“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
Tarix: 19.11.2018 | Saat: 20:53:00 | E-mail | Çapa göndər


Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi özünü təqdim edən Bako Saakyanın Fransa və ABŞ-a səfəri geniş narazılıq doğurub. Politoloq Qabil Hüseynli SİA-ya açıqlamasında deyib ki, Bako Saakyanın Fransadan sonra ABŞ-a səfəri əlavə suallara yol açır: “O, hansı pasportla, viza ilə bu ölkələrə gedir. Belə məlumatlar yayılıb ki, guya, qondarma Dağlıq Qarabağ Respublikası artıq öz diplomatik pasportlarını da əldə edə bilib. Bunlar Ermənistan pasportu ilə uçurlarsa, onlara viza verən, pasportlara viza peçatı qoyan dövlət sözdə həmin qondarma dövləti tanımadıqlarını və Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiklərini bildirirlər”.
Politoloqun sözlərinə görə, amma əməldə isə çox biabırçı və beynəlxalq hüququn normalarına sığmayan abırsız bir hərəkət edirlər: “Bu çox qəribədir. Özü də bu, o zaman baş verir ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Daha sonra NATO-nun Zirvə toplantısı postsovet məkanındakı bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsini müzakirə edir və xüsusi bəyanat qəbul edir. Avropa Şurası isə çoxdan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Eləcə də ATƏT-in Lissabon Sammiti də ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən qərar qəbul edib. İndi bu qərarlara, BMT-nin dörd qətnaməsinə məhəl qoymadan, özləri separatçılığa qarşı mübarizənin zəruriliyindən dəm vuran ölkələr separatçı bir qurumun rəhbərliyini dilənçilik etmək, yardım toplamaq üçün öz ərazilərinə buraxırlar. Fransaya da onlar erməni diasporundan pul yığmaq üçün getmişdilər. İndi isə ABŞ-a yollandılar. Onların çox məkrli niyyətləri var. Əsas məsələ odur ki, dünya düzəninin qorunmasına daha çox qayğı göstərdiklərini iddia edən dövlətlər gözümüzün qarşısında beynəlxalq hüququn və dünya düzəninin pozulmasına tipik nümunə ola biləcək bir hərəkətə rəvac verirlər. Görünür, Azərbaycan tərəfi bu məsələyə son qoymaq üçün başqa cür hərəkət etməlidir”.

“Bako Saakyanın həmsədr ölkələr tərəfindən dəvət olunmasını düzgün addım hesab etmirəm”
Beynəlxalq ekspert Tamerlan Vahabov da Bako Saakyanın həmsədr ölkələr tərəfindən dəvət olunmasını düzgün addım hesab etmir: “Çünki bu, Dağlıq Qarabağ və onun ətrafında baş verənlərə aid məsələlərin həllində konstruktiv addım deyil”.
Bundan öncə də belə halların baş verdiyini deyən ekspertin sözlərinə görə, Azərbaycan, hər zaman olduğu kimi, indi də məsələ ilə bağlı kəskin mövqeyini ortaya qoymaqdadır: “Təbii ki, bu, danışıqlar prosesinə ciddi təsir etmək imkanına malik deyil. Amma problemin həlli istiqamətində vasitəçi kimi iştirak edən ölkələr tərəfindən bu cür addımların atılması müsbət hal deyil”.
Azərbaycanın ABŞ, eləcə də Fransa ilə ikitərəfli münasibətlərə malik olduğunu deyən T.Vahabov söyləyib ki, bu ölkələr də Azərbaycanın regionda olan vacibliyini anlayır: “İnanırıq ki, bu ölkələr bundan sonra ikitərəfli münasibətlərə xələl gətirəcək addımlara yol verməyəcək”.

“Qondarma rejim Fransa və ABŞ-ın rəsmi dairələrindən maliyyə yardımı istəyə bilməz”

Politoloq İlqar Vəlizadənin fikrincə isə Bako Saakyanın bundan əvvəl Fransaya və daha sonra ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir. O bildirib ki, həmsədrlərin bəyanatları ilə əməli işlərinə nəzər saldıqda, onlar arasında kifayət qədər ziddiyyətli məqamları görmək mümkündür.
Bu cür səfərlərin Azərbaycanda ATƏT-in Minsk qrupuna olan inamı daha da azaltdığını deyən politoloq təəssüflə qeyd edib ki, ölkəmiz tərəfindən həmsədrlərə bununla bağlı dəfələrlə müraciətlər olunsa da, onlar tərəfindən heç bir reaksiya verilmir: “Belə vəziyyətdə Minsk qrupunun iş əmsalı, real fəaliyyəti xeyli dərəcədə azalır. Qurumun qarşıya qoyduğu məqsədlərlə atdıqları addımlar üst-üstə düşmür. Biz buna təəssüf edirik”.
İ.Vəlizadə vurğulayıb ki, sözügedən səfərlər Azərbaycanla Fransa və ABŞ arasında münasibətlərə xələl gətirə bilər: “Qondarma rejimin məhz Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən ölkələrə səfərlər etməsinin məqsədi öz varlığını göstərməkdir. Onlar bu addımlarını erməni ictimaiyyətinə rəsmi səfərlər kimi təqdim edərək rəsmi şəkildə ölkələr arasında tanınmadıqlarına baxmayaraq, əslində, vəziyyətin başqa cür olduğunu, səfər etdikləri ölkələrlə “xarici siyasət” apardıqlarını nümayiş etdirməyə çalışırlar. Lakin ən pisi həmsədr ölkələrin qondarma rejimə öz istədiklərini deməyə imkan yaratmasıdır”.
Separatçı rejimin Fransa və ABŞ-a səfəri zamanı onlardan maliyyə dilənçiliyi etməsi məsələsinə gəlincə politoloq qeyd edib ki, qondarma rejim bu ölkələrin rəsmi dairələrindən maliyyə yardımı istəyə bilməz.
Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsinə gəlincə, İ.Vəlizadə bildirib ki, bunu etmək üçün konsensus olmalıdır: “Minsk qrupunun bütün üzvləri həmsədr ölkələrin dəyişdirilməsinə razı olmalıdır. Lakin buna baxmayaraq, Azərbaycan tərəfi öz kəskin narahatçılığını bildirərək, problemin həlli üçün başqa imkanlarının mövcudluğu məsələsini ortaya qoyur”.
Məlumat üçün nəzərinizə çatdıraq ki, separatçı rejimin “rəhbəri” Bako Saakyan noyabrın 14-də Fransaya, noyabrın 16-da ABŞ-a səfər edib. Azərbaycan Xarici İşlər Nazirliyi həmin səfərlərlə bağlı Fransa və ABŞ hökumətinə etirazını bildirib.

“Fransa Prezidentinin regiona son səfəri ikili standartlar siyasətinin göstəricisidir”
Müstəqil ekspert Tahir Sabitov isə “Trend”ə deyib ki, Fransa ATƏT Minsk qrupunun həmsədri qismində bütün imkanlarını bitirib, ona görə də Azərbaycan bu ölkənin bu qurumdan çıxarılması məsələsini qaldırmaq hüququna malikdir. O bildirib ki, Qarabağ separatçısının Fransaya tez-tez baş verən səfərləri onu nümayiş etdirir ki, bu ölkə ənənəvi olaraq Ermənistanyönümlü siyasət yeridir: “Məlumdur ki, Fransada güclü erməni lobbisi mövcuddur və məhz erməni oliqarxlar bu ölkədə prezident və parlament seçkilərinə sponsorluq edir. Ermənilər Fransa dövlət orqanlarında aparıcı vəzifələr tutur və ölkə daxilində müəyyən təsir rıçaqına malikdirlər. Fransa Prezidentinin regiona son səfəri zamanı Ermənistana getməsi, lakin Azərbaycana səfər etməməsi ikili standartlar siyasətinin göstəricisidir. Fransa ATƏT Minsk qrupunun həmsədri olaraq münaqişə tərəfləri arasında balansı qorumalıdır”.
Ekspert əlavə edib ki, faktiki olaraq işğalçı ölkəni dəstəkləməklə Fransa məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olan təşkilatda beynəlxalq vasitəçi kimi mövcudluğunu sual altında qoyur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib
13.12.2018
“Şərq Tərəfdaşlığı ölkələrində dondurulmuş münaqişələrin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir”
12.12.2018
“Qondarma rejim tərəfindən vətəndaşların, həmvətənlərimizin hüquqları kobudcasına pozulub”
11.12.2018
“Türkiyə yalnız Azərbaycan ərazilərinin azad olunmasından sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”
10.12.2018
“Azərbaycan хalqının başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılmasında ardıcıl tədbirlər həyata keçirilir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info