“Gənclər artıq keyfiyyəti qiymətləndirməyi bacarırlar”
Tarix: 15.07.2013 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Eyyub Quliyev: “Əsas arzum da odur ki, Azərbaycan dirijorluq sənəti dünyada yüksək səviyyədə tanınsın. Ən böyük səhnələrdə ən böyük kollektivlərlə möhtəşəm əsərləri ifa edək”

Müsahibim Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının baş müəllimi və Prezident mükafatçısı Eyyub Quliyevdir:


-Eyyub müəllim, sənət fəaliyyətinizdə Prezident mükafatına layiq görülmüsünüz. Bu, sənətinizdə, yaradıcılığınızda nə kimi rol oynayıb?
- Qeyd etməliyəm ki, həqiqətən, bu, mənim üçün çox əlamətdar bir hadisədir. Çünki bu, ilk növbədə ölkə başçımızın sənətkarlara və gənclərə verdiyi yüksək qiymətdir, böyük bir etimaddır. Mən bundan böyük bir şərəf duyuram. Ümumiyyətlə, hər hansı bir mükafat və ya fəxri ad sənətkar üçün bir stimuldur, bir dəstəkdir. Onun yaradıcılığına verilən bir qiymətdir. Xüsusilə, bu qiymətin bizim dövlət başçımız tərəfindən verilməsi, əlbəttə ki, insanda xoş və dərin sevgi, minnətdarlıq hissləri yaradır. Mən anlayıram ki, bu, gələcəyə ünvanlanan bir addımdır. Çünki mənimlə bərabər bu mükafata layiq görülən insanlar Azərbaycan mədəniyyətini və musiqisini dünyaya tanıdır və Azərbaycanı dünya səhnələrində aktiv şəkildə təmsil edirlər. Bu, onları ruhlandırmaq üçün atılan çox uzaqgörən bir addımdır. Mənə elə gəlir ki, siyahıda olan hər bir kəs bundan fərəhlənib, daha böyük bir əzmlə çalışmalıdır. Əlbəttə, bu, mənim üçün böyük bir şərəfdir. Təbii ki, mən də gərgin iş rejimində çalışıram. Çünki Azərbaycan musiqisini dinləmək istəyənlərin, Azərbaycan mədəniyyətini sevən insanların sayı artır. Buna görə də biz bir sıra dəvətlər alırıq və həm xarici ölkələrdə, həm də Azərbaycanda ifaçılıq fəaliyyəti davam edir.
- Sənət kimi musiqini seçibsiniz. Musiqi dünyası sizin həyatınızda nə ifadə edir?
- Demək olar ki, hər şey. Çünki musiqi bizim həyatımızın bir parçasıdır. Çünki biz musiqi ilə doğulmuşuq, hər anımız, hər nəfəsimiz musiqi ilə bağlıdır. Biz musiqini həyatımızın ayrılmaz hissəsi kimi qəbul edirik. Musiqi həm məni ruhlandırır, həm də yeni addımlara sövq edir. Musiqi, demək olar ki, məni müəyyən mənada yaşadır və gələcəyə daha da optimist baxmağa sövq edir. Çünki bəzən həyatda insanın qarşısına müəyyən problemlər çıxır. Həmin problemlərin öhdəsindən gəlmək üçün çox zaman musiqiyə müraciət edirik. Sanki musiqi insanı xilas edir. İnsanın daxili aləmini açmaq, onun deyə bilmədiklərini ifadə etdiyinə görə çox zaman biz musiqiyə müraciət edirik. Ona görə mən musiqini çox yüksək qiymətləndirirəm.
- Milli musiqini və ya dünya klassikasını ifa etmək sizdə hansı duyğular yaradır? Sizin üçün bu iki musiqinin nə kimi fərqi var?
- İkisi də fərqli istiqamətə aiddir. İkisinin də fərqli keçmişi və yolu var. Mən hər ikisindən də bəhrələnmişəm və buna görə özümü xoşbəxt sayıram. Bu, mənə Azərbaycan milli musiqisi əsasında yazılmış əsərləri, məsələn, bizim dahi bəstəkarlarımız Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Soltan Hacıbəyovun, maestro Niyazinin və digər bəstəkarlarımızın əsərlərini ifa etməkdə kömək edir. Eyni zamanda dünya klassik musiqisinin əsasında inkişaf etmək, formalaşmaq, tərbiyə almaq da böyük bir şərtdir. Xüsusilə, dirijor üçün. Sırf bir şeyin üzərində köklənmək, yalnız ondan istifadə etmək də düzgün deyil. Bilirsiniz ki, bizim böyük bəstəkarlarımız Üzeyir bəy “Leyli və Məcnun”, “Koroğlu” operalarında, Fikrət Əmirov simfonik muğamlarında, maestro Niyazi simfonik muğamlarında, Qara Qarayev özünün simfonik əsərlərində bu iki üslubu birləşdirib, maraqlı və unikal bir kompozisiyaya nail olublar. Hətta caz musiqisində Vaqif Mustafazadə bundan istifadə edib. Gördüyünüz kimi, milli musiqimiz çox dərin və zəngin bir sənətdir, xəzinədir. İstənilən xalq buna qibtə edə bilər, bunu bir nümunə kimi istifadə etmək arzusunda ola bilər. Bizim də bəxtimiz gətirib ki, bizim muğam kimi böyük bir sənətimiz, folklorumuz var. Onu istənilən janrda istifadə etmək olar. Mən də çox sevinirəm ki, bu janra bələdəm və istifadə edə bilirəm.
- Bir musiqiçi kimi bugünkü gənc bəstəkarların musiqi potensialını necə qiymətləndirirsiniz?
- Sizə deyim ki, 60-70-ci illərdə dahilər axını var idi. Qara Qarayev, Cövdət Hacıyev, Rauf Hacıyev, Soltan Hacıbəyov, Niyazi və digər dahi bəstəkarlarımızın, əlbəttə ki, yeri görünür. Amma buna baxmayaraq, onların yolunu davam edən bəstəkarlarımız da var. Həmin bəstəkarlarımız da yaşayıb-yaradırlar və onların Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında təhsil alan tələbələri var. Artıq onlar da beynəlxalq müsabiqələrdə iştirak edib, öz sözlərini deyə bilirlər. Bir faktı da qeyd etmək istəyirəm ki, Mədəniyyət və Turizm Nazirliyi hər il fevral ayının 2-si gənc bəstəkarlar üçün xüsusi konsert keçirir. Bu konsertdə Azərbaycanın gənc bəstəkarlarının simfonik əsərləri Dövlət Simfonik Orkestri tərəfindən ifa olunur. Bu, çox vacib və mənalı işdir. Keçmişdə Azərbaycan bəstəkarlarına dəstək olmaq bu qədər asan deyildi. Çünki müasir musiqi tələbatı bu qədər çox deyildi. Amma indiki zamanda gənc bəstəkarlarımızın şansı var ki, onlar həm festivallarda, həm də adını qeyd etdiyim konsertlərdə öz əsərlərini eşitmək imkanı əldə edirlər. Çox sevinirəm ki, belə konsertlər silsiləsində mən də iştirak etmişəm, konserti ilk mən aparmışam, dirijorluq etmişəm. Hətta konsertdə çox istedadlı bəstəkarların yaradıcılığı ilə tanış olmuşam, hazırda o bəstəkarlar yazıb-yaradır və deyərdim ki, bir musiqiçi kimi qarşıdakı 20-30 ilə optimist baxıram. İstedadlı bəstəkarlarımız var. Xüsusilə, klassik musiqi sahəsində dəstək alırlar. Bir azda əzmkarlıq əlavə olunsa, düşünürəm ki, çox böyük nailiyyətlər əldə edə bilərik.
- İncəsənət sahəsində müxtəlif musiqi janrları mövcuddur. Bu gün cəmiyyətdə gənclərin musiqi sahəsinə axını kifayət qədərdirmi?
- Arzu edirəm ki, bu sahəyə daha çox maraq artsın. Xüsusilə gənc nəslin nümayəndələri tərəfindən. Mən konkret deyə bilmərəm ki, bu sahəyə üz tutanlar çoxdur və ya azdır. Əlbəttə ki, hüquq, tibb sahəsi, biznes aləmi, iqtisadi sahələrlə müqayisədə klassik musiqiyə tələbat böyük deyil. Arzu olunandı ki, konsertlərimizdə, filarmoniyada, opera teatrında gənc nəslin nümayəndələrinin sayı çox olsun. Onların konsertlərdə, musiqi gecələrində, opera tamaşalarında tez-tez iştirak etmələri, öncə onların cəmiyyətdə bir şəxsiyyət kimi formalaşmalarına çox böyük şərait yaradır. Daha sonra isə musiqi dünyası və ən əsası incəsənət sahəsində geniş məlumat bazalarının olmasına zəmin yaradacaq. Mən düşünürəm ki, ötən 10-15 ili bu günlə müqayisə etsək, klassik musiqiyə maraq daha çoxdur. Müəyyən qədər izləyəndə görürük ki, Bakıda keçirilən festivallarda iştirak üçün xarici ölkələrdən gələn musiqiçi qonaqları dinləyənlər arasında gənclərin sayı artır. Gənclər artıq keyfiyyəti qiymətləndirməyi bacarırlar. Simfonik musiqinin məşhur ifaçılarını dinləmək üçün konsertlərə üz tuturlar. Opera tamaşalarında premyeralarda iştirak edirlər. Xaricdə təhsil almaq üçün müəyyən addımlar atılır. Müəyyən sahələrdə kadr çatışmazlıqları var idi ki, artıq Azərbaycan gəncliyi o sahələrə meyil edir. Çox səviyyəli, çox professional ifaçılarımız, musiqişünaslarımız, bəstəkarlarımız yetişir. Əlbəttə ki, burada da dövlət tərəfindən addım atılır ki, bu sahədə də gənclərin sayı çox olsun. Bu da çox sevindirici bir haldır. Burada keçirilən festivalların sayını, təbliğatı, Azərbaycan mədəniyyətinin təqdimatını nəzərə alsaq, qarşıdakı 5-10 ildə böyük nailiyyətlərə imza ata bilərik.
- Milli musiqimizin və musiqi alətlərimizin təbliği, sizin fikrinizcə, hansı improvizələrə səbəb ola bilər?
-Əlbəttə ki, mən instrumental ifaçı olsaydım, konkret nəyin improvizəyə səbəb olacağını deyə bilərdim. Ancaq mənə yalnız bir dirijor kimi artıq yazılmış və nota köçürülmüş əsərləri ifa etmək həvalə olunur. Bunun özü də bir çətin missiyadır. Amma şəxsən bir müşahidəçi kimi, bir musiqiçi kimi onu deməliyəm ki, çox maraqlı eksperimentlər hazırlanır, çox maraqlı təqdirəlayiq işlər görülür. Bu, bir fantaziya şəklində özünü təsdiq edir.
Ramiz müəllim də öz dövründə çox unikal bir addım atıb, heç kimin təsəvvür etmədiyi, sırf milli musiqi alətimiz olan tarda dünya klassik musiqisini ifa edib. Əlbəttə ki, bu addım da həm Vətənimizdə, həm də dünyada böyük alqışlarla qarşılanır. Bu yaxınlarda biz Ramiz müəllimlə Avstriyada Vyana orkestri ilə konsert proqramında Avstriya bəstəkarlarının-Motsartın, Şubertin əsərlərini ifa etdikdə orada qarşılaşdığımız böyük məhəbbət və tamaşaçı alqışları buna bir daha əyani sübutdur. Bir daha şərait yaranır ki, biz öz musiqimizi təbliğ edək. Azərbaycan musiqisilə dünya musiqisini sintez edərək, çox maraqlı improvizələr əldə edirik. Bu həm də Azərbaycan musiqisinin təbliği və musiqinin inkişafı üçün vacib bir addımdır. Bu cür improvizələrin olması həmçinin musiqi dünyasında yeni bir səhifə yaranmasına və musiqi ədəbiyyatının genişlənməsinə də şərait yaradır. Eyni zamanda bizim musiqi ifaçılarımızın da istedadı bu sahə ilə dünyada tanınır. Ona görə də bu cür işləri çox yüksək qiymətləndirirəm.
- Azərbaycan musiqi mədəniyyətində başda dahi Üzeyir bəy olmaqla, böyük bəstəkarlarımız öz əsərləri ilə Azərbaycanı dünyaya tanıdıblar. Bəs bir pedaqoq kimi, gənc nəslin də gələcəkdə belə yüksəlişlərə səbəb olacağına inanırsınız?
- Əlbəttə ki, bizim çox bacarıqlı bəstəkarlarımız var. Onlar professional səviyyədə bizim bəstəkarlıq məktəbini təbliğ edir və Azərbaycan musiqi mədəniyyətinə layiq əsərlər yaradırlar. Onlar üçün də hər cür şərait yaranır. Gələcəkdə onlar korifeylərin səviyyəsinə çatacaq, yaxud çatmayacaq, onu artıq zaman göstərəcək.
Mən konkret deyə bilmərəm ki, bir nəfər əsər bəstələdi və həmin əsər Q.Qarayevin “Leyli və Məcnun” simfonik əsərinin səviyyəsində oldu. Yaxud F.Əmirovun “Kürd ovşarı” simfonik əsəri, Niyazinin “Rast” simfonik muğamı kimi qiymətləndirildi və tarixə düşdü. Bunu demək çətindir. O dövrlə bu dövrü də nəzərə alsaq ki, çox fərq var, indi artıq daha tez ad qazanmaq, şöhrət qazanmaq olur və bunun yolları da çoxdur, bunun nəticəsi şübhəsiz olacaq. Əsas onu bilməliyik ki, Azərbaycanın hər zaman layiqli bəstəkarları var, olub və həmişə olacaq.
- Görkəmli musiqiçi kimi, Azərbaycan incəsənətində, Azərbaycan musiqi dünyasında nələri etmək arzusunda olmusunuz?
- Əlbəttə ki, etmək istədiyimiz, görmək istədiyimiz işlər çoxdur. Musiqi dünyası elə bir aləmdir ki, sən bir işlə kifayətlənmirsən. Elə bir zaman olur ki, bir neçə ilin planlarını qurursan. Həmin planlarla da yaşayırsan. Hər bir musiqiçi kimi mənim də arzularım var. Əsas arzum da odur ki, Azərbaycan dirijorluq sənəti dünyada yüksək səviyyədə tanınsın. Ən böyük səhnələrdə, ən böyük kollektivlərlə möhtəşəm əsərləri ifa edək.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info