“Milli şura” nümayəndələrinin ABŞ səfəri alınmadı
Tarix: 11.07.2013 | Saat: 19:10:00 | E-mail | Çapa göndər


Zəfər Quliyev: “ABŞ-da bizim səfərimizlə bağlı planlarını dəyişdilər”

“Rüstəm İbrahimbəyova alternativ namizədlə biz “milli şura”nın hörmətini azaltmış olardıq”


Müsahibimiz “milli şura” nümayəndəsi Zəfər Quliyevdir. Onunla söhbətdə bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq.

- Müsavat Partiyasının öz namizədini hazır saxlaması “milli şura”nın seçkidə vahid namizəd irəli sürməsi məsələsi ilə necə uyuşur?
- Müsavat Partiyasının öz namizədini irəli sürəcəyi ilə bağlı əvvəldən qərarı var. Onlar namizəd kimi İsa Qəmbəri görürlər. Əgər onlar namizədliklə bağlı qərarlarında israrlıdırlarsa, biz bu qərara hörmətlə yanaşırıq. Aydın məsələdir ki, kimsənin onları qərardan çəkindirməyə çalışması düzgün deyil. Eyni zamanda, “milli şura”nın daxilində alternativ namizəd problemi də yoxdur. Bu, nə gündəliyə salınmayıb, nə də müzakirə olunmayıb. “Milli şura”ya daxil olan hansısa partiya və fərdlərin bu barədə fərqli fikir və mövqeləri ola bilər. Amma “milli şura”nın ümumi mövqeyinə bunun dəxli yoxdur. “Milli şura”nın sədri Eldar Namazovun da açıqlamasında birmənalı bildirilir ki, “milli şura”nın namizədi Rüstəm İbrahimbəyovdur. Bir sözlə, “milli şura”nın vahid namizədi Rüstəm İbrahimbəyovdur, alternativ namizədimiz yoxdur və ola da bilməz. Həmçinin hüquqi baxımdan İbrahimbəyovun namizəd kimi qeydiyyata alınmamasında da heç bir ciddi əsas yoxdur. Hesab edirəm ki, “milli şura” bu istiqamətdə də əsas işini qurmalıdır və çalışmalıdır ki, Rüstəm İbrahimbəyovun qeydiyyatı alınsın.
- Bu gün Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması prosesi Rusiyadan asılıdır. Bunun Azərbaycan hakimiyyətinə heç bir dəxli yoxdur. Belə olan halda, siz vətəndaşlıqla bağlı yaranan problemin xariclə bağlı olduğunu düşünmürsünüzmü?
- Bəzi saytlar bu barədə müəyyən şayiələr yayırlar. Rusiya qanunlarına görə, vətəndaşlıqdan çıxma ilə bağlı proses yarım il – 6 aya qədər davam edir. Amma bu, o demək deyil ki, hökmən 6 ay çəkməlidir. Bu məsələ 6 ayın içərisində, iki həftəyə və ya bir aya da həll oluna bilər. Mən özüm də bununla maraqlanmışam və sosial şəbəkələrdə statusla bu barədə çıxış etmişəm.
- Prezident seçkisində namizəd kimi iştirak etmək üçün Azərbaycan vətəndaşı olmaqla yanaşı, həm də daimi olaraq 10 il ərzində ölkədə yaşamalısan. İkili vətəndaşlıq isə burada istisna edilir. Qanun bunu göstərir. Bu baxımdan İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün kifayət qədər problemlər olduğu və namizəd kimi bu kriteriyalara da uyğun gəlmədiyi bildirilir...
- On il məsələsi mən bildiyimə görə, ona aiddir ki, insan on il ümumiyyətlə, Azərbaycanda olmazsa, bütün əlaqələrini xariclə bağlayarsa, namizəd ola bilməz. Lakin Rüstəm İbrahimbəyovun evi, qeydiyyatı Bakıdadır. İlin çox hissəsini Bakıda keçirir. Eyni zamanda bu adam həm ABŞ-da, həm Rusiyada, həm də Avropada aylarla yaşayır. Elə bizdə də bir çox məmurlar, yaxud da onlara yaxın adamlar ilin çoxunu xaricdə keçirirlər. Ona görə də bu məsələnin bizə əngəl törətməyəcəyinə əminik. Eyni zamanda, bilirik ki, hakimiyyət istənilən vaxtı bu məsələdə problem olduğunu deyə bilər. Lakin bizim namizədimiz seçilibsə, sona qədər bu barədə mübarizəmizə davam edəcəyik.
- Tutalım, İbrahimbəyovun namizədliyi, hər hansı səbəblər üzündən qeydiyyata alınmadı. Belə bir halda da “milli şura”nın alternativ namizədi nəzərdə tutulmur?
- Yox, bundan başqa namizədimiz yoxdur və olmamalıdır. İmzatoplama prosesi avqustun ortasında başlayır. Qısa müddətdə bitir. Qeydiyyat prosesi də namizədlər üçün eyni bir mərhələdə olur. Onda elə çıxır ki, hər bir təşkilat, o cümlədən, “milli şura” seçkiyə gedirsə, bir namizədlə getməlidir. İki-üç namizədi ehtiyatda saxlamaq və cəmiyyətə də bunu sızdırmaq düzgün deyil. Çünki hamını çaşdırmış olacağıq. Bundan başqa Rüstəm İbrahimbəyova alternativ namizədlə biz “milli şura”nın hörmətini azaltmış olardıq.
- Əgər İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxma prosesi uzansa və seçkidən sonraya qalsa, bu situasiyada da sizin alternativ namizədiniz olmayacaq?
- Belə halda, biz Azərbaycan hakimiyyətinin Rusiya ilə bu məsələdə anlaşdığı qənaətinə gələcəyik...
- Bu barədə gələcək mövqeyiniz aydın oldu. Bəs İbrahimbəyovun əvvəllər Rusiya vətəndaşlığını gizlətməsi nə ilə bağlıydı? O, əvvəllər Rusiya vətəndaşı olmadığını iddia edirdi...
- O, sovet dövründən qalan vətəndaşlığının olduğunu bildirib. Lakin niyyət kimi bildirib ki, bütün dünyada Azərbaycanı təmsil edirəm. Yəni harda çıxış edərsə, azərbaycanlı və bu ölkənin vətəndaşı kimi çıxış etdiyini deyib. Eyni zamanda bildirirdi ki, Rusiya vətəndaşlığından hər an çıxmağa hazırdır...
- Az öncə “milli şura” nümayəndələrinin ABŞ-a səfərinin olacağını deyirdiniz. Bu səfər məsələsi planda yenə qalır, yoxsa...
- .... Əvvəl bizim bu barədə bir planımız vardı. ABŞ Dövlət Departamentinin “milli şura” nümayəndələrini dəvət edəcəyi gözlənilirdi. Amma bu barədə sonradan plan dəyişib. Faktiki olaraq Konqresdəki dinləmələrə “milli şura”dan hansısa bir təmsilçi dəvət etmək istəyirlər və bununla da kifayətlənəcəklər.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info