Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
Tarix: 15.11.2018 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Nağdəli Zamanov 13 avqust 1961-ci ildə Kəlbəcər rayonunun Keştək kəndində müəllim ailəsində anadan olub. 1967-1977-ci illərdə orta təhsil alıb. 1979-cu ildə Azərbaycan Tibb Universitetinə qəbul olub və 1985-ci ildə ATU-nun II müalicə profilaktika fakültəsini bitirib. 2012-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Müsahibimiz Azərbaycan Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru, həkim-terapevt Nağdəli Zamanovdur. Müsahibəni təqdim edirik:

- Aşıq Şəmşir Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biridir. Zəngin şeir yaradıcılığı ilə pərvazlanıb. Əlbəttə ki, poeziyaya, aşıq sənətinə olan bu bağlılıq aşıqda irsi xarakter daşıyıb. Dədə Şəmşir Miskin Abdal kimi görkəmli bir sənətkarın layiqli davamçısıdır. Və bu yaxınlarda sizin "Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər" kitabınız çap olunub. Söhbətimizə bu istiqamətdə başlayaq...
- Mənim Aşıq Şəmşir haqqında yazdığım bu fəlsəfi fikirlərin cəmləşdiyi kitab başqa bir aşığın yaradıcılığı haqqında da ola bilərdi. Məsələn, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Hüseyn Bozalqanlı kimi korifey aşıqların timsalında bu cür əsərlər yazmaq olar. Bəzən folklorçu alimlərimiz poeziyada olan fəlsəfi fikirlərin araşdırılmasına çox da cəhd etməyiblər. Baxın, bizim AMEA-nın Fəlsəfə İnstitutu poeziya da işlənmiş fəlsəfi fikirləri çox az-az araşdırır və daha çox fəlsəfənin siyasiləşdiyi dövrlərdə, filosoflarımız aşıq yaradıcılığına müraciət etməyiblər. Necə deyərlər, filosoflarımız Hegelə, Kanta, Yunan fəlsəfəsinə müraciət ediblər, amma aşıq yaradıcılığına, xüsusilə Xəstə Qasıma, Abbas Tufarqanlıya, Aşıq Alıya, Aşıq Ələsgərə, Hüseyn Bozalqanlı kimi ustadlara müraciət etməyiblər.
Qeyd etdiniz ki, Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir. Əlbəttə, nəsil-şəcərəsi itmir. Ancaq müəyyən bir müddət görünməyə bilsə də, zaman-zaman üzə çıxması təbiidir. Belə ki, bu gün Qənbər Şəmşiroğlu, Cavid Qənbəroğlu, Cabir Ələsgəroğlu və digərləri bu şəcərəni ləyaqətlə təmsil edirlər.

- Aşıq Şəmşir kimi tanınmış sənət sahibi sovetlər dövründə yaşayıb. Onun yaradıcılığının ən çiçəklənən dövrü sosializm quruluşuna təsadüf edir. Bu baxımdan, istər sovetlərin aşıq yaradıcılığına olan münasibətindən, istərsə də Aşıq Şəmşirin keçmiş quruluşa olan münasibətindən söhbət açardınız. Aşığın şeirləri ilə müqayisəli təhlil versəniz, şad olarıq.
- Sovetlər dövründə yazılı və şifahi ədəbiyyat inkişaf elədi və burada inkişaf istiqaməti də vardı. Bunu da qeyd edim ki, Aşıq Şəmşiri daha dərindən tanımaq üçün onun dini şeirlərinə xüsusi ehtiyac var. Təəssüf ki, bu şeirlərin heç biri sovetlər dövründə çap olunmayıb. Bu nöqteyi-nəzərdən folklorşünas alimlərimiz Aşıq Şəmşir yaradıcılığını kompleks araşdırmaq imkanına malik olmayıblar. Təkcə qriplə-yoluxucu xəstəliklə əlaqədar yazdığı misralarda sovet konstitusiyasında əksini tapan fikirlərin hələ zamanında “Quran”da yazıldığını dilə gətirir:

Vurur el-obaya külli ziyanı,
Belə zülmə insan çətin dayanı,
Tanımır bizdəki konstitusiyanı,
Nə əlində köhnə “Quran”ı yoxdu.
- Söhbətimiz sovetlər dövründən düşmüşkən, bu dövrdə qələmə alınan “Koroğlu” dastanından söhbət açardıq...
- Bu dövrdə yazılan “Koroğlu” dastanı da “Sovet Koroğlusu”dur. Həmin “Koroğlu” əsərində Koroğlunu karvan yollarını nəzarətə alan, paşalara, bəylərə qan udduran bir qəhrəman kimi verilir. Baxın, bu baxımdan, onu “Sovet Koroğlusu” adlandırıram. Türklərdə olan “Koroğlu” dastanının versiyası tamam başqadır. Bizdəki versiyada verilir ki, paşa (türklərdə paşa general deməkdir) qızları Koroğluya məktub göndərir ki, gəl bizi apar. XV-XVI əsrlərdə İslamın hakim din olduğu bir dövrdə bu belə ola bilərdimi?! Əlbəttə, yox! Amma Türkiyə versiyasında bunlar yoxdur. Belə deyək ki, bu “Koroğlu” sovet hökumətinin aşıqlara yazdırdığı “Koroğlu”dur. Hər halda, bəzi istisnaları nəzərə almasaq, xalqın milli-vətənpərvərlik baxımından inkişafı yolunda “Koroğlu” eposunun, dastanının rolu əvəzsizdir.
- Aşıq Şəmşirin Səməd Vurğunla görüşü tarixdə bir əks-səda yaradıb və aşığın şan-şöhrətinin daha da zənginləşməsinə səbəb olub.
- Səməd Vurğun hərtərəfli böyük insandır. Azərbaycan Yazıçılar Birliyinin və AMEA-nin vitse-prezidenti kimi Səməd Vurğunun Aşıq Şəmşirlə görüşü mühüm əhəmiyyət kəsb edirdi. İstedadlar Allaha məxsusdur! Və bu istedadlar çərçivəyə sığmaz. Sadəcə, istedadları Allah göndərir. Səməd Vurğun da, eləcə, həmin sevimli bəndələrdən biridir. Bu gün Aşıq Şəmşirin adı çəkiləndə Səməd Vurğun yada düşür. Deyəsən, hər şey dialektik vəhdət halındadır.
- Aşıq sənəti və poeziyasına müraciətiniz ilkdirmi? Yoxsa digər əsərləriniz də var?
- Əvvəllər Aşıq Şəmşirlə bağlı bir neçə məqaləm işıq üzü görüb. Həmçinin Aşıq Ələsgərlə, Bəhmən Vətənoğluyla, Sərraf Şiruyə ilə də bağlı məqalələrim var.
- Sizin bu yaxınlarda Aşıq Şəmşirlə bağlı “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” adlı kitabınız işıq üzü gördü və ictimaiyyət tərəfindən maraqla qarşılandı. Kitabın strukturu haqqında danışardınız.
- Kitabın birinci bölməsi Aşıq Şəmşir yaradıcılığında ümumfəlsəfi fikirlər adlanır. Müasir dövrdə etika fənninin tədris proqramına uyğun olaraq kitabın II bölməsi sayılan “Etika” bölməsində bir sıra fəsillər – “Dil etikası”, “Dini etika”, “Tibbi etika”, “Ekoloji etika”, “Ustad-şagird münasibətləri”, eləcə də ən maraqlı olanı “Aşıq sənətinin etikası” fəslini ayırd etmişəm.
Monoqrafiyanın III hissəsi isə üç hissədən (“Gözəllik”, “Faciə”, “Ko¬mizm”) ibarət “Estetika” bölməsi sayılır ki, bu fəsildə Azərbaycan estetik dünyagörüşünün inkişafında mühüm rol oynayan bu kate¬qoriyaların aşıq yaradıcılığında araşdırılması diqqətə¬layiqdir.
- Kitabınızda Aşıq Şəmşir yaradıcılığında etik məsələlərə də toxunubsunuz. Bu, oxucularımız üçün də olduqca maraqlıdır...
- Yunanca əxlaq, adət-ənənə mənasında olan etikanın özündə daşıdığı dəyərlər Aşıq Şəmşir yaradıcılığında mühüm yer tutur. Monoqrafiyada çalışdım ki, həm etik dəyərləri, həm də müasir etikanın başlıca sahələrini vəhdət halında təqdim edə bilim. Bu dəyərlər sırasında ədalət, sədaqət, mərdlik, kişilik, cəsarət, səxavət, gözütoxluq, dostluq, zəhmət kimi etik dəyərlərlə yanaşı, bir sıra müasir etikalar, o cümlədən ekoloji etika, dil etikası vardır.
- Dədə Şəmşirlə bağlı kitabınızla yaxından tanış oldum və burada bir bölmə də aşığın yaradıcılığında estetika məsələlərinə həsr olunub...
- Ümumiyyətlə, Aşıq Şəmşir poeziyasında estetiklik, etik dəyərlərlə birgə təsadüf edir, yəni etik dəyərlər estetiklikdən uzaq deyil:

Göz vuranda nər utanar mayadan,
Ağ dumana bürünürsən hayadan.
Qartal, kəklik qulaq asır qayadan
Aşıqlar sazını çalanda, dağlar.

Bu yuxarıdakı şeirdə, dağlar bir ev kimi, bir məskən kimi, bir ev sahibi kimi təqdim olunur, estetik harmoniyanın bütün elementləri kompleks şəkildə yerinə yetirilir. Burada həm heyvanlar (nər, maya), həm quşlar (qartal, kəklik), həm meteoroloji amillər (ağ duman), həm də insan amilləri (aşıqlar) vəhdətdə verilib. Düşündürücü səhnə odur ki, sazın sehrindən heyvanlar belə etik dəyər ölçüsü kimi həyalanırlar. Ovçu ovlamaq ehtirasını, kəklik ovlanmaq qorxusunu sazın sədalarında unudur, real həyatdan uzaqlaşaraq ülvi bir dünyaya səyahət edirlər.
Aşıq Şəmşir yaradıcılığında gözəlliyə münasibətdə utilitar (faydalanmaq) marağa az təsadüf olunur. Bu utilitar marağı həyata keçirmək üçün “hiylə”yə, “fitnə”yə, “yalan”a əl atılmır:

Laləyanaq, gəl başına dolanım,
Sənə olmaz hiylə, fitnə, yalanım.
Pərvanətək atəşinə qalanım,
Görünsün külümdə gözüm, gözəl qız.

Aşıq Şəmşir yaradıcılığında gözəllik təkcə zahiriliklə bitmir, gözəllik həm də etik dəyərləri özündə ehtiva edir. Ritorik sualla - “Bilirsən gözəlin gözəldi nəyi?”- oxucusunu səfərbər edir. Sonra gözəlliyin dəyər ölçülərini bir-bir sadalayır:

Bilirsən gözəlin gözəldi nəyi?
İnsanlığı, mərifəti gözəldi.
Doğru qəlbi, pak ürəyi, düz sözü,
Xoş sifəti, xasiyyəti gözəldi.
- Sonda oxucularımıza sözünüz...
- Oxuculara sözüm monoqrafiyanın “Müəllifdən” yazısından sitatımdır: “Aşıq Şəmşir yaradıcılığı ilə bağlı sizlərlə olan bu şirin söhbətimizin davamı kimi monoqrafiyanı ixtiyarınıza buraxır, gözünüz nurlu, canınız sağlam olsun arzusuyla sizlərdən ayrılır və bunları deməyi özümə borc bilirəm: “Dəyərli oxucu! “Aşıq Şəmşir yaradıcılığında fəlsəfi fikirlər” monoqrafiyası ilə bağlı tənqidi fikirlərinizi, təkliflərinizi yaza¬raq müəllifə kömək göstərməklə bu mühüm elmi-tədqiqat işinə qoşulmuş olarsınız. Bu işdə sizə uğurlar diləyirəm!”

Söhbəti qələmə aldı:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
05.12.2018
“Özümü qərib ölkədə hiss etmədim”
05.12.2018
“Valideynlər övladlarının təhsilli, aktiv, istedadlı, sağlam yetişməsi üçün onlara kifayət qədər diqqət göstərməlidirlər”
04.12.2018
Azərbaycan həmsədrlərin təklif etdiyi və dəstəklədiyi substantiv, intensiv danışıqlara hazırdır
03.12.2018
Nizami Muradoğlu: “Xalq yaradıcılığından gələn poeziyaya nəzər yetirsək, orada bir ahəng, səslənmə, nizam və digər gözəllikləri görürük”
03.12.2018
“Ukraynadakı hər bir diaspor təşkilatı çalışır ki, vətənimiz üçün nəsə etsin”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Türk Universiteti üçün Naxçıvanın seçilməsi əhəmiyyətli ola bilər
2 Emil Rasimoğludan yeni şeir
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib
5 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info