“Milli orkestrə gənclərin marağının artmasında efirdə görünməyin böyük rolu var”
Tarix: 10.07.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Əməkdar artist Faiq Sadıqov: “Musiqi verilişlərində də tez-tez Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinə zaman ayrılır”

Müsahibimiz Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin dirijoru, Azərbaycan Milli onservatoriyasının baş müəllimi, Əməkdar artist Faiq Sadıqovdur.

- Faiq müəllim, bu gün Azərbaycan musiqi sənətində Üzeyir bəyin yaratdığı və 80 ildən çox fəaliyyətdə olan Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin böyük rolu var. Bəs sizin fikrinizcə, bu orkestrin bu gün Azərbaycan incəsənət sahəsində mövcud olması hansı irəliləyişə səbəb olub?
- İlk öncə bunu qeyd etmək istəyirəm ki, bu orkestr 1931-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən radionun nəzdində yaradılıb. Bu orkestrin yaradılmasında əsl məqsəd isə bizim xalq və bəstəkar mahnılarımızı dünyaya tanıtmaq idi. Sentyabr ayında orkestrin yubileyinin keçirilməsi nəzərdə tutulub. Rolu isə bundan ibarətdir ki, Şərqdə ilk dəfə olaraq notlu xalq çalğı alətləri ansamblı Azərbaycanda yaradıldı. Üzeyir müəllimin məqsədi bu olub ki, Azərbaycanda bütün mahnı janrlarını inkişaf etdirsin. Onun tələbələri Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Hacıxan Məmmədov, Cahangir Cahangirov və başqaları ilk dəfə Üzeyir müəllimdən bəhrələniblər. Bundan sonra isə Əfrasiyab Bədəlbəyli birinci baleti yazdı. Bu orkestrin Azərbaycan musiqisinin inkişafında çox böyük rolu olub. Orkestr nəinki Azərbaycan, həmçinin Qərb bəstəkarlarının musiqilərini də ifa edib. Radionun nəzdində olduğumuza görə bizim çaldığımız əsərləri bütün dünya eşidirdi. Bizim repertuarımız çox böyükdür. Radionun qızıl fondunda orkestrin təxminən beş mindən çox lent yazısı saxlanılır.
- Üzeyir müəllim bu orkestri yaratdıqdan sonra daha çox xarici əsərlərə üstünlük verirdi, yoxsa milli?
- Orkestr ilk dəfə yaradılanda Azərbaycan musiqiləri ifa olunurdu. Üzeyir müəllim orkestrin repertuarı üçün yeni mahnılar-fantaziyalar, cəngi, romanslar yazıb. Daha sonra isə bu öhdəliyi Səid müəllim öz üzərinə götürdü. O da orkestr üçün cəngi, mahnılar, suitalar, kantatalar yazdı. Bununla da bizim repertuarımız zənginləşməyə başladı. Bundan sonra isə Səid müəllim, Ağabacı Rzayeva və başqa bəstəkarlar xarici əsərləri orkestr üçün işləməyə başladılar və bununla da biz Avropa bəstəkarlarının əsərlərini ifa etdik.
-Görkəmli musiqiçi kimi, siz indiki gənclərin orkestrə olan marağını necə qiymətləndirirsiniz? Bu sahəyə üz tutan musiqiçi gənclər kifayət qədərdimi?
- Onu deyə bilərəm ki, kollektiv nə qədər qapalı qalsa, dinləyicinin yadından çıxacaq. Gənclərin orkestrə marağının artmasında əsas səbəb odur ki, efirlərdə orkestr konsertlərinə kifayət qədər zaman ayrılır. Bir dövr var idi ki, bizim orkestr efirlərdə çox az görünürdü. Bizim kollektivə efir zamanı çox az ayrılırdı. Lakin televiziyamızın sədri Arif Alışanov, musiqi rəhbərimiz Ramil Qasımov olandan sonra televiziya sahəsində çox böyük dəyişikliklər oldu. Artıq bizim kollektiv də hər zaman efirlərdə görünür. Musiqi verilişlərində də tez-tez S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinə zaman ayrılır. Kollektiv tez-tez efirdə görünəndə, göz qabağında olanda, gənclərin də bu sahəyə marağı artır. Məsələn, orkestrin konsertmeysteri Səbuhi müəllimin bir çox tələbələri də bizim kollektivdə fəaliyyət göstərirlər. Onlar şəxsən könüllü olaraq burada çalışmaq arzusunda olublar. Bəli! Bir daha təkrar edirəm ki, milli orkestrə gənclərin marağının artmasında televiziyada görünməyin çox böyük rolu var.
-Bugünkü musiqiçi gənclərin klassik musiqi potensialı sizi qane edirmi?
- Qane edir, desəm, bir az səmimi olmaram. Çünki bu gün gənclər arasında istər xarici klassik, istərsə də milli klassik musiqiyə maraq görmürəm. Hətta bir dövr var idi ki, muğam musiqisinə də maraq yox idi. Mehriban xanıma minnətdarıq ki, həm ölkəmizdə gənclərin muğama marağını artırdı, həm də dünyada milli dəyərimizi tanıtmağa təşəbbüs göstərdi. Lakin çox təəssüf edirəm ki, bir çox gənclərin musiqi potensialları çox zəifdir. İstər müxtəlif növ musiqi janrlarının nəzəriyyəsi, istərsə də musiqi tarixi sahəsində.
-Musiqi məktəblərində musiqi dərsliklərinin inkişafı hansı səviyyədədir?
- Çox yüksək səviyyədədir. Artıq musiqi məktəblərində istifadə olunan dərsliklər ana dilimizdə çap olunub. Vaxtilə bütün musiqi nəzəriyyəsi, harmoniya kitabları rus dilində və başqa dillərdə idi və müəllimlər də məcburən bu kitablardan istifadə edirdilər. Lakin bu gün isə imkanlar çox geniş və əlverişlidir. Musiqi təhsili üçün şagirdə heç bir maneə yoxdur. Təki musiqi təhsili almaq istəyən şagirdlər olsun.
-Musiqi həyatınızda hansı dönüş nöqtəsi yaratdı?
- Musiqi dolu həyat o qədər də rahat və asan bir ömür sayılmır. Çünki bu sənətin özünəməxsus tələbləri və ən əsası xüsusiyyətləri var. Sənətə yiyələnməyim deməzdim ki, kiminsə sayəsində oldu. Mən sadəcə musiqiyə olan bağlılığımla, musiqi duyumumla və bir də mütaliə etməklə sənətə yiyələndim.
-Sənət fəaliyyətiniz və arzularınız...
- Mənim yaradıcılığım, S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində olan fəaliyyətim davam edir. 1965-ci ildən mən bu orkestrdə çalışıram. 48 illik əmək fəaliyyətimdə orkestr üçün azı 200-dən çox əsər işləmişəm. Axırıncı işim isə Hacı Xanməmmədovun orkestr üçün “Konserti”ni Xalq Çalğı Alətləri orkestri üçün işləmək olub. Mən bu işi 1 ilə işləmişəm və hazırda radionun qızıl fondu üçün lentə yazılıb. Mənim əsas fəaliyyətim bu kollektivdə çalışdıqdan sonra başladı. Mən Şövkət Ələkbərov, Gülağa Məmmədov, Mirzə Babayev, Flora Kərimova, Yalçın Rzazadə, böyük tarzən Ramiz Quliyev ilə çalışmışam. Mənim sevə-sevə çalışdığım konsertmeyster isə Səbuhi Cəfərov olub. Onunla mən beş konsert əsəri işləmişəm. Bu, mənim sənət fəaliyyətimdir. Arzulara gəlincə isə Allah can sağlığı versin!
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info