Binəqədinin siması dəyişir
Tarix: 17.07.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Binəqədi rayonu paytaxtımızın ən gözəl rayonlarından birinə çevrilib


Bakının və onun rayonlarının abadlaşması, gündən-günə yeniləşməsi, müasirləşməsi istər turistləri, istərsə də yerli sakinləri ilk valeh edən cəhətdir. Kim olursa olsun, şəhərə gələn ilk olaraq Bakının yaxşı mənada dəyişdiyini xüsusi qeyd edir. Bu kimi abadlaşma və yeniləşmə Binəqədi rayonunda da xüsusilə diqqət çəkir. Binəqədi rayonunda abadlıq-quruculuq işləri sürətlə davam edir. Qısa müddətdə Binəqədi şosesi, Binəqədi-Mehdiabad yolu, Xocasən qəsəbəsində Dəyirman yolu, Biləcəri qəsəbəsində isə A.Zeynallı və Y.Hüseynov küçələri yenidən qurulur. Bakının şimal istiqamətinə gedən magistralın Binəqədi ərazisindən keçən hissəsinin hər iki tərəfinin abadlaşdırılması, burada gözəl xiyaban və parkların, yaşıllıqların salınması paytaxt sakinləri tərəfindən böyük rəğbətlə qarşılanır.

Yol boyunca salınmış yaşıllıqlar, əkilmiş dekorativ kol və ağaclar, bir sözlə, landşaft memarlığı insanların zövqünü oxşayır. Ərazidə ekoloji tarazlığı təmin etmək məqsədilə Bakı-Sumqayıt şosesi istiqamətində, Biləcəri qəsəbəsinə gedən yolun enişində və şosenin sağ və sol hissəsində sakinlərin rahatlığını və səs baryerini təmin etmək məqsədilə istinad divarları tikilib. Eyni zamanda, torpaqdan ibarət istinad divarları yaşıllaşdırılıb. Müvafiq işlər şose boyu Bakı avtovağzalı, 1 May yaşayış massivi, Ekologiya postu, körpü və yol keçidlərinin ətrafı və digər ərazilərdə də davam etdirilib, şosenin başlanğıcı 7 metr diametrində saat kompleksi və digər memarlıq elementləri ilə zənginləşdirilib.
Bakı-Sumqayıt yolunun Binəqədi ərazisindən keçən hissəsində görülən işlərdən danışan Biləcəri qəsəbə sakini Zülfüqar Rəhmanov bizimlə söhbətində bildirdi ki, son bir ildə rayonda quruculuq-abadlıq işlərinə ciddi fikir verilir: “Görünən kəndə nə bələdçi?! Hər şey göz qabağındadır. Son bir ildə Binəqədidə əhalinin məişət rahatlığı və asudə vaxtın səmərəli keçirilməsi istiqamətində işlər həyata keçirilib. Baxın, görün yol boyu necə mənzərə yaradılıb. Hər gün bu yolla Sumqayıta gedib-gəlirəm. Əvvəllər buralar belə deyildi. İndi hər şey dəyişib. Ərazidə xüsusi səliqə-sahman yaradılıb. Yolun sağ və sol tərəfində, sözün əsl mənasında, park salınıb. Yol kənarında salınmış yaşıllığa baxanda insanın gözü dincəlir. Tikinti zamanı burada hər şey nəzərə alınıb. Sel sularının axıdılması üçün yol boyu kanallar çəkilib. Ərazidə xüsusi işıqlandırma sistemi quraşdırılıb. Bu da gecələr yaşıllığa xüsusi gözəllik verir. Gecə saatlarında buralara gəlsəniz, daha gözəl mənzərənin şahidi ola bilərsiniz”.
Müsahibimiz yol boyunca salınmış yaşıllıqların və gözəlliklərin son bir ilin nailiyyəti olduğunu dedi: “Mən sürücü adamam. Heç nəyə və heç kimə ehtiyacım yoxdur. Sadəcə buradan keçəndə görülən işlər barəsində xoş sözlər işlətməyə bilmirsən. Kim deyir, problemlər yoxdur. Amma görülən işlər də az deyil. Yaxşı olardı ki, magistral boyunca piyadaların rahat hərəkət etməsi üçün səki düzəldilsin. Salınmış yaşıllıqlara baxmaq üçün ətrafda yaşayan insanların magistralın kənarı ilə piyada hərəkət etdiklərinin dəfələrlə şahidi olmuşam. Bu, onların həyatı üçün çox təhlükəlidir”.

Paytaxtın şimal qapısında gözəllik yaradılıb
Yol boyunca salınmış yaşıllıqlara, əkilmiş dekorativ kol və ağaclara qulluq edən Akif Səmədov söhbətində maraqlı faktlar açıqladı. Binəqədi rayonunun 28 May qəsəbəsində yaşayan müsahibimiz bildirdi ki, ərazidə əkilmiş ağac və çiçəklər xarici ölkələrdən gətirilib: “Gördüyünüz bu yaşıllıqlara mən və həyat yoldaşım qulluq edir. Hər gün bu çiçəkləri sulayırıq. Çəmənliklərə xüsusi qulluq olunur. Ağacların sulanması üçün burada hər cür şərait yaradılıb. Bakı-Sumqayıt yolu təkcə Bakını Sumqayıtla birləşdirmir. Bu yol həm də şəhərimizin şimal qapısı hesab olunur. Bu səbəbdən də hazırda burada belə gözəllik yaradılıb. Gördüyünüz bu gözəllik 9 ay ərzində inşa edilib. Burada hər şey insanın zövqünü oxşayır. Bəzən yaxında yaşayan sakinlər bura istirahətə gəlirlər. Yol boyu torpaqdan təpəliklər yaradılıb və orada çəmən otu əkilib. Gördüyünüz kimi bu güllər elə-belə güllər deyil. Gülləri suvardıqca gözəlləşir. Qış, yay bu çiçəklər həmişə təravətli olur. Gecə vaxtı bu ərazilər daha da gözəl olur. Gördüyünüz 7 metr diametrində gül-çiçəyə bürünmüş saat kompleksi isə ətrafa xüsusi gözəllik verir”.
Magistral yolun ətrafında tikinti işləri başa çatdırılıb. Bakı-Sumqayıt magistral yolunun Binəqədi ərazisindəki hissəsinin hər iki tərəfinin abadlaşdırılması ilə bağlı işlər artıq yekunlaşıb. Bu cür landşaft memarlığı ölkədə ilk dəfədir ki, inşa edilir. Layihə əsasında mərhələlər arxada qaldıqca yolətrafı ərazilər yaşıl örtüyə, gül-çiçəyə bürünür. Belə bir mənzərə insanda könül xoşluğu, yüksək zövq oxşamaqla yanaşı, eyni zamanda Bakıya gələn qonaqlarda gözəl təəssürat yaradır.
Təkcə Bakı-Sumqayıt yolunun Binəqədidən keçən hissəsi deyil, eyni zamanda yolun Biləcəri qəsəbəsinə eniş hissəsində də abadlıq işləri görülüb. Burada magistralın sağ və sol hissələrinin abadlaşdırılması ilə yanaşı, yola yaxın evlərin fasadları və dam örtükləri də müasir inşaat materialları ilə klassik memarlıq üslubunda yeniləşdirilib.

Qaldırılan problemlər tez bir zamanda öz həllini tapır

Biləcəri sakini Ramal Kərimov da rayonda görülən işlərdən razı qaldığını bildirdi. Taksi sürücüsü işləyən R.Kərimov bizimlə söhbətində dedi: “Uzun illərdir rayonda həllini gözləyən problemlər yığılıb qalmışdı. Əvvəllər Bakı-Sumqayıt yolunun ətrafı bərbad vəziyyətdə idi. İndi isə müasir görkəm alıb. Buradan keçmək insana xoş gəlir. Hara baxırsan, yaşıllıq və laləzardır. Son illər, həqiqətən, rayonda ciddi işlər görülür. Bunu qiymətləndirmək lazımdır. Şəxsən məni Binəqədi rayonunun bir sıra yaşayış məntəqələrində aparılan abadlıq işləri çox sevindirir. Yaşadığım qəsəbədə mərkəzi yollar genişləndirilib, parklar daha gözəl layihə əsasında yenidən qurulub.
Sosial-məişət problemləri də həll olunur. Mavi yanacaq problemi, demək olar ki, aradan qaldırılıb. Amma elə məsələlər var ki, hələ də öz həllini gözləyir. Qəsəbədə bəzi məhəllələrarası yollar bərbad vəziyyətdədir. Kanalizasiya işləmədiyindən tullantı suları birbaşa küçəyə axır. Mən icra hakimiyyəti başçısının keçirdiyi səyyar görüşlərdə şəxsən iştirak etmişəm. Orada qaldırılan problemlər tez bir zamanda öz həllini tapır. Aydındır ki, illərlə yığılıb qalmış problemləri birdən-birə həll etmək çətindir. İnanıram ki, bizi narahat edən məsələlər mərhələ-mərhələ öz həllini tapacaq”.
Binəqədi rayonunun şəhərdən ən uzaq məsafədə yerləşən Binəqədi qəsəbəsi də, öz simasını dəyişir. Bu qəsəbədə də abadlıq işləri aparılır, yollar asfaltlanır, kommunikasiya sistemləri yenidən qurulur. Binəqədi rayonu ərazisində həm də 4 mikrorayon yerləşir ki, bu mikrorayonlardan biri-6-cı mikrorayon, demək olar ki, tam şəkildə abadlaşdırılıb. Binalardakı istilik sistemlərinin böyük hissəsi yenilənib. 7 və 8-ci mikrorayonlarda, Azadlıq metrostansiyasının ətrafında böyük abadlıq işləri aparılıb. Bu ərazidəki binaların istilik, su, işıq, qaz xətləri dəyişdirilib və bu işlər davam edir. Öz ərazisinə görə ən böyük sayılan 9-cu mikrorayonda neçə illərdən bəri yığılıb qalan bir çox problemlər də öz həllini tapmaqdadır. 9-cu mikrorayon Həmzə Babaşov küçəsi tamamilə abadlaşdırılıb. Burada məcburi köçkünlərin məskunlaşdığı yarımçıq binanın həyəti yenidən qurulub. Avtobus dayanacağı da tam şəkildə asfaltlanıb ki, bu da sakinlərin razılığına səbəb olub. Uzun illər burada yaşayan məcburi köçkünlər görülən işlərə görə, rayon rəhbərliyinə razılıq edir, minnətdarlıqlarını bildirirlər. Son illər bir çox binalarda istilik sistemləri yenidən qurulub, bu da sakinlərin hədsiz sevincinə səbəb olub. Çünki həm ucuzdur, həm də təhlükəsiz. Liftlərin də yeniləri ilə əvəz olunmasına başlanılıb. Artıq bir sıra bloklarda yeni, rahat liftlər işləyir. Mikrorayonda, demək olar ki, su, qaz, işıq problemi yoxdur. Mikrorayondakı məhəllədaxili yolların hamısı təmir olunub. Bu gün tam səmimi şəkildə deyə bilərəm ki, şəhərdə bizim mikrorayon kimi problemsiz yaşayış ərazisi yoxdur. Bu diqqət və qayğıya görə hökumətimizə, dövlətimizin başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə bütün mikrorayon camaatı adından minnətdarlıq bildirirəm”.

Rayon icra hakimiyyətində onlayn videoqəbul da yaradılıb
Qeyd edək ki, Binəqədi rayonunda bu abadlıq işləri Prezident İlham Əliyevin təşəbbüsü və iştirakı ilə işlənib hazırlanmış “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq aparılır. Dövlət proqramında Binəqədi rayonuna aid 103 bənd nəzərdə tutulub. Bu tədbirlərin 11-nin icrası 2011-ci ildə, 26-nın icrası 2012-ci ildə başa çatdırılıb. Qalan 66 bəndin icrasının isə 2013-cü ildə başa çatması planlaşdırılıb. Binəqədi rayon icra hakimiyyətindən qəzetimizə bildirilib ki, son bir ildə rayon ərazisində 6 yeni park salınıb, ikisi əsaslı təmir edilib, 24 yeni mədəni-kütləvi tədbirlər evi sakinlərin istifadəsinə verilib. Rayonda 166 kilometr yol asfaltlanıb, 127 min kvadratmetrlik fasad işləri görülüb. Ekoloji tarazlığın təmin edilməsi məqsədilə 10 minə yaxın yeni ağac, 120 minə yaxın çiçək və bəzək kolu əkilib, 76 min kvadratmetrlik çəmənlik salınıb. Azadlıq prospekti boyunca yerləşən binaların fasadları müasir üslubda üzlənib, işıqlandırılıb. Bakı-Sumqayıt avtomagistralının rayon ərazisindən keçən hissəsinin hər iki tərəfi milli ornamentli landşaft memarlığı elementlərindən istifadə olunmaqla yenidən qurulub. Binəqədi və Biləcəri qəsəbələrində daxili və qəsəbələrarası yollar genişləndirilib. Bütün bunlarla yanaşı, vətəndaşlara elektron xidmətlərin göstərilməsi, idarəetmədə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrində də strateji layihələr həyata keçirilib. Artıq rayon İcra Hakimiyyətində avtomatlaşdırılmış informasiya sistemi yaradılıb. Bu sistemin geniş imkanları sayəsində real vaxt rejimində elektron qaydada sənədlərin qəbulu, onların yoxlanılması, çatışmazlıqların aşkar edilməsi və qiymətləndirilməsi həyata keçirilir. Yeni sistemdə dörd-kargüzarlıq, kadr, ev təsərrüfatları və sosial iqtisadi təhlil altsistemləri fəaliyyət göstərir. Rayon icra hakimiyyətində həmçinin onlayn videoqəbul da yaradılıb. Sakinlər binaya gəlmədən qəsəbə icra nümayəndəliklərinə müraciət edərək onları maraqlandıran məsələlərlə bağlı rayon icra hakimiyyətinin başçısı və digər məsul şəxslərlə birbaşa videoəlaqə yarada biləcəklər.
Binəqədinin bu cür dəyişməsi dövlətimzin də sosial-iqtisadi inkişafından xəbər verir. Gördüyümüz kimi, Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Binəqədi paytaxtımızın ən gözəl rayonlarından birinə çevrilib. Bu da Binəqədidə aparılan infrastruktur, abadlıq, quruculuq və yaşıllaşdırma işləri sayəsində baş verib. Bu işlər hələ bitməyib. Bütün yuxarıda adıçəkilən və çəkilməyən işlərdən başqa, bu gün də Binəqədidə quruculuq və sosial-iqtisadi inkişaf istiqamətində işlər davam etdirilir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info