıq. Yəni Aran Atabəyləri uzun tarixi prosesin son mərhələsi idi.

- Bəs, Atabəylər dövləti tariximizdə hansı missiyanı daşıyıb? Sizin dediyiniz Atabəyliklə Atabəylər dövləti arasında olan bağlılıq və fərqliliklər nələrdir?

- Bilirsiniz, tarix kəskin iddialar və fikirlərdən xoşlanan elm deyil. Tarixin dili yumşaqdır. Xalq olaraq bizim şüurumuzda tarix elmi bir növ “həqiqət elmi” şəklində formalaşıb. Ona görə tarixə müraciətimizdə kəskin və dəqiq fakt və fikirlər axtarırıq. Bu, tarixi mexanikləşdirməkdir. Tarix bizə həqiqəti deyil, həqiqətlərin keçirdiyi yolları, qırılmaları, böhranları və canlanmaları açıqlayar. Tarix özü həqiqəti istehsal edən mexanizmaların varlıq formalarını öyrənən bir elmdir.
Tarixi fikrin bolluğu, hətta fərqliliyi insanları qorxutmamalıdır. Millət olaraq tariximizlə qürur duyuruq. Bu mənada mənim Aran Atabəyləri kitabım bu dövlət haqqında yazılmış ilk və tək əsərdir. Bu dövlətin ortadan qalxmasından sonra isə, dediyim kimi, Eldənizlər, yəni Azərbaycan Atabəyləri ortaya çıxmışdır. Yəni bir-birlərinin davamı olaraq tarix səhnəsinə çıxmış iki ayrı Atabəylik sistemidir.

- Araşdırdığınız sahələr ölkə tarixçiləri tərəfindən hansı dərəcədə mənimsənilib?

- Doğrusu, əgər ifadə edənlər səmimidirlərsə, çalışmalarımı oxuduqlarını və bəyəndiklərini iddia edirlər. Ancaq mənim üçün bu ifadələr elə də əhəmiyyətli deyildir. O zaman əhəmiyyətli olar ki, əsərlərim haqqında elmi-tənqidi məqalələr yazılsın və ya fikirlər səsləndirilsin. Belə bir şeyi indiyə qədər görməmişəm. Bu da o deməkdir ki, mənim əsərlərim, elmi müstəvidə oxunmur və ya tanınmır. “Yaxşı əsərdir”, “gözəl və yeni tədqiqatdır” kimi sözlər, sadəcə, özünü aldatmadır ki, buna da ehtiyacım yoxdur.

- Qeyd etdiniz ki, Qaraxanilər dövlətinin araşdırmaçılarından birisiniz. Oxucularımıza bu sahədə apardığınız tədqiqatlardan da danışardınız.

- Doğrusu, orta əsrlər tarixşünaslığında məni dünyada bu əsərimə görə tanıyırlar. Bu da məni sevindirir. Vaxtım olsa, bu əsəri daha geniş və yeni fikirlərlə yenidən hazırlamaq istəyərəm. İnanıram ki, haçansa belə bir fürsətim olacaq.
Bizdə, ümumiyyətlə, bütün türk xalqlarında belə bir irad tez-tez səsləndirilir. Hətta akademik səviyyədə belə bu fikrə rast gəlmək mümkündür. Çox zaman deyirlər ki, “Azərbaycan daxil türk xalqlarının tarixində 150-200 dövlət mövcud olub. Halbuki İngiltərənin və ya Fransanın tarixində, sadəcə, bir dövlət və çox sayda sülalə olub”. Bu iradın elə də ciddiyə alınası təməli yoxdur. Bir xalqın tarixində çox dövlət ola bilər, ancaq siyasi mirası eynidir. Yəni türklərin tarixində 150-200 dövlət yaransa da, hamısı eyni cür dövlətlər olub. Bu deməkdir ki, türk dövlətlərində siyasi miras anlayışı heç dəyişməyib. Sadəcə, tarixin müəyyən dövrlərində bu siyasi miras yeni yaranan şərtlərə uyğun yeni formalaşmalar keçirib. Qaraxanlılar həmin formalaşmanı təşkil edən bir neçə dövlətdən biridir. Qaraxanlılar türklərin kütləvi şəkildə müsəlman olmasından sonra “müsəlman-türk dövləti” dediyimiz modeli yaradıblar. Və bu model XIX əsrin ortalarına qədər, hətta Osmanlılara və Qacarların hakimiyyətinin sonuna qədər, yəni avropalaşma-müasirləşmə modelinin ortaya çıxışına qədər davam edib. Bu baxımdan, Qaraxanlılar yeni bir siyasi mirası inşa edən türk dövlətidir. Ayrıca bu modeli yaradarkən əvvəlki dövlət modelinə böyük ölçüdə sadiq qalıblar.
Qaraxanlılar İslam ölkələrinə bir çox yeniliklər gətiriblər. Misal üçün, mədrəsə sisteminin memarları və dövlət səviyyəsində bunu tətbiq edənlər Qaraxanlılardır. Yenə Qaraxanlılar İslam coğrafiyasında türk dilini dövlət səviyyəsində istifadə edən ilk müsəlman-türk dövlətidir. Minlərlə alim, ədib, müdərris, fəqih, kəlam və din xadimi yetişdirdilər. İlk dəfə Quran türk dilinə onların zamanında tərcümə edilib. Qaraxanlı dövrü türk dilli əsərlər günümüzdə də qorunub saxlanılıb. Hətta İslam tarixində dövlətçilik ənənəsinin memarları oldular və o ənənə son əsrə qədər bütün İslam ölkələrində yaşadı.

- Sonda oxucularımıza sözünüz...

- Oxuculardan yeni çıxan ədəbiyyatları, elmi-fəlsəfi əsərləri mümkün olduğu qədər oxumalarını xahiş edirəm. Ayrıca oxumaqla qalmayıb, sosial şəbəkələrdə bu əsərlərə öz münasibətlərini bildirmələrini, tənqidi baxışlarını ifadə etmələrini, bu əsərlər haqqında mübahisələrə yer vermələrini istəyə bilərəm. Təəssüflər olsun ki, biz az oxuyuruq. Az oxumaq çox problemlər yaradır. Və bizdə oxumağa təşviq də, demək olar ki, yox səviyyəsindədir. Az oxumaq insanları korlaşdırır, radikallaşdırır, psixoloji problemləri artırır. Oxumaq boş vaxtı qiymətləndirmək deyil. Oxumaq yaşamaqla eyni ahəngi paylaşmaqdır. Həyatımızda yer alan hər şeyin elmin istehsalı olduğunu unutmamalıyıq. Hətta boğazımızdan keçən qidalar və içəcəklər də elmin istehsalıdır. İnsan elm dəryasında balaca adalar kimi qalıb. Əgər bu dəryada boğulmadan yaşamaq istəyiriksə, oxumalıyıq. Oxumalı və düşünməliyik.
Çox istəyərdim ki, “Ağıl məşğələləri” adlı layihələr və sosial proqramlar olsun. Uşaqlar, tələbələr, valideynlər, hətta dövlət məmurları bu proqramlara cəlb edilsinlər. Bu sahə fərqli müstəvilərdə bəzi sektaların və qruplaşmaların əlinə keçib və fərqli məqsədlər üçün istifadə edilir. Ona görə günümüzdə “Ağıl məşğələləri” çox əhəmiyyətlidir. O zaman biz nə dərəcədə ali olursa olsun, fikirlərin, düşüncələrin, faktların qulları olmaqdan çıxıb, mübahisə hövzələri yarada bilərik. Bu, eyni zamanda bizim üçün yeni biznes sahələri, iqtisadi imkanlar, maddi və mənəvi hərəkət sahələri yaradacaqdır.


Söhbəti qələmə aldı:
Mahmud Əyyublu





 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info