“Sözə musiqi bəstələyərlər, musiqiyə söz yazmazlar”
Tarix: 08.07.2013 | Saat: 21:55:00 | E-mail | Çapa göndər


Oqtay Hacıyev: “Mənim xoşbəxtliyim ondadır ki, ilk gündən peşəkar musiqini və muğam dərslərini pərəstişkarı olduğum Xan əmidən almışam”

Müsahibimiz muğam dünyamızın incilərindən olan, lent yazılarında səsinin hər zaman sehrində olduğumuz Xan Şuşinskinin tələbəsi, neçə-neçə gözəl mahnıların bəstəkarı, Azərbaycan Dövlət Televiziyası və Radiosunun C. Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı, solist və konsermeysteri Oqtay Hacıyevdir:

-Oqtay müəllim, incəsənət aləmində bir sıra gözəl mahnıların müəllifisiniz. Musiqi həyatına addım atdığınız illəri necə xatırlayırsınız?
- Desəm ki, sənətə uşaq yaşlarında gəlmişəm, onda bu sənət sayılmaz. Mənim uşaq yaşlarından musiqiyə, oxumağa həvəsim var idi. O vaxt mənim sevdiyim və pərəstiş etdiyim ustad xanəndə Xan Şuşinski idi. Bir gün mən tar çalmaq həvəsinə düşdüm. Hətta ətrafımda olan hər kəs mənə gözəl səsim olduğunu belə, deyərdi. Mən də öz növbəmdə bildiyim mahnıları oxuyardım. Bir gün atamın xalası oğlu Bakıdan tar alıb gətirmişdi. Mən tarın adını eşitdiyim zaman çox sevindim. Tarı ondan istədim. Tarı əlimə aldığım zaman simləri vurmağa başladım. Musiqi təhsili almadığım üçün mən sadəcə tarın simlərinə toxuna bilirdim. Evdə musiqiyə həvəsim olduğunu görəndə çox narazılıqlar oldu. Lakin atam tarix müəllimi olsa da, bu işdə mənə böyük dəstək oldu. Bundan sonra mənim ilk tar müəllimim atamın xalası oğlu oldu. Çünki onun tar haqqında məlumatı vardı və tarda ifa edə bilirdi. O, mənə tarı sinədə tutmağı, mizrabın quruluşunu və termonun necə vurulmasını öyrətdi. Bir neçə gün tarı əlimə öyrətdikdən sonra, üç notdan ibarət musiqini öyrətdi. Bu, Rəşid Behbudovun ifa etdiyi Telman Hacıyevin “Lalələr” mahnısı idi. Sadəcə musiqinin üç notunu öyrətmişdi. Burada növbəti notu, mən özüm öyrənməyə çalışdım və buna da nail oldum. Sonralar mən özfəaliyyət dərnəklərinə üz tutdum və orada musiqi üzrə fəaliyyət göstərirdim. İlk mahnılarımı 1969-cu ildə bəstələmişəm. Mahnılarımdan biri “Həyat eşqi” mahnısı idi. İkinci mahnım isə böyük qəzəlxan Əliağa Vahidin sözlərinə bəstələdiyim “Bu ceyran” mahnısı idi. Professional musiqi həyatım 1973-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna sənəd verməyimlə başladı. Texnikuma qəbul olduğum ildən ustad xanəndə Xan Şuşinski pedaqoji fəaliyyətə başlamışdı. Mənim musiqi dolu sənət dünyamda xoşbəxtliyim ondadır ki, ilk gündən peşəkar musiqini və muğam dərslərini pərəstişkarı olduğum Xan əmidən almışam. Müəllimim mənə dərs dediyi ilk gündən mənim istedadımı görürdü və hər zaman deyərdi ki, oğlum, bu sənətinin dalınca get, heç zaman bu sənəti atma, sənin gələcəyin hələ qabaqdadır.
-Xatirələrinizdə Xan Şuşinski müəllim kimi necə qalıb?
- 1977-ci ildə respublika üzrə ilk dəfə Şəki, Gəncə, Naxçıvan, Lənkəran, Bakı, Sumqayıt və s. şəhərlər arasında musiqi məktəbləri üzrə konkurs keçirildi. Mən də həmin konkursda iştirak etdim. Konkursda mənim oxuyacağım muğamlar, “Rast” dəstgahı və “Qarabağ” şikəstəsi idi. Həmin konkursda Qarabağ bölgələrindən olan şagird nümayəndələr də iştirak edəcəklərinə görə mən “Qarabağ” şikəstəsini oxumağa çox tərəddüd edirdim. Elə məhz birinci ifa etdiyim “Rast” dəstgahında zalda əyləşən bütün tamaşaçıların ayaqüstə məni alqışlamalarının şahidi oldum. “Qarabağ şikəstəsi”nidə ifa etməyim yenidən məni dinləyən tamaşaçıları ayaqüstə alqışlamağa vadar etdi. Mən o zaman alqışları eşidəndə inana bilmirdim ki, bu alqışlar mənə ünvanlanıb. Təvazökarlıqdan uzaq olsa da, mən heç bir zaman öz səsimə qiymət verə bilmirdim. Çünki Xan əmidə olan səs məndə olmadığına görə öz səsimə qarşı mən də başqa fikir yaranırdı ki, mən xanəndə deyil, həvəskar ifaçıyam.
O zaman mən Xan əmiyə şikayət etdim ki, mənə ikinci yeri verdilər. Xan əmi mənə cavabında belə dedi: “Fikir eləmə, ay bala! Onlar nə karədir ki, sənə qiymət versinlər. Mən sənə beş qiyməti vermişəm. Onlar sənə qoy üç qiyməti yazsınlar. Əsas mənəm. Mənim sənə neçə qiymət verməyim əsasdır. Onlar qoy nə yazırlar, yazsınlar. Sən heç kefini pozma”.
Bir gün birgə yol gedərkən, Xan əmiyə Seyid Şuşinskinin sənəti haqqında fikirlərini öyrənmək məqsədilə belə bir sual verdim: “Xan əmi, Ağanı çox tərif edirlər... Bildiyimə görə, Ağa çox gözəl xanəndədir. Bəzi xanəndələr isə “o, nə oxuyur ki, onu belə tərif edirlər” deyirlər...” Müəllimimin mənə cavabı isə belə oldu: “Oqtay bala, Ağa haqqında deyilən hər boş sözlərə inanma. Ağa kimi Azərbaycana xanəndə gəlməyib və gəlməyəcək”.
-Sizin ən gözəl və tanınmış bəstələrinizdən biri “Neyçün bəs” mahnısıdır. Mahnı janrına da müraciət etmənizə səbəb nə oldu?
- 1977-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirdim. “Neyçün bəs” mahnımı bəstələməzdən öncə könlümə yatmayan sözlərə musiqi bəstələyə bilmirdim. Şeir mənə təsir etməsə, mən həmin şeirə mahnı bəstələyə bilmirəm. Çünki sözə musiqi bəstələyərlər, musiqiyə söz yazmazlar. 1978-ci ilin yanvar ayından Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən C. Cahangirov adına xora qəbul oldum. Həmin il də “Qobustan” jurnalında gənc şair Famil İsmayıl haqqında şair Adil Rəsul məqalə yazmışdı. Məqaləni oxuduğum zaman Famil İsmayılın çox gənc yaşlarında faciəvi şəkildə dünyasını dəyişdiyini öyrəndim. Mən tanımadığım bir insanın yaradıcılığının axtarışına çıxdım. Evinə gedib onun yazdığı şeirlərin hərəsindən bir nüsxə aldım. Tanış olduğum şeirlərin arasında “Neyçün bəs” şeiri də vard. Bu şeir, həqiqətən də, mənə çox təsir etmişdi. Bəlkə də ona görə də mahnıda qəribə bir həzinlik var. 1979-cu ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına gedib gözəl xanəndəmiz, Xalq artisti Arif Babayevlə görüşüb, mahnı haqqında ona söz açdım. Mən Arif müəllimə, iki mahnı təqdim etdim. Mahnılardan biri sözləri Əliyar Yusiflinin olan “Qaytar məhəbbəti” və “Neyçün bəs” oldu. Arif müəllim, “Neyçün bəs” mahnısını könül xoşluğu ilə seçdi. Tez bir zamanda bu mahnını lentə yazdırdı və mahnı Arif müəllimin ifasında çox sevildi. Həqiqətən də, Arif Babayevin çox güclü səsi var. Sanki onun səsində cəlbedici qüvvə var. Daha sonra A. Babayev sözləri Əlibala Hacızadənin olan “Zabul təsnifi” mahnımı ifa edib. Bəstələdiyim mahnılardan bəziləri xor üçün istifadə olundu. Onlardan biri Məhsəti Gəncəvinin rübailərindən ibarət “Göndər xəyalını” və “Neyçün bəs” mahnılarıdır.
- Gələcəkdə hansı mövzuda mahnılar bəstələmək istəyirsiniz?
- Mən heç bir zaman plan haqqında fikirləşməmişəm. Yazacağım mövzu haqqında da düşünmürəm. Hər hansı bir şeiri oxuduğum zaman sanki şeir özü mənə ilham verir. Gərək şeirdə məni cəlb edən bir ruh olsun... Bu da Allahın insana verdiyi vergidir.
Xəyalə GÜNƏŞ






 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info