İzmirdə “Star” neft emalı zavodunun açılışı olub
Tarix: 19.10.2018 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər. Prezidentlər terrasdan “Star” neft emalı zavodunun ərazisini seyr ediblər. Dövlət başçıları idarəetmə ofisi ilə tanış olublar. Prezidentlərə “Star” neft emalı zavodunda görülən işlər barədə məlumat verilib.
“Star” neft emalı zavodunun açılış mərasiminin aparıcısı 6,3 milyard dollar dəyərində olan və bu gün reallaşan 4 nəhəng layihənin əhəmiyyəti haqqında ətraflı məlumat verib. SOCAR-ın prezidenti Rövnəq Abdullayev mərasimdə iştirak edən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevə və Rəcəb Tayyib Ərdoğana layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə təşəkkürünü bildirib. “Star” neft emalı zavodu haqqında və burada istehsal ediləcək məhsullar barədə danışan SOCAR-ın prezidenti yaxın gələcəkdə Petkimdə yeni əhəmiyyətli layihənin reallaşdırılmasına başlanılacağını qeyd edib. Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Türkiyə-Azərbaycan dostluğunun və işbirliyinin rəmzi olan bu hadisənin önəmindən danışaraq iki ölkə arasında qardaşlığın möhkəm bağlara əsaslandığını vurğulayıb.
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak TANAP layihəsinin açılışından 4 ay sonra dünyaya örnək olacaq daha bir önəmli layihənin açılışına toplaşdıqlarını qeyd edərək, Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandırıb. Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihənin icrası münasibətilə təbriklərini çatdırıb, Türkiyə-Azərbaycan işbirliyinin əbədi olacağını vurğulayıb. Mərasimdə Azərbaycanın və Türkiyənin imza atdığı mühüm layihələr barədə videoçarx nümayiş etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

“Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük”
Prezident İlham Əliyev çıxışında deyib ki, bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür: “Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır”. Prezident deyib ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir: “Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik. Mən qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir”.

Prezident deyib ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə Türkiyə olub: “Bu tarix çox şərəfli tarixdir. O gündən bu günə qədər biz daim bir yerdəyik. Siyasi əlaqələrimiz ən yüksək zirvəyə qalxmışdır. İqtisadi sahədə çox böyük işlər görmüşük. Həm Türkiyə, həm Azərbaycan iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdir”. Prezident deyib ki, “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək: “Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq. Bir sözlə, bu gün “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək”.

“Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq”
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Prezident Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanı 18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib: “Bu gün “Star” neft emalı zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk. Azərbaycan ilə əlaqələrimizi təkcə cəsarət, təkcə siyasət miqyasında deyil, güclü iqtisadi çərçivədə davam etdiririk. Bu müəssisə enerji sahəsində həmrəyliyimizi gücləndirmək üçün uzun müddət gördüyümüz işlərin ən mühüm və konkret örnəklərindən biridir. Daha əvvəl Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələrini həyata keçirmişdik. Bu ilin iyununda hər biri xüsusi əhəmiyyətə malik bu strateji layihələrə regional və qlobal miqyasda nüfuza sahib olacaq TANAP-ı da əlavə etdik. İndi açılışını etdiyimiz “Star” neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - “Star” neft emalı zavodu. Amma bundan başqa konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir”.
Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan “Star” neft emalı zavodu Avropa, Yaxın Şərq və Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, inşallah, uğurla fəaliyyət göstərəcək: “Bu müəssisə ölkəmizin “Strateji sərmayələrin təşviqi sənədi”nə sahib ilk layihəsi olmaq xüsusiyyətinə də malikdir. Bundan başqa, belə bir investisiya olduqda bizim üzərimizə düşən bir vəzifə var, onlara xüsusi dəstək də verəcəyik. O dəstək də ondan ibarətdir ki, bundan sonra nazirlikdə bütün proseslərin həyata keçirilməsi şərti ilə prosedurlar zamanı bu təşviqdən də istifadə ediləcək”. Bu neft emalı zavodunun Türkiyənin ən böyük enerji layihəsi olduğunu deyən Ərdoğan deyib ki, gündə 214 min barel, ildə 10 milyon ton xam neft emalı gücünə və 1,6 milyon kubmetr ehtiyat saxlama qabiliyyətinə malik zavodda dizel, nafta, təyyarə benzini və LPG kimi neft məhsullarının istehsalı həyata keçiriləcək. “Biz iki dövlət, bir millət olaraq öz ölkələrimizlə yanaşı, bölgədəki bütün xalqların təhlükəsizliyi, sabitliyi, rifahı və zənginliyi üçün çalışırıq. Ürəkdən istərdik ki, bölgədəki hər bir ölkə bu səmimiyyəti görə bilsin”- deyən Ərdoğan vurğulayıb ki, Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb: “Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz. Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq”. Dövlət başçıları zavodun açılışını ediblər. Sonra birgə foto çəkdirilin. Daha sonra prezidentlər “Əliağa-SOCAR”ın baş ofisinin binası ilə tanış olunlar.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub
19.11.2018
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
19.11.2018
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
19.11.2018
Atəşkəs 25 dəfə pozulub
18.11.2018
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info