Tarixə şahidlik edən Bayburd
Tarix: 12.07.2013 | Saat: 17:04:00 | E-mail | Çapa göndər


Aşinayi hakayiku məcazdır Bayburd,
Nəşrü tahsildə Mısru Hicazdır Bayburd.
Sünbülü yox, gülü yox, əndəlibi var amma,
Əhdi gülşəndə şəhri-Şirazdır Bayburd.



Əslində hər şey mənim və məndən başqa bir neçə yol yoldaşlarımın çantalarının itməsindən başladı. Bakı H.Əliyev adına Beynəlxalq Hava Limanından birbaşa Ərzuruma təyyarə olmadığından, məcburən İstanbula və oradan da gözləmə ilə Ərzuruma yola düşdük.
Son dayanacağımız Ərzurum olacağından çantalarımızı birbaşa Ərzurum Hava Limanına göndərmək bizə daha sərfəli olduğundan belə də etdik. Lakin bizdən və təşkilatçılardan asılı olmayan müəyyən səbəblərdən çantalarımız düşüb İstanbulda, Atatürk Hava Limanında qalmışdı. Niyyətin hara, mənzilin də ora imiş, vallah. Axı mən bu səfərə dəvət olunanda elə ən çox da İstanbul arzusu ilə razılıq vermişdim. İstanbulu görmək, gəzmək, hər daşından zövq almaq həvəsiylə gedirdim. İstanbul Atatürk Hava Limanına çatanda qeydiyyatdan keçib Ərzuruma uçan təyyarəyə mindik. Mən İstanbulun havasını ciyərlərimə çəkmədən, İstanbula doymadan Ərzuruma getmək istəmirdim. Sözün düzü, düşünürdüm ki, diqqətimi çəkən və təəccübümü, marağımı məndən oğurlaya biləcək heç nə olmayacaq oralarda. Düşünürdüm ki, biz sadəcə dəvət olunduğumuz “XIX Dədə Qorqud el şənlikləri”ndə iştirak edib xoş təəssüratlarla geri qayıdacağıq. Amma fikirlərimi, düşüncələrimi alt-üst edən o qədər xoş anlar oldu ki... Nədən və hansından yazmağa başlayım özüm də bilmirəm.
Ərzurum Hava Limanında bizi Kuzeydoğu Anadolu Kalkınma Ajansının (KUDAKA) əməkdaşları Fatih Baltacı və Müzəyyən İnci qarşıladılar. Fatih bəylə itən çantalar barədə məlumat bürosuna xəbər verdik, protokol tərtib elədilər və bizlə əlaqə saxlayacaqlarını bildirdilər. Məlum oldu ki, çantalar İstanbulda qalıb. Biz ləngimədən bizi gözləyən iritutumlu avtobusa yaxınlaşanda artıq Naxçıvan Muxtar Respublikasından gələn 12 nəfər bizi gözləyirdi. Bakıdan isə 15 nəfərlik bir heyət getmişdi. Ümumilikdə 27 nəfər idik. Nəzərinizə çatdırım ki, 27 nəfərlik heyətin əksəriyyəti jurnalistlər, digərləri isə turizm şirkətlərinin əməkdaşları idilər. Bayburdda keçirilən “XIX Dədə Qorqud el şənlikləri”ndə KUDAKA və Türkiyənin Azərbaycandakı səfirliyinin xətti ilə iştirak edirdik. Müzəyyən xanımın və Fatih bəyin 27 nəfərlə eyni münasibətdə olması və hər kəslə yaxından maraqlanması, təbii ki, bizlərə nə qədər xoş olsa da, bir o qədər də məsuliyyətimizi artırırdı. Avtobusda oxuya-oxuya, şənlənə-şənlənə birbaşa Bayburda yollandıq. Ərzincandan keçdik və Bayburdun Masat kəndinə gəldik. Yolların qırağındakı yovşanları, çaşırı, baldırğanı görəndə təəccübümü gizlədə bilmədim. Atamdan, babamdan, əmimdən tez-tez eşidərdim, necə çaşır yığardılar, baldırğana haralarda rast gələrdilər. Kəndə çatanda və avtobusdan düşəndə mən, həqiqətən də, çaşıb qalmışdım. Elə bilirdim ki, ata-babamın kəndindəyəm. Mənə elə gəldi ki, yenə uşağam və valideynlərimlə Cəbrayıla, Dağtumas kəndinə gəlmişik. Bənzər dağlar, bir-birindən seçilməyən daş-kəsək, qayalıqlar, sadəcə bizim kəndə məxsus olduğunu düşündüyüm adlarını çəkdiyim ot bitkiləri... Bədənimi bir sızıltı bürüdü... Dağların əhatəsində günəş şüalarının məni necə yandırmasının fərqinə varmadan bu gözəl mənzərəni gözlərimin yaddaşına yazmağa çalışırdım... Bir tərəfdən də düşmən tapdağında olan kənd-kəsəyimin, el-obamın torpağının, otunun qoxusu gəlirdi burnuma. Qəhər məni boğurdu, amma bizim oralara bənzəyən yerlərdə şəkil çəkdirməklə başımı qatırdım. Hətta atamın 13 ildir dünya işığına həsrət qaldığını, I qrup gözdən əlil olduğunu unudub sevinə-sevinə ürəyimdə deyirdim ki, bu şəkilləri aparıb ona göstərəcəyəm ki, öz kəndiylə bənzərliyi görüb bir az təsəlli tapsın...
İlk dayanacağımız Dədə Qorqud Türbəsi oldu. Türbənin yerləşdiyi məzarlıq Bayburtun cənubunda mərkəzə 39 km məsafədəki Masat kəndinin çıxışında yerləşir. Bütün dünya türklərinin diqqətini daim özünə çəkən türbənin üzərində əski türk əlifbasıyla 718 rəqəmi yazılıb. Türbənin içərisində isə Dədə Qorqudun məzarı yerləşir. Məzarın baş daşında “Dede Korkut-VII asr” yazılıb. Hesab edilir ki, məzar və türbə VII əsrə aiddir. Dədə Qorqud Türbəsinin girişinin sol tərəfində Dədə Qorqud çeşməsi var. Dağlardan gələn bu bulağın suyu ilə əllərimi yuyanda elə bildim ki, əllərimdə buz tutmuşam. Suyun soyuqluğu bir yana, o qədər şəffaf idi ki, yaxınlaşıb əllərini uzatmayana qədər suyu demək olar ki, görmək mümkün deyildi. Şırıltısında da bir fərqlilik vardı, ya da mənə belə gəlirdi.
Məzarlığın önündə dağların ətəyində iki çadır qurulmuşdu. Çadırların birinin altında kişilər, digərinin altında isə qadınlar bardaş qurub əyləşmişdilər. Kitabi-Dədə Qorquddan bu çadırlar, yəqin ki, hər birimizə tanış gəldi. Türkdilli ölkələrdən gələn rəqs kollektivləri gözəl və mənalı rəqsləri ilə hər kəsi valeh edirdi. Bayburd valisinin və Bayburd Bələdiyyəsi başçısının da bu gözəl rəqslərdən həzz aldıqlarını gülüşlərindən və mənalı baxışlarından açıq-aşkar sezmək olurdu. Azərbaycandan gedən balaca rəqqaslar və rəqqasələrin maraqlı rəqsi də alqışlarla qarşılandı. Rəqs Zülfiyyə Xanbabayevanın “Azərbaycan” mahnısı ilə başladı. Bayrağımızı türk bayrağı ilə qoşa görməkdən qürurverici nə ola bilərdi ki həmin anlar?! Bu hissləri görmək azdır, yaşamaq lazımdır. Beləcə “XIX Dədə Qorqud el şənlikləri”nin açılışına start verildi. Bayburd Bələdiyyəsinin başçısı və Bayburd valisi öz çıxışlarında Azərbaycandan şənliklərə gələn KİV nümayəndələrinə və MİRAS İctimai Birliyinin üzvlərinə öz minnətdarlıqlarını bildirdilər. Şənlik sona çatanda avtobusda yerlərimizi tutub yola davam elədik. “Öğretmen evi” adlı bir yerə gətirdilər bizi. “Öğretmen evi”nin darvazasından həyətinə girəndə qızılgüllərin iyisi bizim ağlımızı başımızdan aldı, bir tərəfdən də aclıq hissi... Qapıları açdılar və biz nəhəng binanın içərisinə daxil olduq. Qarışıq yeməklərin qoxusu gəlirdi burnumuza. İlk baxışdan hər hansı bir yeməkxananı xatırlatdı mənə. Əslində elə yeməkxana idi, həm də qonaq evi kimi bir yer idi. Sadə, quruluşundan və masaların düzülüşündən, hətta müştərilərə qulluq edən ofisiantlarından və süfrədəki yemək çeşidlərindən çox da bahalı və lüks deyil, əksinə orta səviyyəli, hər bir bayburdlunun gəlib nahar edə biləcəyi qədər ucuz bir yeməkxanaya bənzəyirdi. Bizə ayrılan masalarda əyləşdik. Mən nədənsə bir-iki ay öncə “İnternews-Azərbaycan” təşkilatının həyata keçirdiyi bir layihə çərçivəsində Gürcüstana gedəndə tanış olduğum və qısa müddətdə çox sevdiyim birinə çevrilən Nəzrin Həsənovanın, Tiflisin mərkəzində komandamızdan ayrılıb nahar eləmək üçün ilk rastımıza çıxan restorana girərkən söylədiyi sözləri xatırladım. Biz ona Nəzrin yox, Naza deyirdik. Nicat adlı bir yoldaşımız Nazayla məni tək buraxmamaq üçün bizimlə birgə gəlmişdi. İçəri girəndə anlamışdıq ki, bura kiçik bir ailə restoranıdır. Pəncərənin önündə olan masalardan birini seçdik, əşyalarımızı yerləşdirib elə yenicə əyləşmişdik ki, Nazayla mən əllərimizi harda yuya biləcəyimizi soruşduq və bizə ayaqyolu ilə hamam otağını göstərdilər. Əllərimizi yuyub qayıdanda Naza dedi: “Girdiyin hər restoranın, yeməkxananın, kafenin və ya da ümumiyyətlə, qonaq getdiyin evin, məkanın ilk öncə ayaqyoluna gir bax, əgər təmiz və səliqəlidirsə, deməli, mətbəx daha təmizdir. Bax bura kimi, inan ki, yeməkləri də çox dadlı olacaq”. Haqlı idi. Elə məhz buna görə də son vaxtlar hara gedirəmsə, Nazanın məsləhətinə əməl edirəm. Elə “Öğretmen evi”ndə də bu ənənəmə sadiq qaldım. Amma ağız dadıma uyğun yeməklər olmadığından normal şəkildə nahar edə bilmədim. Yeməklər veriləndə Bayburd valisi və Bayburd Bələdiyyəsinin başçısı da gəldilər, qonşu masalarda əyləşib bizimlə birgə verilən təamların dadına baxmağa başladılar. Düzü, ayrı-seçkiliyin olmaması məni təəccübləndirdi. Hətta diqqət yetirdim ki, ofisiant sırayla qulluq edirdi, vali bəyin və bələdiyyə başçısının sırası çatanda onlara da eyni yeməkləri verdilər. Lap məətəl qaldım, vallah. Nahar bitən kimi yolumuza davam edib Bayburdun mərkəzi küçələrindən birində yerləşən bələdiyyənin qarşısındakı şənliyə gəldik. Burada da, şənliyə təşrif buyuran qonaqlar çıxış edir, rəqs edir, mahnılar oxuyurdular. Sonda Azərbaycandan gələn rəqs kollektivi çıxış etdi, səhnəyə bayrağımız gətirildi. Rəqs kollektivinin oğlan üzvlərindən biri “Yaşa mənim xalqım” mahnısını ifa etməyə başladı. Biz-Azərbaycandan gedən qrup özümüzü saxlaya bilmədik və oxuyan oğlana yaxınlaşdıq. Hamımız xorla “Yaşa Azərbaycanım, yaşa mənim xalqım” mahnısını ürəkdən oxuduq. Vali bəy və bələdiyyə başçısı da oturduqları yerdən qalxıb meydana gəldilər, bizim bayraqları götürüb dalğalandırdılar və bizimlə birgə mahnının nəqarətini oxumağa çalışdılar. Bu hissləri o an orda yaşamaq çox qürurverici və çox şərəfli idi.
Şənlikdən ayrılıb avtobusa mindik və yola davam... Şəhərin mərkəzində “Bayburd Saat Qalası” görünür. Deyilənə görə, Saat qalasının tikilişi düz 1 ilə başa gəlib. Tikilişinə 20 iyun 1923-cü ildə başlanan Saat qalası 29 iyun 1924-cü ildə tam hazır vəziyyətdə olub. 21 metr hündürlüyündə olan Saat qalası minarəyə bənzər səkkizgövdəli şəkildə tikilib.
Mərkəzdən bir az yüksəyə qalxdıq. Avtobus saxladı, düşüb ayağımızın altında qalan gözəl Bayburd mənzərəsin izləməkdən zövq alırdıq, sıx-sıx yerləşən evlər, yaşıllıq... Arxamızda isə zaman-zaman müharibələrin şahidi olmuş Bayburd qalası. Qalanın kimlər tərəfindən tikildiyi məlum deyil. Zigana və Kop dağlarından aşmaqla da bu qalaya çox asanlıqla gəlib çıxmaq olur. Bayburt qalası həm də Qara Dənizi Basra körfəzinə bağlayan ticarət yolunun üstündədir. Müharibələr zamanı dəfələrlə bu əzəmətli qalada dağıntılar olub. Ən son 1828-ci ildə Osmanlı-rus müharibəsi zamanı Bayburd qalasına böyük zərbə vurulub. Lakin buna baxmayaraq, yerli əhali Bayburd adlı göz-bəbəyini kipriklər kimi sıralanıb qoruyan bu qalanın canfəşanlıqla keşiyini çəkirlər.
Bayburda yolunuz düşərsə, bu gözəl məkanın qərb hissəsində yerləşən “Şəhid Osman Təpəsi”nə də mütləq baş çəkin. Bu məşhur təpədə Saltukoğullarına aid olduğu hesab edilən iki türbə var. Türbələrdən biri saltuk komandanlarından Mengüç Qazinin qardaşı Osmana və onun bacısına aiddir. Bayburdun qərbindəki qayalıqdakı təpədə olan bu türbələr sarı daşdan tikilib və türklərin daş işləmə sənətinin ən gözəl örnəklərindəndir. Hava yavaş-yavaş qaralırdı. Biz yenidən “Öğretmen evi”nə axşam yeməyinə gəldik. Bayburd valisi bizimlə birgə yeməyə gələ bilmədiyinə görə eyni məkanın digər hissəsində bizi çay içməyə dəvət etdi. Eyni zamanda jurnalistlərin suallarını da cavablandırdı. “Öğretmen evi”ndən çıxdıqdan sonra bizi Bayburd Qonaq evinə gecələməyə gətirdilər. Hər kəs əşyalarını yerləşdirməklə məşğul idi, mənim və bəzi yoldaşların çantaları itdiyinə görə biz yalnız qonaq evini gəzməklə və axşamın sərin havasını ciyərlərimizə çəkməklə kifayətləndik. Qonaq evini bizim ən ucuz deməzdim, orta səviyyəli otellərdən hesab etmək olar. Amma adicə otel otağını da bizim ən lüks və çoxulduzlu otellərdən fərqləndirən və məni müsbət mənada təəccübləndirən bəlkə də çoxlarına sadə görünən bir detal vardı. Maraqlandım və dedilər ki, bu bütün otaqlarda var. Qaldığım otağın divarında dördkünc şəkildə kibrit qutusu boyda qırmızı boyanın üzərində ağ rəngdə yazılmışdı “kıble”. Bu hərhalda qibləsini tanımayanlar üçün nəzərdə tutulan təqdirəlayiq bir işarədir. Təyin edilmiş vaxtda bəzi dostlar qonaq evinin foyesində görüşüb Murat Göğebakanın konsertində günün yorğunluğunu və stresini yox etməyə getdilər. Bayburdda ilk və son günümüz beləcə yekunlaşdı...
(ardı var...)
Çinarə Vaqif
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info