Qanunsuz aksiyalar heç bir ölkədə məqbul sayılmır
Tarix: 19.11.2018 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


İcazəsiz yürüşlər dünyanın bütün ölkələrində, birmənalı olaraq, qanun pozuntusu kimi dəyərləndirilir


Məlum olduğu kimi, bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 150 nəfərə yaxın üzvü Bakıda qanunsuz aksiya keçirməyə cəhd edib. Cəbhəçilər Şəhidlər xiyabanı istiqamətində icazəsiz yürüş-mitinq keçirmək istəyiblər. Maraqlısı isə bu idi ki, AXCP və ya “milli şura”nın aksiya, mitinqlərlə bağlı istənilən vaxt edilən müraciətlərinin böyük əksəriyyətinə müsbət cavab verilib və hətta son illərdə “Məhsul” stadionunda bir neçə uğursuz mitinqlər də təşkil ediblər. Bəs bu dəfə niyə belə icazəsiz yürüş keçirməyə cəhd etdilər? Ümumiyyətlə, qanuna qarşı çıxaraq sonda həbsə düşəcəklərini və ya saxlanılaraq cərimə olunacaqlarını bilə-bilə, belə siyasi şoular yaratmaqda məqsəd nədir axı? Azərbaycanda qanunsuz, razılaşdırılmamış aksiyanın keçirilməsi bütün sivil ölkələrdə olduğu kimi, qadağandır. Hətta Almaniyada və digər inkişaf etmiş ölkələrdə belə, istənilən siyasi yürüş, mitinqlə bağlı mütləq, ya yerli bələdiyyə orqanını, polisi, ya da şəhər rəhbərliyini məlumatlandırıb, icazə almalısan. Onlar da təhlükəsizliyin təmin edilməsi üçün həmin aksiya iştirakçılarını-yürüş koridorunu polislərlə təmin edirlər. Əks-təqdirdə istənilən yürüş dağıdılır, aksiya iştirakçıları isə saxlanılaraq, ya cərimə, ya da müvəqqəti həbs edilirlər.
Amma görünən odur ki, AXCP rəhbərlərinin bu başıpozuq davranışları, siyasi provakativ gedişləri, şouları ona hesablanmışdı ki, qanunu pozanlar saxlanılarkən, bunu sonradan bar-bar bağıraraq dünyaya insan hüquqlarının pozulması kimi qələmə versinlər. Əslində isə dünyada, demokratik ölkələr sayılan əksər dövlətlərdə belə hallar zamanı necə davranmaqla bağlı onlarla misallar var. Yəni qanunsuz yürüşlərin, aksiya və xaos yaratmağa cəhd kimi dəyərləndirilən mitinqlərin hamısı Avropa və ümumilikdə, dünyanın bütün ölkələrində birmənalı olaraq qanun pozuntusu kimi dəyərləndirilir. Üstəgəl, belə xaos yaratmağa hesablanan yürüşlər sonda nəinki dövlətə, ümumilikdə, cəmiyyətə hər mənada zərər vurur. Buna nümunə olaraq, son günlərdə ayrı-ayrı ölkələrdə baş verən bir sıra aksiya və mitinqləri də göstərmək olar.
Misal üçün, Fransada qiymət artımına qarşı keçirilən "Sarı jiletlilər"in etiraz aksiyası...
Bu aksiya zamanı təkcə bir gün içində 409 nəfər yaralanıb, onlardan 14-nün vəziyyəti ağır olub. Xəsarət alanlardan 28-i isə polis, jandarm və təcili yardım əməkdaşları imiş. "Sarı jiletlilər" arasında dava, soyuq silahdan istifadə, aqressiya halları da baş verib ki, bunlar da gecə saatlarında daha yüksək olub. Saxlanılanların da olduğu bildirilir.
Həmçinin Yunanıstanın Afina şəhərində Politexnik İnstitutunun tələbələrinin etiraz aksiyası da buna bariz nümunə ola bilər. Aksiya şəhərin Sturnari, Tositsa və Tsamadu adlanan məkanlarında baş tutub. Tələbələrin nümayişinə polis müdaxilə edib. Etirazçılar polisə daş və “Molotov kokteyli” atıb, polis isə səs bombalarından istifadə edib. Qarşıdurma nəticəsində 2 polis yaralanıb, 22 etirazçı isə saxlanılıb. Saxlanılanlardan 13 nəfər barəsində müxtəlif maddələr üzrə cinayət işi açılıb.
Qeyd edək ki, hər il noyabrın 17-də Yunanıstanda tələbələr 1973-cü ildə diktator Georgios Papadopoulos rejiminə müqavimət göstərmiş tələbələri yad edirlər. Lakin tələbələrin dinc nümayişinin qarşısı həmişə polis tərəfindən sərt şəkildə alınır.
Daha bir misal isə Bolqarıstanla bağlıdır ki, burada da ölkəni yeni kütləvi etiraz aksiyaları bürüyüb. Aksiya iştirakçıları aşağı gəlirlər, yüksək enerji və qaz tarifləri, həyat səviyyəsinin aşağı düşməsi səbəbindən küçələrə çıxıblar. Sofiya, Plovdiv, Dobrıç, Qabrovo, Montana, Yambol və digər şəhərlərdə etirazçılar yolları bağlayıblar. Paytaxt Sofiyanın müxtəlif məkanlarında asayişin qorunmasına iki min polis əməkdaşı cəlb olunub.
Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, ayrı-ayrı ölkələrdə keçirilən qanunsuz aksiyalar, xaotik vəziyyətin yaradılmasına hesablanmış yürüşlər güc strukturları tərəfindən yatırılır, qanunu pozanlar isə saxlanılaraq, polis bölmələrinə aparılır. Amma bütün bunlara, heç bir halda, nə insan hüquqları təşkilatları, nə də digər qurumlar fərqli don geyindirərək insan hüquqlarının pozulması kimi qələmə vermirlər. Elə cəbhəçilər, müxalif düşüncəli insanlar da xaricdəki bu aksiyaları, aksiyalardakı həbsləri dilə gətirmirlər, bunu adi qarşılayaraq, insan haqlarının pozuntusu kimi dəyərləndirmirlər. Amma məsələ özlərinin yürüşünə, icazəsiz aksiyalara cəhdlərinə gələndə, təbii ki, haray-həşir salmaq, şou göstərmək, gündəmdə qalmaq, ölkədə bir nömrəli müxalifətin bunların olduğunu sezdirmək üçün yürüşlərinin qarşısının alınmasına min cür don geyindirirlər, beynəlxalq təşkilatların diqqətini ölkəmizə yönəltməyə çalışırlar.
Xülasə, artıq nə zaman 90-cı illərdəki zamandır, nə də kütlə həmin kütlədir. Bəlkə də, həmin dövrdə insanların inamından istifadə edib, müəyyən nüfuz qazanıb, öz siyasi oyunlarınız uğurla oynaya bildiniz. Amma bu gün xalq artıq kimin kim olduğunu gözəl anlayır, icazəsiz yürüşünüzdən də bəlli olduğu kimi, sosial bazanız o qədər zəifləyib ki, heç 200 nəfəri bir araya toplaya bilmədiniz...
Məlum aksiyaya cəhd zamanı isə ərazidə xidmətdə olan polis əməkdaşlarının operativ olaraq həyata keçirdikləri qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan icazəsiz yürüş-mitinqin qarşısı alındı. Bu da, əslində, dövlətimizin gücündən, ictimai asayişin qorunmasının bir nömrəli məsələ olmasından xəbər verir. Dövlət nə qədər güclü olarsa belə xaos yaratmağa cəhd edənlərin arzu və xülyaları, bax beləcə, ürəklərində qalacaq. Dövlətin gücünə güc qatan isə xalqın, cəmiyyətimizin ona olan inamıdır.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Azərbaycan altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi”
14.12.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
14.12.2018
ABŞ Konqresi qətnamə qəbul edib: ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir
14.12.2018
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14.12.2018
İnformasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info