“Finlandiyada Azərbaycanla bağlı müsbət fikirlər var”
Tarix: 04.01.2019 | Saat: 13:06:00 | E-mail | Çapa göndər


Ulviyyə Cabbarova: “Koordinasiya şuraları soydaşlarımızın Azərbaycan naminə birgə fəaliyyəti üçün stimul olacaq”

Müsahibimiz Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarovadır. Ülviyyə xanım 15 ildən çoxdur ki, ailəsi ilə birgə Finlandiyanın paytaxtı Helsinki şəhərində yaşayır. İxtisasca musiqiçi olan soydaşımız yerli məktəblərin birində müəllimə kimi fəaliyyət göstərir, eyni zamanda Azərbaycan musiqisini geniş təbliğ edir. Ülviyyə Cabbarova musiqi fəaliyyəti ilə yanaşı, Finlandiyada Azər-Türk Gənclər Birliyinin rəhbəri kimi aktiv diaspor işi ilə də məşğul olur. Bu ilin noyabrından isə yeni yaradılmış Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisidir.

- Ülviyyə xanım, Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisisiniz. Hazırda bu sahədə işləriniz necə gedir?

- İsveçin paytaxtı Stokholm şəhərində Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi seçilmək soydaşlarımızın mənə göstərdiyi böyük etimad idi və mən bu etimadı doğrultmağa çalışıram. Bu vaxta qədər pərakəndə şəkildə fəaliyyət göstərən təşkilatların ölkəmizin tanıdılması istiqamətində daha səmərəli nəticələr əldə etməsi üçün onların birgə fəaliyyətinə çox böyük zərurət yaranmışdı. Bu zərurəti dərk edən təşkilat rəhbərləri belə bir şurada birləşmək təşəbbüsü ilə çıxış edərək, onun yaradılmasına nail oldular. Koordinasiya Şurasının təsis toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti də iştirak etdi.
Bununla belə, düşünürəm ki, müstəqil fəaliyyət göstərən təşkilatların işini koordinasiya etmək çox məsuliyyətli və çətin işdir. Amma bütün səylərimizi səfərbər edərək bu işin öhdəsindən uğurla gələcəyimizə əminəm. Artıq şurada təmsil olunan Finlandiyadakı təşkilatların rəhbərləri keçirdiyimiz toplantıda soydaşlarımızın daha sıx birləşməsi, onların diaspor və lobbiçilik fəaliyyətində fəallığının artırılması, şuranın Finlandiyadakı yerli və beynəlxalq təşkilatlarla əlaqələrinin qurulması və digər məsələləri müzakirə etmişik və müəyyən qərarlar vermişik. Hazırda Finlandi¬yada Azərbaycan Mədəniyyət Evinin açılması məsələsi gündəmdədir. Düşünürəm ki, bu, çox vacib məsələdir. Bundan başqa, Azərbaycanın turizm potensialının Finlandiyada tanıdılması və turistlərin ölkəmizə cəlb edilməsi işində maraqlıyıq və bu istiqamətdə layihələrimiz var.

- Necə düşünürsünüz, şuranın formalaşdırılmasının həmvətənlərimizin təşkilatlanma prosesinə və diaspor quruculuğu işinə hansı təsiri olacaq?

- Şuranın yaradılması, ilk növbədə Avropada yaşayan həmvətənlərimiz arasında fikir ayrılıqlarının və şəxsi münasibətlərdəki problemlərin ortaq maraqlar ətrafında birləşməsinə, mütəşəkkil şəkildə Azərbaycan naminə fəaliyyət göstərmələrinə stimul olacaq.

- Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi kimi bu iki ayda hansı işləri görmüsüz?

- Türkiyə Cümhuriyyətinin Finlandiyaya yeni təyin olunmuş səfiri Mehmet Vakur Erkul ilə görüşümüz, deyərdim ki, səmərəli keçdi. İki qardaş ölkənin diasporunun ortaq fəaliyyətinə və bu istiqamətdə səfirliyin dəstəyinə dair müzakirələr apardıq. Azərbaycan və türk gənclərinə milli mədəniyyətin, musiqinin, adət-ənənənin aşılanması üçün milli bayramların ortaq proqramlar çərçivəsində həyata keçirilməsi, eyni zamanda ölkəmizin Finlandiya ictimaiyyətinə tanıdılması, Qarabağ həqiqətlərinin yerli cəmiyyətə çatdırılması, erməni yalanlarının ifşa olunması istiqamətində ortaq layihələr reallaşdırılması təklifini etdim. Səfir Mehmet Vakur Erkul da işbirliyinin vacibliyini və daha səmərəli olacağını dedi. Düşünürəm ki, yaxın vaxtlarda bu istiqamətdə konkret işlərə başlayacağıq.
Finlandiyada yaşayan azərbaycanlıların bir çoxu öz sahəsində tanınmış musiqiçi, həkim, alim və iş adamlarıdır.

- Finlandiyada azərbaycanlılarla bağlı hansı problemlər aktualdır?

- Finlandiyada təqribən 3000-dən çox azərbaycanlı yaşayır. Azərbaycan Respublikasından Finlandiyaya köçənlərin sayı isə təxminən 1000 nəfərə yaxındır. Deyərdim ki, azərbaycanlıların Finlandiyada təşkilatlanması yüksək səviyyədədir, onlar azərbaycançılıq naminə bir çətir altında birləşərək həmrəylik nümayiş etdirir və bir-birlərinə dəstək olurlar. Hələ 1993-cü ildən ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızla görüşlərində verdiyi dəyərli məsləhətlər dünyadakı, o cümlədən Finlandiyadakı Azərbaycan diasporunun canlanmasına və vahid məqsəd naminə birləşməsinə stimul yaradıb. Bu gün Finlandiyada yaşayan soydaşlarımız bu ənənəni davam etdirərək azərbaycançılıq ideologiyası, müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı ətrafında sıx birləşir və fəaliyyətləri ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə, ölkəmizin tanıdılmasına öz töhfələrini verirlər.
Son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsində dəyişikliklər də soydaşlarımızda böyük stimul yaradıb. Komitənin fəaliyyətindəki yeniliklər, xaricdəki soydaşlarımıza diqqət və qayğının artırılması onların Azərbaycan naminə daha sıx birləşərək fəaliyyət göstərməsi üçün böyük ümidlər verib. Komitənin diaspor təşkilatlarına texniki dəstəyini də xüsusi qeyd etmək istərdim. Ümumiyyətlə, innovativ yeniliklər təqdirəlayiqdir. İnternet üzərindən, sosial şəbəkələrdə, Diaspor TV-də və s. görülən işlər kifayət qədər ümidvericidir. Komitə təşkilatlara texniki dəstək göstərir, görülən işlər çoxdur. Ümumiyyətlə, son dövrlər Dövlət Komitəsinin fəaliyyətinə nəzər yetirsək xüsusi bir aktivliyin şahidi oluruq. Xüsusilə də Komitə rəhbərliyinin pozitiv olması bu prosesdə ciddi əhəmiyyət kəsb edir.

- Finlandiyalılar Azərbaycanla bağlı hansı düşüncədədirlər?

- Finlandiyada Azərbaycanla bağlı müsbət fikirlər var. Ölkəmizdə keçirilən dünya səviyyəli tədbirlər Azərbaycanı bütün dünyada, eləcə də Finlandiyada müsbət mənada tanıdıb. Belə ki, “Avroviziya”, İlk Avropa Oyunları, Formula-1 kimi dünya miqyaslı tədbirlərdə iştirak etmiş Finlandiya vətəndaşları ölkəmizin füsunkar təbiətindən, Bakımızın gözəlliyindən, insanlarımızın qonaqpərvər və istiqanlı olmağından böyük məmnunluq hissi ilə danışırlar.

- Azərbaycanlılar elm, təhsil, səhiyyə sahələrində ön cərgələrdə dayana bilirlərmi?

- Qeyd etdiyim kimi, Finlandiyada yaşayan azərbaycanlıların bir çoxu öz sahəsində tanınmış musiqiçi, həkim, alim və iş adamıdır. Musiqiçilərimiz fəal yaradıcılıqla məşğul olur, mütəmadi konsert proqramları və digər bu kimi tədbirlərdə iştirak edirlər. Həkimlərimiz sayılıb-seçilən klinikalarda bizi təmsil edir, gördükləri işin öhdəsindən layiqincə gəlirlər. Müəllimlərimiz isə Fin məktəblərində müxtəlif elmlərin tədrisi ilə məşğul olaraq yüksək səviyyədə və xüsusi peşəkarlıqla işlərini icra edirlər.

- Xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının üzərinə tarixini, mədəniyyətini, adət-ənənəsini qorumaq missiyası da düşür. Bu baxımdan, Finlandiyada yaşayan azərbaycanlılar aktiv ola bilirlərmi?

- Biz - Finlandiyada yaşayan azərbaycanlılar öncə ailələrimizdə öz adət-ənənələrimizi qoruyuruq və bunları gələcək nəslə ötürürük. 2012-ci ildən yaratdığım Azər-Türk Gənclər Birliyinin başlıca məqsədi də, məhz milli adət-ənənələrimizi, musiqimizi, mədəni irsimizi Azərbaycan və türk gənclərinin yaddaşına həkk etməkdir. Bu məqsədlə buradakı azərbaycanlı ailələrlə tez-tez görüşlərimiz olur. Hətta artıq ayda bir dəfə kiminsə evində görüşüb milli mətbəximizin təamlarından dadıb maraqlı söhbətlər edirik. Bu, çox sevindirici haldır, Avropa ölkəsində azərbaycanlıların mehribanlığı, birliyi Azərbaycan adətləri ilə yetişdirdiyimiz körpələrin, yeniyetmələrin, gənclərin gələcəyinə töhfədir.

- Finlandiyalılar Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında nə qədər məlumatlıdırlar? Bu istiqamətdə diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirərdiniz?

- Burada “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirlər, Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və diaspor təşkilatlarının Finlandiyada bu işlərə dəstək olması nəticəsində Finlandiya cəmiyyəti həqiqətləri bilir. Ünsiyyətdə olduğumuz əksər insanlar Qarabağın əzəli Azərbaycan torpağı olduğu, Xocalı soyqırımı və s. məsələlərlə bağlı məlumatlıdırlar. Bizim əsas fəaliyyət istiqamətlərimizdən biri də məhz Azərbaycan həqiqətlərinin olduğumuz ölkələrdə, iştirak etdiyimiz tədbirlərdə geniş yayılmasıdır və bu, davamlı şəkildə aparılır.

- Finlandiyada yaşayan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyada dil problemi varmı?

- Mən öz ailəmdə övladlarımla ana dilində danışmağa çalışıram. Ancaq ümumilikdə götürsək, yerli cəmiyyətdə fin dilində danışmaq tələb olunur. Finlandiyada uzun müddət yaşayıb yerli dili bilməyən xaricilər işsizlik problemi ilə üzləşirlər, yerli cəmiyyətə inteqrasiya oluna bilmirlər. Bu isə, təbii ki, davamlı ola bilməz.

- Finlandiyadakı soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü necə qeyd edirlər? Bu əlamətdar gün münasibətilə hansısa tədbir keçirilibmi?

- Təbii ki, bütün dünya azərbaycanlılarını birləşdirən bu mötəbər bayram dünyanın müxtəlif ölkələrində müxtəlif formatlı silsilə tədbirlər şəklində qeyd edilir. Xüsusilə vurğulamaq istərdim ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Finlandiya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Finlandiyada yaşayan azərbaycanlılarla yanaşı, Finlandiya ictimaiyyətinin təmsilçiləri, Azərbaycanın Finlandiyadakı diplomatik korpusunun nümayəndələri və digər qonaqlar iştirak edib. Ümumilikdə isə tədbirdə 80-dən çox qonaq iştirak etmişdir.

- Ülviyyə xanım, bir daha yeni iliniz uğurlu olsun, müsahibə üçün vaxt ayırdığınıza görə çox sağ olun.

- Siz də sağ olun, mən də sizin yeni ilinizi təbrik edirəm, diqqətiniz üçün təşəkkür edirəm.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2019
“Siqaretdən, alkoqollu və enerjili içkilərdən uzaq durun, təbiətdə çox olun, çox gəzin”
08.11.2019
Gömrük Akademiyasının məzunu: “Akademiyada əldə etdiyim biliklər köməyimə çatır”
07.11.2019
“Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
07.11.2019
“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”
04.11.2019
Natiq Əliyev: “Azərbaycanlılar xaricdə çox fəaldırlar”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
4 Cəlil Məmmədquluzadənin “Seçilmiş əsərləri” Bolqarıstanda çap olunub
5 238 nəfər daxili işlər orqanlarında xidmətə qəbul olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info