El aşıq və şairlərinin irsi toplanmalıdır
Tarix: 12.11.2018 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Ötən əsrin əvvəllərində Azərbaycanı Öyrənmə və Tətöbbə Cəmiyyətinin təşəbbüsü ilə həyata keçirilən el aşıq və şairlərinin irsinin toplanması, çapı kimi nəcib bir iş sonrakı dövrlərdə qismən də olsa, həyata keçirildi. Bu sahədə tanınmış alimlərimiz yetişərək el sənətkarlarının irsinə biganə olmadılar, onlar el aşıq və şairlərin əsərlərini toplayıb çap edərək ictimaiyyətə təqdim etdilər. Salman Mümtaz, Vəli Xuluflu, Hümmət Əlizadə və digər fədakar alimlər öz həyatlarını bu yolda qurban verdilər.
Günümüzdə bölgələrdə yaşamış, yaradıcılığı yaşadığı coğrafiya səviyyəsində yayılan, bəzən isə poeziyada ciddi şəkildə tanınmış, ölümündən sonra yaradıcılığı it-bata düşən, unudulan el aşıq və şairləri var. Bunların irsinin toplanması, tədqiq edilməsi olduqca vacib bir xeyirxah iş olmaqla yanaşı, xalq yaradıcılığının zənginləşməsinə də səbəb olur. Həmin sənətkarlar yaşadıqları kənddə, rayonda bu gün də yad edilirlər. Çünki xalqımız el sənətkarlarını unutmur. Amma onların bir sənətkar kimi fəaliyyət və yaradıcılığı alimlərimiz tərəfindən geniş şəkildə tədqiq edilməlidir. Məhz bu istiqamətdə bir tədqiqatçı-jurnalist kimi hər zaman səy göstərməyə çalışıram. Çox zaman bu fəaliyyətim öz bəhrəsini verir və el sənətkarlarının irsini toplayaraq çap etmək imkanı əldə edirəm. Tovuz rayonunun Əyyublu kəndində yaşamış Aşıq Məcidin irsini toplayaraq oxuculara təqdim etmək imkanı əldə etdim. Əyyublu kəndində tanınan bir sıra el aşığı yetişərək sənətin yaşadılması, təbliği istiqamətində böyük əmək sərf ediblər. Bunlardan İbrahimov Bayram Mansır oğlu, Qasımov Xanoğlan, Aşıq Dəmir Həsən oğlu, Aşıq Nəsrəddin Ələsgər oğlu (el arasında Nəsiqağa kimi tanınıb), Sarıyev Əvəz, Məmmədov Əsgər Musa oğlu, Nəsibov Süleyman Qədim oğlu, Qarayev İlyas, Məmmədov Yəhya Məcidəli oğlu (sazbənd) kimi el sənətkarları yetişib. Kənd sakinləri aşıqlara, el şairlərinə böyük məhəbbətlə yanaşırlar. Bu gün də kənd sakinlərinin toy məclisləri sazsız keçmir.
Aşıq Məcid Mehdi oğlu Qasımov 1925-ci ildə sadə kəndli ailəsində anadan olub. Aşıq cəmi üç il təhsil alıb. Buna baxmayaraq, şifahi xalq ədəbiyyatına – aşıq sənətinə meyli olub. II Dünya müharibəsinin çətin illərində kolxozda fəhləlik etməklə yanaşı, Aşıq Nağıdan sənətin incəliklərini öyrənməyə başlayıb. 1948-ci ildən ömrünün sonuna kimi (1998-ci ilə qədər), yəni 50 il aşıq sənəti ilə məşğul olub.
İndi isə Aşıq Məcidin şeirlərini təqdim edirik:


Ağlama
Ruzi verən bir kişinin,
Ətəyindən tut, ağlama.
Nə xain ol, nə də paxıl,
Mətləbinə çat, ağlama.

Arzu eylə, dilək dilə,
Qəlbi açıq, gülə-gülə,
Dua eylə bütün elə,
Get rahatca yat, ağlama.

İlahinin kərəmi var,
Hər insanın aləmi var,
Demə pulun sələmi var,
O fikrini at, ağlama.

Nə dövləti, nə də varı,
Əldən vermə ixtiyarı,
Unutmaynan nazlı yarı,
Dərdi-dərdə qat, ağlama.

Aşıq Məcid, bu nə sözdü,
Dediklərin, yəqin düzdü,
Həm yaltağı, ikiüzlü
Get bazarda sat, ağlama.


Çal, ay sazım
Nə batırsan dərdə-qəmə,
Götür mizrab çal, ay sazım.
Mənəm sənin qabağında
Həmişəlik qul, ay sazım.

Nə bəlalar çəkib başım,
Üz döndərib dost-qardaşım.
Otuzuna çatıb yaşım,
Sağlığına çal, ay sazım.

Neçə illər keçirmisən,
Qız-gəlinlər köçürmüsən,
Atlını da düşürmüsən,
Daha tutmur xal, ay sazım.

Aşıq Məcid, gülmür üzüm,
Daha yoxdur sənə sözüm.
Sənə qurban iki gözüm,
Mənə yaxşı yol, ay sazım.

Məndən
(həyat yoldaşına ithaf edib)
Çox yalvardım bir Allaha,
Ayırmaynan yarı məndən!
Qoy doyunca bir də baxım,
İnciməsin barı məndən!

Üzdün əlin oğul-qızdan,
Ayrı düşdün bahar, yazdan,
Qan ağlaram telli sazdan,
Namus məndən, arı məndən!

Getdin əldən nazlı yarım,
Canda qaldı intizarım,
Yol gözləyir, vəfadarım,
Bəlkə, istər tarı məndən!

Sən Məcidi qoydun ağlar,
Viran qaldı güllü bağlar,
Yada düşür keçən çağlar,
İstəyirmi, barı məndən!

Var
Salam verib əleyküm alanlar,
Soruşub əhvalımı bilənlər də var.
Arxamca danışıb, üzə gülənlər,
Dərdə şərik olub bölənlər də var.

Hanı dostam deyib qəlbi yananlar,
Tanınmaz dünyada belə insanlar.
Kəsilib etibar, yoxdur inamlar,
Yalanlar can deyib gülənlər də var.

Hamı bir yaşayıb bərabər olmaz,
Bu fani dünya da heç kimə qalmaz.
Aşıq Məcid dildən düşüb yad olmaz,
Hər məclisini şad görənlər də var.

Olaydım
Bu fani dünyanın hər bir sirrini,
Əzəldən düşünüb qanan olaydım.
Qeyrətli gözəlin, bir şux dilbərin,
Alışıb oduna yanan olaydım.

Olmayaydı xain, nə ikiüzlü,
Arxanla danışan dodağı sözlü.
Qeydimə qalaydı bir ala gözlü,
Dediyi sözlərə inam olaydım.

Çıxartma yadından ötən illəri,
Unutma heç zaman xoş fəsilləri,
Bu Aşıq Məcidin keçən günləri,
Hər zaman yadına salan olaydım.

Minayə
(Aşığın həyat yoldaşı
Minayəyə həsr olunub)
İstəyən dostlarım xəbərdar olsun,
Bu fani dünyadan köçdü Minayə.
Əbədi gözünü yumdu, açmadı,
Ürəyimin başın deşdi Minayə.

Dörd yanında qızıl güllər əkmişəm,
Göz yaşımı məzarına tökmüşəm.
Aman Allah, nə əzablar çəkmişəm,
Ömürlük dünyadan köçdü Minayə.

Əsdirdi üstünə acı küləyi,
Üzü qara olsun qanlı fələyin.
Halal qıl Məcidə duzu-çörəyi,
Ölüm karvanına düşdü Minayə.


Getdi
(aşıq xəstə olarkən
həyat yoldaşına ithaf edib)
Ömrün gödək olsun, a qanlı fələk,
Ürəyimə yaranı vurdu da getdi.
Məclis yaraşığı, ellər gözəli,
Novruz bayramını görmədi getdi.

Doqquz mart günüydü köçdü dünyadan,
Yaşayır dünyada nanəcib insan.
Ağlaram ürəkdən, deməynən şadam,
Əcəl zəncirini qırdı da getdi.

Gülər üzlüm, şirin dilli mələyim,
Nə lazımdır söylə mənə gərəyim.
Halal olsun sənə duzum-çörəyim,
Neçə məclislər də qurdu da getdi.

Arzuladın, Məhəbbət gəlib çatmadı,
Yeddi sutka dincəlmədi yatmadı.
Həkimin – loğmanın gücü çatmadı,
Bir yana ürəyimə vurdu da getdi.


Ağlama
Əziz mehribanım, ay gözəl mələk,
Sən olasan mənim canım, ağlama!
Ağladıqca ürəyimə xal düşür,
Geyin, sallan, gözəl xanım, ağlama!

Ürəyimə qan dolur, qəlbimə zəhər,
Gözlədim yolunu hər axşam-səhər.
Oyandım yuxudan bu gün birtəhər,
Sənə qurban şirin canım, ağlama!

Ağlamaq yaxşıdır mən də ağlayım,
Ürəyimdə bir nişanə saxlayım.
Ay etibarsız doğru ilqar bağlayım?
Qoy qurtarsın ömür canım, ağlama!


Göyçəmin
Əziz qardaş, sən Göyçəmi sal yada,
Getməz sinəmizdən dağı Göyçəmin.
Nərgizli, lilparlı sərin bulağı,
Görünməyir solu-sağı Göyçəmin.

Ermənilər çörəyimizi yedilər,
Özümüzə yaxşı-yaman dedilər,
Axırında özlərini öydülər,
Yenə gələr xoş sorağı Göyçəmin.

Cənab Əli süfrə saldı Göyçədə,
Gül-çiçəkli, göy çəmənli Göyçədə.
Dumanlı, çiskinli, çənli Göyçədə,
Yada düşər, buz bulağı Göyçəmin.

Aşıq Məcid, “Göyçə gülü”nü sal yada,
Dərdin artıb olub həddi ziyada.
Yaddan çıxmaz belə tarix dünyada,
Kimə qaldı “quzqulağı” Göyçəmin.

Yaxşıdır
Xainin, paxılın, bir də satqının,
Heç üzünü görməyəsən yaxşıdır.
Yaltaq adam bir az ondan üstündür,
Danışdırıb gülməyəsən yaxşıdır.

Müdam danışırlar hər bir sözünü,
Hər məclisdə üstün tutar özünü.
İnanginən, doğru dedim sözümü,
O məclisdə gəlməyəsən yaxşıdır.

Pis adamdan Allah özü bezardı,
Yaxşı olsa, qismətini yazardı.
Elə bilmə dərdim bundan azaldı,
Bildiyindən, bilməyəsən yaxşıdır.


Qocalıq
Minib səməndini gəzdiyim yerdə,
Yel kimi qarşımda əsdi qocalıq.
Tale üz döndərib, deyəsən, məndən,
Ömrümün kəndirini kəsdi qocalıq.

Qocalıq murazdı, qoy çatsın hamı,
Günbəgün azalır ağzımın tamı.
Yalvarıram, gəl incitmə insanı,
İncitmə bu qədər, bəsdir, qocalıq.

Ayağı taqətdən, gözü işıqdan,
Hörməti azaldır arvad-uşaqdan.
Salırsan formadan, bərli baxmaqdan,
Nahaqdan inciyib küsdü qocalıq.

Cavanlıq gedibdi bir də görünməz,
Nə yeri yatağı heç də bilinməz.
Aşıq Məcid ürəklərdən silinməz,
Deyəsən, ölümdən pisdi qocalıq.


Yetirə bilməz
Ana laylasını, ata zəhmətini,
Bir övlad yerinə yetirə bilməz!
Ata çalışar ki, başa çatdırsın,
Ananın qəlbini bitirə bilməz!

Ana keşik durar bala yolunda,
Laylası dilində, daim qolunda.
Ata harayına çatan çağında,
Ana zəhmətini itirə bilməz!

Ürəkdə arabir deyinər ata,
Qoymaz övladına yetişsin xəta,
İstəyir arzusu tez başa çata,
Hər övlad nəsihət götürə bilməz!


Qadasın aldığım
Ey nazənin, olma məndən küsmüsən,
Küsməginən qız, qadasın aldığım.
Dərdim artıb, olub həddən-ziyadə,
Bəlkə, oldu yüz, qadasın aldığım.

Gizlətməynən, göstər mənə camalın,
Bəd gəlibdir məhəbbətim-yığvalım.
Mən istədim kəlmə verim, söz alım,
Satma mənə naz, qadasın aldığım.

Nə qədər sevirəm bilirsən səni,
Sən Allah, incitmə, sevginən məni.
Gözündən qoyarmı sevən-sevəni,
Qoy olmasın söz, qadasın aldığım.

Ağlama
Əziz-mehribanım, ay gözəl mələk,
Sən olasan mənim canım, ağlama!
Ağladıqca ürəyimə xal düşür,
Geyin, sallan gözəl xanım, ağlama!

Ürəyimə qan dolur, qəlbimə zəhər,
Gözlədim yolunu hər axşam-səhər.
Oyandım yuxudan bu gün birtəhər,
Sənə qurban şirin canım, ağlama!

Ağlamaq yaxşıdır, mən də ağlayım,
Ürəyimdə bir nişanə saxlayım,
Ay etibarsız, doğru ilqar bağlayım,
Qoy qurtarsın ömür canım, ağlama!


Aşıq Məcidin el şairi Kamran Eyyublu (Tanınmış el şairidir və Əyyublu kəndində yaşayır) ilə deyişməsi

Məcid
Şair Kamran, bu naməni yazıram,
Mənim üçün bir nəğməli söz göndər.
Nə yazanam, yazıçıya yoldaşam,
Sən Allahın, əyri demə, düz göndər.

Kamran
Oxudum şeirini, ay Aşıq Məcid,
Astara çəkməyə üz göndərirəm.
Qartal dağa qonar, sərçə budağa,
Zirvəni görməyə göz göndərirəm.

Məcid
Doğrudur, aşığam, şeirdən xamam,
İnsanlıqda özüm üçün insanam.
Bununla sözümüz olmayır tamam,
İstəyirsən əlli göndər, yüz göndər.

Kamran
Salma qocalığı yadına bir də,
Telli saz dil açsın qoy pərdə-pərdə.
Söhbətin daha da gur məclislərdə
Dada gəlsin deyə, duz göndərirəm.

Məcid
Düşünmə nə qanmaza söz demə,
Etibarını, düz ilqarını gözləmə,
Hər yetənə, gəl, sirrini düz demə,
Vaxtın olsa, bir azcana tez göndər.

Kamran
Sıxılma, saçına düşməyibdir dən,
Düşmüsən, çıxmısan min bir çətindən,
Bulaq üstə əmlik quzu ətindən,
Kabab çəkməyə köz göndərirəm.

Məcid
Bivəfa dünyanın yoxdur etibarı,
İnsana dərd verir, çəkir azarı,
Bağbanın bağında bol olsa barı,
Heç olmasa, bircə gilə üz göndər.

Kamran
Bu dünya köhnədən, bax, belə imiş,
Kim qalıb qəddini fələk əyməmiş,
Elə bil ki, mizrab telə dəyməmiş,
Əlimlə bağlayıb saz göndərirəm.

Məcid
Aşıq Məcid bir sazına yalvarır,
Ömrüm də tükənir, vaxtım azalır,
Yadigar üçün bir nişanə söz qalır,
Bu sözləri öz əlinlə yaz, göndər.

Kamran
Səsin bənzəyirdi körpə bülbülə,
Hərdən yenə çağla, hərdən dön selə,
Şeirin az olsa da, çox hesab elə,
Kamranam, hayıf ki, az göndərirəm.

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək
10.12.2018
Azərbaycan ifaçısı Riqa musiqi festivalının Qran-pri mükafatına layiq görülüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info