KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
Tarix: 12.11.2018 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Müşfiq Ələsgərli: “Bu gün xaricdə oturub milli təəssübkeşlik göstərmək əvəzinə, kiminsə sifarişi ilə antimilli kampaniyalar keçirən “jurnalistlər” Arif Əliyevin nümunə göstərdiyi dövrün yetişdirmələri deyillərmi?”

Azərbaycanda müstəqil media inkişaf etdikcə, bəzi ayrı-ayrı beynəlxalq təşkilatlar, xüsusən də SOROS kimi “beşinci kolonun” maliyyə mənbələrinə çevrilən qaranlıq qurumlar bunu qəbul etməyiblər, ölkədə onların diktəsi ilə hərəkət edən media qurumlarının, təşkilatların və konkret jurnalistlərin olmasına çalışıblar. Əslində, ölkəmizdən bu cür təşkilatların əlləri çoxdan üzülüb. Artıq indi xaricdən necə gəldi- nəzarətsiz, rahatlıqla qrant almaq mümkün deyil. Görünür, bu səbəbdəndir ki, vaxtilə istənilən vaxt qrant alıb sifariş olunan havaya “oynayan” bəzi jurnalistlər müstəqil medianın inkişafını qəbul edə bilmirlər. Belələrinin zaman-zaman ictimai rəydə hiddət doğuran fikirlər səsləndirməsinin şahidi olmuşuq. Sonuncu belə utopik fikirlər isə Arif Əliyevin dilindən səslənib. Arif Əliyevin əvvəllər sözügedən bəzi beynəlxalq təşkilatlarla sıx əlaqədə olması haqqında dəfələrlə mediada yazılar gedib. Onun “Media Klubu” adlanan anormal bir qurumda təmsil olunması da hər kəsə bəllidir. Bəs Arif Əliyevi Azərbaycan mediasının inkişafında, müstəqil olmasında nə qane etmir? Niyə qərəzli şəkildə ucdantutma hər kəsi tənqid edərək əsassız fikirlər səsləndirib? Maliyyə möhtəkirliyi ilə məşğul olmuş bir fondla əməkdaşlıq etmiş adamlar hansı haqla Azərbaycan mediasını ittiham edə bilər axı? Arif Əliyev verdiyi müsahibəsində təkcə medianın hazırkı durumu haqqında deyil, Mətbuat Şurası və orada təmsil olunanlar haqqında da xoşagəlməz, əsassız fikirlər səsləndirib.
Arif Əliyevin uzun müddətdən sonra üzə çıxıb bu cür ittihamlar səsləndirməsinə münasibət bildirən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli “Palitra”ya verdiyi açıqlama dedi ki, əslində, Arif Əliyevin cəmiyyətə izahat verməyə borclu olduğu bəzi məsələlər var: “Mən Arif Əliyevin bu günlərdə danışacağını gözləyirdim. Daha doğrusu, istəyirdim ki, o danışsın. Çünki Arif Əliyevin bu cəmiyyətə izahat verməyə borclu olduğu mövzular var, həm media ictimaiyyəti, həm də ölkə ictimaiyyəti ondan açıqlama gözləyirdi. Arif Əliyev və ətrafının son olaraq təsis etdiyi “Media klubu”nun aparıcı şəxslərindən biri, onların şəriki, tez-tez dinləməyə və məsləhətləşməyə dəvət etdikləri, birgə şəkillər paylaşdıqları “Realliq.info” saytının sahibi İkram Rəhimov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Haqqında araşdırma gedir. İnsanlara hədə gəlməkdə, şantaj etməkdə, media adından sui-istifadə hallarında ittiham edilir. Eyni hala görə İkram Rəhimovu digər hüquq-mühafizə orqanları da saxlaya bilərdilər. İşə məhz DTX-nın qatışması göstərir ki, ortada hələ açıqlanmayan daha ağır hallar var. “Realliq.info”nun sahibi oktyabrın 26-da saxlanılıb. Bu günə qədər üzərindən 17 gün keçir. Bu 17 gün ərzində Arif Əliyev və ətrafındakılar bu şəxsin əməlləri və onunla hansı müstəvidə əməkdaşlıq etmələri haqında açıqlama verməli idilər, mövqelərini aydınlatmalı idilər. Onlar ya İkram Rəhimova, ya da DTX-ya haqq qazandırmalıdırlar, mövqe açıqlamalıdırlar. Media-adından sui-istifadə edən şəxsləri təşkilatlandırmaqda məqsədlərinin nə olduğunu izah etməlidirlər. Axı İkramı cəmiyyətə “media adamı” kimi təqdim edənlər onlardırlar”.
Müşfiq Ələsgərli deyir ki, Arif Əliyevin bu gün müsahibə verdiyi “KİV-lər” də İkram Rəhimovun “sağ və sol əlləridirlər”. Arif Əliyev niyə məhz bu kontingentlə əməkdaşlıq edir? “İçi mən qarışıq, media ictimaiyyətinin Arif Əliyev və ətrafından gözlədiyi açıqlamanın, onun da operativ izahat verməyə məsuliyyət daşıdığı mövzunun motivi budur. O danışıb. Amma elə bir mövzuda danışıb ki,bunun nə mövcud duruma aidiyyəti yoxdur, nə də reallığı əks etdirmir”- deyə o bildirib.
Mətbuat Şurasının sədr müavini deyir ki, Arif Əliyevin Mətbuat Şurası ilə mübahisəsinin 15 illik tarixi var. Bu 15 il ərzində o öz iradlarını dəfələrlə səsləndirib. İndi səsləndirdiyi fikirlərdə heç bir yenilik yoxdur. Bu baxımdan, ona geniş cavab verməyə lüzum yoxdur. Çünki, 15 il, 10 il əvvəl dediyi bu iradlara zaman-zaman cavab alıb. İndi cavabını aldığı fikirləri yenidən səsləndirir. Ona verilən cavablara isə aydınlıq gətirmir: “Məsələn, 10 il əvvəl də demişdi ki, Mətbuat Şurası ictimai təşkilatdır, onun sədri 2 dəfədən artıq seçilə bilməz. Arif Əiyevin diqqətinə çatdırılmışdı ki, özü “Yeni Nəsil” Jurnalistlər Birliyi kimi ictimai quruma 23 ildir ki, rəhbərlik edir və bu müddət ərzində dəfələrlə, həm də fasiləsiz olaraq “sədr seçilib”. Fərqi nədir? Cavab yoxdur. Cavab yoxdursa, eyni sualı niyə yenidən ortaya atır? Yaxud, deyir ki, “hakimiyyətin media siyasəti düzgün aparılmayıb, media bu günə düşüb!”. Hansı günə düşüb ki, media? Arif Əliyevin sitat gətirdiyi 90-cı illərə, lap elə 2000-ci illərin əvvəllərinə nəzər salaq. O dövrü xatırlayan hər kəs bilir ki, nə media qurumları, nə də jurnalistlər öz adları ilə çağırılmırdılar: “AXCP-nin uşaqları”, “Musavatın uşaqları”, “hökumətin uşaqları” deyə bir bölgü olduğunu xatırlamırmı Arif Əliyev!? KİV-lərin ayrı-ayrı siyasi icmalara mənsub olduğunu, ayrı-ayrı qrupların siyasi-iqtisadi maraqlarının təmsilçisi olduğunu unudubmu Arif Əliyev? Nümunə göstərdiyi KİV-lərin cəmiyyətə, milli maraqlara faydası çox idi, yoxsa qrup maraqlarına? Bu bölücülüklə, bu dağıdıcılıqla hara qədər gedəcəkdi KİV-lər?”.
Müşfiq Ələsgərli onu da vurğuladı ki, bu gün KİV-lər peşəkardırlar, ayrı-ayrı siyasi icmaların maraqlarından yox, ictimai maraqlardan, milli maraqlardan çıxış edirlər: “Bu gün xaricdə oturub milli təəssübkeşlik göstərmək əvəzinə, kiminsə sifarişi ilə antimilli kampaniyalar keçirən “jurnalistlər” Arif Əliyevin nümunə göstərdiyi dövrün yetişdirmələri deyillərmi? Yaşadığımız günlərdəki KİV-lərin Arif Əliyevin nümunə göstərdiyi dövrün KİV-lərindən əsas fərqi odur ki, bu gün KİV-lər (söhbət əksəriyyətdən gedir, hamıdan yox) ayrı-ayrı siyasi icmaların maraqlarından yox, ictimai maraqlardan, milli maraqlardan çıxış edirlər, həm də peşəkardırlar, işlərini peşəkarcasına icra edirlər. Arif Əliyev KİV-lərin milliləşməsini, icmaların boyunduruğundan çıxıb ictimailəşməsini, milli təəssübkeşlik göstərmələrini “bu günə düşmək” kimi dəyərləndirirsə, medianın bu səviyyəyə çatmasını “hakimiyyətin media siyasətinin iflası” kimi qiymətləndirirsə, deməli, onun niyyəti medianın inkişafına dəstək olmaq, ictimai maraqlara xidmət etmək deyil, fərqlidir. Məsələ ondadır ki, Arif Əliyev media təmsilçisidir, bütün bunları bilir. O, 90-cı illərdən bu günə qədər aktiv media proseslərinin içində olub, inkişafın harada olduğunu, problemlərin haradan qaynaqlandığını bilir. Bildiyi halda, niyə həqiqətləri demir, əksinə, diqqəti real mövzulardan yayındırır. Deməli, suyun bulandırılmasında, ya şəxsi maraqları var, ya da...? Deməyə sözüm, müzakirə etməyə fikirlərim çoxdur. Arif Əliyevin son müsahibəsində irəli sürdüyü bütün tezislərin əksini isbatlaya bilərəm, həm də çox asanlıqla. Amma bütün bunlar peşəkar mövzulardır, müzakirə üçün bərabər tərəf istəyir. Fikirlərimi saxlayıram Arif Əliyevin İkram Rəhimovla bağlı verəcəyi açıqlamadan sonraya. Mənim, İkram Rəhimovla həmkarlıq edən birinə deyəcək sözüm yoxdur. İkramın imici də, fəaliyyəti də bəllidir, Mətbuat Şurası tərəfindən də qiymətini alıb: adı “Qara siyahıdadır”.
Doğrudan da, sözdə jurnalistika adı altında gizlənməklə, siyasi sifarişləri yerinə yetirmək, ümumilikdə, media rəhbərlərinin fəaliyyətini, ölkədə aparılan media siyasətini tənqid etmək və müstəqil medianın inkişafını qəbul etməyərək KİV-in peşəkar fəaliyyətinə qara yaxmaq cəmiyyətdə xoş qarşılana bilməz. Hər halda, Arif Əliyev özü də bunu çox gözəl anlayır ki, Azərbaycan cəmiyyəti KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanları daim qınayıb, bundan sonra da qınayacaq.

Tural Tağıyev






 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20.07.2019
İqor Dodon: Moldova ilə Azərbaycan arasında çox gözəl əməkdaşlıq əlaqələri mövcuddur
19.07.2019
Xarici işlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info