“Azərbaycan dilində internet resursları, elektron və interaktiv dərsliklər yaradılmalıdır”
Tarix: 08.07.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


İqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadə:
“İnnovasiya üzrə dərsliklərin hazırlanması prinsip etibarilə mümkündür, sadəcə olaraq müəyyən maliyyələşmə olarsa, istənilən istiqamətdə dərslik hazırlamaq olar”

Ölkə başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiqindən bir neçə ay keçir. Qeyd edək ki, Dövlət Proqramının bəndlərindən biri Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlıdır. Müsahibimiz AMEA-nın İqtisadiyyat institutunun İnnovasiya menecmenti və inkişafı şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadədir:

-Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının ölkə başçısı tərəfindən təsdiqi bu sahədə çox önəmli bir addımdır. Həqiqətən də bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Proqramda da göstərildiyi kimi elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Bu bir faktdır ki, ölkədə dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunan Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Prezidentin 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu, dil siyasəti sahəsində normativ hüquqi aktlar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən edib. Bundan başqa Prezidentin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il tarixli sərəncamlarına əsasən, latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətlidir. Həmçinin Prezidentin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı da ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədidir. Adıçəkilən Dövlət Proqramı həmin sərəncamdan irəli gələn məsələlərin həllinə yönəlib və 2013-2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Maraq doğuran amillərdən biri də odur ki, Dövlət Proqramının əsas vəzifələrindən biri də dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsidir. Proqramdan gözlənilən nəticələrindən biri də Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması, Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsidir.
- Proqramda həmçinin müxtəlif elektron lüğətlərin hazırlanması da öz əksini tapıb ki, siz bu sahədə hansı işlərin görülməsini vacib hesab edirsiniz?
- Elektron lüğətlər mətnlər ilə işi xeyli asanlaşdırır. Bu cür proqram təminatının yaradılması elmi-tədqiqat işlərinin dil üslubu və səlistliyi baxımından olduqca vacibdir. Ölkədə bir neçə elektron lüğəti artıq var və onların içərisində “Dilmanc” lüğəti daha populyardır. Bu cür elektron lüğətlərin artırılması və keyfiyyətçə təkmilləşdirilməsi üçün zənnimcə, müvafiq tədqiqat institutu və təşkilatlarda xüsusi işçi qrupları yaradılmalıdır ki, bu da elektron texnologiyalara yiyələnmək prosesini sürətləndirə bilər.
-Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi tövsiyə olunur. Bu sahədə hansı tədbirlər görülə bilər?
- İnnovasiya üzrə dərsliklərin hazırlanması prinsip etibarilə mümkündür, sadəcə olaraq müəyyən maliyyələşmə olarsa, istənilən istiqamətdə dərslik hazırlamaq olar. Bizdə dərsliyi yazmağa kadrlar da var. Xarici dildə olan dərsliklərin də tərcüməsi lazımdır və başqa ölkələrdə olan məlumatları əldə etməyə imkan verir. Lakin gərək ölkəmizdə müstəqil şəkildə innovasiya biliyinin təşkili, onun cəmiyyətə yayılması, şüurlara peyvənd olunması təmin olunsun, biz gərək özümüzün innovasiya prosesinə aid dərslik yaradaq. İnstitutumuzda xüsusi şöbə fəaliyyət göstərir və əməkdaşları sırf innovasiya məsələri, menecmenti, ölkədə elmi potensialın inkişafı ilə bağlı problemləri öyrənir. Mən yeni innovasiyanın, texnologiyanın yaranmasında, təşkil olunmasında fəalyyət göstərirəm və düşünürəm ki, görəcəyimiz işlər hələ çoxdur. İqtisadyyat institutu məhz innovasiya texnologyalarının Azərbaycanın bilik iqtisadyyatına çevrilməsi baxımından öz təkliflər paketimizi hazırlayıb və Milli Məclisə təqdim etməyə hazırıq. Yeri gəlmişkən, AMEA-da İKT ilinə uyğun olaraq çox gözəl, sürətli internet şəbəkəsi yaradılıb. Bu baxımından informasiya əldə etmək üçün problem yoxdur. Bəzən əldə edə bilməyəcəyimiz çap şəklində jurnal və kitabları biz internet vasitəsilə əldə edirik. Ümumiyyətlə, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da informasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiya yönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqinin və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixrac yönümlü İKT potensialının gücləndirilməsi, yüksəkixtisaslı mütəxəssislərin və elmi kadrların hazırlanması qarşıda duran prioritet vəzifələrdəndir. Burada göstərilir ki, İKT və əqli mülkiyyətin qarşılıqlı təsiri və əqli mülkiyyət hüquqları ilə qorunan bir çox obyektlərin qlobal rəqəmsal şəbəkəyə çıxışı nəzərə alınaraq, on-line lisenziyalaşmaya və one-stop-shops formatında xidmətlərin göstərilməsinə əsaslanan rəqəmsal hüquqları idarəetmə sistemi yaradılacaq.
Proqrama əsasən də Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi tövsiyə olunur. Bunun üçün ilk növbədə təhsil prosesin modernləşməsi davam etdirilməlidir.Yəni, yeni təhsil formaların, proqram və standartların, yeni tədris texnologiyalarının, distant təhsilin inkişafını təmin etmək lazımdır.
- Antiplagiat sistemin yaradılması istiqamətində hansı addımların atılması önəmlidir?
- Fikrimcə, antiplagiat sistemin yaradılması üçün bütün elmi tədqiqat təşkilatlarının ümumi informasiya bazası yaradılmalıdır. Burada müdafiə olunmuş dissertasiya və hazırlanmış monoqrafiyalar, məqalələr, konfransa seminar materialları toplanmalıdır. Həmin məlumatlar azad əldə olunmalıdır. Təbii ki, antiplagiat proqram təminatı da hər bir tədqiqat təşkilatında yayılmalıdır.
-2013-2020-ci illərdə Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi də nəzərdə tutulur. Bununla bağlı hansı tədbirlər həyata keçirilə bilər?
-Bunun üçün 2013-2020-ci illərdə Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün dövlət tərəfindən elmi-tədqiat və digər müvafiq təşkilatlara əlavə maliyyə vəsaiti ayırmalıdır. Bu işin təşkil olunmasına əlavə yüksək ixtisaslı mütəxəssislər cəlb olunmalıdır. Həmçinin İKT sahəsində fəaliyyət göstərən özəl təşkilatlarla xüsusi müqavilələr bağlanmalıdır ki, bu proses daha da səmərəli nəticələr versin.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info