Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
Tarix: 21.11.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər



AXCP-nin REAL-a qarşı sosial şəbəkələrdəki qarayaxma kampaniyası xarici qrant uğrunda mübarizənin tərkib hissəsidir

Azərbaycan müxalifəti dünən hansı acınacaqlı durumda idisə, bu gün də həmin vəziyyəti müşahidə edirik. Bu da azmış kimi, son bir ildə müxalifətin xaricdə bir-iki qrupu formalaşdı ki, onlar da cəmiyyətin, insanların diqqətini çəkə bilmədilər, hətta ənənəvi müxalifətin olub-qalan hörmətini də yerə vurdular. Əsasən, söyüşlər, təhqiramiz videoçəkilişlərlə sosial şəbəkələrdə Azərbaycanda görülən işlərə qarayaxmalar, ayrı-ayrı insanlara qarşı ittihamlar, şər və böhtanlar səsləndirən bu adamlar, hətta öz aralarında da düşmənçilik aparmağa vaxt tapa bilirlər.
Müxalifət partiyalarının rəhbərlərinin şəxsi ambisiyalara görə öz həmkarlarını qaralaması isə daim olub, bu gün də bu anormal tendensiya davam edir. Sosial bazalarının zəifləməsini müxtəlif bəhanələrə bağlayan bu adamlar anlamırlar ki, insanların onlara inamının azalmasının bir səbəbi də məhz bu mövqe savaşı, şəxsi ambisiyalar, müxalifətdə əsas fiqurun, əsas qüvvənin kim olması uğrunda aparılan mübarizədir. Hazırda sosial şəbəkələr üzərindən də belə bir anormal prosesləri izləyirik ki, buna son misal da Əli Kərimlinin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə İlqar Məmmədovun idarə etdiyi Respublikaçı Alternativ (REAL) Partiyası arasında olan çəkişmədir. Hər kəsə bəllidir ki, Əli Kərimli zaman-zaman öz yolunda olan əsas maneələri-müxalifətdəki rəqiblərini müxtəlif vasitələrlə gözdən salıb, onlara qarşı kampaniyalar başladıb, öz ətrafında olan digər partiyalardan olanları, siyasətçiləri bu rəqibi ilə düşmən edib. Elə təkcə bir misalı xatırladaq ki, AXCP sədri ilə uzun illər Müsavat Partiyası başqanı olmuş İsa Qəmbər arasında olan uzunmüddətli mübarizə, söz davası, küsülülüklər, fikir ayrılıqları, əvvəlki birliklərdə olduğu kimi, sonuncu birliklərindən - “milli şura”dan qopmalar Əli Kərimlinin nə dərəcədə hiyləgər adam, öz həmkarlarına qarşı amansız davranan biri olduğunu göstərir. İndi isə İlqar Məmmədovu hədəfə alan Əli Kərimli öz “ənənəsinə” sadiq qalır. Cəbhəçiləri sosial şəbəkələr üzərindən səfərbər edərək REAL-çılara qarşı qaldıran Əli Kərimli bu cür xətt götürməyi ilə, əslində, özünü də gözdən salmış olur. Onsuz da Əli Kərimlinin nüfuzu sıfıra enmişdi. Amma REAL-la baş-başa gəlməsi sözügedən partiyada təmsil olunanların da ona düşmən olması deməkdir. Bu haqda dəfələrlə yazsaq da, Əli Kərimli və ya REAL-dan olanlar belə bir düşmənçiliyin olmadığını bildirirdilər. Əslində, bunu etiraf edə də bilməzdilər. Amma iki gün öncə “iaşə müxalifətini” təmsil edən Orduxan Temirxan vəziyyətin kritik həddə çatmasını görərək, bu haqda sosial şəbəkələr üzərindən ayrıca bir status paylaşdı. Məsələnin ən gülməli tərəfi isə budur ki, o, bu qalmaqallarda, düşmənçilikdə hakimiyyəti günahlandırıb. Yəqin təsəvvür edirsiniz də, özgə vaxt partiyalarının güclü olmalarından dəm vuranlar indi acizanə şəkildə deyirlər ki, guya, zəif deyillər, onların partiyaları arasında təfriqə yaradan iqtidardır. Orduxan statusunda yazır ki, sən demə, AXCP-REAL qarşıdurmasını gərgin vəziyyətdə saxlayan hakimiyyət imiş... Ancaq İlqar Məmmədov onun statusuna şərh yazaraq acizanə şəkildə yalan danışıb ki, “qarşıdurma yoxdur deyə, onu gərgin saxlamağa da ehtiyac yoxdur”. Amma Orduxan da bu yalanın üstünü özünəməxsus şəkildə açaraq İlqar Məmmədova cavab verib ki, “Sosial şəbəkələrdən aktiv istifadə etdiyim üçün insanlarla çox təmasda oluram və görürəm ki, REAL-çılarla AXCP-çilər arasına çox neqativ bir aura yaranıb. Əsasən də AXCP üzvü olanlar var ki partiyaları tərəfdən REAL və İlqar Məmmədova qarşı aqressiv mövqe sərgiləyirlər”.
Daha sonra şərh yazanlara cavab verən Orduxan daim bizim qeyd etdiyimiz məqamı-müxalifət daxilində olan didişməni etiraf edir. Şərh yazanlar bildirilər ki, belə qarşıdurmalar yalnız müxalifətin ziyanına olur, birlik lazımdır. Orduxan isə deyib: “Birliyə ehtiyac yoxdur, elə hər kəs öz işini görsün... Təki didişmə olmasın. Bir-birimizə qarşı vuruşub hədəfi yaddan çıxarırıq”.
Xülasə, sosial şəbəkələr üzərindən apardığımız müşahidələr bir daha onu göstərdi ki, hakimiyyət, dövləti idarə etmək iddiasında olanların hazırkı durumu o qədər acınacaqlıdır ki, öz aralarında yola getməyin formulunu belə, tapa bilmirlər. Heç bir siyasi konsepsiyaları olmayan bu siyasətbazların, əslində, bir fəaliyyət istiqaməti var ki, bu da xaricdən daha çox maliyyə qoparmaqdır. Bütün bu dava-qovğalar da buna hesablanıb. Yəni “mən müxalifətdə əsas qüvvəyəm, REAL-ı saymayın, yardımlarınızı mənə ötürün”. Eləcə də REAL da sonradan yaranan bir siyasi təşkilat kimi, eyni fəaliyyət istiqamətini seçib: “biz yenilərdənik, yeni qüvvəyik, ənənəvi müxalifətin qatarı çoxdan gedib, bizə ciddi yanaşın”. İndi məsələ qalıb xaricdəki ağalarına ki, onlar bu didişmələrin sonunda kimi ciddiyə alacaqlar...
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
11.12.2018
Xaricdəki soydaşlarımız anım tədbirləri keçiriblər
11.12.2018
Müxalifət Ermənistandakı saxta seçkiləri niyə təqdir edir?
11.12.2018
General Körtis Skaparotti: NATO Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir
11.12.2018
Sovet televiziyasının əfsanəvi rejissoru dahi lider haqqında
11.12.2018
XİN: Danimarkanın “Novo Nordisk” şirkəti Dağlıq Qarabağ ərazisində heç bir iqtisadi fəaliyyətlə məşğul deyil

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10523

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Türkiyədə yeni Azərbaycan diaspor təşkilatı qeydiyyatdan keçib
4 “Özümü qərib ölkədə hiss etmədim”
5 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info