“Ta bağrımda tütər buldum Bayburdu”
Tarix: 16.07.2013 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


(əvvəli 13 iyulda)

Bayburdu vəsf etməyə, Bayburdda gördüyüm, görməyə fürsət tapa bilmədiyim- eşitdiyim və həzz aldığım gözəllikləri dünyanın ən mükəmməl sözlərindən cümlələr qursam da, yəqin ki, istədiyim və ürəyimdən keçirdiyim kimi izah edə bilməyəcəyəm. Gözlə görmək və anbaan yaşamaq lazımdır o hissləri. Getmək, o gözəl yerləri qarış-qarış gəzmək, buz kimi bulaq suyunu içmək və dadlı mətbəxindən doyana qədər yemək, o təmiz havanı ciyərlərinə çəkmək, gözoxşayan mənzərələri göz işlədikcə seyr etmək lazımdır. İstər alış-veriş mərkəzləri, istər ərzaqların, istərsə də çox ulduzlu hotellərin qiymətləri digər ölkələrlə müqayisə ediləcək qədər aşağıdır.
Mən Türkiyənin bəzi bölgələrindəki sadə əhalinin danışıq dilini çox çətinliklə başa düşürdüm. Lakin məhz Bayburdda hətta eyni sözləri işlətdiyimizin də şahidi oldum. Qaldığımız Bayburd qonaq evinin restoranında səhər yeməyi üçün toplaşmışdıq. Səhər yeməyindən dərhal sonra bizimçün ayrılan avtobusda hərə öz yerini tutdu. Adətən, belə səfərlərdə avtobusda yerdəyişmələr o qədər də çox olmur. Kim əvvəlcədən necə oturursa, sona qədər də elə davam edir. Beləcə avtobus qaldığımız qonaq evindən yavaş-yavaş uzaqlaşırdı. Belə səfərlərdə pəncərə kənarında əyləşməyi çox sevirəm. Çünki bir-birini əvəz edən mənzərələri seyr etməkdən yorulmuram. Əgər yol yoldaşların yaxşı, şən insanlardırsa, ən uzun yol belə, sənə iki addımlıq məsafə kimi gələcək. Mənimsə bəxtim bu cəhətdən həmişəki kimi gətirmişdi. Sadəcə yol yoldaşları deyil, həm də təşkilatçılar baxımından çox şanslı idik, desəm, yəqin ki, fikrimi təsdiqləyənlər az olmayacaq. KUDAKA-nın (Kuzeydoğu Anadolu Kalkınma Ajansı) əməkdaşları Fatih bəy, Muzeyyen xanım yolboyu bizə avtobusun soyuducusundan sərin sular, meyvə şirələri və müxtəlif şirniyyatlar verirdilər. Yaşlı sürücü isə nə səs-küyümüzdən bezirdi, nə də şıltaqlığımızdan. Bilmirəm, bu yerlərin torpağından, suyundan, ya da havasındandırmı, ya nədir-insanları çox mehriban, gülərüz və səmimi olur. Ümumiyyətlə, səfər boyu mən qaşqabağlı adam görmədim.
Bayburdun 2 km şərqindəki Ərənli kəndinin qərb hissəsində təpənin üzərində bir tikili görünür. Bu tikili, türk dünyasına tanış olan “Kitabi-Dədə Qorqud”dakı Bamsı Beyrəyin məzarının yerləşdiyi yerdir. Yerli camaat bu məzarı ziyarətgaha çevirib. Şəhərdən baxanda çox asanlıqla görünür. Məzarın üzərində sonradan daşdan dördkünc bina tikilib. Məncə, Dədə Qorqudun məzarını ziyarət edib Bamsı Beyrək ziyarətgahına gəlməmək hər halda günah sayılar.
KUDAKA-nın əməkdaşları bizi daha bir qədim tarixə malik olan yerə gətirdilər. Ümumiyyətlə, Bayburdun hər kəndində-kəsəyində bir tarix yatır, desəm, yanılmaram bəlkə də. Aydıntəpədəki “Yeraltı şəhər Parkı”na çatanda adi, kiçik çay bağçası gördük. Ağacların kölgəsində əyləşib gözlədik. İcazə alındıqdan sonra biz öncə dəmir, sonra isə torpaq nərdivanlarla aşağı endik. Yerin altına nərdivanlarla enmək və nələrisə görəcəyimizi düşünmək çox həyəcanlı idi. Yeraltı şəhərin dərinliyi 2,5 metr, uzunluğu isə 800 metrdir. Məlumata görə yeraltı şəhər erkən Bizans dövründə romalılar tərəfindən qovulan xristianların sığınacağı olub. Hər addımbaşı 2 və ya daha artıq ailənin yerləşə biləcəyi böyüklükdə otaqlar var. Hətta yeraltı şəhərdə hovuza da rast gəldik. Aydıntəpə parkında 1994-cü ildə aparılan qazıntılar zamanı aşkara çıxan yeraltı şəhərin açılışı 1996-cı ildə olub. O gündən bu günə qədər xeyli sayda turistlərin və yerli əhalinin tez-tez gəldikləri bir yerə çevrilib bura. Mən yerin altında addımladıqca “burada necə yaşamaq olar”, “neçə gün və ya neçə ay belə qapalı yerdə qalmaq olar” və s. bu kimi suallar beynimi didirdi. Gözümün önündə isə bir kino lenti kimi 1992-1993-cü illər canlanırdı... Kadrlar bir-birini əvəz edirdi... Yaxşı yadımdadır, o vaxt ermənilər xalamgilin kəndinə tez-tez hücum edərdilər. Xalamgil Füzulinin Kürdlər kəndində yaşayırdılar. Onlar artıq qonşu kəndlərdən öyrənmişdilər ki, daşnakların hücumlarından gizlənməyin yeganə yolu evlərinin altında dərin yer qazıb zirzəmilər düzəltməkdir. Xalamgilin də belə bir zirzəmiləri vardı. Topların, tüfənglərin, atışma səslərini eşidən kimi bütün ailənin uşaqları, qadınları və qocaları qaçıb girərdi zirzəmiyə, səs-küy azalanda isə qorxa-qorxa çıxıb yaşamağa davam edərdilər. Biz də xalamgilin kəndindən geri qalmamışdıq. Sonralar bizim də kəndimizdə hər evin zirzəmisi vardı. Bizim evimiz nənəmgilin evi ilə qonşu idi. Ona görə də bizim bir zirzəmimiz vardı. Çox dərinə getmək istəmirəm, amma nədənsə bu yeraltı şəhərdə mənim canıma bir üşütmə düşdü. Xatirələrdənmi, yoxsa havasızlıqdanmı boğulmağa başladım və tez çıxdım ordan. Həm də yeraltı şəhərdən sığınacaq kimi istifadə edənlərin mənə tanış hissləri və taleləri 800 metr məsafəni qət etmək istəyimi əngəllədi.
Yerin üstünə çıxdıq. Aydıntəpə yeraltı şəhər parkındakı kiçik çay bağçasında əyləşib çay sifariş elədik. Bu kiçik çay bağçasına Aydıntəpə Bələdiyyə başçısı da gəlmişdi. Bizimlə çay süfrəsi arxasında əyləşdi. Bizə maraqlı gələn bəzi məqamlarla bağlı açıqlama verdi və sualları cavablandırdı. Çayımızı içib, sağollaşdıq və bizə yeraltı şəhəri görmək imkanı yaradan bələdiyyə başçısına minnətdarlığımızı bildirib ayrıldıq.
Bayburd qədimliyi, tarixi ilə hər bir turisti razı sala biləcək qədər gözəl və möhtəşəmdir. Balaca daxmalar, kasıb evlər hər bir kəndə xas olan ortaq cəhətdir. Bayburdun hər yerində, evlərin sıx yerləşdiyi ərazilərdə, demək olar ki, hər addımbaşı məscidlərə rast gəlmək olur. Bu, türk dünyasının islama inamının, bağlılığının bariz nümunəsidir. Bayburdla bir ortaq cəhətimiz də var. Azərbaycan Demokratik Respublikasının yaranmasının 95 illiyini qeyd etdiyimiz kimi, Bayburd xalqı da “Qurtuluş günü”nün 95 illiyini qeyd edir bu il. Bayburdun qurtuluşu deyilincə adamın ağlına ilk gələn rus işğalları olur. 1828-1829-cu Osmanlı-rus savaşı zamanı ərazi ilk dəfə rusların işğalına məruz qalıb. Daha sonralar 1877-1878-ci illərdə ruslar yenidən Anadolu üzərinə hücuma keçiblər. Rusların işğalı altında qalan, daha sonralar ermənilərin əsarətində qalan Bayburd 21 fevral 1918-ci ildə türk ordusu tərəfindən geri qaytarılır. Beləcə ərazidə həm rus işğalının, həm də erməni qətliamının izləri yavaş-yavaş yox edilir. Lakin bu gün erməni turistləri bu yerləri görmək üçün əllərini ciblərinə salıb pul xərcləsələr, hələ də bu torpaqların bəzi yerlərində öz iyrənc əməllərinin qalıqlarını, izlərini görəcəklər və elə bax o an dərk edəcəklər ki, türkün qolunu bükmək, türkün gücünü tükətmək, türkün səsini kəsmək heç vaxt mümkün olmayacaq! Nə vaxtsa haqq-ədalət bərqərar olacaq və ermənilərin törətdikləri soyqırımıları, qətliamları bütün dünya pisləyəcək.
Mən-erməni işğalından zərər çəkmiş bir məcburi köçkün Azərbaycan gənci, Bayburdu belə gördüm və türklərin təbirincə desək, “belə buldum”...
Bayburd bələdiyyə başçısı Hacı Ali Polat bəyin bizlərə hədiyyə etdiyi bir neçə dəyərli əşyalarla birgə, Bayburdun qurtuluşunun 95 illiyinə həsr edilmiş kitablar da var və o kitablardan birində Orxan Şaiq Gökyayın bir bəndinə rast gəldim:

Sıla dedim, gəldim, qürbətə düşdüm.
Qürbətdən də betər buldum, Bayburdu.
Qovuşmaq istədim, həsrətə düşdüm,
Ta bağrımda tütər buldum Bayburdu.

Şairin düşüncələrinə şərikəm, desəm, yəqin, qınaq atəşinə tutulmaram. Mən neçə-neçə çətin müharibələrdən, münaqişələrdən zərər çəkən insanlardan biri kimi jurnalistika prinsipləri çərçivəsindən kənara çıxıb hisslərimə qapıldım, bilirəm. Oxuyarkən bir az düşüncələrinizə qapılıb, hisslərinizi dinləsəniz, anlayacaqsınız ki, qulaqlarından güllələrin səsi, güllələnənlərin iniltisi, yaxınlarını itirənlərin hayqırtısı hələ də getməyən, burnunda bağ-bağçasının, kənd-kəsəyinin qoxusu heç bir ətirlə əvəzlənməyən, gözlərinin önündən o yerlərin işğaldan öncəki və sonrakı mənzərəsi silinməyən birisi-bu səfəri başqa cür qələmə ala bilməzdi.
“Gözəl Bayburdun qurtuluşunun 95-ci ildönümünü təbrik edir, mübarək torpağımızda canlarını bu vətən üçün fəda edən şəhidlərimizi rəhmətlə və minnətlə, qazilərimizi şükranla anıram”-Bayburd bələdiyyə başçısı Hacı Əli Polad bu cümlələrini oxuyanda bir daha əmin oldum ki, “torpaq əgər uğrunda ölən varsa, Vətəndir!”
Beləcə, Bayburd səfərimiz, gəzintimiz və görüşlərimiz sona çatdı. Aydıntəpə yeraltı şəhər parkı proqram üzrə gəldiyimiz sonuncu turistik məkan idi.
Nazlı Bayburddan ayrılırıq, üzü Ərzuruma doğru yola davam...
(ardı var)
Çinarə Vaqif
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info