Misirin müvəqqəti prezidenti and içdi
Tarix: 04.07.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Türkiyə hökuməti Məhəmməd Mursi və həbs olunan digər siyasətçilərin azadlığa buraxılmasını tələb edib

Misirdə ordu nümayəndələri ölkə prezidenti Məhəmməd Mursinin vəzifədən uzaqlaşdırıldığını, nəzarətdə olduğunu rəsmən təsdiq ediblər. Bu barədə “France Press” agentliyi məlumat yayıb. Bundan öncə “Müsəlman qardaşları” Mursinin Müdafiə Nazirliyinin binasında olduğunu bildirirdilər. Komandanlığın adı açıqlanmayan yüksək rütbəli məmurunun sözlərinə görə, Mursi ona qarşı irəli sürülən ittihamlara uyğun olaraq saxlanılıb. Amma Müdafiə Nazirliyinin nümayəndəsi hər hansı geniş məlumat verməkdən imtina edib.
Artıq “Müsəlman qardaşları”nın ali lideri Məhəmməd Badianın, onun müavini Rəşad əl-Baqyumi və hərakatın bazasında yaradılmış Azadlıq və Ədalət Partiyasının lideri Saad əl-Katatninin də saxlandığı bildirilir. "Əl-Cəzirə" telekanalın məlumatına görə, artıq Mursinin 300-dən çox tərəfdarı həbs edilib. Qahirədə baş verən toqquşmalarda 32 nəfər ölüb. Misir Konstitusiya Məhkəməsinin sədri Adil Mansur müvəqqəti prezident kimi and içib. A.Mansur keçid dövründə - yeni prezident seçilənə qədər ölkəni idarə edəcək. Onun vəzifəsi ölkəni siyasi böhrandan çıxarmaqla bağlı hərbi rəhbərliyin hazırladığı yol xəritəsini həyata keçirmək, o cümlədən müxalifətin rəyini nəzərə almaqla yeni Konstitusiya layihəsi hazırlamaq və müvəqqəti hökumət formalaşdırmaq olacaq. Misirin müvəqqəti başçısı "Müsəlman Qardaşlar"ı ölkənin gələcəyinin müəyyənləşdirilməsində iştirak etməyə dəvət edib. Onun sözlərinə görə, təşkilat Misir cəmiyyətinin bir hissəsidir və ölkənin gələcəyinin qurulmasında iştirak etməlidir. Xatırladaq ki, xristian olan A.Mansur prezident Məhəmməd Mursini hakimiyyətdən kənarlaşdırmış hərbçilər tərəfindən iyulun 4-nə keçən gecə dövlət başçısı təyin olunub. ABŞ prezidenti Barak Obama Misir ordusunu hakimiyyəti mümkün qədər tez demokratik yolla seçilmiş mülki hökumətə verməyə çağırıb: “Biz ümid edirik ki, hərbçilər qeyri-müəyyənlik dövründə azad toplaşma və ədalətli məhkəmə kimi hüquqlar da daxil olmaqla bütün misirlilərin hüquqlarına riayət olunmasını təmin edəcəklər. Mən Misir ordusunu tez bir zamanda və məsuliyyətlə bütün hakimiyyəti bərabər hüquq, şəffaflıq əsasında demokratik yolla seçilmiş mülki hökumətə verməyə çağırıram. ABŞ prezidenti Misiri əsas olmadan prezident postundan kənarlaşdırılmış Məhəmməd Mursini və onun tərəfdarlarını həbs etməkdən çəkinməyə çağırıb. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ölkəsinin Misirdə baş verənlərə dair rəsmi mövqeyini açıqlayıb. Ə. Davudoğlu demokratik yolla hakimiyyətə gələn prezidentin hərbi çevrilişlə vəzifədən kənarlaşdırılmasının qəbuledilməz olduğunu bəyan edib. Ordunun ölkə üsul-idarəsinə müdaxiləsindən narahat olduqlarını söyləyən nazir, nəzarət altında saxlanan keçmiş prezident Məhəmməd Mursi və digər dövlət nümayəndələrinin dərhal sərbəst buraxılmasını tələb edib. Misiri sadəcə bölgə siyasətinin deyil, dünya siyasətinin önəmli aktoru kimi xarakterizə edən Əhməd Davudoğlu ölkədəki hərbi üsul-idarənin ən qısa müddətdə şəffaf seçki keçirməsinin və bu seçkidə bütün siyasi qüvvələrin heç bir maneə olmadan iştirakının zəruriliyini vurğulayıb. Türkiyənin xarici işlər naziri bölgədə “ərəb baharı” kimi qiymətləndirilən proseslərin “ərəb qışı”na dönməsinə dair iddiaları qəbul etmədiklərini və bütün hallarda əbədi və əzəli qardaş olan Misir xalqının yanında olacaqlarını deyib. Baş nazir Ərdoğanla birlikdə vəziyyəti ətraflı şəkildə dəyərləndirəcəklərini bildirən Ə. Davudoğlu daha sonra geniş açıqlama verə biləcəklərini də sözlərinə əlavə edib. Qeyd edək ki, Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib ki, Misirdə vəziyyət hələ o həddə çatmayıb ki, səfirlik öz fəaliyyətini dayandırsın: “Baş verən toqquşmalar zamanı Azərbaycan vətəndaşları arasında xəsarət alan və itkin düşənlər yoxdur. Biz Misirdə olan hər bir azərbaycanlı ilə daimi əlaqə saxlayırıq. Ümumiyyətlə, Yaxın Şərqdə heç kəs deyə bilməz ki, iki saatdan sonra nə baş verəcək. Vəziyyətə uyğun olaraq hərəkət edirik, hələ ki işimizi davam etdiririk, ancaq diplomatların ailələri çıxarılıb”.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info