Naxçıvanın ixracat imkanları artır
Tarix: 15.07.2013 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


Yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 407 milyon 208 min manat investisiya yönəldilib

Milli iqtisadi inkişafda payı və rolu olan Naxçıvan Muxtar Respublikası son illərin sürətli inkişaf meydançasına çevrilən əhəmiyyətli region kimi formalaşıb.
İqtisadiyyatın müxtəlif sahələrinin, xüsusən də kənd təsərrüfatının, sənayenin və digər sahələrin paralel, bir-biri ilə vəhdət halında, müqavimətli, davamlı və dayanıqlı inkişaf istiqamətləri burada keyfiyyət irəliləyişlərinin əldə olunmasına geniş imkanlar açıb. Yaxın keçmişə nəzər saldıqda görürük ki, muxtar respublikada iqtisadi inkişaf üçün əsas potensial sahə kənd təsərrüfatı idi. Amma ölkəmizdə 1993-cü ildən başlayan siyasi sabitliklə müşayiət olunan hərtərəfli, çoxsahəli və çoxşaxəli inkişaf strategiyası 1995-ci ildən muxtar respublikamızda da öz mütərəqqi köklərini saldı və qazanılan nailiyyətlər bütün sahələr kimi iqtisadi inkişaf istiqamətində də özünü göstərdi. Bunun da nəticəsində iqtisadi sahədə böyük önəm daşıyan sənaye sahələrinin də canlanması təmin edildi. Kənd təsərrüfatında (aqrar sektorda) əsas istehsal vasitəsi olan torpağın iqtisadi əhəmiyyəti artırılaraq təkcə aqrar sektor üçün deyil, həm də sənaye sahələrinin də əlaqəli, balanslı inkişafı üçün yararlılıq səviyyəsi yüksəldildi. Burada həyata keçirilən məqsədyönlü iqtisadi siyasət insanların sabaha olan ümidlərini daha da artırmış, stimul yaratmış, daha böyük əzmlə işləməyə sövq edib. Sağlam iqtisadi mühit xalq təsərrüfatının bütün sahələrini əhatə edərək, milli iqtisadi potensialın daha da artıq olmasına imkanlar yaradıb. Artıq Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən, 2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 753 milyon 949 min manatlıq ümumdaxili məhsul (ÜDM) istehsal olunub. İqtisadi inkişafın yaratdığı səmərəli mühit nəticəsində bu göstərici 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 12,8 faiz çoxdur. Qeyd edək ki, ümumdaxili məhsulun sahə strukturunda ilk yeri sənaye, ikinci yeri isə tikinti sahəsi tutmaqdadır.
Artım tempi ilə müşahidə olunan ÜDM-dən hər bir insanın səmərəli bəhrələnmək imkanları artmış və hər bir nəfərə düşən ümumdaxili məhsulun həcmi 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,4 faiz artıb.
Qeyd etdiyimiz kimi, əldə olunan iqtisadi inkişaf iqtisadiyyatın bütün sahələrində yüksək iqtisadi artımı təmin edib. Yeni-yeni sənaye müəssisələrinin tikilməsi, mövcud olanların əsaslı və müasir standartlara uyğun şəkildə təmir olunması və nəticədə yüksək faydalılıqla istifadəyə verilməsi güclü iqtisadi potensialdan xəbər verməkdədir. Məhz elə bunun nəticəsidir ki, 1995-ci il tarixdən 2013-cü il tarixə qədər olan 18 ildə muxtar respublikamızda 5788 obyekt istifadəyə verilib (bu hazırda da davam etməkdədir) və muxtar respublika iqtisadiyyatının inkişafına xidmət etməklə, milli iqtisadi inkişafa böyük önəm qazandırmaqdadır. Təbii ki, bütün bunların hamısına güclü dövlət tənzimləməsi, qayğısı və diqqəti öz əhəmiyyətli təsirini göstərir. Təkcə onu qeyd edək ki, yaradılmış əlverişli iqtisadi mühit nəticəsində 2013-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 366 milyon 642 min manatlıq sənaye məhsulu istehsal edilib. Bu isə 2012-ci ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 12,1 faiz artım deməkdir.
Güclü idarəçilik mexanizmi, sanballı iqtisadi təcrübə, keyfiyyətli təşəbbüskarlıq potensialı muxtar respublikanın dünənini bu günlərlə, bu gününü isə gələcəklə səsləndirə bilmiş, hər addım məsafədə, hər qarış torpaqda, hər tikilən obyektdə aydın sabahın, parlaq gələcəyin cizgilərini yaradıb. Qurmaq, yaratmaq həvəsi, əzmi, yüksək təşkilatçılıq qabiliyyəti əldə olunan nailiyyətlərin təkcə bu gün üçün deyil, həm də uzaq gələcək üçün hesablandığını təsdiq edir. Fikrimizi əsaslandırmaq üçün deyə bilərik ki, 2013-cü ilin yanvar-may aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 407 milyon 208 min manat həcmində investisiya yönəldilib. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə istifadə edilmiş investisiyanın həcmi 9,9 faiz artıb.
Aydın məsələdir ki, milli iqtisadi potensialın artması bütün tərəflərlə birlikdə informasiya-kommunikasiya texnologiyalarının inkişafını da özündə tərənnüm etdirməkdədir. Qeyri-neft sektorunun ən zəruri elementi olaraq İKT-nin fəaliyyətinin yüksək iqtisadi potensialının təminatı istiqamətində müəyyən olunması öz həllini tapmış və nəticədə ölkəmiz orbitə öz müstəqil süni peykini buraxmağa nail olub. Yeni şərait üçün mütərəqqi layihələrin işlənib hazırlanması, ölkəmizin sosial-iqtisadi həyatındakı yeniliklərin davamlılığının və dayanıqlığının təmin edilməsi məhz İKT-nin potensial inkişafı ilə də mümkün olub və olmaqdadır. Məhz belə nailiyyətlərdən də biri 2013-cü ilin fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peyki-“Azərspace-1”-in orbitə uğurla buraxılmasından ibarətdir. Bu tarixi hadisə ölkəmizin bütün sahələrdə olduğu kimi, informasiya texnologiyaları sahəsində nailiyyətlərin ifadəsi olmaqla, həm də digər zəruri amil olan insan amilindən düzgün istifadəyə əsaslandığını göstərməkdədir. Təsadüfi deyildir ki, dövlətimiz tərəfindən 2013-cü il məhz “İnformasiya-Kommunikasiya Texnologiyaları ili” kimi elan olunub. Bəhs edilən dövrdə muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 18 milyon 380 min manat olub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz çoxdur. Bu müddət ərzində mobil rabitə xidmətlərinin həcmi 15 milyon 588 min manat olmaqla, bir il öncəki göstəricini 6 faiz keçib.
İqtisadiyyatımızın müasir iqtisadi sistem və şərait qanunları ilə qurulması və idarə olunması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər bütün sahələrin sistemli inkişafına imkanlar yaradıb. Hərtərəfli yüksəlişin özünə kök saldığı və yüksək iqtisadi potensiala malik olan Naxçıvan MR iqtisadiyyatı digər böyük və aparıcı sahə olan kənd təsərrüfatının da sistemli inkişaf etməsinə səbəb olub. Müasir iqtisadi sistemin ən zəruri ünsürü olan aqrar siyasətin inkişaf istiqamətlərinin müəyyən olunması köhnədən qalma təsərrüfat və idarəetmə sistemlərinin yeniləri ilə əvəz olunması əsasında təşkil edildi və davamlı nailiyyətlərlə təmin olundu. Bir-birinin ardınca qəbul edilən hüquqi normativ sənədlər, istifadə olunan səmərəli mexanizm və vasitələr bu sahədə də davamlı və dayanıqlı inkişafın təməlini qoyub. Bunun nəticəsidir ki, 2013-cü ilin yanvar-may aylarında muxtar respublikada 37 milyon 257 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2012-ci ilin müvafiq dövründəki göstəricini 4,7 faiz üstələyib. Yaradılan faydalı iqtisadi mühit burada təsərrüfatın ən müxtəlif sahələrində insanların fəaliyyətinə stimul verib. Belə ki, 2013-cü ilin yanvar-may aylarında muxtar respublikada 7,4 min ton ət (diri çəkidə), 33,5 min ton süd, 40 milyon 843 min ədəd yumurta istehsal edilmiş, 2012-ci ilin yanvar-may ayları ilə müqayisədə ət istehsalı 5,1 faiz, süd istehsalı 1,6 faiz, yumurta istehsalı 1,2 faiz artıb.
Hər hansı bir ölkənin iqtisadi qüdrəti onun əhalisinin alıcılıq qabiliyyətinin yüksəkliyi ilə də xarakterizə olunur. Təbii ki, həyata keçirilmiş iqtisadi siyasətin səmərəliliyi inflyasiya əleyhinə mübarizənin də faydalılığına təminat verməlidir. Bu isə söz yox ki, öz növbəsində sağlam iqtisadi mühitin mövcudluğuna əsaslar yaradan zəruri amillərdəndir. Məhz Naxçıvan Muxtar Respublikası ölkəmizdə əldə olunan iqtisadi uğurlardan yetərincə bəhrələnərək bu sahədə də mühüm nailiyyətlər qazanmaqdadır. Belə ki, sözügedən dövrdə muxtar respublikada əhalinin gəlirləri 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 594 milyon 314 min manat, onun hər bir nəfərə düşən həcmi isə 4,3 faiz yüksəlib.
2013-cü ilin müvafiq dövründə muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği 374,1 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artıb.
Ölkəmizin sülhsevər, demokratik dəyərlərə önəm verən, beynəlxalq aləmə çevik inteqrasiya edən, regionda və dünyada etibarlı, sadiq tərəfdaş olması iqtisadi siyasətin də səmərəliliyini artırmış, mövcud uğurlu siyasi münasibətlər iqtisadi münasibətlərin də təkanverici qüvvəsinə çevrilib. Bunun da nəticəsində xarici ölkələrlə iqtisadi münasibətlər tam təkmil əsaslarla qurularaq inkişaf etmiş, ümumi mənada isə ticarət dövriyyəsinin artmasına gətirib çıxarıb. Təsadüfi deyildir ki, 2013-cü ilin yanvar-may aylarında muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlar, fiziki şəxslər tərəfindən xarici dövlətlərlə aparılan ticarət əməliyyatları nəticəsində 165 milyon 971 min Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb. İxracın həcmi son bir il ərzində 6,5 faiz artaraq 103 milyon 980 min ABŞ dollarından çox olmuş və xarici ticarət üzrə 41 milyon 989 min ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranıb.
Dövlətimiz inkişaf etdikcə, ictimai-siyasi sabitliyini möhkəmləndirdikcə, iqtisadi qüdrətini artırdıqca əhalisinin firavanlığına daha çox diqqət göstərir, onların müxtəlif təsərrüfat sahələrindəki fəaliyyətlərinə stimul verir, sosial vəziyyətin yaxşılaşmasına təkan olur. Elə bunun nəticəsidir ki, göstərilən müddətdə muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 20 milyon 207 min manat həcmində kreditlər verilib.
Günü-gündən çoxalan sosial uğurlarımız insanların sabaha və gələcəyə olan inamlarını, ümidlərini daha da artırıb. Hər bir azərbaycanlı çalışdığı, fəaliyyət göstərdiyi, xidmət etdiyi sahədə yalnız və yalnız bir məqsədi əsas tutur, bu da müstəqil, demokratik, dünyəvi dəyərlərə üstünlük verən, əhalisinin maddi rifah halının durmadan artmasına şərait yaradan Azərbaycan Respublikasının daha qüdrətli, daha firavan, daha əmin-aman bir ölkəyə çevrilməsindən ibarətdir. Bunu isə yalnız böyük Heydər Əliyev ideyalarına sadiq qalmaqla və cənab Prezident İlham Əliyevin ətrafında birləşməklə bacara bilərik.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsi
İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info