İstanbulda “10 ilin dövlət adamı” mükafatının təqdimat mərasimi keçirilib
Tarix: 15.07.2013 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Əli Həsənov: “On ildə Azərbaycan Xəzər hövzəsini, Cənubi Qafqazı dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevirib”

Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə seçilmiş “10 ilin dövlət adamı” və “İlin ulduzları” mükafatlarının İstanbuldakı Haliç Konfrans Mərkəzində təqdimat mərasimi keçirilib. Rəy sorğusunun nəticələrinə əsasən Azərbaycan Prezidenti İlham Əliyev “Türkdilli respublikalarda 10 ilin ən uğurlu dövlət adamı” seçilib. “Türkiyədə 10 ilin ən uğurlu dövlət adamı” nominasiyasında Baş nazir Rəcəb Tayyib Ərdoğan, “10 ilin naziri” nominasiyasında Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, “İlin xarici sərmayə yatırımı” nominasiyasında isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qalib elan ediliblər. Sorğuda “İlin ulduzları” nominasiyası üzrə qalib gələnlər də mükafatlandırılıblar. Təqdimat mərasimində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, qardaş ölkənin dövlət və özəl qurumlarının, ictimaiyyətin nümayəndələri, iş adamları, ziyalılar və s. iştirak ediblər.

Kamuran Abacıoğlu: “Azərbaycan çox böyük iqtisadi yüksəlişə nail olub”

Tədbirdə əvvəlcə “Ekovitrin” Media Qrupunun fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Mərasimi açan “Ekovitrin” Media Qrupu idarə heyətinin sədri Kamuran Abacıoğlu qurumun tarixi barədə məlumat verib, rəy sorğunun nəticələrindən danışıb. Türkiyənin son dövrlərdə dinamik inkişafından söz açan K.Abacıoğlu ötən on ildə qardaş ölkə Azərbaycanın iqtisadi möcüzə göstərərək sürətlə inkişaf etdiyini vurğulayıb: “Azərbaycan çox böyük iqtisadi yüksəlişə nail olub. Azərbaycan Türkiyə kimi iqtisadiyyat nəhənginin daxilində - İzmirdə böyük Petkim layihəsini satın aldı və buraya 17,5 milyard dollarlıq sərmayə yatırdı. Bu, qürurverici bir nailiyyətdir. Biz Azərbaycan Prezidenti İlham Əliyevə buradan salamlarımızı və ehtiramlarımızı göndəririk”.

“Azərbaycan ikinci türk dövlətidir ki, Təhlükəsizlik Şurasının üzvüdür”

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Ekovitrin” jurnalının kollektivinə təşəkkürlərini çatdırıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasından sonra Azərbaycanın və Türkiyənin Avropanın enerji bazarında yeni aktorlar kimi çıxış etməyə başladıqlarını bildirən Əli Həsənov deyib ki, ötən 10 il dünyaya çox şey verib. Amma ən dəyərli sərvətini - güc artımını Türkiyəyə və Azərbaycana verib. Azərbaycan enerji resurslarını dünya bazarlarına çıxararaq iqtisadi, siyasi, sosial və digər sahələrdə bütün ehtiyaclarını aradan qaldırıb, eyni zamanda, bölgənin ciddi aktoruna çevrilib. Türkiyə isə Xəzər neftini dünyaya çatdıran mühüm enerji mərkəzi olub. Bu gün Avropanın enerji təhlükəsizliyini nə Türkiyəsiz, nə Azərbaycansız, nə də Bakı-Tbilisi-Ceyhansız təsəvvür etmək mümkün deyil.
Prezident Administrasiyasının şöbə müdiri Avrasiyanı təmsil edən 270 mindən artıq insanın “Ekovitrin”in bu sorğusuna qatılaraq səs verməsini həqiqəti tam əks etdirdiyini diqqətə çatdırıb. On ildə Azərbaycan nəinki inkişaf edib və bölgəni inkişaf etdirib, eyni zamanda, Xəzər hövzəsini, Cənubi Qafqazı dünyanın iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevirib.
Əli Həsənov ötən on ildə Azərbaycanın daha bir uğurunun da 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi olduğunu bildirib: “Azərbaycan ikinci türk dövlətidir ki, Təhlükəsizlik Şurasının üzvüdür. Bizim bu gücümüzün meydana çıxmasında da, Türkiyənin dünyada bugünkü geosiyasi, geoiqtisadi, geostrateji və hərbi qüdrətinin artmasında da Azərbaycanın məxsusi payı var. Biz bu payı dəyərləndirənlərə təşəkkür edirik. Bu mükafat Azərbaycan Prezidenti İlham Əliyevin tam haqqıdır. Prezident İlham Əliyevin on illik fəaliyyətinə verilən bu dəyər – “10 ilin dövlət adamı” mükafatı tam reallığı əks etdirir. Bu işdə əməyi keçən, bu sevinci bizimlə bölüşən hər kəsə Azərbaycan hökuməti adından bir daha təşəkkür edirəm”.

“Marmaray” layihəsi Azərbaycan ilə Türkiyə arasında birbaşa daşımaları təmin edəcək”

Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım çıxış edərək ölkəsinin son on ildə qazandığı nailiyyətlərdən söz açıb. Nazir Türkiyədə 2004-cü ildə təməli qoyulan və artıq inşasının son mərhələsinə qədəm qoyan “Marmaray” layihəsinin “bir millət, iki dövlət” olan qardaş Azərbaycan ilə Türkiyə arasında mühüm əlaqələrdən birini təşkil etdiyini vurğulayıb: “Bu, Azərbaycan ilə Türkiyə arasında birbaşa daşımaları təmin edəcək ən mühüm layihələrdən biridir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz”, TANAP layihələri Şərq ilə Qərb arasında əlaqələri, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərini gücləndirən mühüm layihələrdir”. Nazir bildirib ki, biz qardaş Azərbaycanın Türkiyənin strateji sektoruna – neft-kimya sənayesinə yatırdığı sərmayəni təqdir edirik: “Azərbaycanın getdikcə inkişaf edən, Qafqaz bölgəsində təminatçı ölkəyə çevrilməsində böyük xidmətləri olan Prezident İlham Əliyev bu mükafata tam layiqdir. Biz Prezident İlham Əliyevə türk milləti adından təşəkkür edirik”.
Çıxışlardan sonra mükafatların təqdim edilməsi mərasimi olub.
Nazir Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevin layiq görüldüyü “10 ilin dövlət adamı” mükafatını Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova təqdim edib.
Məlumat verilib ki, “Ekovitrin” jurnalının bu il fevralın 1-dən aprelin 24–dək keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Rəy sorğusunda 35 kateqoriya üzrə 105 namizədə səs verilib.
Tədbirdə göstərilmiş filmdə Prezident İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı söz açılıb. Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Filmdə dövlət başçısının daxili və xarici siyasətinin uğurları geniş şərh olunub. Bildirilib ki, Azərbaycanın neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisinin başa çatdırılması, enerji resurslarının dünya bazarına çıxarılması nəticəsində ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olub. Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-enerji sektorunun sürətli inkişafı təmin edilib. Azərbaycan Dövlət Neft Fondunda 30 milyard dollardan artıq vəsait toplanıb. Ölkənin strateji valyuta ehtiyatları isə 46 milyard dollara çatıb. Azərbaycan dünyanın 50 inkişaf etmiş iqtisadiyyatı sırasına daxil olub. Ölkədə yoxsulluğun səviyyəsi 6,2 faizə, işsizlik isə 5 faizə düşüb. 2012-ci ilin nəticələrinə görə, ölkədə inflyasiya cəmi 1 faiz təşkil edib. Son 10 ildə bir milyondan artıq yeni iş yeri yaradılıb. İlk süni peykini fəzaya çıxarmaqla Azərbaycan kosmik ölkələr sırasına daxil olub. Ötən 10 ildə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar investisiya yatırılıb. Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilib. Azərbaycan 2011-ci ildə 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının, həmçinin Qoşulmama Hərəkatının üzvü seçilib. Dünya İqtisadi, Krans Montana, Cənubi Qafqaz, Humanitar, Mədəniyyətlərarası Dialoq forumlarına, “Eurovision” musiqi yarışmasına, Dini Liderlərin Ümumdünya Sammitinə və digər nüfuzlu tədbirlərə ev sahibliyi edən Bakı artıq dünyanın qlobal səciyyəli tədbirlərinin keçirildiyi mərkəzlərdən biri kimi qəbul olunur. Azərbaycan artıq idman ölkəsinə çevrilib. Bunun nəticəsidir ki, Avropa Olimpiya Komitəsi 2015-ci il birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edib. Məhz bu uğurlara görə Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib. Sonda xatirə şəkli çəkdirilib.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info