Notlarda yaşayan ömür
Tarix: 04.07.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Gülcahan Əzizova: “Mən özümü xoşbəxt sayıram ki,
dahi Üzeyir Hacıbəylinin tələbəsi olan Ağabacı Rzayevanın
tələbəsi olmuşam”


Bu gün ictimai-siyasi xadim, bəstəkar, Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anım günüdür. Neçə-neçə sevilən romansların, musiqi kompozisiyalarının müəllifi olmuş Ağabacı xanım musiqi dünyamızın banisi dahi Üzeyir Hacıbəylinin incəsənətimizə bəxş etdiyi töhfələrdən biridir. Şərqin ilk qadın bəstəkarı olan A. Rzayeva Üzeyir bəyin ona qarşı olan güvənini doğrultdu. Üzeyir bəy inanırdı ki, A. Rzayeva gələcəkdə Azərbaycan incəsənətində böyük yüksəlişlər yaradacaq... Ağabacı xanım da məhz belə etdi. Müəlliminin ona qarşı olan düşüncələrini doğrultdu. Düzdür, bu gün artıq 38 ildir ki, görkəmli bəstəkarımız Azərbaycan musiqi dünyasında yoxdur. Lakin onun bizə və gələcək nəsillərə yadigar qoyduğu əsərləri xalqımızın yaddaşından heç zaman silinməyəcək. Müsahibimiz Azərbaycan Televiziyası və Radiosu “Bənövşə” uşaq xorunun sabiq solisti, Binəqədi rayonu 177 nömrəli körpələr evi-uşaq bağçasının sabiq tərbiyəçisi və uşaq mahnılarının ifaçısı, vaxtilə Ağabacı Rzayevanın tələbəsi olmuş Gülcahan Əzizovadır.


- Gülcahan xanım, Ağabacı Rzayeva ilə ünsiyyətiniz xatirələrinizdə necə iz buraxıb?
- Yadımdadır, 9-cu sinifdə oxuyurdum. Bacılarım Maya və Cəmilə ilə “Bənövşə” uşaq xorunda ifa edirdik. Bizi verilişlərə tez-tez dəvət edirdilər. İfa etdiyimiz mahnılar Səid Rüstəmovun və Hökumə Nəcəfovanın idi. Repertuarımızda mahnılar az idi. Bizi royalda çox vaxt “Dan ulduzu” instrumental ansamblının rəhbəri Gülarə Əliyeva müşayiət edirdi. Bir gün konsertdən sonra Gülarə Əliyeva mənə dedi: “Gülcahan, nə vaxta kimi eyni mahnıları televiziyada oxuyacaqsınız? Mən bəstəkar Ağabacı Rzayevanın telefonunu sənə verim, onunla zəngləş, tanış ol. Yeni yazdığı mahnıları sizə öyrətsin. Gəlin birlikdə həmin mahnıları məşq edək və televiziyada ifa edin”. İki gündən sonra mən Ağabacı müəlliməyə zəng edib, onunla görüşmək istədiyimi bildirdim. Ağabacı xanım telefonda ünvanı mənə verdi. Mən bacım Cəmilə ilə onlara getdim və biz tanış olduq. Ağabacı xanım mahnılarından ikisini-“Qaranquş” və “Qırmızı şar” mahnılarını bizə öyrətdi. Sonra o, divar rəfindən özünün uşaq mahnılarından ibarət kitabçasını çıxarıb bizə hədiyyə etdi. O vaxtdan, yəni 1968-ci il martın 31-dən Ağabacı müəllimə ilə tez-tez görüşürdük. Onun yeni yazdığı mahnıları öyrənərək, Gülarə Əliyeva ilə birlikdə məşq edib televiziyada oxuyurduq.
- Ağabacı Rzayevanın elə mahnıları varmı ki, məhz sizin ifanız üçün yazılıb?
- Bəli. Ağabacı xanımın bir neçə mahnısının ilk ifaçısı mən olmuşam. “Dəniz”, “Doğma məktəb”, “Əziz müəllimlər”, “Moskva”, “Moskvaya salam”, “Bahar nəğməsi”, “Mən kiməm”, “Bahar oğlu” və “Laylay” mahnıları mənim ifamda lentə yazdırılıb, radionun musiqi fondunda saxlanılır. Hər dəfə bu mahnılar radioda səslənəndə öz müəlliməmi böyük məhəbbətlə yad edirəm. O, həmişə mənim ali təhsil və ən çox musiqi təhsili almağımı arzulayırdı. “Səndən yaxşı müğənni olar. Bu il sənədlərini Asəf Zeynallı adına musiqi texnikumuna ver”-deyə mənə məsləhət verərdi. Amma bəzi səbəblərə görə mən sənədlərimi Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna verdim.
- Ağabacı xanımın sizin həyatınızda nə kimi rolu olub?
- 1970-ci ilin martında AzSSR Maarif Nazirliyi (indiki Təhsil Nazirliyi) Ümumittifaq “Melodiya” qrammofon valları firmasına sifariş verərək, orta ümumtəhsil məktəblərinin I-VI sinifləri və məktəbəqədər tərbiyə müəssisələri üçün uşaq mahnılarını vala yazdırmışdı. Mən də Ağabacı xanımın məsləhəti ilə on iki mahnını qrammofon valına yazdırmışam. “Bənövşə” (Ş. Axundova), “Xoruz”, “Maşınımı sürürəm” (O. Zülfüqarov), “Böyük Oktyabr” (A. Babayev), “May” (H. Nəcəfova), “Pambığım”, “Gözəl Bahar” (T. Quliyev) və b. 1973-cü ildə texnikumu bitirib, Binəqədi rayonu 177 nömrəli uşaq bağçasında tərbiyəçi işləməyə başladım. Vaxtilə oxuduğum mahnıları uşaqlara öyrədirdim.
- Bu gün incəsənət sahəsində A. Rzayevanın sənətini dəyərləndirmək və yada salmaq üçün hansı təşəbbüslər göstərilir?
- 2012-ci il dekabrın 10-da ELS müstəqil araşdırmalar mərkəzinin rəhbəri İradə Yaqubovanın təşəbbüsü ilə Rəşid Behbudov adına Mahnı Teatrında Ağabacı Rzayevanın anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi. Mən də həmin yubileyə dəvət olunmuşdum. Dekabrın 11-də isə Səadət xanım Təhmiraz qızının Azərbaycan radiosunda hazırladığı “Musiqi dünyası” verilişində Ağabacı Rzayeva ilə bağlı xatirələrimi danışdım. Verilişdə radionun qızıl fondunda saxlanılan Ağabacı Rzayevanın mənimlə olan söhbəti və ifa etdiyim uşaq mahnıları səsləndi. Ağabacı Rzayevanın qohumu Rəna xanım mənə dedi ki, siz Ağabacı Rzayevanın yeganə tələbəsisiniz ki, onunla olan söhbətiniz televiziya və radionun qızıl fondunda saxlanılır. Mən özümü xoşbəxt sayıram ki, dahi Üzeyir Hacıbəylinin tələbəsi olan Ağabacı Rzayevanın tələbəsi olmuşam. Onların musiqi dəryasından bir damla içmişəm. Onun mahnılarını dönə-dönə radio və televiziyada ifa etmişəm. Bu, mənim üçün böyük fəxrdir.
Bir də onu açıqlamaq istəyirəm ki, Azərbaycan Televiziyasının sifarişi ilə “Notlarda yaşayan ömür” adlı bədii-sənədli film hazırlanır. Filmin ssenari müəllifi Elnurə Hüseynova, rejissoru isə Elnurə Kazımovadır. Film Ağabacı Rzayevanın yazdığı mahnılar əsasında çəkilir. Filmdə Ağabacı xanımın uşaqlığı və ömrünün sonuna qədər olan hadisələr əks olunur. Filmdə Ağabacı Rzayevanın romansları, variasiyaları, pyesləri, həmçinin müğənnilər və uşaqlar üçün yazdığı mahnılar öz əksini tapacaq. Bir çox tanınmış müğənnilərin-Bülbülün, Həqiqət Rzayevanın, Fatma Mehrəliyevanın, Töhfə Əliyevanın, Sona Aslanovanın, Rəşid Behbudovun, Tükəzban İsmayılovanın, Şövkət Ələkbərovanın, Zeynəb Xanlarovanın, Mahrux Muradovanın, Elmira Rəhimovanın, Məmmədbağır Bağırzadənin və başqa müğənnilərin ifasında mahnılar səslənəcək.
-Gülcahan xanım, Ağabacı Rzayeva ilə son görüşünüzü xatırlayırsınızmı?
- Bəli. İndiki kimi yadımdadır. 1975-ci il iyunun 27-də mən Şuşaya gedəcəkdim. Getməmişdən əvvəl Ağabacı müəllimənin evinə getdim. Onunla vidalaşdıqdan sonra Ağabacı müəllimə qovluğun içindən nə isə çıxarıb mənə verdi və dedi: “Al, Gülcahan! Bunu sənin üçün jurnal və qəzetlərdən kəsib saxlamışam. Bu da məndən sənə yadigar qalsın”. Bu, sevimli müğənnimiz Zeynəb Xanlarovanın şəkilləri və onun haqqında dərc olunan məqalələr idi. Müəlliməm bilirdi ki, ən çox sevdiyim, pərəstiş etdiyim, vurğunu olduğum müğənni Zeynəb Xanlarovadır. Onun haqqında dərc olunan yazı və şəkilləri mənim üçün saxlayar, onlara gedəndə mənə verərdi. Mən şəkilləri alıb, bir də sağollaşdım. Ertəsi gün xalamla Şuşaya yola düşdüm. Müəlliməmin vəfatını 1975-ci il iyunun 5-də Şuşada eşitdim. Parkda xalam və pianoçu Vaqif Mustafazadənin anası Zivər xanımla əyləşib söhbət edirdik. Birdən Zivər xanım səhər radioda Ağabacı Rzayevanın vəfatını eşitdiyini dedi. Mən inana bilmirdim. Çünki 9 gün əvvəl onunla vidalaşanda çox sağlam və gümrah görünürdü. Evə qayıdandan sonra müəlliməmgilə getdim. Qapını bacısı Ruqiyyə xanım açdı. Qəmli gözləri ilə mənə baxıb salamlaşdı. Bir-birimizə baxıb ağladıq. Mən ağlasam da, müəlliməmin vəfatına inana bilmirdim. Elə bilirdim ki, Ağabacı müəllimə o biri otaqdan gəlib, piano arxasına keçəcək və mənimlə yeni yazdığı mahnıları məşq edəcək...
Həm incəsənət xadimi, həm də ictimai xadim kimi şərəfli ömür yaşayan A. Rzayeva xalqımızın yaddaşında heç zaman silinməyəcək. Allah rəhmət etsin!
Xəyalə GÜNƏŞ



Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda musiqiyə dərin hörmət bəslənilən ziyalı ailəsində anadan olub. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamların sirlərinə yiyələnmiş, onları tarda çalmağı öz atası məşhur tarzən Mirzə Fərəcdən öyrənmişdi. Ağabacı babasının vəfatından sonra əvvəlcə Pedaqoji Texnikumu bitirib, bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. Lakin o, uşaqlıqdan sevdiyi musiqidən heç cür ayrıla bilmirdi. Yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edirdi. Maştağada yerli radio qovşağı yaradılarkən gənc müəllimənin təşəbbüsü və yaxından iştirakı ilə xəbərlər arasında musiqi nömrələri də verilərdi. Onu da qeyd etmək lazımdır ki, A. Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi. 1934-cü ildə əvvəlcə konservatoriyanın nəzdində xalq musiqisi şöbəsi təşkil olunarkən Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb deyir: “Qoçaq qızlarsınız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər”.
Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır. Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil alıb, onun ən sevimli tələbələrindən biri olub. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyli Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəylinin yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı xanımlar-Ədilə Hüseynzadə, Hökumə Nəcəfova, Şəfiqə Axundova da bəstəkarlıq sahəsinə gəlirlər.
Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olub. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. İlk qadın bəstəkarımız klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şeir ustalarının yaradıcılığına müraciət edib. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M.Ş.Vazeh, M.Ə.Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N.Rəfibəyli, İ.Səfərli, Ş.Qurbanov, M.Rahim, Z.Cabbarzadə, Z.Xəlil, M.Dilbazi, T.Elçin, M.Araz, T.Mütəllimov və başqalarının şeirləri onun bəstəkar qəlbini ilhamlandırmışdı. Bundan başqa, bəzən Ağabacı Rzayeva özü də şairliyə meyil etmiş, bəzi mahnıları öz sözlərinə bəstələyib-“Durna qatarlı qızlar”.
A.Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəylinin ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə “Sənin xatirən” adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işi ilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.
Böyük Vətən müharibəsi illərində sənətkarın rübabı susmamış, xalqımızın qəhrəmanlıq şücaətini və vətənpərvərlik hisslərini tərənnüm edib. "Vətən", "Partizan oğlu", "Qəhrəman ananın qəhrəman oğlu", "Sevgilim əsgər gedir", "Gözləyəcəyəm, sevgilim" kimi əsərləri doğma Vətənə dərin məhəbbət hisləri aşılayıb. Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan “Kukla” mahnısı ona xalqın rəğbətini qazandırıb. Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin İ.Quliyevlə birgə “Höcət eləmə” (1965) musiqili komediyasının, “Ögey ana” dramının, Xalq çalğı alətləri orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.
A.Rzayevanın könül təranələrini ifa etmiş müğənniləri sadalamaqla bitməz-Bülbül, R.Behbudov, Ş.Ələkbərova, R.Muradova, G.Məmmədov, F.Mehraliyeva, M.Salmanov, T.Əliyeva, T.İsmayılova, L.İmanov və b. O, geniş kütlələrə ünvanlanan bir sıra əsərlərini xor üçün bəstələmişdi. "Çiçəklənən yurdum", "Azərbaycan", "Bəxtiyar ellər", "Dilbərim". Azərbaycan caz-muğam sənətinin əsasını qoymuş unudulmaz pianoçu Vaqif Mustafazadə də zaman-zaman bəstəkarın mahnılarına müraciət etmiş, məsələn, "Ey pəri" və "Evimizə gəlin gəlir" kimi məşhur mahnılarına bənzərsiz möhür vurub.
A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atıb. Bu mənada onun musiqili səhnə əsərlərini-"Günəş eşqi", "Höcət eləmə", variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün “Şənlik” süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.
Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. O, bir neçə çağırışla Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, “Şərəf Nişanı” ordeni və müxtəlif medallarla təltif olunub. 1960-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. Ağabacı Rzayeva iyulun 5-i 1975-ci ildə 63 yaşında Bakıda vəfat edib. Bəstəkar 2-ci Fəxri xiyabanda torpağa tapşırılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info