“Ermənistanın qeyri-konstruktiv mövqeyi danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir”
Tarix: 08.11.2018 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının son iclasında Ermənistanla əsir və girovların "hamının-hamıya" prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifi səsləndirilib.

Həmin komissiyanın üzvü, ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev “Trend”ə müsahibəsində bu haqda danışıb: “ Bildiyiniz kimi, Prezident İlham Əliyev əsir və girovların azad edilməsi məsələsini daim diqqət mərkəzində saxlayır və belə bir ağrılı, mürəkkəb məsələnin həlli üçün qətiyyətli addımlar ataraq bir sıra vətəndaşlarımızın azad olunmasına və ya nəşinin geri qaytarılmasına nail olub. Komissiyanın noyabrın 1-də keçirilən sonuncu iclasında da qurumun sədri Mədət Quliyev bu barədə ətraflı danışdı, görülmüş işlər və yeniliklər barədə ictimaiyyətə məlumat verdi. Mədət Quliyev iclasda Azərbaycanın əsir və girovların “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırdı. Hesab edirəm ki, bu, əsir və girovların dəyişdirilməsi baxımından təkcə uğurlu bir təklif deyil, eyni zamanda problemin həllinə çox humanist bir yanaşmadır. Onu da deyim ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi də iclasda iştirak edirdi və ümid edirik ki, o, komissiyanın sədrinin bu təklifini Ermənistan tərəfinə yazılı şəkildə bir daha çatdıracaq. Baxmayaraq ki, hələ 2016-cı ildə Dövlət Komissiyası BQXK-ya müraciət edərək əsir və girovluqda saxlanılan Azərbaycan və Ermənistan vətəndaşlarının "hamının-hamıya" prinsipi ilə azad edilməsi təklifini irəli sürmüşdü. O ki qaldı məsələnin həllinin reallıq dərəcəsinə, əgər Ermənistanın hazırkı rəhbərliyi, az da olsa, konstruktivlik nümayiş etdirsə və öz vətəndaşlarının taleyinə laqeyd yanaşmasa, komissiyanın irəli sürdüyü təklifin reallaşması istiqamətində ciddi bir problem görmürəm. Düşünürəm ki, Azərbaycanın belə bir humanist təklifi haqqında bütün beynəlxalq qurumları, xüsusilə ATƏT-in müvafiq institutlarını məlumatlandırmaq lazımdır ki, beynəlxalq ictimaiyyət kimin bu cür humanitar məsələdə necə davrandığının fərqinə varsın”.
Onun fikrincə, ATƏT PA bu məsələ ilə bağlı öz mövqeyini bildirməlidir: “Məlumat üçün deyim ki, bizim nümayəndə heyəti əsir və girovlarla bağlı məsələni müntəzəm olaraq ATƏT PA-nın sessiya və iclaslarında qaldırır. ATƏT PA-nın 3-6 oktyabr 2018-ci il tarixlərində Bişkekdə keçirilən sonuncu payız sessiyasında qurumun Demokratiya, İnsan haqları və humanitar məsələlər komitəsinin sədri Marqareta Kiner Nellenlə Ermənistanın qanunsuz olaraq girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini ayrıca müzakirə etdim. Oktyabrın 15-də isə komitə sədrinə rəsmi məktubla müraciət edərək bu məsələyə ayrıca diqqət ayırmağı və onların azad olunması üçün səlahiyyətləri çərçivəsində müvafiq addımlar atmağı xahiş etdim.
Ümid edirəm ki, yaxın günlərdə komitə sədrinin bu mövzu ilə bağlı mövqeyi və atacağı mümkün addımlar haqqında məlumatımız olacaq. Mən komitə sədri Marqareta Nellendən cavab gözləyirəm. Bundan başqa, bu il dekabrın 4-8-də Milanda keçirilən ATƏT PA-nın Büro iclasında da bu məsələni ətraflı müzakirə etmək imkanı olacaq. Hesab edirəm ki, ATƏT PA-nın əsir və girovların “hamının-hamıya” prinsipi əsasında dəyişdirilməsi haqqında Azərbaycanın təklifinə dəstək verməsi üçün kifayət qədər əsaslar var və mən də öz səlahiyyətlərim və imkanlarım çərçivəsində bu dəstəyin əldə olunmasına çalışacağam”.

“Jewish Journal”:
“Azərbaycan ərazilərinin işğalçı qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudi azərbaycanlılar çiyin-çiyinə döyüşərək həlak olublar”
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla bağlı dünyada çap olunan məqalələrdə də Ermənistanın işğalçılıq siyasəti daim pislənilir. Buna misal olaraq Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin irqçiliyə, ksenofobiyaya və dini-etnik dözümsüzlüyə qarşı yazdığı ABŞ-ın Los-Ancelesdə nəşr olunan “Jewish Journal” qəzetində dərc edilən məqaləsini göstərmək olar.
Məqalədə baş konsul bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində yerləşən sinaqoqda törədilmiş qətliama toxunub, bu kimi cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün dayandığını, belə mənfi meyillərin bütün insanlıq üçün təhlükəli olduğunu qeyd edib. N.Ağayev bu faciədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirib.
Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul məqalədə ölkəmizdə qədim dövrlərdən etibarən müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayıb.
Dünyanın müxtəlif bölgələrində öz dini-etnik kimliklərinə görə müsəlman və xristianların qətlə yetirildiklərini qeyd edən N.Ağayev Azərbaycanın da irqçiliyin acı nəticələrindən əziyyət çəkmiş ölkə olduğunu bildirib, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında, xüsusilə Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildiklərini diqqətə çatdırıb. Baş konsul, həmçinin ərazilərimizin işğalçı qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudi azərbaycanlıların çiyin-çiyinə döyüşərək həlak oduqlarını xatırladıb.
Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Nazirlikdən verilən məlumata görə, Aİ-nin xüsusi nümayəndəsi Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və çox faydalı fikir mübadiləsinin aparıldığını qeyd edib. Tərəflər Azərbaycan-Aİ tərəfdaşlıq münasibətləri ətrafında, o cümlədən ölkəmizlə Aİ arasında ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə davam edən danışıqlar barədə fikir mübadiləsi aparıblar. Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Aİ tərəfindən həyata keçirilən etimad quruculuğu layihələri üzrə fikir mübadiləsi aparılıb. Tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər müzakirə edilib.

“Ermənistan, ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır”
Müdafiə naziri general-polkovnik Zakir Həsənov da Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhə xəttindəki hazırkı vəziyyətə dair fikir mübadiləsinin aparıldığı görüşdə general-polkovnik Z.Həsənov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını bir daha xatırladıb.
Nazir vurğulayıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin nizamlanması ilə bağlı danışıqlarda tərəqqinin əldə edilməsinə əsas maneədir. Münaqişənin tezliklə həlli üçün Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə əməl edərək ordusunun bölmələrini torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarmalıdır.
T.Klaar da öz növbəsində Cənubi Qafqaz regionunda sabitliyin təmin olunması üçün münaqişənin tez bir zamanda sülh yolu ilə həllinin vacibliyini qeyd edərək bildirib ki, Aİ bu istiqamətdə danışıqların davam etdirilməsinin tərəfdarıdır.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.06.2019
Vaşinqtonda Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasəti ifşa olunub
11.06.2019
İsveç radiosunda Dağlıq Qarabağ münaqişəsindən danışılıb
10.06.2019
Fransa məhkəməsinin qərarı beynəlxalq hüquqa uyğundur
18.04.2019
“Azərbaycanın işğal olunmuş ərazilərində terrorçu qruplaşmalar yaradılır”
16.04.2019
“Sülh danışıqları rəsmi İrəvan tərəfindən qəsdən yubadılır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info