Yeni viza sisteminin tətbiqi turizm sektoruna nə verir?
Tarix: 05.07.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


Bahadur Bilalov: “Ölkəyə gəlmək istəyən hər bir əcnəbi bir sıra problemlərdən azad olur və rahat şəkildə səfərini
təşkil edə bilir”


Aprelin 1-dən Azərbaycanda elektron viza sistemi tətbiq olunur. Ölkə başçısının müvafiq sərəncamına əsasən reallaşdırılan yeni sistem sənədləşmənin daha asan aparılmasına, viza xərclərinin azaldılmasına və vaxta qənaət edilməsinə şərait yaradır. Yeni viza sistemi turistə viza almaqda xeyli üstünlük verir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycana gələn turistlər elektron formada viza alırlar. Bu prosesin Azərbaycanda daha yaxşı işləməsi üçün səylər göstərildiyini deyən nazir sistemin tənzimlənməsi üçün danışıqların aparıldığını, treninqlərin keçirildiyini qeyd edib: “Biz bu işdə Xarici İşlər Nazirliyi ilə birgə çalışırıq. Azərbaycana gələn xarici vətəndaşlara vizanın elektron qaydada verilməsi ölkəyə gələn əcnəbilərin sayını artıracaq. Viza vermək lisenziyası olan turizm şirkətlərinin müvafiq treninqlərdən keçiblər. Sözügedən turizm şirkətləri xarici vətəndaşlara elektron qaydada viza verə bilirlər». Qeyd edək ki, Dünya Turizm Təşkilatı da Azərbaycanda elektron viza sisteminin tətbiqini alqışlayıb. Təşkilatın baş katibi Taleb Rifainin sözlərinə görə, Azərbaycanın bu qərarı ölkədə turizmin inkişafına təkan verəcək. Onun sözlərinə görə, yeni sistemin tətbiqi Azərbaycana turist axınını artırmaqla, bütövlükdə ölkəmizin turizm sektorunun daha da inkişafına gətirib çıxaracaq: «Viza sisteminin sadələşdirilməsi turizmin, o cümlədən Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsir edən əsas amillərdən biridir». Beləliklə, Azərbaycanda elektron viza sisteminin tətbiqi ilə bağlı mütəxəssislərin, turizm şirkətlərinin rəhbərləri hansı fikirdədir?

Xaricdən turist qəbul edən şirkətlər üçün
elektron vizanın rəsmiləşdirilməsi üçün imkan yaradılmalıdır


Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili və texnologiyası kafedrasının müdiri, dosent Bahadur Bilalov bildirdi ki, elektron viza sisteminin tətbiqi ölkəyə turist axınının artırılması baxımından çox önəmli bir məsələdir: “Ümumdünya Turizm Təşkilatı zaman-zaman öz toplantılarında turizmin inkişafı baxımından ölkələrə vizaların sadələşdirilmiş qaydada tətbiqini tövsiyə edir. Ölkə Prezidenti İlham Əliyevin məlum sərəncamı ilə Azərbaycanda da bu məsələnin tətbiqi bir növ beynəlxalq qurumun tövsiyələrinə cavabdır. Elektron vizanın tətbiqi ilə deyək ki, Finlandiya vətəndaşının ölkəmizə səfəri üçün viza almaqdan ötrü qonşu İsveçə getməsinə ehtiyac qalmır. Yetərlidir ki, Azərbaycanda fəaliyyət göstərən turizm firmasına müraciət etsin, səfərinin vaxtını və müddətini bildirsin, qalan məsələləri turizm firması həll edəcək. Yəni, ölkəyə gəlmək istəyən hər bir əcnəbi bir sıra problemlərdən azad olur və rahat şəkildə səfərini təşkil edə bilir. Sadəcə olaraq bir məsələni qeyd etmək istəyirəm. Ölkəmizdə 200-dən çox turizm şirkəti fəaliyyət göstərməsinə baxmayaraq, bu prosesə haradasa cəmi 30-a yaxın şirkət qoşulub. Hesab edirəm ki, indiyə kimi xarici ölkələrdən turist qəbul edən şirkətlər üçün elektron vizanın rəsmiləşdirilməsi üçün imkan yaradılmalıdır. Əks halda bu gəlmə turizmin inhisarlaşmasına aparıb çıxara bilər”. Bu sistemin tətbiqi artıq turizmin inkişaf etdiyi ölkələrdə uzun müddətdir ki, mövcud olduğunu deyən B.Bilalovun sözlərinə görə, bu gün artıq Azərbaycana gəlməkdə çətinlik çəkən ölkələrin turistləri üçün şərait yaranıb: “Bəzilərində, məsələn, Birləşmiş Ərəb Əmirliyində bu sistemdən uzun müddətdir ki, istifadə edilir və dediyim kimi bu sistem çox böyük üstünlüyə malikdir. Bu gün yerli şirkətlər Böyük Britaniya, Amerika, Almaniya, İtalyadan sifarişlər alırlar. Təbii ki, çox turistin gəlməsi iqtisadiyyatımıza əlavə gəlirlərin daxil olması, bu isə qeyri-neft sektorunda gəlirlərin artımına səbəb olur”.

Ölkəmizə gələn turistlərin sayında 15 faiz artım müşahidə olunur

Bəs turizm şirkətləri necə, yeni viza sisteminin üstünlüklərini öz fəaliyyətlərində hiss edə bilirlərmi? Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov yeni viza sisteminin tətbiqinin turizm şirkətlərinin də işini asanlaşdırdığını bildirdi. Onun sözlərinə görə, artıq hər hansı bir ölkədən böyük turist qruplarının sifarişlərini belə qəbul etmək onlar üçün problem deyil: «Baxmayaraq ki, az müddətdir yeni sistem tətbiq olunur, əminliklə deyə bilərəm ki, ölkəmizə gələn turistlərin sayında 10-15 faiz artım var. Yeni viza qaydalarından turistlər də, turizm şirkətləri də razılıq edirlər. Düşünürəm ki, bu sistemin tətbiqinin effekti haqda danışmaq hələ tezdir. Müəyyən zamandan sonra biz bunun Azərbaycana nə qədər xeyir verdiyinin şahidi olacağıq».
«Viktoriy Tour» turizm şirkətinin direktoru Vüsal Hacıyev bildirdi ki, artıq bir neçə aydır Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycana gələn turistlər sadələşdirilmiş formada elektron qaydada viza ala bilirlər. Bu xidməti isə 26 turizm şirkəti göstərə bilir: «Xüsusi saytda bizə müraciət edən turist haqqında məlumatları ora daxil edirik. Həmin informasiya Xarici İşlər Nazirliyində yoxlanılır, problem yoxdursa, 15 gün ərzində elektron təsdiq göndərilir. Həmin razılıq turistə göndərilir, o da elektron vizanı çap edib ölkəyə daxil ola bilir. Elektron vizanın 20 dollar qiyməti var. Bunun asan tərəfi odur ki, turist heç yerə getmir, evdə oturub turu bəyənən kimi onu sifariş edə bilir və viza üçün müraciət edər. Viza qaydalarının sadələşdirilməsi turistlərin ölkəmizə gəlişini də artırıb. Burada bir məqamı da qeyd etmək yerinə düşər ki, çox vaxt Gürcüstana gedən turistlərin əksəriyyəti Azərbaycanı da görmək istəyir. Sadələşmiş qaydada viza almaq üçün turist asanlıqla bu istəyinə nail ola bilir». Ölkəmizə Avropanın və dünyanın müxtəlif ölkələrindən turistlər gəldiyini deyən şirkət direktoru qeyd etdi ki, Yunanıstan, İtaliya, İspaniya, Almaniya vətəndaşları Azərbaycana gəlməkdə daha çox maraqlıdırlar: «Turistlərin indiyə qədər yeganə narazı qaldığı məqam vizanın alınması ilə bağlı idi. Artıq bu problem də həll olunub. Onlar burdan razı gedirlər, gördüklərindən məmnunluqlarını bildirirlər. Yeni sistemin tətbiq olunduğu vaxtdan etibarən gələn turistlərin sayına nəzər saldıqda, nəzərəçarpan artımın olduğu müşahidə olunur».
«Spektr travel» turizm şirkətinin rəhbəri Göydəniz Qəhrəmanov da elektron vizanın həm turizm şirkətlərinə, həm də ölkəmizə səfərə gələn turistlərə xeyli rahatlıq gətirdiyini deyir. Onun sözlərinə görə, artıq bir neçə aydır tətbiq olunmasına baxmayaraq, ölkəmizə gələn turistlərin sayında təxminən 15 faiz artım var: «Bu viza sisteminin tətbiqi əsasən Avropa ölkələrindən gələn turistlər üçün rahat şərait yaradıb. Əvvəllər viza almaq üçün insanlar bir neçə proseduru keçməli idilər, çoxlu sayda sənəd toplamalı idilər. Amma indi iş yerlərindən, evlərindən müraciət etməklə, cəmi 15 gün ərzində viza ala bilirlər. Bu, təkcə turistlər üçün yox, eyni zamanda ölkəmiz üçün də effektlidir. Çünki bu sistemin tətbiq olunması ilə Azərbaycana gələn turistlərin sayı getdikcə artacaq».
«Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev isə əvvəllər yeni viza qaydaları tətbiq olunarkən bir sıra çətinliklərlə rastalaşdıqlarını dedi. Onun sözlərinə görə, artıq yavaş-yavaş mövcud problemlərin hamısı aradan qalxır: «Sifarişlərimizin sayı artıb. Bu isə Azərbaycana gəlməkdə maraqlı olanların çoxluğundan xəbər verir. Təbii ki, burada yeni viza sisteminin tətbiqinin də rolu böyükdür. Əsasən Amerikadan, İtaliyadan, Böyük Britaniyadan və Almaniyadan turist səfərləri üçün sifarişlər alırıq. Düşünürəm ki, bu maraq və ölkəmizə gələn turistlərin sayı daha da artacaq».
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info