Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
Tarix: 20.11.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Xalqımızın ümummilli lideri Heydər Əliyevin tükənməz Vətən sevgisinin ən gerçək ifadəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il keçməkdədir. Bu müddət ərzində ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın və digər sahələrə aid təkmilləşmənin ən mütərəqqi yollarının müəyyənləşdirilməsi ilə böyük kütləni özündə birləşdirən və eyni zamanda həmin kütlənin etibarlı güvənc yerinə çevrilən Partiyamız Azərbaycan dövlətinin siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsində çox əhəmiyyətli mövqeyi ilə seçilməkdədir. Yeni Azərbaycan Partiyası, adından da göründüyü kimi:
- yeniliyin, müasirliyin, inkişafın, tərəqqinin, intibahın, dünyaya inteqrasiyanın (çıxışın) və gələcəyin partiyasıdır;
- vətənpərvərliyin, milli ruhda yaşamağın, xalqa bağlılığın, ona nicat yolu olmağın, xilaskarlığın və bütün bu kimi yüksək keyfiyyətlərin məcmusu və məqsədi olan azərbaycançılığın ən qürurverici ifadəsidir;
- söz azadlığının, qanunun aliliyinin, müstəqil fikrin, demokratik dəyərlərin, sosial ədalətin, iqtisadi perspektivlərin təminatı üçün ən səmərəli ideya və təşəbbüslərin müəllifidir;
- insan amilinin üstün tutulduğu, onun hüquqlarının qorunduğu, dünyagörüşünün, mədəni keyfiyyətlərinin, məşğulluğunun, rifahının və s. dəyərlərin yüksək səviyyədə gerçəkləşdirilməsini hədəfləyən siyasi institutdur;
- ölkənin iqtisadiyyatında keyfiyyətcə yeni mərhələnin əsaslarının müəyyən olunmasında, onun regional və milli mahiyyətinin artırılmasında, sosiallaşma proseslərinin sürətlənməsində ən mühüm tədbirlərin məcmusunu özündə yaşadan partiyadır və s.
Azərbaycan dövlətinin müstəqilliyi, xalqının firəvanlığı, iqtisadiyyatının inkişafı kimi humanist ideyalara xidmət etmək üçün yüksək ideoloji təşkilatlanmanın əsasları partiyamızın Proqram və Nizamnaməsində öz əhatəli əksini tapmışdır. Təbii ki, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının ilk təsis konfransı keçirilməklə, bu ali məqamlar milli dövlətçiliyin qorunması və inkişafında güclü təsirə malik oldu. Orada müəyyən edilən qayda, istiqamət, vəzifə və prinsiplər bu gün də hər bir vətəndaşın işıqlı sabahına xidmət etməkdədir. Orada yer alan əsas prinsiplər kimi:
- Müstəqil dövlətçilik prinsipi;
- Qanunçuluq prinsipi;
- Azərbaycançılıq, vətənçilik prinsipi;
- Varislik, yaradıcı təkamül prinsipi;
- Konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi prinsipi;
- Sosial ədalət prinsiplərini qeyd edə bilərik.
Bütün bu kimi yüksək dəyərlər, eyni zamanda Yeni Azərbaycan Partiyasının Nizamnaməsində də öz əksini tapmışdır. Nizamnamədə partiyanın məqsəd və vəzifələri adlı bölməsinin I maddəsində göstərilir: Yeni Azərbaycan Partiyasının ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ətrafında birləşdirilməsindən ibarətdir.
Çox yüksək və ali dəyərlərin ifadə olunduğu bu məsələlər partiyanın müasir dövrün tələblərinə, qanunlarına və proseslərinə verdiyi töhfələri də bəyan etməkdədir. Bunlar isə Yeni Azərbaycan Partiyasının:
- inkişaf istiqamətli olduğunu göstərir. Davam edən islahatların müşayiəti ilə ölkədə neft və qeyri-neft sektorlarının bir-birini stimullaşdıran inkişafı, beynəlxalq iqtisadiyyata inteqrasiyada çeviklik, sülhün, əmin-amanlığın və humanistliyin tərəfdarı olaraq daha da güclü mövqenin ortaya qoyulması məhz partiyanın təşəbbüsləri arasındadır;
- aydınlıq gətirdiyini göstərir. Siyasi xaosun, hərbi münaqişənin, iqtisadi böhranların hakim kəsildiyi ötən əsrin 90-cı illərinin əvvəllərində mövcudluğun, var olmanın, yaşamın yenidən bizləri əhatə etməsi məhz bu partiyanın və onun müdrik liderinin sayəsində mümkün oldu;
- məhsuldar ideyalara müəlliflik etdiyini göstərir. Artıq ölkəmiz bu ideyalar əsasında nəinki Cənubi Qafqazda, hətta dünyada sosial-iqtisadi və siyasi proseslərin daha perspektivli olmasını istiqamətləndirə bilir. Dünya bazarında Azərbaycan istehsalı olan məhsullara yer verilməkdədir. Azərbaycanın müəllifi olduğu ideyalar, hətta inkişaf etmiş ölkələrin iqtisadi inkişafını daha da sürətləndirməkdədir;
Buradan da görünür ki, Yeni Azərbaycan Partiyası böyük Heydər Əliyevin yüksək təcrübəyə söykənən rəhbərliyi altında milli vətənpərvərlik ruhunu aşılamaqla, hüquq və azadlıqların, daimi inkişafın, müasirliyin, əmin-amanlığın, sabitliyin, firavanlığın tərəfdarı, təbliğatçısı və bəyanedicisi kimi üzərinə çox böyük tarixi missiya götürmüş oldu. Dahi rəhbərin milli dövlətçilik üçün müəyyən etdiyi siyasi xətt partiyanın həm də sosial-iqtisadi proseslərin tənzimlənməsindəki fəal roluna işıq salırdı. Buna görə də 1992-ci ildə təsis edilən partiyamız öz dahi liderinin rəhbərliyi altında müasir Azərbaycan tarixinə milli iqtisadi inkişafı qızıl hərflərlə yazmağa başladı. Ölkəmiz ötən 26 ildə milli zəmində olduğu kimi həm də:
- iqtisadi inkişafını elan etmiş oldu. Yəni ilk olaraq keçmiş inzibati-amirlik sisteminin müasir bazar münasibətlərilə ziddiyyət təşkil edən uyğunsuzluğundan xilas oldu. Bazar iqtisadiyyatının tələb və qanunları əsasında özünə yeni inkişaf xətti müəyyənləşdirdi. Bununla da bu günə qədər fəxrlə sadaladığımız “Əsrin Müqaviləsi” imzalandı, nəhəng iqtisadi islahatlara start verildi, neft və qeyri-neft sektorlarının çoxşaxəliliyə xidmət edən perspektivləri aşkar edildi, dəstəkləndi;
- sosial dayanıqlığını möhkəmləndirdi. İnsan hüquq və azadlıqlarının, onun ayrılıqda bir şəxs, bütövlükdə isə cəmiyyətin və xalqımızın dəyərli üzvü olmaq etibarı ilə bir potensial kimi inkişafına günbəgün artmaqda davam edən diqqət göstərildi. Neft kapitalının məhz insan kapitalına çevrilməsi əsasında ondan sosial-iqtisadi inkişafın təmin edilməsində fəal iştirakçı kimi istifadə edildi. Nəticədə qanunvericiliklə müəyyən edilən, yeni, innovativ düşüncəli, məhsuldar təşəbbüsə söykənən çoxsahəli fəaliyyət təmin edildi;
- milli-mənəvi dəyərlərini qorumuş oldu. Eyni zamanda dövlət öz vətəndaşına sahib çıxdı. Onun zəhmətkeş, həkim, müəllim, sahibkar, istehsalçı, istehlakçı, kəndli (şəhərli), eləcə də digər sahə və istiqamətlər üzrə ixtisaslaşmış mütəxəssis kimi formalaşması, onların müvafiq sahə üzrə həvəslə çalışması, bununla da milli-mənəvi dəyərlərimizin yaşadılması sahəsindəki xidmətləri ilə zəngin kütlə formalaşdı.
Yeni Azərbaycan Partiyası öz Proqram və Nizamnaməsində bütün sahələr üzrə səmərəli mexanizmlər bəyan edir. Bunların içərisində dövlətin inkişafı sahəsindəki ali məqsədlər yer almaqla partiyanın daxili siyasət strategiyası müəyyən edildi, onun iqtisadi və sosial siyasətinin zəruri istiqamətləri faydalılıq meyarı kimi qeyd olundu. Orada iqtisadi siyasət haqqında göstərilir ki, iqtisadiyyat hər bir dövlətin mövcudluğunun əsası kimi onun fəaliyyətinin başlıca sahəsi hesab olunur. Güclü iqtisadiyyat vətəndaşların maddi, mənəvi sosial cəhətdən zəngin və s. firavan həyat şəraitində yaşamasını təmin edir. Bununla yanaşı, partiya hesab edir ki, Azərbaycan zəngin intellektual potensiala, əsaslı istehsal fondlarına və böyük işçi qüvvəsinə malikdir. Bütün bunlardan Azərbaycanın müstəqilliyini möhkəmləndirmək və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün səmərəli istifadə olunmalıdır. Orada, həmçinin iqtisadi və aqrar islahatların zəruriliyinə, elmi-texniki tərəqqinin nailiyyətlərindən və qabaqcıl texnologiyalardan geniş istifadə edilməsinə, məhsuldar qüvvələrdən səmərəli istifadə olunmasına, investisiya siyasətinin çevik və operativ idarəçiliyinin təşkil edilməsinə, elmi proqnozlara və iqtisadi proqramlaşdırmaya üstünlük verilmişdir.
Yeni Azərbaycan Partiyası iqtisadiyyatın sosialyönümlülüyünün tərəfdarı kimi çıxış edərək onun təmin edilməsi üçün ölkənin iqtisadi inkişafını sürətləndirmək və sosial islahatlar yolu ilə vətəndaşlara layiqli həyat şəraiti yaratmaq, xalqın əmək və ictimai fəallığını artırmaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, insanlara sağlam həyat tərzi aşılamaq üçün fəal və məqsədyönlü şəkildə sosial siyasət aparmağa tərəfdar çıxır.
Bu gün böyük Heydər Əliyev ideyaları ilə çiçəklənən ölkəmizin və onun regionlarının hazırkı inkişaf səviyyəsinə baxdıqda əmin oluruq ki, dövlətimizin bazar iqtisadiyyatının və azad sahibkarlığın inkişafı yolu ilə istehsalın yüksəldilməsinə, vətəndaşların rifah halının təmin olunmasına, ölkədə fəal sosial siyasətin həyata keçirilməsinə nail olmaq istiqamətində böyük inkişaf yolu keçməsində güclü təcrübəsi vardır. Hazırda ölkə başçısı İlham Əliyevin müasir dövrdə aktuallığını artıran tələbləri əsasında daha da inkişaf etdirdiyi və möhkəmləndirdiyi müstəqil Azərbaycan dövlətinin uzaq gələcək üzrə perspektivlərində Yeni Azərbaycan Partiyasının müəyyənləşdirdiyi məqsəd və vəzifələr öncül yer tutmaqdadır.
1992-ci ildən böyük vətənpərvərliklə fəaliyyətə başlayan partiyamızın bəxş etdiyi üstünlüklər müasir dövrdə dünya miqyaslı mahiyyəti diqqəti daha çox cəlb etməkdədir. Daha geniş miqyasda ehtiyac duyulan inkişafa, tərəqqiyə və intibaha dünya ölkələrinin çox böyük ehtiyacı var. Ya iqtisadi böhranlardan, ya siyasi gərginliklərdən, ya narıncı inqilablardan, ya da ərəb baharlarından əziyyət çəkən ölkələr bu amillərin dəyər və mahiyyətini daha yaxşı anlayarlar. İqtisadi böhranlardan sarsılan Yunanıstanın, İspaniyanın, İtaliyanın, narıncı inqilablardan sıxıntıya məruz qalan Ukraynanın, Gürcüstanın, Qırğızıstanın, ərəb baharlarından hərtərəfli tənəzzülə uğrayan Misirin, Liviyanın, Suriyanın və s. ölkələrin acı taleyi gözlərimiz qarşısındadır. Düşmən ölkə Ermənistanda hələ də davam edən siyasi gərginliklər gələcək üçün heç nə vəd etmir. Dünya durmadan dəyişir. Bir zamanlar söz sahibi olan ölkələr artıq, nəinki danışa bilmir, hətta təqiblərə məruz qalır. Bu mənada həmin ölkələrin böyük qurtuluşa ehtiyacları da böyükdür. Sözün həqiqi mənasında, gedən proseslər göstərir ki, Heydər Əliyev siyasəti bir ölkənin hüdudlarından da kənara çıxmaqla bütün dünya miqyasında bir model kimi tətbiq edilməlidir. Tarix və hadisələrin gedişi göstərir ki, Heydər Əliyev siyasəti ədalət və humanizm prinsiplərinin məcmusudur. Heydər Əliyev siyasəti xalqların firavanlıqla yaşaması üçün ən mühüm idarəetmə formasıdır. Heydər Əliyev siyasəti yüksək vətənpərvərlik, milli ruh məktəbidir. Heydər Əliyev siyasəti ölkədə, regionda və dünyada sülhün və əmin-amanlığın açarıdır. Ona görə də bu siyasətə sadiq qalmalı, onu sevməli, qorumalı və yaşatmalıyıq.
Ölkəmizdə milli iqtisadiyyatın uzaq gələcək üzrə perspektivliyinin daha da gücləndirilməsi sahəsində strateji tədbirlər həyata keçirilməkdədir. Bu, eyni zamanda Azərbaycan Respublikasının malik olduğu təbii ehtiyatlarından və coğrafi yerləşməsindən olduqca səmərəli istifadə etdiyini göstərir. Digər tərəfdən bu, ölkənin sosiallaşan iqtisadiyyatının xalqın maraq və mənafeyini yüksək və artan dinamika ilə ifadə etdiyini özündə əks etdirməkdədir. Dövlətimizin hadisə və proseslərin inkişafyönümlü davamlılığındakı qətiyyətliliyini ortaya qoymaqdadır. Məhz Yeni Azərbaycan Partiyası da 700 min nəfərdən artıq üzvü, eləcə də öz ideya və təşəbbüslərinin məhsuldarlığı ilə regionların sosial-iqtisadi inkişafında, iqtisadiyyatın sahə strukturunun bir-birini düzgün əlaqələndirməsində, şaxələndirmənin səmərəliliyində və digər məsələlərin təşkili və idarə olunmasında məqsədyönlü addımlar atmaqdadır.
Yeni Azərbaycan Partiyası ölkəmizə siyasi sabitliklə müşayiət edilən iqtisadiyyat bəxş etdi ki, orada da neft sektoru fonunda “Əsrin Müqaviləsi”ni, neft və qaz kəmərlərini, qeyri-neft sektoru fonunda isə artan perspektivlərə malik olan sənayeləşmə prosesləri, İKT, turizm, kənd təsərrüfatı və s. məcmusundan ibarət güclü potensial yer almaqdadır. Hazırda qitə və materiklər arasında körpü olacaq təşəbbüslər məhz bizim partiyanın iqtidarlığı ilə təmin edilməkdədir.
Bu gün böyük qürurla deyə bilərik ki Azərbaycan dövlətinin:
- milli, siyasi, iqtisadi maraqlarının müdafiə edilməsi və qorunması;
- bütün sahələr üzrə islahatların prioritetlərə uyğun olmaqla və düşünülmüş şəkildə, həm də qətiyyətlə aparılması;
- güclü dövlətçilik ənənələrinə malik olan idarəetmənin daha da möhkəmləndirilməsi və digər sahələrdəki uğurlar partiyamızın ulu öndərimizdən miras qalan ən mütərəqqi nailiyyətləridir.
Beləliklə, müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafında böyük xidmətləri olan, demokratik və dünyəvi dövlət quruculuğundakı rolu ilə qürurumuza çevrilən və gücünü hər birimizin, milyonların sevgisindən alan Yeni Azərbaycan Partiyası 26 yaşını qeyd edir. Yalnız inkişaf və tərəqqi istiqamətli ideyaların məcmusunu özündə əks etdirən partiya ölkənin dayanıqlı və müqavimətli potensialını daha da artırmaqdadır.
Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Dövlətin yaratdığı geniş imkanlar sayəsində gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevrilib
13.12.2018
Türkiyənin səfiri: Heydər Əliyev kimi tarixi şəxsiyyətlər nadir hallarda dünyaya gəlirlər
13.12.2018
Zurab Quberidze: “Gənc diplomatlar Heydər Əliyevdən çox şey öyrənirdilər”
12.12.2018
Yuli Qusman: Azərbaycan – çiçəkləri Heydər Əliyev tərəfindən əkilən gülüstana çevrilib
11.12.2018
Politoloq: Ermənistanda növbəti marionet hakimiyyət formalaşdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info