Müəllimlərin işə qəbulunda yenilik
Tarix: 16.07.2013 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərə açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib. O, bildirib ki, bundan sonra Azərbaycanın ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki vakant yerlər hər tədris ilində 2 dəfə elan ediləcək: “Müsabiqə zamanı tutulmamış və müsabiqədən sonra yaranan vakant yerlər elan ediləcək”. Onun sözlərinə görə, müsabiqədə keçid balını toplamış və işə qəbul olunmamış müəllimlər elektron qaydada seçim edib bu yerlərdə işləmək imkanı əldə edəcəklər. F.Qədirov qeyd edib ki, 2013-2014-cü tədris ili üçün Azərbaycanın ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üçün imtahanların I mərhələsindən uğurla keçən namizədlər üçün müsahibə əvvəlki illərdən fərqli şəkildə təşkil olunacaq: “Müsahibə üçün xüsusi proqram tərtib olunub. Müsahibədə namizədlərin dünyagörüşü, nitqi, tibbi-psixoloji durumu, bu peşəyə nə dərəcədə yararlı olması barədə məlumatlar əldə ediləcək.

Bundan sonra isə onların məktəblərdə müəllim işləməsinə razılıq veriləcək. Müsahibədən sonra boş qalan yerlər imtahanda keçid balını toplamış, lakin işə qəbul olunmamış müəllimlər üçün elan ediləcək. Onlar bu seçim əsasında yenidən elektron ərizə ilə müraciət edəcəklər. Bunun əsasında yenidən elektron yerləşdirmə olacaq, digər prosedurlar isə əvvəlki qaydada olduğu kimi aparılacaq”.
F.Qədirov qeyd edib ki, avqustun 15- nə kimi bütün bu prosedurların başa çatdırılması planlaşdırılır. Həmin müddətə qədər müəllimlərin hansı məktəblərdə işləməli olduqlarını biləcəyini deyən Təhsil Nazirliyinin rəsmisi deyib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqə əvvəlki illərdən xeyli tez müddətdə başa çatdırılacaq.

3 minədək müəllimin təhsil sənədi
yoxlanacaq


F.Qədirov bildirib ki, saxta sənədlə işləyən müəllimlərin aşkar olunması istiqamətində Təhsil Nazirliyi mütəmadi olaraq tədbirlər həyata keçirir: “Ötən il ümumi ölkə üzrə belə bir monitorinq aparılıb və onun nəticələri ictimaiyyətə elan olunub”. Aşkar olunan saxta təhsil sənədlər barədə məlumatları Baş Prokurorluğa da təqdim etdiklərini deyən F.Qədirov qeyd edib ki, onların bəziləri ilə bağlı müəyyən istintaq işləri başa çatıb, digərləri üzərində işlər aparılır: “Amma hər zaman Təhsil Nazirliyinə müraciət əsasında işə qəbul prosesində biz bütün təhsil sənədlərinin doğruluğunu, dəqiqliyini yoxlayırıq. Onun saxta olduğunu aşkar etdikdə, digər müvafiq tədbirlər görülür. Qarşıda bizi daha ciddi bir mərhələ gözləyir. Belə ki, işə qəbul olunacaq 3 minədək müəllimin təhsil sənədləri yoxlanacaq. Həmin yoxlamanın nəticələrinə uyğun olaraq məlumat verə bilərik ki, nə qədər müəllimin təhsil sənədi işləmək üçün uyğun deyil”.

Müəllimlərin işə qəbulu üzrə
müsabiqədə 3 286 vakant yerə 18 782 nəfər ərizə verib


F.Qədirovun sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3 286 vakant yerə 18 782 nəfər ərizə verib. Təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılıb. Onun sözlərinə görə, iyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu prosesi başa çatıb. 15 gün ərzində ölkənin ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18 782 nəfərin ərizəsi qəbul olunub: “Ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərə müraciət edənlərin sayı isə 16 195 olub. Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, İngilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb. İşə qəbul üzrə qeydiyyatdan keçmiş ərizələrin təsdiqlənməsi prosesinin 16-20 iyul tarixində həyata keçirilməsi nəzərdə tutulub. 21-23 iyul tarixlərində imtahan qrupları formalaşdırılacaq. Hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək”.
F.Qədirov vurğulayıb ki, test imtahanları Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunda keçiriləcək. Onun sözlərinə görə, universitetdə lokal şəbəkə qurulub və serverə qoşulub: “Bu mərhələni başa vuranlar üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq. Təhsil Nazirliyi müəllim olmaq istəyənlərin hər biri üçün bərabər şəraitin yaradılmasına, imtahan və müsahibə prosedurlarının şəffaf keçirilməsinə zəmanət verir”.

Müəllimlər üçün müəyyən
məhdudiyyətlər qoyulub


Şöbə müdiri bildirib ki, bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu qaydaları dəyişdirilib. Bu dəyişikliyə görə, müəllimlər artıq ucqar kəndlərdəki vakant müəllim yerlərini seçdikdə orada 3 il çalışmalıdırlar.
Onun sözlərinə görə, artıq müəllimlər üçün müəyyən məhdudiyyətlər qoyulub: “Gənc mütəxəssisləri həvəsləndirmə tədbirləri tətbiq olunan ucqar kənd məktəbinə göndəririksə, o, həmin məktəbdə 3 il işləməyə məcburdur. 3 ildən sonra o, yerini dəyişmək barədə nazirliyə müraciət edə bilər”. Nazirlik rəsmisi qeyd edib ki, hər il həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerlərə işə qəbul olunan müəllimlərdən geri qayıdanlar da olur: “Bu imtina daha çox onların ailə vəziyyəti ilə bağlı olur. Əlbəttə, onlar daha yaxşı şərait axtarırlar və bu şəraiti tapmayanda müəyyən mənada onların ucqar kəndlərdə qalıb işləməsi problem olur. Belə müraciətlərin sayı çox deyil. Amma biz istərdik ki, belə hallar olmasın”. F.Qədirov deyib ki, ucqar kənd məktəbləri ölkə üçün vacib əhəmiyyətli təhsil müəssisələri olduğundan, burada müəllimlərin həvəsləndirilməsi, onlar üçün uyğun əmək haqqının müəyyənləşdirilməsi vacib şərtlərdəndir: “Son illərdə ucqar yerlərə gənc müəllimləri göndəririk. Mən deməzdim ki, kənd yerlərində gənc mütəxəssislər azdır. Düzdür, onlara əlavə ehtiyac var. Biz də bu ehtiyacı ödəməyə çalışırıq. Bu il də ölkə üzrə 2500-dən çox vakant yer yalnız gənc mütəxəssislər üçün nəzərdə tutulur və onlara həvəsləndirmə tədbirləri tətbiq olunacaq”.

Orta məktəb direktorlarına
xəbərdarlıq


“Azərbaycanın orta məktəblərində vakant yerlərin gizlədilməsi hazırda direktorlara heç bir şey vermir. Çünki bu gün direktorlar müəllimləri işə qəbul edə və ya hansısa işə təyin edə bilməz”. Fərzəli Qədirov bildirib ki, ölkədə müəllimlərin işə qəbulu üçün ciddi reqlamentləşdirici qaydalar mövcuddur. Bu qaydalardan kənara çıxanlara qarşı ciddi intizam tədbirinin görüləcəyini deyən F.Qədirov qeyd edib ki, getdikcə belə halların sayı azalacaq və minimuma enəcək.
Nazirlik rəsmisinin sözlərinə görə, əvvəlki illərdə məktəb direktorları tərəfindən vakant yerlərin gizlədilməsi və ya əlavə müəllimlərin işə qəbulu ilə bağlı müəyyən hallar olub: “Bunlara qarşı Təhsil Nazirliyi tərəfindən çox ciddi intizam tədbirləri görülüb. Əgər sonradan da hər hansı bir məktəb rəhbəri tərəfindən vakant yerin təqdim olunmaması faktı aşkar olunarsa, onun barəsində müvafiq tədbir görəcəyik”. F.Qədirov orta məktəblərdə 10 ildən çox çalışan müəllimlərə yerdəyişmə zamanı tətbiq olunacaq güzəştlər barədə də məlumat verib. O qeyd edib ki, əgər müəllim 10 ildən çox məktəbdə işləyirsə və işləməkdə davam edirsə, müvafiq təlimat sənədlərinə əsasən o, yerini başqa məktəbə dəyişə bilər: “Əgər müəllim 10 il işlədikdən sonra hər hansı bir səbəbdən işdən çıxıb və hazırda işləmirsə, onlar müsabiqə vasitəsilə işə qəbul ola bilərlər. Ancaq müsabiqədə iştirak etməsələr də, onlar vakansiya yarandıqda Təhsil Nazirliyinə müraciət edirlər. Təhsil Nazirliyi onların sənədlərini araşdırır, çox ciddi müsahibə keçirir və uyğun vakant yerlərə göndərir”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info