Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
Tarix: 16.11.2018 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyan növbəti dəfə Fransaya səfər edib. Buna etiraz olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti bəyanat yayıb.
Açıqlamada bildirilir ki, bu səfərin həyata keçirilməsi üçün imkan yaradan və qanunsuz rejimin nümayəndələrini qəbul edən Fransa bu addımı ilə nəinki Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun davranmır, o, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir: "Fransanın Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma rejimin təbliğinə şərait yaratması bu ölkənin BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri qismində obyektivliyini və qərəzsizliyini ciddi sual altına alır". XİN bəyan edir ki, Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə Azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur: "Azərbaycan qeyd olunan məsələ ilə bağlı Fransa tərəfinə diplomatik kanallarla qəti etirazını bildirəcək. Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir".

“Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır”
Fransa Senatının Xarici işlər komitəsinin sədr müavini, senator Natali Qule Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri”nin Fransaya qanunsuz səfərinə dair “Trend”ə açıqlama verib. O deyib ki, rəsmi Parisi Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin, eləcə də Fransanın yüksəkvəzifəli şəxsləri və deputatlarının Dağlıq Qarabağa səfərlərinin qarşısını almağa çağırmaq lazımdır. N.Qule deyib ki, Fransa Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tanımır: "Hesab edirəm ki, Fransanı beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə və Dağlıq Qarabağdan ölkəyə səfərlərin qarşısını almağa çağırmaq lazımdır".
Senator əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, Fransa çox ehtiyatlı olmalıdır. N.Qulenin fikrincə, Parisin Bakıya ədalətsiz münasibəti Fransada güclü erməni lobbisinin olması ilə bağlıdır.
Senat rəsmisi onu da əlavə edib ki, Fransa prezidentinin Bakıya səfəri etməməsi balanslaşdırılmamış qərardır: "Çox təəssüf edirəm, amma mən Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa ilə əməkdaşlığı nəzərdən keçirmək qərarı ilə razıyam. Azərbaycan dəfələrlə Fransaya öz sadiqliyini sübut edib. Qarşılıq vermək vaxtı çatıb".

“Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər”


“ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransa çox ehtiyatlı olmalıdır. Bako Saakyanın Fransaya qanunsuz səfəri üçün imkan yaradan və separatçı rejimin nümayəndələrini qəbul edən rəsmi Paris bu addımı ilə beynəlxalq hüququn norma və prinsiplərinin aliliyinə və üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətsizlik nümayiş etdirir”. Bu fikirləri isə AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Deputat qeyd edib ki, bu qanunsuz səfərin həyata keçirilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmaqla yanaşı, Azərbaycanın işğal altındakı ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Əgər Fransa münaqişənin həllinə, həqiqətən, töhfə vermək istəyirsə, onda ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi qərəzsizliyini təmin etməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal altındakı ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasına çalışmalı, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarını birlikdə Parisə dəvət etməli və bu iki icma arasında bərabərhüquqlu əsasda etnik barışığı və dialoqu dəstəkləməlidir. Fransanın Azərbaycanın ərazilərinin işğalı və yüz minlərlə azərbaycanlının qanlı etnik təmizləməyə məruz qalmasında bilavasitə əli olan insanların təntənəli şəkildə qəbul edilməsinə icazə verməsi bu ölkənin Azərbaycan ictimaiyyətində nüfuzuna ciddi zərbə vurur. Fransa açıq-aşkar ikili standartlara əsaslanan siyasət yürüdür.
Aydın Hüseynov deyib ki, Yeni Koledoniyada keçirilmiş referendumdan sonra Fransa prezidenti çıxış edərək müstəmləkə ərazisi olan Kaledoniyanın Fransanın tərkibində qalmasına görə fəxr etdiyini bildirdiyi, Fransa hökuməti Korsikada separatizmə qarşı sərt siyasət apardığı halda, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına xidmət edən hallara göz yumur. Fransa şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək buradakı bir sıra şəhərlərimizlə sazişlər imzalayıblar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. Həmin merlər, ilk növbədə elə Fransa qanunlarını pozublar.
Fransa hökumətinin bu cür addımların atılmasına dəstək verməsi təkcə Cənubi Qafqazda deyil, Avropada da separatizm meyillərinin güclənməsinə səbəb ola bilər.

“Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir”
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov AZƏRTAC-a bu mövzuda açıqlama verib: “Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya qanunsuz səfəri beynəlxalq hüququn normalarına ziddir. Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın adına qara ləkədir”. Ekspert vurğulayıb ki, Fransa hökumətinin bu məsələ ilə bağlı lazımi ölçü götürməməsi bir daha onu deməyə əsas verir ki, bu ölkə ATƏT-in Minsk qrupunun həmsədri kimi qala bilməz. Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər edən belə şəxslər dərhal Fransa hökuməti tərəfindən cəzalandırılmalı, belə qanunsuz hərəkətlərin qarşısı alınmalıdır. Ermənilərin təhriki ilə hərəkət edən ermənipərəst dairələr anlamalıdırlar ki, onların bu hərəkətləri ölkəmiz tərəfindən cavabsız qalmayacaq və ədalət tezliklə öz yerini tapacaq. İşğalçılara şəriklik edənlər bilməlidirlər ki, Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, tarixi torpaqlarımız erməni terrorçularından təmizlənəcək.
Ekspert qeyd edib ki, Fransa ən qısa zamanda bu biabırçı hərəkətlərinə son qoymalı, əks təqdirdə, ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır. Beynəlxalq hüquq və beynəlxalq təşkilatlar Azərbaycanın tərəfindədir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bako Saakyanın Fransaya səfəri isə oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönəlmiş növbəti uğursuz cəhddir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info