Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
Tarix: 15.11.2018 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızın daha çevik və səmərəli şəkildə təşkilatlanmasına, diaspor qurumlarının fəaliyyət istiqamətinin əlaqələndirilməsinə yönələn islahatları ilə diqqət mərkəzindədir.
Görünən odur ki, aparılan islahatlar qısa müddətdə nəticə verib və soydaşlarımızın ölkənin milli maraqları naminə daha sıx birləşməsi formulası, onlara Diaspor Komitəsinin yeni rəhbərliyinin real və konkret dəstəyi xaricdəki bəzi antimilli qüvvələrin narahatlığına, Azərbaycanı istəməyən bəzi dairələrdə qıcığa səbəb olmaqdadır.
İllərdir ayrı-ayrı ölkələrdə yaranan diaspor təşkilatları pərakəndə şəkildə fəaliyyət göstərirdi. Bir təşkilat rəhbərinin sözü, digərinin boğazından keçmirdi. Təbii ki, xalqımıza qarşı olan qüvvələr bundan daha dərin formada yararlanmağa çalışırdı. Diaspor təşkilatlarımızın pərakəndə şəkildə fəaliyyət göstərməsi, əvvəllər Komitə tərəfindən lazımınca koordinasiya edilməməsi xaricdəki düşmənlərə və antimilli qüvvələrə ölkəmiz əleyhinə əks təbliğat aparmalarına, bir sözlə, ermənilərin xeyrinə münbit şərait yaradırdı.
Məsələn, xaricdəki erməni diaspor təşkilatları iri addımlarla ön cərgədə dayanmışdı. Bu da Azərbaycanın ümumi imicinə zərbə idi...
Amma Avropanın əsas aparıcı ölkələrində azərbaycanlıların Koordinasiya Şuralarının yaradılması və bu tarixi hadisələrə Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qatqısı artıq Avropada məskunlaşan və erməni himayədarlarının maliyyəsi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparan boşboğazların “işinə” maneə yaradıb. İslahatlar və mükəmməl əlaqələndirmə strategiyası sayəsində diaspor qurumlarında güclü və mütəşəkkil, yeni tələblərə uyğun təşkilatlanma prosesinin başlanması antimilli qüvvələrin əl-qolunu bağlayıb.
Deməli, konkret hədəflərə hesablanan strategiya və mövcud situasiyanın təhlil edilməsi ilə qəbul olunan qərarlar nəticəsini verməyə başlayıb.
Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib.
Soydaşlarımızın əksəriyyəti bunu gizlətmir ki, Diasporla İş üzrə Dövlət Komitəsində kadr islahatlartından sonra qısa müddətdə görülən işlər artıq diaspor təşkilatlarına və sıravi həmvətənlərimizə ardıcıl, təəssübkeş fəaliyyət üçün ümid və enerji verib.
Təhlillər göstərir ki, yad məmləkətlərdə yaşayan soydaşlarımızın məqsədli və şəffaf fəaliyyətə, bunun nəticəsində isə bir arada toplaşmağa ehtiyacı var...
Güclü və işləməyi sevən kadrların potensialı həmişə maraq doğurur. Diaspor Komitəsinin yeni fəaliyyət proqramı həm ermənilərin, həm də erməniliyə xidmət edən anti-milli ünsürlərin ürəyincə olmayıb.
Son təyinatdan sonra pərakəndə və dağınıq formada çabalayan diaspor təşkilatlarının bir araya gətirilməsi, xaricdə yaşayan soydaşlarımızın ölkəmizin beynəlxalq gücünə çevrilməsi və s. kimi işlərin düşmən təxəyyüllü olanları narahat etməsi təbiidir. Bir sıra ölkələrdə vahid gücə çevrilən təşkilatlarımızın artıq proseslərə təsir imkanları da artır.
Deməli, Ukraynada aralarında ziddiyyətlər olan diaspor təşkilatlarının birləşməsi, eləcə də Avropa ölkələrində azərbaycanlıların Koordinasiya Şurasının yaradılmasının daha bir vacib nəticəsi odur ki, həm də diaspor təşkilatları proseslərə təsiretmə imkanlarını ortaya qoya biləcək, Qarabağ münaqişəsinin gündəmə gətirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması işində effektivliyi artıracaq.

Artıq xaricdə yaşayan azərbaycanlılar siyasi baxışlarına görə təsnifatlanmır

...Və xaricdə yaşayan soydaşlarımızla bağlı hazırki mənzərə budur: artıq xaricdə yaşayan azərbaycanlılar siyasi dünyagörüşlərinə görə təsnifatlanmır. Komitə hər hansı düşüncəyə fərq qoymadan hər bir azərbaycanlıya sahib çıxır. Bu isə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindəndir. Dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb ki, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Prezidenti olacaq. Bunun əyani sübutlarından biri məhz Komitənin dünya azərbaycanlılarına yönəlik apardığı fəaliyyətdir.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların koordinasiyalı fəaliyyətini ekspertlər də təqdir edirlər. Azərbaycanın sabiq xarici işlər naziri, tanınmış politoloq Tofiq Zülfüqarov da deyir ki, xaricdəki diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması çox vacibdir: “Hesab edirəm ki, dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidir. Məhz bərabər şəkildə biri-birinə dəstək olmalıdırlar. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirəcək”.
Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbov da diaspor təşkilatlarının Koordinasiya şuralarının ümumi işimizin səmərəsinə müsbət təsir edəcəyini düşünür.
“Xarici ölkələrdəki Azərbaycan diaspor təşkilatları hər hansı əlamətdar günlə bağlı müxtəlif tədbirlər keçirir. Eyni anda hamısı tədbir keçirərkən bunun effekti olmur və bir azərbaycanlı olaraq hansına gedəcəyini bilmirsən. Bunun üçün Koordinasiya Şurasının mövcudluğuna çox böyük ehtiyac var”.

“Görülən işlərə tənqidi yanaşanlar hər zaman olacaq”

Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) sədri, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov şuranın planlarından danışarkən bildirib ki, görülən işləri gözü götürməyən insanlar həmişə olacaq.
“Əsas prioritet Azərbaycanın diaspor siyasətini yüksək səviyyədə həyata keçirmək, Azərbaycan həqiqətlərini, Xocalı faciəsini beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Bununla yanaşı, Fransada bizim təhsil, idman və digər sahələrdəki fəaliyyətimiz davam edir. Əgər antimilli ünsürlərin gözü həm bizim, həm də komitənin gördüyü işləri götürmürsə, buna sevinmək lazımdır. Çünki qıcıq varsa, demək ki, ortada bir iş, əməl var. Qısa zaman kəsiyində bir çox işlər görülüb. Kimlərin nə deməsindən asılı olmayaraq, biz yolumuza davam edirik. Vətənimiz, dövlətimiz üçün əlimizdən gələni yox, hətta artığını etməliyik”.

“Hamı görüşə dəvət edilmişdi, kimsə gəlməyibsə, bunu ayrıseçkilik kimi qələmə vermək olmaz”

İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov şuranın fəaliyyətindən danışarkən, Diasporla İş üzrə Dövlət Komitəsinin son 5-6 ay ərzində həyata keçirdiyi işlərə də diqqət çəkib.
“İsveçrədəki azərbaycanlıların görəcəyi işlər çoxdur. Dünən Koordinasiya Şurasında təmsil olunan dörd diaspor təşkilatının toplantısını keçirdik, hər bir təşkilatın üzərinə düşən işləri müəyyənləşdirdik, bir sıra qərarlar qəbul etdik. Təəssüf ki, bir çoxları heç bir fəaliyyət göstərmədən özünü yüksəklərdə görmək istəyir. Bu da yanlışdır. Diaspor istiqamətində müəyyən işlər görüb nəticə əldə edən insanların fəaliyyəti göz önündədir. İşləyən insanları ayrıseçkilik etməkdə günahlandırmaq düzgün deyil. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi xaricdəki azərbaycanlılar arasında ayrı-seçkilik yaratmaqda günahlandırılır. Halbuki, Komitə rəhbərliyi İsveçrədə səfərdə olarkən hamını görüşə dəvət etmişdi. Kimsə şəxsi istəyi ilə görüşə gəlməyibsə, bunu ayrıseçkilik kimi qələmə verməli deyil”.

Azərbaycana xidmət etmək düşmənlərimizdə qıcıq yaradır

Dünyanın əksər ölkələrində yaşayan gənc diaspor nümayəndələri Azərbaycanda – yay düşərgəsi layihəsində bir araya gətirilir.
Xaricdə yaşayan azərbaycanlılara siyasi mənsubiyyətinə görə fərq qoyulmur.
Komitə bütün fəaliyyətini şəffaflıq üzərində qurur. Dünyanın böyük ölkələrində Azərbaycanlıların Koordinasiya Şuraları yaradılır.
Dünya Azərbaycanlılarının fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Komitəsinin nəzdində Fond yaradılır.
Dünyanın ən güclü əcnəbi diaspor təşkilatları ilə əməkdşlıq edilir.
Bütün bunlar kimə xidmət edir. Birmənalı cavab var: Azərbaycan Dövlətinə, Azərbaycan xalqına, Dünya Azərbaycanlılarına.
Azərbaycan xalqının toparlanması, Dünya Azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi hansı qüvvələrə sərf etmir. Yenə birmənalı cavab var: Azərbaycanın düşmənlərinə.
Şərhə ehtiyac varmı?!




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
Azərbaycan 2019-cu ildə yeni bazarlara fındıq ixrac edəcək
10.12.2018
Prezident Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul edib
10.12.2018
“AtaTravel” və “Edem Resort”dan xüsusi aksiya
10.12.2018
Avtomobildə külli miqdarda pirotexniki vasitə aşkarlanıb
10.12.2018
Vergi Məcəlləsinə son dəyişikliklər kimlərin xeyrinə olacaq?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info