“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
Tarix: 16.11.2018 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə ölkənin aparıcı media qurumlarının rəhbərlərinin Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşü keçirilib.
Görüşdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev məhkəmə-media münasibətlərinə toxunub. O bildirib ki, məhkəmələr media qurumları ilə əməkdaşlıqda maraqlı olmalıdır: "Məhkəmə cəmiyyət üzvlərinin tarazlaşdırılmasına xidmət edir. Məhkəmə dövlət maraqlarını müdafiə edən icra hakimiyyətindən fərqlənir. Azad mətbuat demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır. Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir. Məhkəmə qəbul etdiyi qərarların ictimaiyyətə çatdırılmasında maraqlıdır və bu prosesin reallaşması üçün media ilə əməkdaşlıq zəruridir. Məhkəmə orqanları daim KİV-lə əməkdaşlıqda maraqlıdır".
R.Rzayev qeyd edib ki, bu prosesdə bəzi mətbu orqanları da məhkəmələrin fəaliyyətinə mane olur: "Bu gün bu prosesdə yaranan problemlərdən biri də qeyri-peşəkar jurnalistlərin məhkəmə fəaliyyətinə mane olmasıdır. Bu gün məhkəmələrin qeyri-peşəkar jurnalistlərdən qorunmağa ehtiyacı var. Bəzi mətbu orqanları məhkəmə fəaliyyətinə, hakimlərin nüfuzuna xələl gətirən əsassız yazılar dərc edir. Jurnalist məhkəmənin obyektivliyini və müstəqilliyini nəzərə almalı, onun fəaliyyətinə hörmətlə yanaşmalıdır. Məhkəmə orqanları jurnalistlərə bu sahədə yardım etməlidirlər. Bu qarşılıqlı əməkdaşlıq sahəsində baş verməlidir. Ali Məhkəmə mətbuatla əməkdaşlıq edir və bunun üçün mətbuat katibi var. Məhkəmənin plenum iclasları, qərarlar barədə məhkəmənin saytında məlumatlar verilir".
Ali Məhkəmənin sədri bildirib ki, media qurumları hakimlərin mətbuata qapalı olmasından gileylənir: "Media qurumları məhkəmə hakimləri ilə münasibət qura bilmir, onlardan açıqlama almaqda çətinlik çəkirlər. Mən bu fikirlərlə razıyam. Amma bu məsələ hakimin səlahiyyətində deyil. Hakimlərin mətbuata açıqlama verməsi qadağandır. Bu qadağanı hakim qoymayıb".

Şəhər məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxslər təyin ediləcək
R.Rzayev bildirib ki, rayon məhkəmələrində mətbuatla operativ işləmək üçün məsul şəxs təyin etmək çətindir. Onun sözlərinə görə, rayonlarda buna məsul şəxs ayırmaq problemdir: "Çünki elə rayon var ki, orda cəmi 1 hakim var, həmin hakimin də məhkəmə işləri çox olduğundan mətbuata açıqlama verməsi çətindir. Biz, əsasən, bu prosesi Bakı, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə tətbiq etmək istəyirik. Biz istəyirik ki, hər məhkəmədə mətbuat üçün məsul 1 nəfər ayrılsın və onun əlaqə vasitələri Ali Məhkəmənin və digər məhkəmələrin saytında yerləşdirilsin. Bununla da jurnalistin məhkəmələrdən informasiya almaq şəraiti yaxşılaşdırılsın".

“Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Ali Məhkəmənin sədri bildirib ki, 2000-ci ildən bu günə qədər Azərbaycanda mülki işlərin sayı 20 dəfə artıb. Onun sözlərinə görə, 2000-ci ildə Azərbaycan məhkəmələri 22 min mülki işə baxıb: "2016-cı ildə isə 470 min mülki işə baxılıb. 2017-ci ildə müəyyən qanunlarda edilən dəyişikliklərə görə mülki işlərdə azalma var". R.Rzayev bildirib ki, bu dövrdə cinayət işlərinin sayı azalıb: "İstər 2000-ci il olsun, 2005-ci il olsun, ya bu gün olsun, cinayət işlərinin sayı 15 mini keçməyib. Ümumiyyətlə, Azərbaycanda ağır cinayətlərin sayında artım yoxdur. Bu da böyük bir nailiyyətdir". Ali Məhkəmənin sədri bildirib ki, Bakıda orta hesabla hər hakim ayda 130, rayonlarda isə hər hakim ayda 180-200 işə baxır.
R.Rzayev onu da qeyd edib ki, Azərbaycanda hakimlərin sayı azdır. O bildirib ki, hazırda Azərbaycanda 540-550 hakim var: "Azərbaycan əhalisi isə təqribən 10 milyon nəfərdir. Avropa standartları ilə götürsək, Azərbaycanda hər 100 min nəfərə 6 hakim düşür. Avropa standartlarına görə, hər 100 min nəfərə 20 hakim düşməlidir". R.Rzayev qeyd edib ki, 2017-ci ildə Azərbaycanın birinci instansiya məhkəmələrində 15 919 işə baxılıb: "Bunlardan 357 min mülki, 5000 iqtisadi, 27 min inzibati işlərdir. Ümumilikdə Azərbaycan məhkəmələrində 2017-ci ildə 389 580 işə baxılıb. 500 hakimin bu qədər işə baxması isə çətindir".
Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə bildirib ki, Ali Məhkəmə daim kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, məhkəmə-media münasibətlərində ortaya çıxan problemlərin həlli ilə bağlı müzakirələr aparılıb: "Biz qərara gəldik ki, bu cür məsələlərlə bağlı ölkənin kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirək. Media ilə məhkəmələrin əməkdaşlığında müəyyən problemlər var. Azərbaycanda məhkəmə hakimlərinin, işçilərinin sayı azdır və buna görə də məhkəmə hansısa əməkdaşını media ilə əməkdaşlığa görə məsul şəxs təyin edə bilmir. Əminəm ki, bizim bu görüşümüzdən sonra bu sahədə irəliləyiş əldə olunacaq, məhkəmədən yazan jurnalistlərin ixtisaslaşması üçün tədbirlər görüləcək. Bu gün Azərbaycan jurnalistikasında kifayət qədər inkişaf var, qurumlarla əməkdaşlıqda irəliləyişlər var, dövlət qurumları və təşkilatlar media ilə əməkdaşlığa maraq göstərir. Biz medianın hüquq-mühafizə orqanları ilə - Daxili İşlər Nazirliyi, Baş Prokurorluqla görüşünü keçirmişik. Ali Məhkəmə ilə də jurnalistlər üçün də seminar keçirmək vacibdir. Seminarlarda jurnalistləri hansı məsələlər narahat edirsə, həmin məsələlərin həllinə çalışmaq lazımdır. Seminar və treninqlər keçirərək bu prosesdə jurnalistikada olan çatışmazlıqları da müzakirə edə bilərik. Təbii ki, Azərbaycan mətbuatında da, məhkəmələrdə də bu sahədə problemlər var. Jurnalistikada da müəyyən səhvlər təkrarlanır. Amma müxtəlif seminarların təşkil olunması bu problemləri aradan qaldıracaq. Bunun üçün, həmçinin məhkəmələrlə birlikdə jurnalistlər üçün vəsait hazırlaya bilərik. Həmin vəsaitdə jurnalistlər məhkəmə terminləri ilə tanış olarlar".
Ə.Amaşov bildirib ki, media qurumlarının rəhbərləri məhkəmələrlə işləyən jurnalistlərin koordinatlarını Mətbuat Şurasına təqdim etməlidir. Belə ki, həmin jurnalistlər üçün məhkəmələrdə seminarlar təşkil olunacaq.
Tədbirdə çıxış edən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və media qurumlarının rəhbərləri öz fikirlərini bildiriblər. Görüşdən sonra tədbir iştirakçıları Ali Məhkəmənin inzibati binası və qurumun iş fəaliyyəti ilə tanış olublar.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
10.12.2018
“Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
10.12.2018
Dövlət qulluğu üzrə müsahibəyə 737 vakant vəzifə çıxarılıb
10.12.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
10.12.2018
“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verib
10.12.2018
Bakıda bayram yarmarkalarına start verildi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10522

1 Emil Rasimoğludan yeni şeir
2 “Sondakika.com”: “Türkiyənin ən böyük xarici investoru olan SOCAR yeni layihə həyata keçirir”
3 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info