“Ermənistanın dayanıqlı inkişafa nail olması mümkün deyil”
Tarix: 17.10.2018 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanın bir müddət əvvəl bir qrup rusiyalı qadınla Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini şərh edib.
Rusiya XİN-dən “Trend”in sorğusuna cavab olaraq bildiriblər: "Bu aksiyanın təşkilatçıları RF Xarici İşlər Nazirliyinə müraciət etməyiblər, ona görə də onların niyyəti barədə obyektiv fikir yürütmək çətindir. Prinsip etibarilə hesab edirik ki, bu cür tədbirlərin uğur qazanması üçün münaqişə tərəflərinin anlayışı və dəstəyi vacibdir”.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Trend”in sorğusuna cavab olaraq bildirmişdi ki, Azərbaycanın Rusiyadakı səfirliyi A.Hakopyanın işğal olunmuş ərazilərimizə qanunsuz səfərlə bağlı təşəbbüsü ilə əlaqədar Rusiya XİN qarşısında məsələ qaldıracaq:“Guya, bu təşəbbüsün əsas məqsədi gənc əsgərlərin, günahsız insanların ölümünün qarşısını almaqdır. O zaman məsələyə köklü şəkildə yanaşmaq və "Ermənistan əsgərlərinin Azərbaycanın torpaqlarında nə işi var” sualına cavab vermək lazımdır".
XİN rəsmisi deyib ki, A.Hakopyan humanitar missiyası üçün hədəfləri düzgün seçməyib, gənc insanların ölümünün qarşısını almaq üçün o, ilk növbədə Ermənistan cəmiyyətindən başlamalı, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmalı və erməni qadın və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir: "Aydındır ki, bu təşəbbüs hazırkı vəziyyətdə, xüsusilə də seçkilər öncəsi Ermənistanın daxili auditoriyasına hesablanıb. Lakin nəzərə almaq lazımdır ki, bu kimi təşəbbüslər, xüsusilə də bu çərçivədə "humanitar missiya” adı altında Rusiya Federasiyasından bir qrup qadının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərini təşviq etmək, Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi mandatına uyğun gəlmir, münaqişənin həllinə xidmət etmir və Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Düşənbədə aparılmış söhbətin ruhuna cavab vermir. Bu məsələ Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq".
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov EURACTIV jurnalına müsahibəsində deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Ermənistan hökumətinin anlayış göstərəcəyinə ümid edir. Nazir bildirib ki, mehriban qonşuluq münasibətləri qurulmadan dayanıqlı inkişafa nail olmaq mümkün deyil: "Ən əsası, erməni qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar”.
E.Məmmədyarov qeyd edib ki, Ermənistan rəhbərliyi danışıqların gedişi ilə bağlı maariflənmə prosesinə ehtiyac duyur: “Fikrimcə, biz əvvəlki rəhbərliklə irəliləyişə nail olmuşduq, amma indi yeni rəhbərlik var və ola bilər ki, onlara danışıqlar prosesində baş verənləri anlamaq üçün bir qədər çox vaxt lazım olsun”.

“Beynəlxalq birlik Ermənistana təsir göstərməlidir”
Tanınmış iordaniyalı siyasətçi, İordaniya Senat Şurasının üzvü Mərvan əl-Hmud isə AZƏRTAC-a müsahibəsində söyləyib ki, İordaniya Haşimilər Krallığı ilə Azərbaycan Respublikasını tarixən möhkəm dostluq və qardaşlıq münasibətləri bağlayır. Onun sözlərinə görə, Kral II Abdulla ilə Prezident İlham Əliyev arasında yüksək səviyyədə səmimi dostluq münasibətləri xalqlarımız üçün xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, İordaniya və Azərbaycan liderlərinin müasir dövrün bir sıra mühüm məsələləri barədə mövqeləri üst-üstə düşür, onlar qarşılıqlı maraq doğuran bir çox məsələləri sıx əlaqələndirirlər.
Senator Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinin səviyyəsini də yüksək qiymətləndirərək qeyd edib ki, iki ölkənin parlamentariləri daim əlaqə saxlayır, müxtəlif məsələləri uzlaşdırır, qarşılıqlı səfərlər çərçivəsində xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini müzakirə edirlər. Qarşılıqlı fəaliyyətin bu formatı xalqlarımızın yaxınlaşmasına, onların əlaqələrinin möhkəmlənməsinə, əməkdaşlıq üfüqlərini genişləndirməyə kömək edən yeni imkanlar yaradılmasına müsbət təsir göstərir.
Mərvan əl-Hmud Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna da toxunaraq vurğulayıb ki, dövlətlərimizin liderləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan mənafelərinə uyğun olaraq dinc və ədalətli yolla nizamlanmasına nail olmaq üçün BMT-də və digər beynəlxalq məkanlarda səylərini sıx əlaqələndirirlər. O qeyd edib ki, beynəlxalq birlik, xüsusən, BMT Dağlıq Qarabağ münaqişəsinin və dünyada mövcud olan digər münaqişələrin, məsələn, Fələstin probleminin nizamlanması üçün daha qətiyyətli addımlar atmalıdır. İordaniyalı senator xüsusi vurğulayıb ki, beynəlxalq birlik Ermənistana təsir göstərməli, onu BMT-nin müvafiq qətnamələrini yerinə yetirməyə, işğal edilmiş əzəli Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarmağa məcbur etməlidir.


Polşadakı soydaşlarımız da ABŞ-dakı Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına qarşı etiraz edir

Bu arada “Polşada Azərbaycanlı Gənclər Şurası” ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək “Arsax” adlandırılmasına qarşı etiraz bəyanatı yayıb. “Polşada Azərbaycanlı Gənclər Şurası”nın sədri Nail Əhməd adından yayılan bəyanatda bildirilir ki, ermənilərin növbəti təxribatının nəticəsi olaraq oktyabrın 2-də Qlendeyl şəhər şurası tərəfindən Merilend prospektinin adı dəyişdirilərək “Arsax” adlandırılıb: “Ermənilər bununla hər zamankı təxribatçılıq siyasətini davam etdirərək dünya ölkələrinə öz yalanlarını şərik etməyə çalışırlar. Biz təəssüf edirik ki, bir çox dövlətlər ermənilərin beynəlxalq qanunlara sığmayan əməllərinə dəstək vermiş olurlar. Artıq dünya birliyi bilir ki, Qondarma Dağlıq Qarabağ Respublikası mövcud deyil. Bu, əzəli Azərbaycan torpaqlarıdır və hər zaman da Azərbaycan torpaqları olacaq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan dövləti üçün prioritetdir. Hazırda dünya birliyinə, ictimaiyyətinə Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu çatdırılır. Bu məsələ sübutlarla dünya birliyinə yayılır. Bu istiqamətdə elmi əsərlər, kitablar yazılır. Beynəlxalq aləm Dağlıq Qarabağı Azərbaycan torpaqları olaraq tanıyır”.
Bəyanatda qeyd olunur ki, hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi beynəlxalq münaqişə hesab olunur: “Bu gün danışıqların gedişində Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir. Eyni zamanda mövcud status-kvo vəziyyətini saxlamaqda maraqlıdır. Xüsusən, Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən imtina etməsi mənfi haldır. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qalmaqda davam etməsi sülh prosesi üçün yenə də çox ciddi təhlükədir. Və bunu da bir çox dövlətlər, o cümlədən ABŞ dövləti çox yaxşı anlayır. İnanırıq ki, ABŞ dövləti dünya azərbaycanlılarının etirazına səbəb olan Merilend prospektinin adının dəyişdirilməsi faktı ilə bağlı ölçü götürəcək və ermənilərin bu kimi əməlləri bir daha ABŞ-da təkrarlanmayacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”
08.11.2018
“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info