El şairlərinin yaradıcılığı xalq ruhuna daha yaxındır
Tarix: 23.10.2018 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


El şairlərinin yaradıcılığı əksər vaxt ümumxalq məhəbbəti qazanır və onların şeirləri el-oba arasında sürətlə yayılır. Bu gün toy məclislərində masabəyilərin ən çox müraciət etdiyi şairlərin məhz el şairləri olması da təsadüfi deyildir. El-oba içərisində yaşayıb-yaradan el şairlərinin yaradıcılığı xalq ruhuna daha yaxındır. Dövrümüzdə el şairlərinin əsərləri çap olunur və beləcə, onlar oxucularla tez-tez görüşürlər. Şübhəsiz ki, çap olunan həmin əsərlər ədəbiyyatımızın inkişafına xidmət edir. Zaman keçdikcə el şairlərinin əsərləri tədqiqata cəlb olunacaq və gələcək nəsillər tərəfindən daha mükəmməl öyrəniləcəkdir. Çünki bu qələm sahibləri bütövlükdə xalq poeziyasına xidmət edirlər. Zaman özü el şairlərini süzgəcdən keçirərək daha saf və dolğun yaradıcılığa malik olanları tarix səhnəsində saxlayacaq. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, Tovuz ədəbi mühiti zəngin, çoxşaxəli bir ədəbiyyat ortamıdır. Bu yaxınlarda telefon danışığımızda tədqiqatçı-jurnalist, tanınmış qələm sahibi Bəhruzər Rüstəmov mənə Tovuz ədəbi mühitini öyrənməyə bir insan ömrünün çatmayacağını haqlı olaraq bildirmişdi. Ötən əsrlərdə olduğu kimi, bu gün də Tovuzda çoxlu şair yaşayır və öz yaradıcılıqları ilə mükəmməl poeziya nümunələri yaradırlar. Həmin şairlərin yaradıcılıqları bir-birlərindən o qədər zəngin və maraqlıdır ki, oxucu poeziya nümunələrini oxuduqca kitablardan ayrıla bilmirlər. Ötən əsrdə yaşamış aşıq və şairlərin kitabları nəşr olunub xalq arasında tanınaraq adları könüllərdə əbədliləşdiyi kimi, bu gün də yaşayan el şairləri təbliğ olunub xalq yaddaşına köçürülür. Bu baxımdan, ilk olaraq mətbuatın üzərinə böyük missiya düşür və günümüzdə Azərbaycan mətbuatı bu öhdəliyi layiqincə yerinə yetirir.
Tovuz rayonun Bozalqanlı kəndi aşıq və şairlərin yurdudur. Burada tanınmış aşıq və şairlər yetişərək bütövlükdə ölkə ədəbiyyatının inkişafında misilsiz rol oynamışlar. Hazırda diqqətimi cəlb edən kənd şairlərindən biri də Vəli Bozalqanlıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, şairin yaradıcılığı kitab şəkildə toplanıb çap edilməmişdir. Vəli Bozalqanlı kimi tanınmış bir şair Aşıq Ələsgərlə də deyişmiş və Şair Vəli Aşıq Hüseyn Bozalqanlının sevimli şagirdlərindən biri olmuşdur. Ümidvaram ki, Vəli Bozalqanlı irsinin öyrənilməsində kənd sakinləri ilə yanaşı, Tovuz ictimaiyyəti mənə yaxından kömək edəcəkdir.
Bozalqanlı kəndində yaşayan, gözəl poetik incilər yaradan şair Novruz Qurbanovun yaradıcılığı da diqqətimdən kənarda qalmır. Şair aşıq poeziyası üslubunda gözəl şeirlər yazır. Novruz Vəli oğlu Qurbanov 1948-ci ildə Tovuz rayonunun Bozalqanlı kəndində anadan olub. "Xeyir-dua almış yer", "Ey Dost " adlı kitabların müəllifidir. Şeirlərini, əsasən, məsnəvi şəkildə yazır. İndi isə şairin yaradıcılığından seçdiyimiz şeirlərini təqdim edirik:


ÇAĞIRIR BİZİ
Tut əlimdən, birgə çıxaq dağlara,
Həsrətin zirvəsi çağırır bizi.
Könül qanadlansın sonsuzluqlara,
Qartalın qıy səsi çağırır bizi.

Ormanlı talada yürüyək qoşa,
Bir izsiz talada verək baş-başa.
Çəmənə, çiçəyə edək tamaşa,
Bulaq zümzüməsi çağırır bizi.

Səhər nəfəsində, şehli çəməndə,
Gəzək ayaqyalın dumanda, çəndə.
Ürəklər sevinib, ruhlar dinəndə
Yaşamaq həvəsi çağırır bizi.

Şiş qayalar karvan-karvan düzülür,
Çiçəklərin ətrindən bal süzülür.
Xəyal uçur, ayaq yerdən üzülür,
Göylərin nəşəsi çağırır bizi.

Biz qoşa bülbülük sevda bağında,
Gözümüz, könlümüz gül yarpağında.
Mizani Hafizin bu xoş çağında,
Gözəl çay süfrəsi çağırır bizi.
06.04.2015



HƏZİN BİR XƏYALIN...
Həzin bir xəyalın sorağındayıq,
Düşüb, könül-könül gəzirik onu.
Bizi hara çəkir sevda yolları,
Hardadır, necədir bu eşqin sonu,
Düşüb könül-könül gəzirik onu.

Sən mənə yaşatdın elə bir eşqi,
Kimsənin qisməti olmamış hələ.
Birləşdi göylərdə sevdalı ruhlar.
Məhəbbət görməmiş bu tarix belə:
Kimsənin qisməti olmamış hələ.

İllərlə çağırdın, məni səslədin,
Yolumda dayandın nağıllar kimi.
Taleyin müjdəsi axır ki, gəldi,
Sevinclə titrədi könlümün simi,
Yolumda dayandın nağıllar kimi.

Bir boylan ətrafa, gülşəndir aləm.
Sevənlər zövq alır eşqin nurundan.
Bu könül dünyası, ruhlar aləmi.
Burda azadəyik hər bir sorundan,
Sevənlər zövq alır eşqin nurundan.

Yaradan eşq ilə yaradıb bizi,
Sevgiylə süsləyib ürəklərimizi.
Gəl açaq yelkəni, bu səmt küləyi,
Bizə gəl-gəl deyir sevda dənizi,
Sevgiylə süsləyib ürəklərimizi.
03.06.2015



ƏSRİK DƏRƏSİDİR
Bura Əsrik dərəsidir,
Gələsiniz, görəsiniz.
İçib sərin bulağından,
Çiçəyindən dərəsiniz.

Uca dağlar zirvəsində,
Qartalların qıy səsində.
Qoca palıd kölgəsində,
Yerə xalı sərəsiniz.

Qayaları sinə gərib,
Qonağına üz göstərib.
Göy çəməndə güllər dərib,
Başa çələng hörəsiniz.

Burda xəyal uçar göyə,
Gözəlliyi öyə-öyə.
Mizaniyə buyur deyə,
Məclisdə yer verəsiniz.
08.09.2018



ÇAY SÜFRƏSİNDƏ
Ürəklər boşalar, könüllər dolar,
Söz sözə calanar çay süfrəsində.
Gəlmişin-getmişin gözəl çağları,
Dillərdə dolanar çay süfrəsində.

Süzülər, düzülər məxməri çaylar,
Çayçı bəh-bəh ilə çayını paylar.
Doğranan limonlar müştəri haylar,
Ağızlar sulanar çay süfrəsində.

Baş-başa oturub, dostlaşar yadlar,
Təriflər dil açar, susar iradlar.
Çiçək çayı gələr, dəyişər dadlar,
Dodaqlar yalanar çay süfrəsində.

Söz-söhbət hərlənib, keçər nələrdən:
Gizlicə boylanıb xatirələrdən,
Uşaqlıq çağına dönərək hərdən,
Bağ-bağat “talanar” çay süfrəsində.

Biri tarixləri gətirər dilə,
Biri şeir deyər bülbülə, gülə.
Yerində çözülüb bir çox məsələ,
Üst-üstə qalanar çay süfrəsində.

Mizani, bu gözəl məclisə buyur,
Gözünü, könlünü gəl burda doyur.
Gecikmə masaya, bax, çayın soyur,
Dostlar səni anar çay süfrəsində.
22.08.2014


LAYLA DE, AY ANA
Layla de, ay ana, qoy bir az yatım.
Ayılsın fikirdən yorulan başım.
Sanım ki, bir röya ötən həyatım,
İslatsın dizini axan göz yaşım,
Ayılsın fikirdən yorulan başım.

Layla de, ay ana, qoy bir az yatım,
Zamanın yükünü üstümdən atım.
Körpə tək laylanın ətrinə batım,
Şirin-şirin xəyallarda dolaşım.
Ayılsın fikirdən yorulan başım.

Layla de, ay ana, qoy bir az yatım,
Bir anlıq uykunu bir ömrə satım.
Layla de, ay ana, arzuma çatım,
Dizin üstdə son mənzilə ulaşım,
Ayılsın fikirdən yorulan başım.

Layla de, ay ana, qoy bir az yatım,
Adım olsun dilindəki bayatım.
Ağla ki, yaşını yaşıma qatım,
Bu qəmin dağını yol göstər aşım,
Ayılsın fikirdən yorulan başım.
18.06.2016



ANA MƏZARI
Analar gecələr gələrlər qonaq,
Gündüzlər yol gözlər Ana Məzarı.
Röyada, xəyalda döyər qapını,
Hərdən bir yad edək onları barı,
Gündüzlər yol gözlər Ana Məzarı.

Gözlərilə nələr görüb dünyada,
Balası naminə atılıb oda.
Gecələr analar gəlib röyada,
Həsrətlə boylanar övlada sarı,
Gündüzlər yol gözlər Ana Məzarı.

Hər övlad könlündə bir həsrət qəmi,
Anadan yaxın kim ürək həmdəmi?
Ananı sevərlər məgər beləmi?
Məzarda tükənir səbri-qərarı,
Gündüzlər yol gözlər Ana Məzarı.

Səninlə yaşıdıq, indi bax, Ana,
Gör necə sürətlə ötdü zamana.
Mizani Hafizin həsrətdən yana
Gecələr qövr edər nisgil qubarı.
Gündüzlər yol gözlər Ana Məzarı...
20.07.2018


EY DOST
Yaz səhəri bağçaya çıx, bax çiçəklər ləçək-ləçək,
Qoy təbiət qiymət versin, sənmi göyçək, omu göyçək.

Saçlarında gül ətri var, dodağında çiçək balı,
Gözlərində sevda nuru, yanağında lalə xalı.

Təbiətə zinət verib, şah duruşun şux qamətin,
Sərvi boylum, bu nə hikmət, baxışların-kəramətin.

Nəfəsində yaz müjdəsi, gülüşündə bahar səsi,
Əl uzadıb bir qönçə üz, bayram etsin güllər dəsti.

Mizaniyə qismət ola, bu haləti seyr eyləyə,
Sevda duya gözlərində, Yaradana alqış deyə.
07.04.2017

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
19.11.2018
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
19.11.2018
Azərbaycanlı gənclər Tbilisidə keçirilən festivalda
18.11.2018
Vaşinqtonda Azərbaycan Mədəniyyət Günü keçirilib
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info