“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
Tarix: 08.11.2018 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Esmira Babayeva: “Güclü savadın ola bilər, lakin bacarıqsızlığın, aktiv olmamağın bunun üstündən xətt çəkər”

Müsahibimiz Esmira Babayevadır. Esmira Babayeva Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsilini davam etdirir. Müsahibəni oxuculara təqdim edirik:

- Sizinlə ilk müsahibə hazırlayanda daha çox universitet həyatından və ali təhsilin üstünlüklərindən söz açmışdınız. Bu gün nələrdən söz açmaq istərdiniz?

- Bəli, bir neçə il öncə tələbə həyatı ilə bağlı maraqlı müsahibə hazırlamışdıq və təşəkkür edirəm ki, gənclərə, tələbələrə təhsillərində, fəaliyyətlərində stimul olacaq belə layihələr-müsahibələr hazırlayırsınız. Amma indi təhsilimi daha məsul istiqamətdə-magistr kimi davam etdirirəm. Əlbəttə, indi məsuliyyət birə-beş artıb, indi universitetdə də inkişaf xeyli gözə çarpır, tələbə həyatı da artıq mənim üçün adiləşib desəm, yanılmaram. Magistraturaya bu il qəbul olmuşam, ixtisasım isə Proseslərin avtomatlaşdırılması mühəndisliyidir. Təhsilin səviyyəsindən də razıyam.

- Universitetdə təhsilin səviyyəsindən razı olduğunuzu dediniz. Bəs, ümumilikdə ölkədə gənclər üçün yaradılan təhsil imkanlarından necə, razısınızmı?

- Əslində, bu suala bir tələbə-gəncin dolğun cavab verməsi çox çətindir. Düzü, dəqiq, güclü analizlər aparsan, gərək statistik rəqəmlərə və real duruma baxıb fikir yürüdəsən. Ümumilikdə müşahidələrim deyir ki, illər öncə olan bəzi problemlər artıq yoxdur. İndi daha çox, tələbələr öz bilikləri ilə imtahanlardan keçirlər, imtahan prosesləri də elə qaydalarda, çərçivələrdə təşkil olunur ki, on il, on beş il əvvəl olduğu kimi, bəzi müəllimlər süründürməçiliyə yol verə bilmirlər, əslində, indi elə müəllimlərin də sayı azdır. Bu mənada, düşünürəm ki, bir nömrəli irəliləyiş bu sayılır. Digər məqamlar da çoxdur. Məsələn, indi universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur. 15 il əvvəl rektorun yanına getmək, qəbuluna düşmək bir qədər müşkül idi, nəinki onunla dəhlizdə qarşılaşıb dərdini, təkliflərini demək ola. İndi mətbuatdan da izləyirik ki, əksər rektorlar, az qala, hər iki gündən bir tələbələrlə tədbirlər keçirirlər. Tədris prosesinə gəldikdə isə bu haqda çox danışmaq olar. Dərsliklər, bizə tədris olunan elmlər, metodik vasitələr və metodika qaydaları haqqında müəllimlərim daha dolğun danışa bilərdilər, nəinki mən. Amma mən, ümumilikdə təhsilin səviyyəsindən narazı deyiləm. Yəni biz təhsil deyəndə, təkcə ali məktəbləri nəzərdə tutmamalıyıq, orta məktəblər də burada mühüm rol oynayır. Şagirdlər artıq daha gözəl, daha səliqəli və avadanlıqlarla təmin edilən məktəblərdə təhsil alırlar. Dövlətimiz bu istiqamətdə xeyli işlər görür, onu da, həmçinin unutmamalıyıq ki, Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondu və onun rəhbəri Mehriban xanım Əliyeva ölkədə yeni məktəblərin tikilərək istifadəyə verilməsində öz köməyini əsirgəmir. Yəni bütün bunları ona görə xüsusi olaraq vurğuladım ki, biz gənclər gedən prosesləri izləyirik və bütün bunlar gələcəyə, təhsilin gələcəyinə ümidlə baxmağa əsas verir.

- Əvvəllər ictimai işlərdə aktiv idiniz. Universitetinizdə TGT üzvü idiniz və s. fəallığınız haqqında söz açmışdınız. Bəs indi necə?

- Düzünü desəm, magistr olandan sonra bir qədər ictimai işlərdən kənar qalmışam. İndi daha çox şəxsi həyatım, məşğulluq və həm də təhsilimə vaxt ayıra bilirəm. Bildiyiniz kimi, mən universiteti 2015-ci ildə bitirdim və 3 il sonra qərar verdim ki, magistr kimi təhsilimi davam etdirim. Hazırda həm də işləyirəm, MAQ Ltd MMC-də çalışıram. Amma, dediyim kimi, təhsilimə də məsuliyyətlə yanaşıram. Hazırda məqsədim qırmızı diplom almaqdır və elmi iş müdafiə etməkdir. Universitetdə qalıb müəllim kimi çalışsam, bu da mənə görə böyük uğur sayılar.

- Bəs xaricdə təhsilinizi davam etdirmək haqqında düşünmüsünüzmü?

- Əlbəttə, hər bir tələbənin, gəncin ən böyük arzularından biri, təhsilini xaricdə-başqa bir fərqli təhsil, tədris sistemi olan ölkədə davam etdirməkdir. Mənim də zaman-zaman bununla bağlı planlarım, düşüncə və xəyallarım olub. Amma bəzi qayğılar bunu reallaşdırmağa imkan vermədi. Amma yenə də bununla bağlı arzu və planlarım var. Arzular bitmir, o ki ola gənc olasan. Hər halda, xaricdə təhsil ala bilsəm, bunu həyatımın ən böyük uğuru sayaram. Bilirsiniz, bəzən kənardan bu adi və asan görünə bilər. Amma sən fərqli bir mühitə düşürsən, həyat təcrübən olmur, dünyagörmüş adam deyilsən. Yeni mühitə adaptasiya olmaq asan gəlməsin. Bundan başqa xarici dil bacarığın olmalıdır və sən maksimum dərəcədə məsuliyyətli olmalısan. Nəinki təhsilində olacaq xırda qüsurlar, şəxsi keyfiyyətlərin, davranış və xarakterin də yalnız sənə bağlı olmur. Sən xaricdə artıq öz ölkənin güzgüsü olursan. Yaxşı tələbə olacaqsansa, ölkəni yaxşı tanıyacaqlar, avara, tüfeyli həyat keçirən və dərslərini pis oxuyan biri olacaqsansa, ölkənə də elə qiymət verəcəklər. Digər tərəfdən bu gün xeyli sayda xüsusi proqramlar, layihələr var ki, bunlardan istifadə edib xaricdə təhsil şanslarını da artırmaq olar. Bildiyim qədərilə 15-20 il əvvəl belə imkanlar məhdud olub. Hətta 90-cı illərdə və 2000-ci illərin əvvəllərində, ümumiyyətlə, xaricdə təhsil çox nadir hadisələrdən sayılırdı. Bu gün dövlətimiz güclənib, ölkəmizdə bu istiqamətdə də xeyli imkanlar yaradılır, gənclərə, tələbələrə qapılar açılır. Qalır bizim bu imkanlardan yararlanmağımız. Təəssüf ki, dövlətin həyata keçirdiyi, uzun müddət işləyən məlum xaricdə təhsil proqramı fəaliyyətini dayandırdı. Amma düşünürəm ki, bu cür proqramlar yenidən bərpa olacaq.

- Son olaraq gənclərə-tələbə həmkarlarınıza sözünüz...

- Əslində, biz bir yerə toplaşanda, tədbirlərdə ya dərsdən sonra asudə vaxtımızda söhbət edəndə daim müzakirə etdiyimiz bir mövzu olur-karyera. Bütün tələbələrə, gənclərə sözüm və arzum odur ki, yaxşı karyera qura bilsinlər. Bunun üçün, inanın ki, heç də əsas şərt yaxşı təhsil deyil. Sənin güclü savadın ola bilər, lakin bacarıqsızlığın, aktiv olmamağın bunun üstündən xətt çəkər. Bu mənada nəinki təhsillərinə fikir versinlər, ictimai işlərdə aktiv olsunlar, dil biliklərini artırsınlar və dövlətin yaratdığı şəraitdən, imkanlardan maksimum istifadə etsinlər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
13.12.2018
Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
13.12.2018
“Siegen Universitetində istənilən vaxt dərsə gəlmək və getmək olur, icazə almağa da ehtiyac yoxdur”
10.12.2018
“Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info