“Milli şura”nın namizədi tam uğursuzluğa məhkumdur”
Tarix: 04.07.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


“Müxalifətdə də nüfuzu olmayan, cəmiyyətdə müsbət
qarşılanmayan namizədin dəstək ala biləcəyi mümkün deyil”


“Milli şura”nın sədri və prezident seçkilərində namizədi, xaricdə yaşayan kinodramaturq Rüstəm İbrahimbəyov hər dəfə mətbuata müsahibə verəndə özü-özünü biabır edir və “qabında” bir şey olmadığını açıb ortaya qoyur.
Bu dəfə də siyasətdən və dünyanın gərdişindən bixəbər Rüstəm bəy onunla bağlı irəli sürülən ittihamları cavablandırmağa çalışıb. Amma burada da necə deyərlər, “valı ilişdirib” və özü-özünü təkzib edən bəyanatlarla çıxış edib. R.İbrahimbəyovun bir-birinə zidd bəyanatları bir daha sübut edir ki, onun müstəqil şəkildə fikrini ifadə etmək qabiliyyəti yoxdur. Cəmi 2 gün ərzində R.İbrahimbəyov onu vətənə çağıranları “təxribatçı və siyasi bisavad” adlandırmağa, sonra isə İsa Qəmbərdən üzr istəyərək “səni nəzərdə tutmuram” deməyə vadar olub. Üstəlik, o, ünvanına tənqid yazan qəzetlərə elə hədə-qorxu gəlib ki, müxalifət KİV-i belə çaş-baş qalıblar. Bu da onun nə qədər antidemokratik və tənqidlərə, azad sözə dözümsüz insan olduğunu açıb göstərir. O deyib ki, haqqındakı yazılar məni özümdən çıxarır: “İqtidara yaxın qəzetlər şayiə yayanda sizin qəzetlər onlara cavab verməlidir. Amma onların sözlərini təkrar edirlər”.
İbrahimbəyov bununla açıq-aşkar bir senzor və “diktator” tələbi ilə AXCP, Müsavat kimi partiya başçılarına göstəriş verir. “Demokratik müxalifət”in namizədi artıq indidən qəzetləri tam nəzarətə götürməyə, jurnalistləri asıb-kəsməyə iddialıdır. O, hətta əlində imkan olarsa, haqqında yazı yazan jurnalisti “vendetta” etməyə də hazırdır: “Çirkin-çirkin məqalələr oxuyuram. Elə adamdır ki, seçkidən sonra olsun, ya qabaq önümə çıxsa, özüm vuraram ağzından, məsuliyyətini də çəkərəm”. Bu, açıq şəkildə İbrahimbəyovun Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov kimi və hətta yeri gələndə onlardan da aşırı zorakı və “qan-qan” təfəkkürünə malik olduğunu göstərir. “Milli şura”nın “vahid namizəd”inin bəyənmədiyi jurnalistlərin “ağzından vurmaq” istəyi, radikal müxalifət üçün yenilik deyil. Vaxtilə daxili işlər naziri İsgəndər Həmidov və digər cəbhə hakimiyyəti nümayəndələri də da eyni “taktika”dan istifadə edirdi. İstər-istəməz Məşədi İbadın “bu mürtəd oğlunu yıxıb ağzına-ağzına vurasan” kəlamı yada düşür... Bundan başqa, İbrahimbəyov siyasətdən başı çıxmadığını dəhşətli dərəcədə və uşaq kimi etiraf edəndə çox məzəli bir vəziyyətə düşür. Bu barədə kifayət qədər faktlar çəkilib, siyasi proseslərlə bağlı sualların qarşısında İbrahimbəyovun boynubükük bir şəkildə aciz qaldığı, “siyasətdən başım çıxmır” deməsi lap bu günlərin faktlarıdır. Amma cəmi 1 il əvvəl siyasətdən anlayışının olmadığını etiraf edən R.İbrahimbəyov indi, deyəsən, “ulduz xəstəliyi”nə tutulub. Onun “Məndən başqa Azərbaycanda qüvvə yoxdur ki, bu problemlərlə sıx məşğul olsun. Başqa ölkələrdə bu cür böyük işi yüzlərlə adamlar edirlər. Təəssüf ki, Azərbaycanda bu işləri görən yoxdur” sözləri, elə birinci növbədə İbrahimbəyovun İsa Qəmbəri, Əli Kərimlini, Eldar Namazovu siyasətçi kimi görmədiyini, onları heç şəxs kimi də saya almadığını qabarıq göstərir. Elə isə bu müxalif başçılar niyə susurlar??? Yaxud indi namizəd kimi “mənəm-mənəm” deməyə çalışan, özünü hakimiyyətə alternativ görən və “qələbəmə şübhə etmirəm” deyən R.İbrahimbəyov cəmi 2 il əvvəl “Azadlıq” radiosuna müsahibəsində İlham Əliyev haqda bunları deyirdi: “...mən konkret deyim, istəyir kiminsə xoşuna gəlsin, istəyir gəlməsin, mənə desinlər ki, bir nəfər var Azərbaycanda, onun yerini tuta bilər, müxalifətdənmi, ziyalılarmı, mən görmürəm. Mən bir dənə əcnəbi dil bilmirəm, o, üç dil bilir, mənim 70 yaşım var, o, məndən cavandır. Hər adam prezident ola bilməz". Bu iki il ərzində nə dəyişib? Rüstəm müəllim xarici dilmi öyrənib, ya cavanlaşıbmı? Yaxud artıq hesab edir ki, “hər adam prezident ola bilər?” R.İbrahimbəyov iddia edir ki, Milli Şuranın özünə xaricdən “böyük qardaş” axtarması haqda iddialar yalandır, xarici görüşlərdə isə Azərbaycanın daxili işlərinə müdaxilə tələbini səsləndirmir. Amma digər tərəfdən özü bildirir ki, “...mənə Amerikada da, Rusiyada da, Avropada da hər zaman deyirlər ki, biz Azərbaycanın daxili işlərinə qarışmırıq”. Sual yaranır: siz xaricilərdən nə xahiş edirsiniz ki, bu cavabı alırsınız? Bu gün özünü prezidentliyə “hazır” sayan R.İbrahimbəyiovdan daha bir sitat: “Mən Rəsul Quliyevlə bağlı işin içində deyiləm, bilmirəm nə səbəbə gəlməyib, bəlkə onu buraxmayıblar. O vaxt nə baş verib, mən dəqiq bilmirəm. Çünki o vaxt siyasətə elə də fikir vermirdim”. Son 20 ildə siyasətlə az-çox maraqlanan, ən azı, qəzetləri izləyən insanlar arasında R.Quliyevin Azərbaycana qayıdış “epopeyası”ndan bixəbər olan kimsə yoxdur. Bundan xəbərsiz olmaq üçün, siyasi proseslərdən ümumiyyətlə maraqlanmamalısan. Bu cür “siyasətçi”ni özünə lider seçənlər, görəsən, onun gülüş doğuran müsahibələrini oxuyanda hansı hisslər keçirirlər? Azərbaycanda hələ bu qədər bisavad prezidentliyə namizəd olmamışdı... O, namizədliyinin qeydiyyatı haqda jurnalistin sualına isə belə cavab verir: “Siz qanunları məndən yaxşı bilirsiniz”. Bütün Azərbaycan müxalifətçiləri, nə siyasətdən, nə qanunvericilikdən başı çıxmayan dramaturqun ətrafında daha sıx birləşin. R.İbrahimbəyov deyir ki, “20 ildir seçkiləri uduzuruq”. Sən demə o, 20 ildir hakimiyyətə müxalifətdəymiş. Bir az keçəndən sonra, yəqin, 1980-ci illərin sonunda meydan hərəkatını təşkil etdiyini, Elçibəyin onun yanında heç kim olduğunu da iddia edəcək. Necə ki İsa Qəmbər və Əli Kərimli susur, fürsətdən istifadə edib XX əsrin əvvəllərində M.Ə.Rəsulzadə ilə hökumət qurduğunu da deyəcək. Hələ bunlar harasıdır, seçki yaxınlaşdıqca müxalifət necə bir miskin durumda olduğunu daha aydın təsəvvür edəcək.
Beləliklə, qeyd edilənlər Əli Kərimli, İsa Qəmbər kimi müxaliflərin “beyət” etdiyi Rüstəm bəyin “kəramət”ini və siyasi “biliyinin” səviyyəsini açıq göstərir. Tam doğruluğu ilə demək olar ki, R.İbrahimbəyov bu “intellekt”lə orta məktəblərdə azyaşlı məktəblilər üçün nəzərdə tutulmuş “Həyat bilgisi” fənnindən imtahanda da kəsilərdi... Onun indi “milli şura” namizədi kimi siyasi “mollalıq” etməsi isə müxalifətdə çox kinayə və sarkazmla qarşılanır. “Palitra”ya bu barədə fikirlərini bildirən BQP sədri, millət vəkili Fazil Mustafa dedi ki, ümumiyyətlə, “milli şura” və onun namizədlik məsələləri ilə maraqlanmır: “Rüstəm İbrahimbəyov kimi bir adamı “milli şura”dakıların özlərinə namizəd seçməsi isə onların öz işidir. Bu baxımdan onların öz yolları var, özləri bilərlər. Bizim partiyamızın bu proseslərdə ayrıca mövqeyi var, biz onların mövqeyini bölüşmürük. “Milli şura” müxalifətin çox kiçik bir qismidir. Müxalifətin çox cüzi bir hissəsi “milli şura”da təmsil olunur. Onların seçdiyi prezidentliyə namizəd isə müxalifətin əksər kəsimi tərəfindən qəbul olunmur, nəinki ictimaiyyətdə. Bu baxımdan “milli şura”nın namizədinin cəmiyyətdən cüzi formada da olsa, dəstək ala biləcəyini düşünmürəm. Çünki müxalifətdə belə, nüfuzu olmayan, cəmiyyətdə müsbət qarşılanmayan namizədin dəstək ala biləcəyi mümkün deyil. Ona görə də “milli şura”nın bu baxımdan fəaliyyəti və seçimi uğursuzdur. Çünki cəmiyyətə mesaj vermək və cəmiyyətin diqqətini cəlb edə bilmək üçün konstruktiv və yeni müxalifətçiliyə ehtiyac var, barışmazlıq, köhnə düşüncə sərgiləmək isə cəmiyyəti daha da uzaqlaşdırır. Bu gün yeni və konstruktiv müxalif düşüncənin cəmiyyətdə mövqeyi daha möhkəmdir və yeni müxalifətçiliyin namizədi həmin “milli şura” kimi köhnə və barışmaz müxalifət namizədindən daha çox səs qazana bilər. Ona görə də “milli şura”nın namizədi tam uğursuzluğa məhkumdur”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info