Nəyə görə xalq müxalifəti dəstəkləmir?
Tarix: 09.07.2013 | Saat: 22:25:00 | E-mail | Çapa göndər


Prezident seçkiləri günü yaxınlaşdıqca cəmiyyətdə siyasi proseslər daha intensiv xarakter almağa başlayır. Həm hakimiyyət komandası, həm də müxalifət öz proqramlarını və gedişlərini hazırlayır. İntensivliklə yanaşı, həm də bir sıra qüvvələrin daxilində qeyri-müəyyənlik müşahidə olunur.
Bu daha çox “milli şura” daxilində özünü göstərir. “Milli şura” daxilindəki qüvvələr hər gün bir bəyanat verir, bir qərara gələ bilmir və özləri də çıxılmaz duruma düşürlər. Maraqlı haldır ki, hər dəfə belə çıxılmaz hala düşdükdə “milli şura” daxilində qeyri-müəyyənlik olanda vahid namizəd xaricdən bəyanatlar verir və prosesləri tənzimləyir. Bu da belə bir görüntü yaradır ki, “milli şura” öz-özlüyündə müstəqil deyil. Maraqlıdır ki, seçici səsi uğrunda mübarizə aparan “milli şura” bununla böhrana düşür, özündən daha çox seçicini uzaqlaşdırır və seçkidə qalib gəlmək şansını dəfələrlə azaldır.
Seçki prosesi və Azərbaycan reallıqlarına baxan zaman istər ölkə vətəndaşında, istərsə də xarici müşahidəçilərdə belə bir sual yaranır: Nəyə görə müxalifətə xalqdan dəstək yoxdur? Və ya varsa, bu dəstək haradadır və nə zaman özünü göstərir? Bu suala cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək lazımdır. Birincisi, müxalifətin içində birlik yoxdur. Yəni müxalifəti təşkil edənlər özləri daxildə intriqaların qurbanı olurlar. Hər seçki öncəsi müxalifət müəyyən formada birləşə bilsə də, seçkiyə bir neçə həftə qalmış bu birlik dağılır. İkincisi, müxalifətin konkret fəaliyyət proqramı yoxdur. Yəni müxalifət vətəndaşın qarşısına çıxanda ona hansı görəcəyi işlərdən danışa bilmir və son nəticədə tənqiddən sonra hakimiyyətin apardığı siyasətin düzgünlüyünü dolayı yolla da olsa, təsdiq edir. Üçüncüsü isə Azərbaycan seçicisini bir sual maraqlandırır. Nəyə görə mən vaxtilə hakimiyyətdə olmuş və ölkəni xaosa aparmış qüvvələrə yenidən səs verməliyəm? Nəticədə müxalifətə inam yaranmır ki, bu da son nəticədə sosial bazanın olmaması anlamını verir.

İmic böhranı


Müxalifətə xalqdan dəstək olmasa da, seçkiyə vahid namizədlə gedən “milli şura” mətbuatda və cəmiyyətdə ciddi imic yaratmağa çalışır. Lakin nə qədər ciddi imic formalaşdırmağa çalışsa da, bu imic tam formada yaranmır və yarımçıq formada özünü göstərir. Bu heç də “milli şura”nın birləşməsi və vahid namizəd irəli sürməsi prosesi ilə əlaqədar deyil. Azərbaycan vətəndaşı bilir ki, siyasi qüvvələr seçki öncəsi koalisiyalara daxil ola bilər və müəyyən formada hər hansı bir güclü qüvvəyə qarşı mübarizə aparmaq istəyər. Bu, tam normal bir prosesdir. Bəs əgər məsələ “milli şura” ilə bağlı deyilsə, onda nə ilə bağlıdır? Burada məsələ vahid namizədin özü ilə bağlıdır. Azərbaycan vətəndaşını, elə məni də aşağıdakı suallar düşündürür:
- Vahid namizəd ölkədə olmayıbsa, daxili vəziyyəti obyektiv şəkildə necə qiymətləndirə bilər?
- Nəyə görə vahid namizəd hadisələrə müşahidəçi qismində baxmağı üstün tutur və yalnız məqalələr yazmaqla kifayətlənir?
- O, uzun müddət ərzində heç bir təsir mexanizmlərinə malik olmayıb və əlində heç bir resurs yoxdur. Belə olan halda o, necə hakimiyyətə gəlmək niyyətindədir?
- Müxalifətin vahid namizədi nəyə görə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikimənalı ifadələr işlədir?
- Və nəhayət, ümumiyyətlə, o, seçkidə iştirak edə biləcəkmi?


B planına keçid

İndiki şəraitdə hamını bir sual düşündürür. Əgər Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, onda proseslər necə cərəyan edəcək? Bu, doğrudan da, maraqlı məsələdir, çünki müxalifət tərəfdən vahid namizədin ikili vətəndaşlıq məsələsi, Rusiya qarşısında öhdəlik məsələsi var və vətəndaşlıqdan çıxma proseduru asan deyil və vaxt aparır. Bunu, yəqin ki, müxalifət ideoloqları nəzərdən qaçırmayıb və B planını hazırlayıb. Bəlkə də onların vahid namizəd məsələsi özü-özlüyündə bir siyasi gedişdir və cəmiyyətin və hakimiyyətin bütün diqqətinin Rüstəm İbrahimbəyovun üzərində birləşdirilməsini özündə ehtiva edir. Ola bilər ki, seçkidə qeydə alına bilməyən Rüstəm İbrahimbəyon seçki kampaniyasına start verilən an cəmiyyəti İsa Qəmbərə səs verməyə və onu dəstəkləməyə çağırsın və bildirsin ki, vaxtilə mənim dediyim vahid namizəd bu şəxsdir. Yəni bu ssenari Rüstəm İbrahimbəyovun resurslarının İsa Qəmbərin xeyrinə işlədilməsi deməkdir. İsa Qəmbər isə hələlik kölgədə qalaraq sakit şəkildə öz planlarını hazırlayır. Bu, bəlkə də müxalifətin rezerv-gözlənilməzlik planıdır. Digər tərəfdən o da inandırıcı deyil ki, bu gedişləri hakimiyyətin spin doktorları (siyasi texnoloqlar) hesablamasınlar. Amma Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması şəraitində “milli şura”dan başqa bir şəxsin-“milli şura”da olan və neytral mövqeyə malik şəxsin namizədliyi də irəli sürülə bilər və bu zaman “milli şura”nın siyasi oyunu üç səviyyəli format ala bilər. Hər halda nəzərə almaq lazımdır ki, “milli şura”dakılar, eləcə də İsa Qəmbər öz siyasi çəkilərini itirmiş siyasətçilərdir və onlar bilir ki, cəmiyyət onlara inanmır. Buna görə də seçkidə qalib gəlmək naminə hər bir gözlənilməz plana əl ata bilərlər.

2003 və 2008-dən fərqli 2013

Müxalifətin və bir sıra qüvvələrin ittihamlarına baxmayaraq, hesab edirəm ki, 2013-cü il seçkisi demokratiyanın konsolidasiyası üçün növbəti bir addım olacaq. Bu imkan verəcək ki, ölkəmiz demokratik transformasiya yolunda daha bir addım irəli getsin. Çünki bildiyimiz kimi, keçirilən hər seçki yeni inkişaf, yeni texnologiyaların tətbiqidir. Son 5 ildə dünyada və Azərbaycanda bir çox hadisələr dəyişib. Seçki texnologiyalarında yeni yanaşmalar, namizədlərlə vətəndaşların yeni qarşılıqlı ünsiyyət formaları yaranıb. Məsələn, elə sosial şəbəkələr. Bu mənada 2013-cü il prezident seçkisi 2003-cü il və 2008-ci ildən sonra yeni, fərqli bir siyasi mənzərə ilə yanaşı, həm də Azərbaycanda demokratiyanın inkişafı üçün bir imkan olacaq. Lakin bu inkişaf üçün Azərbaycan seçicisi 1993-cü ildən bu yana Azərbaycan üçün çalışan və cəmiyyəti, dövləti inkişafa aparan qüvvəni yeni, bu yaxınlarda ortaya çıxmış və mənşəyi bilinməyən xaosdan ayıra bilməli və davamlı inkişafa səs verməlidir.
Əlimərdan Sultanov




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info