Sona Teymurbəylinin şeirlərində xalq ruhu hiss olunur
Tarix: 21.11.2018 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Sona xanımın şeirlərində bədii cizgilərlə verilən obrazlar oxucu zövqünü oxşamaqla yanaşı, gözəl poetik incilərin yaranmasına səbəb olur. Onun şeirlərində özünəməxsus üslub, qayda-qanun və mükəmməl ədəbiyyat nəzəriyyəsi mövcuddur. Xalq üslubunda yazıb-yaradan bu xanım regionda yaşasa da, ciddi yaradıcılıqla məşğuldur. Klassik üslubda ürək oxşayan saysız şeirlərin müəllifidir. Onun şeirlərində xalq ruhu hiss olunur. Şeirlərində fikirlərini müfəssəl şəkildə oxucuya çatdırmaqla yanaşı, sözlərin işlənmə mexanizminə ciddi əməl edir. Şairənin yaradıcılığı onun ədəbi-tənqidə cəlb olunmasına əsas verir. Dövrümüzdə Səadət Buta, Pərvanə Zəngəzurlu, Südabə İrəvanlı, Güllü Tomarlı və digər adlarını çəkə bilmədiyimiz xanım şairlərlə bərabər, Sona Teymurbəylinin yaradıcılığı da ustad aşıq və şairlərin yaradıcılığının davamıdır.
İndi isə Sona xanımın yaradıcılığından seçdiyimiz şeirlərini oxucularla bölüşürük:

Gəl, qadan alım
Aylardır, yoluna dikilib gözüm,
Mehr-məhəbbətim, gəl, qadan alım.
Gəldiyin yollara qurbanam özüm,
Sənsən səadətim, gəl, qadan alım.

Sənin gedişini mən hara yozum?
Bu uzun hicrana, de: necə dözüm?
Kəsilib qərarım, qurtarıb sözüm,
Tükənib taqətim, gəl, qadan alım.

İllərdir, bir deyib, bir də gülərdik,
Sevinci, kədəri yarı bölərdik.
Nələr arzulardıq, nələr dilərdik,
Eşqim, sədaqətim, gəl, qadan alım.

Əzəldən kamana, tara bağlıyam,
Sən mənə, mən isə yara bağlıyam.
Sənin gedişinlə lələdağlıyam,
Ay ülvi-ülfətim, gəl, qadan alım.

Gəl, xoş baxışınla könlümü dindir,
Sil gözümün yaşın, məni sevindir.
Bu donan qəlbimi isit, isindir,
İlahi qismətim, gəl, qadan alım.
19.08.18



Saxlayacağam
Sən gəldin ömrümə hay-haray kimi,
Arxalandım sənə bir çinar kimi,
Coşub-çağlasam da dəli çay kimi,
Sən getdin, bir daha axmayacağam.

Çəkmədi sevgimdən hicran əlini,
De, niyə tez üzdün məndən əlini,
Son anda əlimdə qalan əlini,
Qiyamət günədək sıxmayacağam.

Hicran yollarıma yağıb qar kimi,
Sırsıra bağlayıb lay divar kimi,
Sıxılıb dolsam da, buludlar kimi,
Sən üzülmə deyə, yağmayacağam.

Sənsizlik ömrümə qəmi gətirdi,
Dumanı gətirdi, çəni gətirdi,
Qara saçlarıma dəni gətirdi,
Sənsizlik torundan çıxmayacağam.

Bir ruha çevrilib, pəriyə dön gəl,
Məni tənha qoyma, bəriyə dön gəl,
Mənimçün əbədi geriyə dön gəl,
Amalam, yollara baxmayacağam,
Ayrılıq çələngi taxmayacağam,
Səni ürəyimdə saxlayacağam!!!
03.09.18



Sən getsən
Sən getsən, arxanca buludtək dolsam,
Qayıtsan, günəştək gülümsəyərəm.
Dərdini-sərini mənimlə bölsən,
Yanağında donan yaşı silərəm.

Sən getsən, arxanca yağıştək yağsam,
Qayıtsan, yoluna güllər səpərəm.
Gəlişini bilib yoluna çıxsam,
Önündə torpağı, daşı öpərəm.

Sən getsən, həsrətdən donsa qələmim,
Qayıtsan, şəninə dastan düzərəm.
Bilsəm ki, xoşbəxtsən mənsiz, nə qəmim,
Mən də fərəhlənib rahat gəzərəm.
10.08.18


Amalım
Mən uymadım bu dünyada şöhrətə,
Nə ad-sana, nə də ki, var-dövlətə.
Uydum yalnız düzlük adlı xislətə,
Bu dünyada həqiqətdir amalım.

Xəyanətdən bağrım başı alışdı,
Göz yaşlarım dürməyimə qarışdı.
Sevinc üz döndərdi, kədər barışdı,
Yıxılmadım, dəyanətdir amalım.

Vurubdur başına yanlış sevdası,
Biləmmirəm, dava nəyin davası?
Sən dediyin mən deyiləm qadası,
Etibardır, sədaqətdir amalım.

Qürurluyam, dəyişməzəm, özüməm,
Açılmayan düyünlərə çözüməm.
Hər çətinə, hər müşkülə dözüməm,
Mətinlikdir, mətanətdir amalım.

A dostlara gecə-gündüz şər yazan,
İblis kimi sıra yarıb, səf pozan.
Özünə gəl, ağıllı ol, ad qazan,
Ad qalacaq! Ədalətdir amalım.

Bu dünyada seç sən ağı qaradan,
Şər-böhtanı, de, tapırsan haradan?
Sonda ağır olar cəzan, a nadan,
Yaradandan! İbadətdir amalım.

Gəl su qatma dost-tanışın aşına,
Etdiklərin bir gün gələr başına.
İnanmazlar timsahın göz yaşına,
Amal deyər, səadətdir amalım.
13.09.18


İndi
Sən məni əbədi tərk edib getdin,
Möhtacam bir arxa-dayağa indi.
Qəlbimi kədərə, qəmə qərq etdin,
Göz yaşım dönübdür bulağa indi.

İçimə həsrətin qoru dolubdu,
Tənhalıq saçımı vaxtsız yolubdu.
Dürüstlük də mənə günah olubdu,
Dostlarım çəkirlər qınağa indi.

Elə ki, tərk etdi əlin əlimi,
Saxlaya bilmədim gözüm selini.
Əlin darayardı ipək telimi,
Nifrət eyləyirəm darağa indi.

Ömrümə nur saçan eşq ulduzuydun,
Damağımın dadı, balı, duzuydun.
Dilimin kəsəri, şirin sözüydün,
Əllərim çatmayır o çağa indi.

Amalam, çəkirəm ah, nələr, nələr,
Başıma bu boyda dünya dar gələr,
Bir qələm, bir kağız, sənsiz gecələr...
Meylimi salmışam varağa indi.
14.09.18


Gözləyərəm
Sevgilim, bilsəm ki, dönərsən geri,
Ötsə neçə bahar, qış gözləyərəm.
Həsrətlə sayaram ayı, illəri,
Basaram bağrıma daş, gözləyərəm.

Gəzib haraylaram aranı, dağı,
Dərəni, təpəni, ormanı, bağı.
Bilsəm yetişəcək o vüsal çağı,
Gözümdə buludtək yaş, gözləyərəm.

Hicrana dözmüşəm, yenə dözərəm,
Kədərdən telimə çələng düzərəm.
Həsrətin bağrını sənlə əzərəm,
Qoyaram yoluna baş, gözləyərəm.

Hər zaman deyərdin: "gülüm, çiçəyim,
Könlün nə istəyir? Nədir diləyin?".
Qoy indi söyləyim: "Baş tacım, bəyim,
Yenə ürəyimdə coş, gözləyərəm".

Qəlbim qan ağlayır sən gedən gündən,
Amalı dağlayır, sən gedən gündən,
Bir yarım ağlayır, sən gedən gündən,
Bir yarım qalıbdır boş, gözləyərəm.
15.11.18


İnsan
Əli iş tutandan, əqli kəsəndən,
Hey tikir, hey qurur, yaradır insan.
Mayası torpaqdan yoğrulduğundan,
Elə torpağa da can atır insan.

Ana Vətənimin hər tərəfində,
İnsan əməyi var, alın təri var.
İnsanın ruhunda, qan damarında,
Allahın xofuyla, İblis şəri var.

Ruhuna, qanına şər çökdüyündən,
Həm tikir, həm qurur, həm yıxır insan.
Xeyir əməlindən şər içdiyindən,
Durub peşman-peşman hey baxır insan.

Belədir əzəldən insan əməli,
Hey əkir, hey biçir, hey yığır insan.
Xeyirlə zidd durur şərin əməli,
Əkib-biçdiyini dağıdır insan.

Çalışır-vuruşur gündüz-gecəli,
Yarımçıq işlərdən darıxır insan.
Elə ki, vaxt gəldi, çatdı əcəli,
Bir qarış torpağa sığışır insan.


Durnalar
Yenə göy üzündə dəstə düzəldib,
Uçurlar harasa enə durnalar.
Nə mərəz bilirlər, nə həkim, təbib,
Vermirlər loğmana sinə durnalar.

Bilmirəm mən olub, mən nə udmuşam?
Saçıma tökülüb dən, nə udmuşam?
Amma əllərimi göyə tutmuşam,
Düşməsin dumana, çənə durnalar.

Budur, qan ağlayır bulaqlarım da,
Şuşam cingildəyir qulaqlarımda.
Nə ola, kaş əsir torpaqlarım da
Sizlər dönən kimi dönə, durnalar.

Bilmirəm dünyada bu nə sirdi, sirr,
Suçlu da özünü sanır pirdi, pir.
Dəstəniz göstərir: "Güc birlikdədir",
Qoymayın bu birlik sönə, durnalar.

Amalam, gör qəlbim nələr anladır,
Sanmayın bu sevgim bir təmənnadır.
Bəlkə, bir dostum var, adı Durnadır,
Onunçün əzizdir mənə durnalar.
20.09.18

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib
11.12.2018
İstanbulda “İrəvan - gizlədilmiş həqiqətlər” filminin təqdimatı olub
10.12.2018
“Çarəsiz sərnişinlər” tamaşasının məşqlərinə start verilib
10.12.2018
Tural Turanın şeirlər kitabının imza günü keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 “Özümü qərib ölkədə hiss etmədim”
4 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
5 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info