Naxçıvanda informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəriciləri
Tarix: 10.07.2013 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan-8” mövzusunda elmi konfrans keçirilib. Konfransdan öncə Naxçıvan Dövlət Universiteti Elektron kitabxanasının açılış mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev açılışı bildirən lenti kəsmiş, kitabxana ilə tanışlıq olub.

2004-cü ildə kitabxana üçün yeni beşmərtəbəli bina inşa edilmiş, bundan sonra 1968-ci ildən fəaliyyət göstərən kitabxanın tarixində yeni inkişaf mərhələsi başlayıb. Muxtar respublikada elm sahələri üzrə ən iri elmi kitabxana sayılan NDU Elmi kitabxanası dünyanın 30-dan çox dilində 200000-ə yaxın fonda malikdir. Kitabxana ümumi və ixtisaslaşdırılmış oxu zalları vasitəsilə 12 min oxucuya xidmət göstərir. Hazırda kitabxanada ayrı-ayrı elm sahələri üzrə ixtisaslaşdırılmış 10 fond, 10 oxu zalı və 6 şöbə var. Universitetdəki Wi-Fi internet xidmətindən dizüstü kompyuterində “wireless ethernet” kartı olan kitabxana oxucuları da istifadə edə bilir. “Azercell”in 100mb/s.-yə qədər yüksəksürətli internetə çıxışı təmin edən, IV nəsil texnologiyası əsasında işləyən modemlərindən istifadə kitabxana işçilərinin səmərəli fəaliyyətinə, oxuculara xidmət işinə daha əlverişli imkanlar yaradır. NDU Elmi kitabxanasının geniş oxucu kütləsi üçün www.e-kitab.ndu.nmr.az ünvanında Azərbaycan, rus və ingilis dillərində internet səhifəsi yaradılıb. Bu il kitabxananın binası təmir olunmuş, oxuculara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün kitabxana yeni nəsil texnologiyalarla təchiz olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və qonaqlar Elmi kitabxananın birinci mərtəbəsində yeni yaradılmış elektron oxu zalında, kitabişləmə şöbəsində, internet mərkəzində, dövri mətbuat fondunda olublar. Kitabxananın elektron oxu zalında oxucular üçün 20 ədəd, işçi yerləri üçün isə 10 ədəd kompyuter, 1 ədəd server, 1ədəd elektron kitabxananın təşkili üçün böyük həcmli server, oxu zalı üçün printer və skaner, 1 ədəd elektron kataloq köşkü, yeni təşkil olunmuş konfrans zalı üçün elektron lövhə və dizüstü kompyuter quraşdırılıb. Elektron kataloq və elektron kitabxananın yaradılması istiqamətində bir sıra işlər görülmüş, kitabxananın fondunda olan 150-yə yaxın kitabın elektron kataloqu, 100-ə yaxın kitabın isə tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadısinə verilmişdir. Elektron informasiya köşkü oxuculara kitabxananın elektron kataloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaq və virtual sifariş vermək imkanı yaradır. İnternet mərkəzində isə universitetin müəllim və tələbələrinin internetdən istifadəsi üçün şərait yardılıb. Dövri mətbuat fondunda 22000-dən çox elmi, elmi-kütləvi və ədəbi-bədii mətbuat nümunələri, habelə dissertasiya və avtoreferatlar toplanıb. NDU-nun Elmi kitabxanası 35 adda qəzet və jurnala abunə yazılmış, 170 adda jurnal isə kitabxanaya hədiyyə olunub. Naxçıvan Dövlət Universitetində elektron kitabxana sisteminin istifadəyə verilməsi dünya standartlarına cavab verəcək müasir tipli kitabxanaların yaradılmasına, kitabxana işinin inkişafına xidmət edəcək.
Sonra elektronika, memarlıq və rəsm sərgilərinə baxış olub. Ali Məclisin Sədrinə elektronika sərgisində nümayiş olunan, universitetin Memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası tələbələrinin hazırladıqları, elektronika və robototexnikanın inkişafı, reklam və afişaların hazırlanması, əl əməyinin avtomatlaşdırılması baxımından əhəmiyyət kəsb edən nümunələr haqqında məlumat verilib. Universitetin İncəsənət fakültəsinin müəllim və tələbələrinin Azərbaycanın dövlətçilik tarixini, qədimliyini, ecazkar təbiətini əks etdirən rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələri ilə tanışlıq olub.
Konfransı giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahəsində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin informasiya-kommunikasiya texnologiyalarının inkişafına görə ön sırada olması, dünya informasiya məkanına uğurla inteqrasiya etməsi, bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və qayğısı ilə regionda qazanılan uğurlar, Naxçıvan Dövlət Universitetində atılan əhəmiyyətli addımlar barədə məlumat verib.
Sonra Universitet Televiziyasının hazırladığı “Elektron Naxçıvan” sənədli filmi nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çxış edib, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının ötən əsrin 70-ci illərindən başladığını, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi yaradıldığını, mikrosxemlər və texnoloji avadanlıqların istehsalı ilə məşğul olan sənaye müəssisələri açıldığını, mütəxəssis hazırlığı istiqamətində mühüm işlər görüldüyünü bildirib. Azərbaycanda rabitənin, telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafı ümummilli liderin ikinci dəfə ali hakimiyyətə qayıtması ilə bağlıdır. Belə ki, 2003-2012-ci illəri əhatə edən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya” müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi, qloballaşma və inteqrasiya proseslərinə qoşulmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Ali Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya cəmiyyətinin inkişafı, elektron hökumətin yaradılması məqsədilə apardığı məqsədyönlü siyasətin bəhrələrindən, Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının, 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinin siyasi-iqtisadi, strateji əhəmiyyətindən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında da informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir. İnformasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi sayəsində Naxçıvan informasiya blokadasını yarmış, ən ucqar dağ kəndlərində dünyanın istənilən yeri ilə əlaqə saxlamaq üçün telefon və genişzolaqlı internet əlaqəsi yaradılıb. Telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemi quraşdırılıb ki, hazırda bu sistem mövcud telefon istifadəçilərinin 60%-nə xidmət edir. 134 km yeraltı optik xəttin tikintisi hesabına avtomat telefon stansiyasının 90%-i fiber-optik bağlantılarla təmin olunub. Ali Məclisin Sədri muxtar respublikada yeni texnologiyaya və kompyuterləşməyə təlabatın artmasına diqqət çəkərək bildirib ki, hazırda muxtar respublika əhalisində 87 mindən artıq kompyuter var. İnternet istifadəçiləri əhalinin 81%-ni təşkil edir. 74 dövlət orqanı üçün internet səhifəsi hazırlanaraq qlobal şəbəkəyə yerləşdirilib. 34 dövlət orqanı tərəfindən göstəriləcək elektron xidmətin reqlamentləri təsdiq edilmiş, elektron hökumət portalı yaradılıb. Ali Məclisin Sədri informasiya-kommunikasiya texnologiyalarının həm də ölkənin intellekt və elmi potensialının vacib göstəricilərindən biri olduğunu vurğulayaraq təhsil müəssisələrinin yeni nəsil informasiya-kommunikasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirildiyini, hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 3183 kompyuter və 500 elektron löhvə, ali təhsil müəsssisələrində isə 600-ə yaxın kompyuter və 52 elektron lövhə olduğunu bildirib. Vasif Talıbov Azərbaycanda, o cümlədən muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafının ardıcıl xarakter daşıdığını diqqətə çatdırmış, bu sahədə qarşıda duran əsas vəzifələrdən danışmış, konfransın işinə uğurlar arzulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev “Elmi əlaqələrin inkişafında İKT-nin rolu” məruzəsində Naxçıvanda telemetrik seysmik stansiyaların, GPS şəbəkəsinin qurulmasının əhəmiyyətindən bəhs etmiş, İKT sahəsində təcrübə mübadiləsi məqsədilə Kembric şəhərindəki Massaçusets Texnologiya İnstitutu ilə Naxçıvan Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi arasında virtual laboratoriya yaradılacağını bildirib.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov “Azərbaycanda İKT-nin mövcud vəziyyəti və perspektiv inkişafı” mövzulu məruzəsində Azərbaycanda İKT-nin qeyri-neft sektorunda ən prioritet sahələrdən biri hesab olunması, ölkədə informasiya cəmiyyətinin yaradılması üçün müvafiq hüquqi baza formalaşması barədə məlumat verib.
2005-ci ildən başlayan “Elektron Naxçıvan” layihəsinin gerçəkləşdirilməsində özünəməxsus rolu olan, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Elektron Naxçıvan” və humanitar siyasət” məruzəsində “Elektron Naxçıvan” hərəkatında Ali Məclisin Sədri Vasif Talıbovun xüsusi rolu olduğunu vurğulayıb.
Konfransda AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev “Elektron Naxçıvan”-inkişaf mərhələləri”, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsinin rəisi Samir Məmmədov “Təhsil sisteminin informasiyalşdırılması” mövzusunda məruzələr ediblər.
Elmi konfransda Naxçıvan Dövlət Universitetinin tərəfdaşlıq etdiyi, ən müxtəlif ölkələrin elm və təhsil müəssisələri ilə videobağlantı yaradılıb. Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımovun təqdimatı ilə, paralel və ardıcıl videobağlantılar vasitəsilə Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetinin rektoru, professor, doktor Sami Özcan, İspaniyanın Santiaqo de Kompestella Universitetində “Erasmus Mundus”-2 Təhsil Hərəkatı” çərçivəsində doktorantura təhsili alan Şahanə Hüseynova, Rusiya Federasiyasının Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yuri Aleksandroviç Mazey, Avstriyanın Qraz şəhərindəki “Əldə etmək və saxlamaq” (“Gain-sustain”) təşkilatının təsisçilərindən olan xanım Sabrina Şifrer, Almaniyanın Leypsiq Tədqiqi Elmlər Universitetinin İnformatika və multimedia kafedrasının müdiri, professor Klaus Hansgen, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov konfransa qoşulmuş, virtual əlaqələrin gələcək inkişafı ilə bağlı konkret təkliflərlə çıxış ediblər. Konfransa Naxçıvan Dövlət Universitetinin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov yekun vurmuş, konfrans iştirakçılarına İncəsənət fakültəsinin müəllim və tələbələrinin hazırladığı konsert proqramı təqdim olunub.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info