Cənubi Koreyada Azərbaycanı təmsil edənlər...
Tarix: 22.10.2018 | Saat: 19:38:00 | E-mail | Çapa göndər


Nihat Xəlilzadə:
“Vizaların asanlaşmasından sonra Koreyadan Azərbaycana turist kimi səyahət edənlərin sayı artıb”

Son zamanlar Cənubi Koreyada Azərbaycanla bağlı davamlı olaraq tədbirlər keçirilir. Bu tədbirlərin bir çoxunun təşkilatçısı Cənubi Koreyanın Soongsil Universitetində İnformasiya Texnologiyaları və Menecment üzrə magistr təhsili alan Nihat Xəlilzadə, onun həyat yoldaşı Zeynəb Əhədova və qayını Ziya Əhədlidir. Qeyd edək ki, hər üç gəncimiz Masallı rayonunda anadan olub.


-Necə oldu ki, Cənubi Koreyada təhsil almalı oldunuz?
-2 il burada təhsil aldıqdan sonra Koreya səfirliyi tərəfindən təşkil olunan müsabiqədə iştirak edərək Koreya Dövlət təqaüdü alaraq Koreya Respublikasına gəldim və burada Dequ şəhərində Keimyunq Universitetində 1 il ərzində Koreya dilini öyrəndikdən sonra paytaxt Seulda Hanyanq Universitetinin Kompüter Mühəndisliyi ixtisasında Koreya dilində təhsil almağa başladım.
Koreyaya ilk addımımı atdığım gündən müxtəlif müsabiqələrdə Azərbaycanı təmsil edib, Koreya məktəblərində könüllü şəkildə Azərbaycan haqqında dərslər verirdim. UNESCO, Koreya Gənclər Təşkilatı və Seul İcra Hakimiyyətinin dəstəyi ilə məktəblərdə xüsusi dərslər verərək Azərbaycanı tanıdırdım və hal-hazırda da dərslərə davam etməkdəyəm. Dərslərdə lazım olan ləvazimatlarla (milli geyim, suvenirlər, kitablar və s.) məni Koreyadakı səfirliyimiz təmin edir. Bakalavr təhsilimi bitirdikdən sonra ailə qurdum və hal-hazırda yoldaşım, mən və qayınım birlikdə Koreyada yaşayırıq. Artıq Azərbaycanı təkbaşıma yox, həyat yoldaşım və qayınımla birlikdə Koreyada tanıdırıq. Hazırda həyat yoldaşım Koreya Xarici Dillər Universitetində Beynəlxalq Diplomatik Təqaüd Proqramı ilə Biznesin İdarə edilməsi ixtisası üzrə təhsilini Koreya dilində davam etdirir. Qayınım isə Gaeshin Universitetində Koreya dili öyrənir. Növbəti semestrdən o da universitet təhsilinə başlayacaq.
2 il əvvəl, həmçinin Koreyada Azərbaycan mətbəxini tanıtmaq üçün Bakı restoranını açsam da, təəssüf ki, uğurlu olmadı və hazırda fəaliyyətini dayandırıb. Lakin səfirliyimiz nəzdində həyat yoldaşımın bişirdiyi Azərbaycanın milli mətbəxinin yeməklərini həftə sonlarında Koreyada böyük festivallarda tanıtmağa çalışırıq.
Hazırda gündüz Koreya Texnologiya şirkətində Xariclə Əlaqələr üzrə Texnologiya Marketinq Meneceri kimi fəaliyyət göstərirəm. Axşam isə Soongsil Universitetində İnformasiya Texnologiyalarının İdarə edilməsi ixtisası üzrə təqaüdlə magistr təhsili alıram.
-Siz bir diaspor ailəsi olaraq Koreyada ölkəmizi tanıdırsınız. Maraqlıdır, koreyalıların sizin bu tanıtım tədbirlərinizə reaksiyası necədir?
-Koreyaya yeni gələrkən tədbirlərdə, festivallarda Koreya dilini bilmədiyim üçün ingiliscə koreyalılara Azərbaycan haqqında məlumatları verirdim. Həmin vaxt koreyalılara mənim danışdıqlarıma elə də maraqlı olmadıqlarını hiss edirdim. 1 il ərzində Koreya dilini öyrəndikdən sonra Koreya mədəniyyəti və koreyalıların maraqlı olduğu sahələr və s. haqqında öyrənmək üçün əlimdən gələni edirdim. Bu gün artıq mən tədbirlərdə, festivallarda, dərslərdə mənim Azərbaycan haqqında çatdırmaq istədiyim məlumatlardan əlavə, koreyalılara maraqlı ola biləcək məlumatlara daha çox yer verirəm və təbii ki, bunu eşidən 10 koreyalıdan, ən azı, 1-2-si Azərbaycan haqqında məlumatlandıqdan sonra mütləq şəkildə Azərbaycana getməyə can atır. Misal üçün deyim ki, azərbaycanlı dostlar həmişə yeməklərimizdən danışarkən kabab, ləvəngi, üçbacı və s. desələr də, koreyalıların festivallarda ən xoşladığı qutabdır. Azərbaycan neftinin tarixi barədə danışmaqdansa, Naftalan vannasında 1 şəkil koreyalıları heyrətləndirməyə bəs edir.
-Ümumiyyətlə, koreyalıların Azərbaycan haqqında məlumatı hansı səviyyədədir?
-Koreyada, təəssüf olsun ki, Azərbaycan, hələ ki, hər kəsin tanıdığı bir ölkə olmasa da, əvvəlki illərə müqayisədə tanıyanların sayı artmaqda davam edir. Tanıtımda Koreyadakı Azərbaycan səfirliyinin və Koreyada yaşayan azərbaycanlıların rolu danılmazdır. Burada yaşayan tələbələrimiz müxtəlif tədbirlərdə, yarışmalarda Azərbaycanı layiqincə təmsil edirlər və səfirliyimiz də, öz növbəsində həmin tələbələrə böyük dəstək göstərir və dövlət səviyyəsində böyük tədbirlərdə Azərbaycanın təbliğatı üçün əllərindən gələni edir. Azərbaycan haqqında məlumatlı olan koreyalılar Bakı, milli mətbəximiz və multikultural yaşayış tərzimiz haqqında çox yaxşı bilirlər. Ümumiyyətlə, son illər Azərbaycana vizaların asanlaşdırılmasından sonra Koreyadan Azərbaycana turist kimi səyahət edənlərin sayı artıb və ümid edirəm ki, Koreya və Azərbaycan arasında birbaşa təyyarə uçuşları təşkil olunarsa, ölkəmizə gələn koreyalıların sayı 2-3 dəfə artacaq.
-Koreya KİV-lərilə əlaqəniz varmı?
-Koreyada KİV-lərlə son illərdə çox yaxşı əlaqələrimiz yaranıb. Koreyada 2013-cü ildən etibarən televiziya proqramlarına dəvət olunmağa başladım və həm model, həm də məşhur proqramlarda qonaq kimi iştirak edib Azərbaycanı təmsil edirəm. Koreyada xaricilərin iştirak etdiyi ən məşhur proqramlarda Azərbaycanı təmsil etmişəm və nəzərinizə çatdırım ki, mən həmin proqramda iştirak edən zaman bütün Koreya axtarış portallarında Azərbaycan sözünün axtarışı nömrə 1 idi. Çalışıram ki, bu vəziyyətdən istifadə edib hər fürsətdə Azərbaycanımızı tanıdım.
-Dediniz ki, televiziya verilişlərinə dəvət alırsınız. Koreyalıların hər hansı əcnəbinin fikirlərinə nə dərəcədə marağı var?
-Bildiyiniz kimi, Koreya inkişaf etmiş ölkə olsa da, tarix boyu təkmillətli ölkə olduğu üçün indiyə kimi xaricilərlə münasibət qurmağın yollarını axtarmaqdadır. Rəsmi rəqəmlərə görə Koreyanın ölkə daxilində əhalisi 50 milyondan çox olsa da, burada yaşayan xaricilərin sayı 2.5 milyona yaxındır. Buna görə də televiziya və başqa kütləvi informasiya vasitələrində xaricilərin fikirlərinə böyük önəm verilir. Son illər koreyalıların xaricə getmədən xarici ölkələr haqqında məlumatlanması və xaricilərin Koreya haqqında fikirlərini öyrənmək üçün çoxlu proqramlar keçirilir. Belə proqramlar arasında Koreyanın ən çox baxılan verilişləri də var və çox vaxt mən bu verilişlərdə Azərbaycanı tanıtmaq üçün dəvət alıram. Ümidvaram Azərbaycanı layiqincə təmsil edə bilirəm.
-Sizin timsalınızda görürük ki, bir azərbaycanlının gedib Koreyada yaşamaq marağı var. Bəs hər hansı koreyalının gəlib Azərbaycanda, konkret desək, elə Masallıda nə dərəcədə yaşamaq marağı ola bilər?
-Çox gözəl sualdır. Nəzərinizə çatdırım ki, Koreyada olan azərbaycanlılar qədər Azərbaycanda da koreyalılar yaşayırlar. Koreyada yaşayan azərbaycanlılar arasında tələbələr çoxluq təşkil etsə də, Azərbaycanda yaşayan koreyalıların çoxu şirkət işçiləridir və buna görə də sosial fəaliyyətləri aşağıdır. İnsan hər zaman əldə edə bilmədiyi həyatı və özündə olmayanları arzulayır. Azərbaycan və Koreya tarixən çox oxşarlığı olan ölkələr olsalar da, hal-hazırda həyat tərzləri çox fərqlidir. Belə deyim, Koreya texnoloji həyat səviyyəsinə görə Azərbaycanı çox qabaqlasa da, Azərbaycan qida sənayesi sahəsində Koreyadan daha çox öndədir. Koreyada, təsəvvür edə biləcəyiniz, hər bir şeyin mobil proqramları var. Lakin, belə deyim, mən Azərbaycanda evimizin yanında qəssab olduğunu və qəssabın hər səhər təzə ət satmasından danışanda koreyalılar şoka düşürlər. Koreyada təzə ətin qiyməti 100 dollardan başlayır. Meyvələrdən isə, məsələn, narın dənəsini 5 dollardan tapdıqda çox sevinirik. Buna görə də Koreyadan Azərbaycana gəlib, müəyyən müddət yaşadıqdan sonra Koreyaya qayıtmaq fikrini dəyişib Azərbaycanda daim yaşayan koreyalı dostlarım da var. Yaxın gələcəkdə Azərbaycan və Koreya arasında əlaqələr genişləndikdən sonra, nəinki Masallıda, Azərbaycanın bütün bölgələrində koreyalıları görə biləcəyik. Bildiyiniz kimi, Koreya bazarı kiçik və yüksək rəqabətli bazar olduğu üçün koreyalı gənc nəsil inkişafda olan ölkələrdə startup layihələri hazırlamağı üstün tuturlar və düşünürəm ki, Azərbaycan koreyalılara maraqlı ölkələrdən birinə çevriləcək.
-Bildiyimiz kimi, bu yaxınlarda ABŞ və Şimali Koreya prezidentlərinin görüşü oldu. Cənubi Koreyada bu görüşə reaksiya necə oldu?
-Bu barədə bütün fikirləri alt-üst edəcək bir məlumat deyim sizə. Şimal və Cənubun görüşü, sonra bu yaxınlarda ABŞ və Şimali Koreya prezidentlərinin görüşü cənublular üçün çox böyük əhəmiyyət kəsb edir. Bildiyiniz kimi, Cənubi Koreya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir və bu kiçik ölkədən dünyaca məşhur böyük şirkətlər çıxıb. Lakin hal-hazırda Cənubi Koreyada yaşlı nəsil artmaqda, gənc nəslin sayı azalmaqdadır. Dövlət nə qədər fərqli siyasət aparmağa çalışsa da, gənc nəsil uşaq istəmir və bu da dövləti çox narahat edir. Bunun qarşısını almağa müxtəlif alternativlər olsa da, dövlətin arzuladığı ən böyük alternativ Şimali Koreya ilə birləşmək və ilk 5-10 il müddətində Cənubdan Şimala yardımlar məqsədilə investisiya qoyduqdan sonra şimaldakı gənc nəslin köməyi ilə Koreya xalqının gələcəyini parlaqlaşdırmaqdır. Hamının bildiyi kimi, Şimal və Cənub nə qədər birləşmək istəsə də, ABŞ buna qarşı çıxarsa, birlik mümkünsüzdür. Buna görə də bütün xalq, elə biz də içində olmaqla, həmin gün televiziya qarşısındaydıq. Təəssüf ki, görüşdən böyük nəticələr olmasa da, baş verən hadisələr göstərdi ki, istər Şimali, istərsə də Cənubi koreyalılar birləşməyə istəklidirlər.
-Koreyalıların insana təsir gücü necədir? Yəni onlar sizi dəyişibmi, hər hansı formada sizi özlərinə oxşada biliblərmi?
-Koreyada ilk zamanlar bir çox adətləri qəbul edə bilməsəm də, zaman keçdikcə özümü artıq koreyalılardan biri kimi hiss etməyə başlayıram. İstər düşüncə, istər yaşayış tərzi baxımından artıq koreyalılara bənzəməyə başlamışam. Koreyalıların yaxşı 1 atalar sözü var: “Romaya gedəndə Romanın qanunlarıyla oturub-durmalısan”. Elə həyat tərzimi dəyişən səbəb bu atalar sözüdür. Təbii ki, əslimizi, adət-ənənələrimizi unutmadan mədəniyyətimizi Koreyada tanıtmaqla, Koreyanın yaxşı adətlərini özümünküləşdirmək mənim bu həyatdakı siyasətimdir. Çünki ailə özü bir dövlətdir və biz Koreyada yaşayıb Koreya mədəniyyətindən çox uzaq gəzsək bizim təbliğatımıza qulaq asan olmaz. Koreyada Azərbaycanı tanıtmaq üçün, ilk öncə bu ölkənin vətəndaşlarına onlardan biri olduğumuzu göstərməli, sonra təbliğatımızı aparmalıyıq. Düzünü desək, elə bu düşüncə tərzi də mənə Koreya mədəniyyətinin təsirinin nəticəsidir.
-Koreyadakı səfirliyimiz sizə nə kimi dəstək göstərir?
-Koreyadakı səfirliyimiz haqqında çox danışa bilərəm. Səfirlik işçiləri Koreyada daima azərbaycanlıların toplanması və ölkələrarası əlaqələrin genişlənməsi üçün əllərindən gələni edirlər. Bildiyiniz kimi, tədbirlərdə milli geyimləri, suvenirləri, kitabları səfirliyimiz təşkil edir və həmçinin müxtəlif formalarda Koreyada azərbaycanlıların özlərini inkişaf etdirmələri və intellektual biliklərini artırmaları üçün əllərindən gələni edirlər.
Onu da vurğulayım ki, şəxsən səfirimiz Rəmzi müəllim və həmçinin səfirlik işçiləri Azərbaycan üçün əlindən gələni edib, Koreyada tanıtmağa çalışanlara nə kömək lazımdırsa, həmişə ediblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info