Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
Tarix: 12.11.2018 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


“Yaxşı ki, Silahlı Qüvvələr səviyyəsində Ermənistanla Azərbaycan arasında əməliyyat əlaqəsi mövcuddur. Lakin bu, Ermənistanın müdafiə naziri David Tonoyanın dediyi kimi, prezident və baş nazir arasında bir əlaqə deyil”. Bu fikirlər Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyana məxsusdur. Bu əlaqələrin vacibliyini önə çəkən Sarkisyan qeyd edib ki, rəsmi İrəvan KTMT-dəki (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) baş katiblik vəzifəsini itirməmək üçün hər şey etməlidir: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur. Əgər biz dekabrda yenidən KTMT-dəki rəhbərliyi ələ ala bilməsək, bu, Ermənistan dövləti üçün böyük itki olacaq”. Sabiq müdafiə naziri KTMT-ni ciddi bir qurum kimi dəyərləndirib: “KTMT daxili qiymətlərlə silah və döyüş sursatı əldə etmək mexanizmlərinə malikdir”. Xatırladaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dövlət başçıları dekabrın sonlarında Sankt-Peterburqda keçirilən toplantıda təşkilatın yeni baş katibi haqqında yekun qərar qəbul edəcəklər. “Biz dekabrın 6-da Sankt-Peterburqda görüşəcəyik və burada son qərar verəcəyik”- deyən Qazaxıstan prezidenti Nursultan Nazarbayev təşkilatın nizamnaməsinə görə, Ermənistandan sonrakı KTMT baş katibinin Belarusdan seçiləcəyini istisna etməyib. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə KTMT baş katibi postuna namizədlə əlaqədar qərarın qəbul edilmədiyi müddət ərzində mövcud vəzifənin Valery Semerikov tərəfindən icra ediləcəyini bildirib. Tam əminliklə demək olar ki, KTMT-nin Astana sammiti Ermənistan üçün uğursuzluqla sonuclanıb. Bunu sammitdə təmsil olunan erməni nümayəndələrinin “küskün” davranışlarından da müşahidə etmək olardı. Maraqlıdır ki, özünü bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətə salan Ermənistan rəsmiləri indi kənarda günahkar axtarışına çıxıblar. Məsələn, Avropa Araşdırmaları Mərkəzinin rəhbəri, hüquq elmləri namizədi Artur Qazinyan hesab edir ki, Astanada baş verən hadisələr artıq bu təşkilatda mövcud olan qeyri-sağlam atmosferin sübutudur. Artur Qazinyan bir qədər də irəli gedərək deyib ki, “KTMT-də Lukaşenko-Nazarbayev duetinin “xaos” təşkil etməsinə icazə verilməməlidir”. O, sosial şəbəkədə qeyd edib: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında baş verən hadisələrin Ermənistanla heç bir əlaqəsi yoxdur. Çünki İrəvan müqavilənin şərtlərini yerinə yetirir. Xaçaturovun yerinə özünün yeni namizədini təqdim edir. Burada hər şey nizamnamənin və bu təşkilatın razılığının məntiqinə uyğundur. Bununla yanaşı, 8 noyabrda Astanada baş verən hadisələr artıq bu təşkilatda mövcud qeyri-sağlam atmosfer və üzv dövlətlər arasında qarşılıqlı etimadın aşağı səviyyədə olduğunu sübut edir”. Artur Qazinyan “Panorama.am” saytına açıqlamasında deyib ki, Rusiya ənənəvi olaraq KTMT-də Ermənistanın maraqlarını müdafiə etsə də, Belarus və Qazaxıstan prezidentləri Ermənistan nümayəndəsinin təşkilata təyinatını bazarlıq məsələsinə çevirməyə çalışırlar. Erməni ekspertə görə, onların başlıca məqsədi bunun qarşılığında Rusiyadan nə isə əldə etməkdir. Erməni ekspertlər Astana sammitinin Ermənistan üçün növbəti uğursuzluq olduğunu etiraf etmək məcburiyyətində qalıblar. Bu proses Ermənistanda olan xaosu daha da dərinləşdirir. Qeyd edək ki, dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca işğalçı ölkədə gərginlik artır. Bir müddət əvvəl Milli Şura uğrunda mübarizə aparmayacağını bəyan edən Respublika Partiyası seçkidə yeni tərkiblə iştirak etməyə qərar verib. Keçmiş müdafiə naziri Vigen Sarkisyan qeyd edib ki, o bundan sonra yeni hökumətlə müxalif partiya kimi mübarizə aparacaq. Siyasi ekspertlər hesab edirlər ki, respublikaçıların bu qərarı parlamentdə üstünlüyü ələ almağa çalışan Nikol Paşinyanın planlarını poza bilər. Onsuz da onun vəziyyəti ağırdır. Yenicə buraxılan parlamentdə əsas səs çoxluğu keçmiş hakim partiyanın əlindədir. Yeni Milli Şurada da onlar üstünlüyü ələ ala bilərlər. Bu isə Paşinyana ciddi problemlər yaradacaq. Ermənistanın sabiq prezidenti Robert Koçaryanın vəkilləri isə müdafiənin təmin edilməsilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət ediblər. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə Nikol Paşinyanı səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında mövqelərinin zəifləməsində günahkar məhz Paşinyandır. Şarmazanov bildirib ki, hərbi birlikdə itirilənlərin əsas günahkarı indiki hakimiyyətdir. Paşinyan bütün günü korrupsiya ilə mübarizə haqqında bəyanat edir, eyni zamanda ölkənin təhlükəsizliyini qurban verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
03.04.2020
Dağlıq Qarabağda erməni hərbçi ölüb
03.04.2020
Ermənistanda 736 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
02.04.2020
Rusiyada qeyri-iş günləri aprelin sonunadək uzadılıb
02.04.2020
Azərbaycan və Rusiya arasında 15 sərhəd nişanı qoyulub
02.04.2020
Ermənilər rus qazının qiymətini aşağı saldırmaq istəyirlər?

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11493

1 Psixoloq Tünzalə Verdiyeva: “Azərbaycanda “İtaliya təcrübəsi”ni yaşamamaq üçün son dərəcə məsuliyyətli olmaq vacibdir”
2 Tural İsmayılov: “İndiki halda cəmiyyətdə milli birlik və məsuliyyət bir nömrəli amildir”
3 Turizm sektoruna dəstəklə bağlı təkliflər hazırlanıb
4 Prezident: Ölkəmizdə görülən bütün işlər, qəbul edilmiş qərarlar bir məqsədi güdür ki, biz bu ağır sınaqdan az itkilərlə çıxaq və vətəndaşlarımızı maksimum dərəcədə qoruyaq
5 Ukrayna saytında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə dair məqalə dərc edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info