İmişlidə “ASAN Həyat” kompleksinin açılışı olub
Tarix: 22.10.2018 | Saat: 21:00:00 | E-mail | Çapa göndər


Araz çayının yeni qol-kanalı 53 min hektar torpağı su ilə təmin edəcək
Prezident İlham Əliyev İmişli rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rayonda görülən işlər haqqında məlumat verib. Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib. İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Son illərdə həyata keçirilən mühüm layihələrdən biri də Araz çayının yeni qol-kanalının istifadəyə verilməsidir. Bu layihənin icrası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafına sanballı töhfələr verəcək, yaradılan və yaradılacaq aqroparkların, iri fermer təsərrüfatlarının və müasir heyvandarlıq komplekslərinin suvarma suyu ilə təminatında böyük rol oynayacaq. Araz çayının yeni qol-kanalının istifadəyə verilməsi bu istiqamətdə həyata keçirilən növbəti uğurlu və tarixi layihədir. Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxış edib. Prezident İlham Əliyevin çıxışında qeyd edib ki, İmişli rayonunun inkişafı ilə bağlı bir çox tədbirlər görülüb: “Bu səfər mənim Prezident kimi İmişli rayonuna beşinci səfərimdir. Keçən dəfə İmişlidə olarkən biz içməli su layihəsinin açılışını qeyd etmişdik. Digər infrastruktur layihələrinin icrası İmişli rayonunun ümumi inkişafına müsbət təsir göstərmişdir. Kənd yollarının demək olar ki, 50 faizi əsaslı şəkildə təmir edilib, yenidən çəkilib. Biz bundan sonra da bu işlərlə məşğul olacağıq. Bakı-İmişli-Horadiz-Cocuq Mərcanlı istiqamətində yol ən yüksək standartlara cavab verir. Qeyd etdiyim kimi, içməli su layihəsi istifadəyə verilmişdir və 40-dan çox kənddə modul tipli təmizləyici qurğular quraşdırılmışdır. Qazlaşdırma İmişli rayonunda 92 faizə çatıb”.

Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir
Prezident deyib ki, bu gün açılışına toplaşdığımız layihənin icrası təkcə İmişli rayonu üçün deyil, eyni zamanda, qonşu rayonlar üçün də böyük əhəmiyyət daşıyır: “Araz çayının yeni qolunun tikintisi böyük maliyyə vəsaiti tələb edən layihədir. Bu layihəyə birinci mərhələdə 80 milyon manat sərmayə qoyulubdur və Araz çayının yeni qolunun uzunluğu 54 kilometrdir. Yeni beton su kanalı 53 min hektar torpağı su ilə təmin edəcək. Biləsuvar, İmişli, Saatlı rayonlarının fermerləri, zəhmətkeşləri bu imkanlardan istifadə edəcəklər. Növbəti mərhələdə əlavə 10 min hektar torpağa suyun verilməsi nəzərdə tutulur və Sabirabad rayonunun torpaqları da suvarma suyu ilə təmin ediləcək. Bu layihənin icrası, ilk növbədə, bizim güclü iqtisadi imkanlarımızı göstərir. Çünki bu gün Azərbaycan istənilən infrastruktur layihəsini uğurla icra edə bilər və icra edir. Biz bu layihəni öz daxili maliyyə imkanlarımız hesabına icra etmişik. Digər tərəfdən, bu kanalın tikintisi bizim niyyətimizi, siyasətimizi göstərir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.

Gələn ilin əvvəlində qəbul ediləcək dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq
Prezident qeyd edib ki, regional inkişaf üzrə birinci Dövlət Proqramı qəbul olunandan sonra - son 15 il ərzində ölkəmizdə iqtisadiyyat üç dəfədən çox artıb: “Ölkəmizdə qazlaşdırmanın səviyyəsi 95 faizə çatır. Biz bu ilin sonuna qədər bu rəqəmə çatacağıq. Azərbaycan elektrik enerjisini ixrac edən ölkəyə çevrilib. Biz təkcə bu ilin doqquz ayında 50 milyon dollardan çox həcmdə elektrik enerjisi ixrac etmişik. Gələcəkdə bu, daha da artacaq. Çünki biz özümüzü tam təmin edirik və yaxın gələcəkdə istifadəyə veriləcək 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyası vasitəsilə ixrac imkanlarımız daha da genişləndiriləcək. On beş min kilometr avtomobil yolu istifadəyə verilir. Biz bu ilin sonuna qədər bu rəqəmə də çatacağıq. Meliorasiya ilə bağlı bir çox önəmli layihələr icra edilib. Mən onların arasında dörd böyük su anbarını xüsusilə qeyd etmək istəyirəm. Onların sututumu 450 milyon kubmetrə bərabərdir. Əlbəttə ki, onların arasında “Taxtakörpü” və “Şəmkirçay” su anbarları xüsusi yer tutur. Yeni kanalların, beton su kanallarının çəkilişi ölkəmizdə geniş vüsət alıb və bu gün açılışına toplaşdığımız layihə onlardan biridir”. Dövlət başçısı deyib ki, gələn ilin əvvəlində qəbul ediləcək regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramında meliorasiya tədbirlərinə xüsusi yer ayrılacaq: “Biz son illərdə görülən işlərin əyani nəticələrini görürük. Çünki həm keçən il, həm də bu il 100 min hektar torpağa su gətirilib. Bu, dərhal özünü iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında göstərir. Keçən il biz 100 min hektar torpağa su gətirmişik. Mənə verilən məlumata görə, bu il 101 min hektar torpağa suyun verilməsi təmin edilir. Bunun 53 min hektarı, bax, Araz çayının yeni qolunun çəkilişi nəticəsində mümkün olacaq”. Kənd təsərrüfatının doqquz ayda 4,3 faiz artdığını, görülən və görüləcək tədbirlər nəticəsində daha da artacağını deyən Prezident qeyd edib ki, biz suvarma layihələrinin icrası ilə əkin sahələrimizi genişləndiririk və bu istiqamətdə əlavə tədbirlər görüləcək: “Son illər ərzində kənd təsərrüfatı ilə bağlı görülən tədbirlər, bir çox məhsulların alış qiymətinin artımı nəticəsində kəndlilərdə kənd təsərrüfatına maraq böyük dərəcədə artıb. Bu gün kəndlərdə demək olar ki, məşğulluqla bağlı ciddi problem yoxdur, işləmək istəyən iş tapar. Biz sadəcə olaraq yeni investisiyalarla, yeni layihələrlə fermerlər üçün, kəndlilər üçün bu imkanları genişləndirməliyik və genişləndirəcəyik”. Prezident qeyd edib ki, 45 böyük aqroparkın yaradılması nəzərdə tutulur: “Onlardan 13-ü bu ilin sonuna qədər artıq fəaliyyətə başlayacaq, bəziləri artıq işləyir, mən onların açılışlarında olmuşam və 45 aqroparkın istifadə etdiyi torpaq sahəsi təqribən 200 min hektara yaxındır. O torpaqlarda heç nə əkilmirdi və o torpaqlar elə boş torpaqlar kimi qalırdı. Biz o torpaqlara həyat qaytardıq. Onu da deməliyəm ki, aqroparkların yaradılması üçün dövlət öz dəstəyini göstərir, eyni zamanda, maliyyə dəstəyini. Aqroparkların fəaliyyəti üçün yüz milyonlarla manat dəyərində müxtəlif infrastruktur layihələri icra edilmişdir. Dövlət hər şeyi edir ki, fermerlər, kəndlilər daha yaxşı yaşasınlar. Bizdə olan yanaşma və qaydalar inanmıram ki, hər hansı bir başqa ölkədə olsun”. Dövlət başçısı Araz çayının yeni qol-kanalının açılışını bildirən düyməni basıb.

Yeni yolların açılışı olub
Prezident Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Prezident İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun açılışında da iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. Prezidentin iştirakı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi də istifadəyə verilib.
İmişlidə Bayraq Muzeyi istifadəyə verilib
Prezident İmişlidə Bayraq Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib
İmişli rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası açılıb. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub. Prezident İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına görülən işlər barədə məlumat veriblər. Prezident İlham Əliyev İmişli “ASAN xidmət” mərkəzini işə salıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Azərbaycanda Belarusu dünyada Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab edirlər”
19.11.2018
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub
19.11.2018
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
19.11.2018
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
19.11.2018
Atəşkəs 25 dəfə pozulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info