“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
Tarix: 21.11.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


İki boru xəttini birləşdirən "qızıl qaynaq" Türkiyə-Yunanıstan sərhədində yerləşən Meriç çayı sahilində gerçəkləşib

Son illər ərzində öz enerji siyasətini ardıcıl şəkildə irəliyə aparan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli rol oynayan bir ölkədir. Enerji təhlükəsizliyi, əslində, hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir və bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. TANAP-ın XXI əsrin layihəsi olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, “Şahdəniz-2”, TANAP və TAP Avropanın ən böyük infrastruktur layihələridir: “Bizim siyasətimiz, enerji siyasətimiz, cəsarətli siyasət olmasa idi, bu layihə heç vaxt reallaşa bilməzdi. Bu layihələrin təşəbbüskarı Azərbaycandır”.
Böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazım idi, beləliklə, Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı praktiki işlərə start verildi. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı. Beləliklə, Cənub Qaz Dəhlizinin reallaşmasına güclü təkan verildi. TANAP layihəsi Cənub Qaz Dəhlizinin önəmli hissəsidir.
Trans-Anadolu qaz kəməri layihəsinin icrası müstəqilliyimizin daha bir mühüm hadisəsi kimi tarixə düşdü.
TANAP-ı tarixi layihə adlandıran ölkə başçısı bildirib ki, bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq: “Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq bunu biz çox böyük müvəffəqiyyətlə icra etdik. TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Əminəm ki, yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizi icra edilmiş olacaq. Bu tarixi nailiyyət bizə imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın”.
Beləliklə, bu gün dünyada XXI əsrin layihəsi kimi tanınan, həm Azərbaycan, həm də region üçün əhəmiyyətli layihələrdən biri hesab olunan TANAP-ın ərsəyə gəlməsinin təşəbbüskarı dövlətimizin başçısı İlham Əliyevdir. Təbii ki, bu cür layihələr təkcə region dövlətləri ilə məhdudlaşmır, eyni zamanda Avropa ölkələri bu layihələrdən faydalanan və qazanan ölkələr sırasındadır. TANAP Azərbaycanın dünya enerji bazarında mövqeyini möhkəmləndirməklə enerji layihələrinə maraq göstərənlərin də sayını artıracaq. Bu baxımdan, TANAP kifayət qədər əhəmiyyətli layihə kimi ilk vaxtlardan diqqəti cəlb edir. Layihənin iqtisadi dividendlərinin ölkəmizin və tərəfdaş ölkələrin iqtisadiyyatının güclənməsinə böyük təsiri olacaq. Digər ölkələrin TANAP və TAP layihələrindən istifadə etmələri bir daha Azərbaycanı regionda öz nüfuzunu daha da artıran bir güc mərkəzinə çevirəcək. Avropa dövlətləri də təbii qazın əldə olunması üçün alternativ, ən səmərəli mənbə kimi, qaz ixrac edən Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar. Məhz bu baxımdan TANAP-ı uğurlu layihə hesab etmək olar.
Nəhəng TANAP qaz kəməri cari il iyunun 12-də Türkiyənin Eskişehir şəhərində istifadəyə verildi. Türkiyədə həyata keçirilən ən əhəmiyyətli enerji layihələrindən biri olan TANAP, eyni zamanda regional enerji siyasətinə də istiqamət verəcək strateji bir layihə olduğu hamı tərəfindən qəbul edilir. Eləcə də ötən 3 il müddətdə tamamlanması baxımından Türkiyənin son dövrlərdə "enerjidə ticarət mərkəzi" olma prosesində “vizyon” layihəsi olaraq da önə çıxır. Azərbaycanın “Şahdəniz” sahəsindən çıxarılacaq təbii qaz ehtiyatlarının Türkiyə üzərindən Avropaya daşınmasını nəzərdə tutan Cənub Qaz Dəhlizinin ən əhəmiyyətli sementi olan TANAP ilə Türkiyə, Xəzər bölgəsindəki ehtiyatların dünya bazarlarına transferini təmin edən mərkəz ölkə mövqeyinə çatacaq. Qlobal enerji bazarlarına açılmaq istəyən digər mənbə sahibi olan ölkələrin diqqətini cəlb edən TANAP, bu gün enerji idxalında ölkə müxtəlifliyini təmin etmək istəyən Türkiyəyə və xüsusilə də Avropa ölkələrinə ciddi imkanlar təklif edir. Türkiyənin "enerjidə ticarət mərkəzi" olması yolunda olduqca əhəmiyyətli bir layihə olan TANAP, bu ölkəni Şərq-Qərb arasında strateji ölkə mövqeyinə çatdıraraq enerji mənbələri idxalında xərci azaldacaq bir təsir yaradacaq.
Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazı Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. Xatırladaq ki, TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq.

“Cənub Qaz Dəhlizinin reallaşmasında daha bir əhəmiyyətli addım atılıb”

Nəhəng layihələrlə bağlı dünya, o cümlədən qonşu Türkiyə mediasında ardıcıl yazılar dərc edilir.
“Aksam.com.tr” saytında “TANAP və TAP Yunanıstan sərhədində birləşdi” başlıqlı yazı dərc edilib. Yazıda qeyd edilir ki, Cənub Qaz Dəhlizinin ən böyük hissəsini təşkil edən TANAP ilə TAP, Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində qaynaqla birləşdirilib. TANAP və TAP şirkətlərindən verilən açıqlamada qeyd edilib ki, Cənub Qaz Dəhlizinin reallaşmasında daha bir əhəmiyyətli addım atılıb. Dəhlizin ən böyük hissəsini təşkil edən və Türkiyə torpaqlarında 20 vilayət və 67 qəsəbədən keçərək 1850 kilometr uzunluğa çatan TANAP, “Şahdəniz-2” sahəsindən Avropaya qaz ötürülməsini təmin edəcək TAP-a bağlanıb. İki boru xəttini birləşdirən "qızıl qaynaq" Türkiyə-Yunanıstan sərhədində yerləşən Meriç çayı sahilində gerçəkləşib. Türkiyənin təbii qaz təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edəcək TANAP-ın ilk hissəsi, iyun ayında Türkiyə və Azərbaycan dövlət başçılarının iştirakı ilə istifadəyə verilib. Ümumi tutumu 16 milyard kubmetr olan TANAP, bu tutumun 6 milyard kubmetrini Türkiyəyə daşıdığı halda, qalan 10 milyard kubmetrlik tutumu TAP-a çatdıracaq.
Bu həcm Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən İtaliyaya daşınacaq. 550 kilometri Yunanıstandan, 215 kilometri Albaniyadan, 105 kilometri Adriatik dənizindən, 8 kilometri İtaliyadan keçəcək və ümumi uzunluğu 878 km olan TAP, TANAP və Cənubi Qafqaz Təbii Qaz boru xətti ilə Cənub Qaz Dəhlizini təşkil edir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bu il önəmli infrastruktur layihələri icra olunub
14.12.2018
Azərbaycanda 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir
14.12.2018
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılıb
14.12.2018
Türkiyə ilə beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
14.12.2018
Prezident Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info