Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
Tarix: 14.11.2018 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyanın bu ilin dekabr ayında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşü barədə mətbuatda yayılan məlumata münasibət açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva bildirib ki, rəsmi Bakı Ermənistan xarici işlər naziri ilə nəinki beynəlxalq tədbir çərçivəsində, həm də kənar formatda substantiv və nəticəyə yönəlik danışıqlar üçün görüşməyə razı olduğunu hər zaman bildirib: "ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşlərin təşkili istiqamətində müvafiq iş aparırlar. Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir".

Erməni mafiyasına xidmət edənlər
Xəbər verildiyi kimi, bu yaxınlarda Avropa Parlamentinin Kiprdən olan üzvləri Eleni Teoxarus, Yorqas Perdikis, Mikayis Qiorgalas və Kiprin Erməni Milli Konqresinin rəhbəri Nairi Muradyan Dağlıq Qarabağa növbəti dəfə qanunsuz səfər ediblər. Nümayəndə heyətinə Eleni Teoxarus başçılıq edib. Qeyd edək ki, ölkəyə “girişi arzu olunmayan şəxslər siyahısına” daxil edilməsi və haqqında AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılması ilə tanınan AP-nin Kipr Respublikasından olan üzvü növbəti qalmaqal ilə gündəmə gəlib.
Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edən, E.Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan olunub.
AP-nin Kiprdən olan bu üzvünün ekstremist çağırışlarının növbəti hədəfi Azərbaycan və Ukraynadan sonra Albaniya olub. Deputatın Albaniyanın cənub torpaqlarına qarşı ərazi iddialarını ehtiva edən ekstremist millətçi çıxışı Albaniya tərəfindən ölkənin ərazi bütövlüyünə qəsd və konstitusiyaya əsaslanan asayişi pozmaq cəhdi kimi qiymətləndirilərək belə bir qərar qəbul edilib. Əslində, Albaniyanın qərarı heç də təəccüb doğurmur və bu qərarın heç də bu qəbildən olan sonuncu qərar olmayacağını təxmin etmək olar. Belə gedərsə, kiprli deputat bir neçə ölkənin müraciəti əsasında beynəlxalq axtarışa verilən ilk AP üzvü “statusu”nu da qazana bilər.
Bu şəxsin Avropa İttifaqına üzvlüyə namizəd ölkə olan Albaniya tərəfindən də arzuolunmaz şəxslər siyahısına daxil olunması onun Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərini təşkil edən erməni lobbi dairələrinin, xüsusilə Brüsseldə fəaliyyət göstərən və brilyant alveri ilə məşğul olan və əslən Yunanıstandan olan Kaspar Karampetyanın da növbəti ifşasıdır. Eleni Teoxarusun Kaspar Karampetyanla əlaqələri vardır və onun işğal olunmuş ərazilərimizə səfərlərinin təşkilatçısı Karampetyandır.
Xatırlatmaq istərdik ki, bu günlərdə Almaniyada erməni mafiyasına qarşı aparılan əməliyyat çərçivəsində Bundestaqın deputatı və erməni lobbist təşkilatı olan Almaniya-Ermənistan Forumunun təsisçisi Albert Vayler də şübhə obyektinə çevrilib və bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən dindirilib. Ermənistanın Almaniyadakı səfirinin də adı hallandığı bu cinayət işi göstərir ki, ermənilərin lobbist fəaliyyətinin maliyyə təminatçısı və əlaqələndiricisi erməni mafiyasıdır. Albert Vayler də işğal olunmuş ərazilərimizə qanunsuz səfərə görə arzuolunmaz şəxslər siyahısına salınıb və Almaniya kansleri Anjela Merkelin ölkəmizə səfəri zamanı həmin şəxsin Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyib.
Eleni Teoxarusun Albaniyada ifşası, Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar Avropa ölkələrində, o cümlədən Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı fəaliyyət aparan, işğal olunmuş ərazilərimizə qanunsuz səfər edən qərəzli şəxslərin erməni mütəşəkkil cinayət qruplaşmaları ilə əlaqələrinin araşdırılmasını labüd edir.

“Eleninin əsas məqsədi separatçılara dəstək verməkdir”
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu SİA-ya açıqlamasında deyib ki, qanlı separatçılıq və etnik təmizləməni təşviq edən əməllər həm də şüurla, beyinlə bağlı məsələlərdir: “Əksər normal adamlar, yəni dünyanın elitası, siyasəti ərazi bütövlüyü prinsipini dəstəkləməyə yönəlib. Çünki bu, sabitliyin bir əsasıdır. Amma adam var ki, ruhi xəstədir və onun müəyyən problemləri var. Bunlar əvvəldən axıra qədər də separatçılığı dəstəkləyirlər”. Mərkəz sədrinin sözlərinə görə, Eleni Teoxarusla bağlı vəziyyət fərqlidir: “E.Teoxarusun Albaniya Respublikasında adının “qara siyahı”ya salınması, əslində, onun Ermənistanla, Dağlıq Qarabağla bağlı mövqeyini gizlətmək üçündür. Yəni onun əsas məqsədi Qarabağ ermənilərinə müstəqillik əldə etməkdir. Çünki bilirsiniz ki, Kipr özünü tarixən Osmanlı imperiyasından əziyyət çəkmiş xalqlar sırasında görür və ermənilərlə təxminən özlərini müttəfiq bilirlər. Bu baxımdan, onlar özlərinə borc bilirlər ki, ən azı, erməniləri də özləri kimi müdafiə etsinlər. Yunanıstanda, Kiprdə də belə adamlar var. Bu mənada Eleninin əsas məqsədi Dağlıq Qarabağ ermənilərinə, separatçılarına dəstək verməkdir. E.Teoxarus tək erməni mövzusunda özünü fokslandırmaq istəmir. Yəni o istəmir ki, adı yalnız erməni məsələsində, Qarabağ məsələsində hallansın. İşin də əsas mahiyyəti antiosmançılıqdır. Osmanlı imperiyası yoxdur, amma Osmanlı imperiyasının düşmənləri indi də var və onunla da vuruşub”.
Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qremingerlə Moskvada görüşdən sonra keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı açıqlamalar verib. Politoloq Mübariz Əhmədoğlu deyib ki, bu açıqlamalar kifayət qədər ciddi diqqəti çəkir və mahiyyət baxımından bu bəyanatlar Dağlıq Qarabağ tənzimlənməsində irəliləyiş yarada bilər.

“Ermənistan sürüşkən, qərbyönümlü siyasətə üstünlük verməyə başlayıb”
Bu arada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada keçirilmiş zirvə toplantısından erməni nümayəndə heyəti çaşqın və məyus ayrılıb. Orada Ermənistan rəhbərliyinin təklifini açıq və konkret surətdə rədd ediblər. Məsələ ilə bağlı SİA-ya açıqlama verən politoloq Məhərrəm Zülfüqarlı deyib ki, Ermənistanın yeni rəhbərliyi qərbyönümlü müəyyən siyasət yürüdür, amma bunu da tam yerinə yetirə bilmir: “Təbii ki, bu da Rusiyanın açıq narazılığına səbəb olur. Həm də Nikol Paşinyan hakimiyyətə gələndə KTMT-yə Ermənistan nümayəndəsi başçılıq edirdi. Paşinyan ona qarşı cinayət işi açdı və o həmin vəzifədən uzaqlaşdırıldı. Bunlar yenisini KTMT-yə təyin etmək istəsələr də, həmin təşkilata daxil olan ölkələr razı olmadılar. Bu onu göstərir ki, sürüşkən millət, dövlət olan, "forpost" ölkə olan Ermənistanı artıq onun yaxın müttəfiqləri də tanıyır. Bunlar istənilən zaman öz müttəfiqlərinə də xəyanət edə bilər. Son vaxtlar isə Rusiya-Ermənistan münasibətlərinin kəskin şəkildə pisləşməyə doğru getməsi məhz Ermənistanın sürüşkən, qərbyönümlü siyasətə üstünlük verməyə başlamasıdır. Amma Qərb də Ermənistana inanmır. Çünki onlar da bunların xəyanətkar mövqeyini bilirlər. Ona görə də indi Ermənistan dövləti ortada qalıb”.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”
07.12.2018
İnformasiya müharibəsində Azərbaycan gənclərinin uguru
06.12.2018
Milanda ATƏT Parlament Assambleyasının Büro iclası keçirilib
05.12.2018
“Lazerev klubu” MDB çərçivəsində əlaqələrin inkişafına zərbə vurur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info