“Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı çapdan çıxıb
Tarix: 16.07.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası rəhbərinin müavini, birinci dərəcəli dövlət müşaviri, professor Novruz Məmmədovun “Xarici siyasət: Reallıqlar və gələcəyə baxış” kitabı çapdan çıxıb. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab ömrünün böyük bir hissəsini xarici siyasətə həsr etmiş müəllifin elmi fikir və düşüncələri ilə bərabər, bilavasitə müşahidə etdiyi beynəlxalq münasibətlər prosesinə təhlili yanaşmasının məhsulu olaraq maraq doğurur.
Haqqında söhbət gedən kitab konkret tarixi dövrü - Azərbaycanın müstəqillik yollarında ilk kövrək addımlarını atdığı 1993-cü ildən başlayaraq artıq mətinləşmiş və nüfuz qazanmış, müstəqil xarici siyasət kursuna malik, dünya ölkələri ilə bir cərgədə qətiyyətlə addımladığı müasir zəmanəmizədək olan 20 illik dövrü əhatə edir. Azərbaycanın xarici siyasət kursu necə və hansı şəraitdə müəyyənləşdirilib, ötən 20 ildə bu siyasət hansı təkamül mərhələlərindən keçib və qlobal geosiyasi dəyişikliklərə nə kimi reaksiyalar verib? Müəllif kitabında bu və digər suallara cavab tapıb, olduqca çətin və mürəkkəb məqamlarda dramatik dinamizmlə dolu həmin prosesi təhlil edib, ölkənin xarici siyasət kursuna, bu kursun real nəticələrinə müasir geosiyasi nəzəriyyələr kontekstində nəzər salıb. Yeri gəlmişkən, kitabın əsas məziyyətlərindən biri məhz geosiyasətin nəzəri və praktik aspektlərinin qarşılıqlı vəhdətdə götürülüb təhlil olunmasıdır.
Dörd fəsildən ibarət olan əsər nizamlı, ölçülü-biçili ideya təkamülünə əsaslanır. Belə ki, geosiyasi nəzəriyyələrin XX əsrdəki transformasiyasına həsr olunmuş birinci fəsildə müasir geosiyasi konsepsiyalar, necə deyərlər, ideya təkamülü süzgəcindən keçirilir. Sonrakı iki fəsildə Azərbaycanın xarici siyasətinə qlobal və regional geosiyasi tendensiyaların qarşılıqlı əlaqəsi prizmasından, güclü dövlət konsepti və regional liderlik arasındakı əlaqəyə bölgə səviyyəsində geosiyasi oyunçu kimi formalaşma imkanları müstəvisindən baxılır. Əsərin müəllifi ölkənin xarici siyasət kursunun prioritetlərinin bir-biri ilə sıx bağlı olan konkret vəzifələri reallaşdırmaq imkanlarını əsaslandırır, güclü dövlət konsepti ilə regional liderliyin uzlaşması məsələsinin təhlilini də elə bu aspektdə aparır.
Müasir dövr yeni dünya nizamının təşəkkül tapması, geosiyasi təsiri olan çoxlu sayda ölkənin meydana çıxması ilə səciyyələnir. Müəllifin fikrincə, bizim üçün aktual məsələ Azərbaycanın bu prosesin harasında qərar tutması və həmin istiqamətdə mümkün yeniləşmə tendensiyalarına hazır olmasıdır. N.Məmmədov bununla bağlı mülahizələrini kitabın “Güclü dövlət konsepti və regional liderlik” adlı üçüncü fəslində öz oxucuları ilə bölüşür.
Əsərin yekunu olan dördüncü və sonuncu fəsil isə xarici siyasətin prioritetlərinin bir-biri ilə əlaqəsinin təhlilinə həsr olunub. Prioritetlərin qlobal geosiyasi dəyişikliklər fonunda araşdırılması oxucunun əsərin mahiyyətini dərindən anlamasına kömək edir.
Əsərin digər bir məziyyəti müasir diplomatiyamızın bu günlə yanaşı, gələcəkdə oynaya biləcəyi rol haqqında təsəvvür yaratmasıdır. Yəni, elmi və praktik cəhətdən əsaslandırılmış təhlil və ümumiləşdirmələr hətta uzaq gələcək barədə düşünməyə imkan verir. Eyni zamanda müəllifin aktual hesab etdiyi gələcək tədqiqatın istiqamətlərini müəyyənləşdirir.
Xarici siyasət və diplomatiya çətin qavranılan, adətən məhdud auditoriyaya hesablanan mövzudur. Novruz Məmmədovun yeni kitabı isə tələbələr, doktorantlar, ali məktəb müəllimləri, beynəlxalq münasibətlər problemlərini öyrənən tədqiqatçılarla yanaşı, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Bunun səbəbi kitabın anlaşıqlı, sadə dildə yazılması, fikirlərin məntiqi axıcılığıdır. Azərbaycanın xarici siyasətinin formalaşması, dövrün tələbinə uyğun təkamülü, keçdiyi inkişaf mərhələləri adi oxucunun başa düşdüyü bir tərzdə təhlil edilir. Dünyanın gərdişinə, xarici siyasətə təsir göstərən amillər, bu və digər reallıqlar sərraf gözü ilə seçilib dəyərləndirilir.
Müəllifin özünün də qeyd etdiyi kimi, bu kitab sadəcə elmi düşüncələrin məhsulu deyil, burada ömrünün böyük hissəsini xarici siyasətə həsr edən bir insanın şəxsən yaşadığı məqamlar da öz əksini tapmışdır. Burada həmin insanın keçirdiyi hisslərin, qürur duyduğu anların, hətta yuxusuz gecələrinin izləri var. Kitabı oxunaqlı edən bir amil də məhz budur.
Ölkəmizin xarici siyasət kursunun formalaşması, bu sahədə atılan ilk addımlar, xarici ölkələrlə münasibətlərin Azərbaycanın maraqları ilə məharətlə uzlaşdırılması siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. N.Məmmədov həmin dövrün xarakterini, ziddiyyətli məqamlarını, mürəkkəbliyini diqqətə çatdıraraq belə bir konkret nəticəyə gəlib: “Heydər Əliyev dövlət idarəçiliyində klassik və müasir anlamda dövlət quruculuğunun baza prinsiplərinə əsaslanırdı. Ulu öndər həm də zəngin şəxsi təcrübəsindən geniş istifadə edirdi. Bu, görkəmli dövlət xadiminə çevik siyasi qərarlar qəbul etməyə imkan verirdi. O, hər bir böhranlı vəziyyətdən düzgün çıxış yolu tapa bilirdi. Heydər Əliyev strateji hədəfləri daxili və xarici amilləri kompleks şəkildə nəzərə almaqla, dünyada gedən mürəkkəb geosiyasi prosesləri dərindən və hərtərəfli təhlil edərək müəyyənləşdirirdi. Bütün bunlar ulu öndərin dövlətçilik məfkurəsinin başlıca siyasi, ideoloji və nəzəri əsaslarla zənginliyini nümayiş etdirir. Göründüyü kimi, Heydər Əliyevin dövlətçilik kursu seçimi tarixi əhəmiyyətə malikdir. Bu kursda daxili siyasətlə xarici siyasətin incə harmoniyası təmin edilir. Böhranlı situasiyalarda çevik qərarların qəbul edilməsi müasir siyasi idarəçiliyin əsas məğzini təşkil edir”.
Yaxud, müəllif Azərbaycanın xarici siyasət kursunun 20 ildə keçdiyi yolu, nail olduğu nəticələri, diplomatiyamızın uğurlarını müxtəsər şəkildə bir neçə cümlə ilə belə xarakterizə edib: “Ümummilli liderin əsasını qoyduğu, Prezident İlham Əliyevin yaradıcılıqla davam etdirdiyi bu kurs 20 il müddətində səmərəli işləyən bir sistem kimi özünü tam təsdiq etdi. Ötən müddətdə ölkəmiz gözlənilməz ziddiyyətli məqamlarla üzləşdi. Müxtəlif tərəflərdən təzyiqlər oldu. Daxildə ölkəni parçalamaq planları quranlar da tapıldı. Bütün bu sınaqlardan uğurla çıxan və dövlət quruculuğunu inkişaf etdirmək üçün əlverişli geosiyasi mühit formalaşdıran xarici siyasət kursu yarandı. Qlobal miqyasda geosiyasi vəziyyətin dəyişməsinə praktik-əməli səviyyədə adekvat reaksiya verə bilən siyasi fəaliyyət xətti işləndi”.
Kitabda diqqəti cəlb edən digər bir cəhət müəllifin olduqca zəngin nəzəri mənbələrə, klassik və müasir tədqiqatlara, fərqli baxışlara əsaslanmasıdır. Belə ki, N.Məmmədov Azərbaycan və rus dillərində yazılmış çoxsaylı əsər və məqalələrlə yanaşı, Avropa dillərində nəşr olunmuş ədəbiyyatdan da geniş istifadə edib.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq
19.09.2018
“Xətai” stansiyası sentyabrın 27-dən təmir işləri ilə əlaqədar bağlanır
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info