“Şagirdlər fikirlərini yazıya köçürməkdə çətinlik çəkirlər”
Tarix: 17.07.2013 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


Məlihə Əsədova: “Sosial şəbəkənin müsbət tərəfi odur ki, qısa vaxt ərzində istədiyin məlumatı əldə edə bilirsən, amma təcrübə toplamaq, söz ehtiyatı əldə etmək, düşünmək baxımından kitabı heç nə əvəz edə bilməz”

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Dövlətin təhsil siyasəti ölkənin gələcək inkişafı üçün sağlam təməl formalaşdırıb. Bu siyasət çərçivəsində həm ölkədə təhsilin səviyyəsini qaldırmaq, həm də bu sferada infrastruktur, maddi-texniki baza möhkəmləndirmək prioritet istiqamətlərdəndir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Təhsilin inkişafına göstərilən diqqət və qayğı onu göstərir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Təsadüfi deyil ki, son bir neçə ildə - XXI əsr Azərbaycanında əsl təhsil bumu yaşanıb. Ölkəmizdə çoxsaylı məktəb binası tikilir, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub. Bu proses ən ucqar bölgələrimizi də əhatə edir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür.

Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək göz önündədir. Təhsilin inkişafında müəllimlərin rolu danılmazdır. Şagirdlərə Vətəni, milli-mənəvi dəyərlərimizi, mədəniyyət tariximizi sevməyi öyrədənlərdən biri də məhz müəllimlərdir. Müsahibimiz Nəsimi rayonu 111 saylı tam orta məktəbin müəllimi, kuriklum üzrə 5-ci siniflər üçün proqram müəllifi, Azərbaycan dili üzrə həmmüəllif, Kurikulum mərkəzində ədəbiyyat üzrə işçi qrupun üzvü Məlihə Əsədovadır:
-Müəllim hər bir davranışı ilə şagirdə nümunə olmalıdır. Mədəniyyət insanın daxilindən gələn bir amildir və bu baxımdan müəllimlərin də üzərinə böyük vəzifə düşür. Mədəniyyət təbiət tərəfindən bizə bəxş edilmiş sərvətdir, insanlar tərəfindən yaradılmış və toplanılmış maddi və mədəni dəyərləri, bizi əhatə edən təbiəti qiymətləndirmək üçün verilmiş şansdır. Bu baxımdan mədəniyyət fenomenini təhlil edən Hegel ona “insan tərəfindən yaradılmış ikinci təbiət” adını verib. Şagirdin formalaşması müəllimin mədəniyyətindən başlayır. Şagird ailə üzvlərindən daha çox müəllimlə ünsiyyətdə olur. Valideyndən də çox müəllimin təbliğatı ilə razılaşır. Əgər şagirdə hər hansı bir mövzu veririksə mənimsəməsi üçün onun əməldə tətbiqi önəmlidir. Məsələn, indi gənclər sosial şəbəkələrdən istifadə edir, ancaq ondan düzgün istifadənin özü də bir mədəniyyətdir. Şagirdə hansısa bir mövzuda, yazıçının, şairin həyatı ilə bağlı referat hazırlamasını tapşıranda onu oxuyarkən onun daxili aləmi ilə tanış olursan ki, hansı məqamlara üstünlük verib. Bu da mədəniyyətin bir təbliğidir. Təbii ki, şagirdə valideyn nəzarəti də olmalıdır, bu, birtərəfli şəkildə olmaz. Valideyn-müəllim əməkdaşlığı olmalıdır. Biz çalışırıq ki, şagirdə hər bir şeyi təbliğ edək. Mədəniyyət yalnız incəsənət, tariximiz deyil, burada adi nitq qabiliyyətindən başlayaraq müxtəlif amillər daxildir. Adi bir şəhərdə yol, memarlıq üslubü, həyata, insanlara baxış, düzgün başa düşmək, daxili saflıq da mədəniyyətdir. Şagirdlər hansısa bir yanlışlığa yol verəndə bildirirəm ki, davranışlarınız dünən oxuduqlarınızla uyğun gəlməlidir. Sözü əmələ çevirmək lazımdır. Oxuduqlarını mədəni şəkildə başa düşmək, təbliğ etmək lazımdır. Mədəniyyət hər bir insanın az və ya çox dərəcədə əldə etdiyi bilik və vərdişlər, ictimai və istehsalat həyatı, savad və tərbiyə, yaradıcılıq və mənəvi-əxlaqi fəallıqdır. Eyni zamanda buraya insan tərəfindən yaradılmış sərvətlər, o cümlədən maddi sərvətlər də daxildir. Dərsi elə tədris etməlisən ki, şagird burada həm də vətənpərvərliyi, insanlığı, humanistliyi görməlidir.
- Şagirdlərə mədəniyyətimizi sevdirmək üçün müəllimlərimizin üzərinə hansı vəzifələr düşür?
- Bu gün şagirdləri muzeylərə, ekskursiyalara aparmaqda da məqsədimiz odur ki, onlar savadlı, hərtərəfli, dünyagörüşlü ziyalı olsunlar. Yalnız insanın bilikli olması heç nəyə yaramır. Əgər o heç bir muzeydə olmasa, incəsənətdən xəbəri yoxdursa, milli-mənəvi dəyərləri tanımırsa bu, savadlı olmaq demək deyil. Bu, mənəvi kasıblıq deməkdir. Ona görə də mən şagirdlərimdə əsas ona önəm verirəm ki, onlar hərtərəfli olsunlar. İstəyirəm ki, onlar, sözün həqiqi mənasında ziyalı olsunlar. Bəzən belə bir fikir səslənir ki, ruslar operanı, baleti, tamaşanı sevirlər. Niyə bizim şagirdlər də operanı, baleti, tamaşanı sevməsin, yaxud muzeylərimizi tanımasın? Əgər bu gün biz onlara bunları sevdirə bilmiriksə, sabah o da öz övladına sevdirə bilməyəcək. Çünki özü başa düşməyib. İstəyirəm ki, şagirdlərim təbiəti də sevsin, özləri də yaradıcı olsunlar. Bəzən muzeylərə gedəndə onları məcbur edirəm ki, hər bir xırdalığı öyrənməyə çalışın, maraqlanın. Bəzən adi bir rəsm əsəri olur ki, biz ona baxarkən bizə adi bir təsir bağışlayır, halbuki onda olan dəyərli fikirləri tutmaq lazımdır. Ona görə də uşaqlıqdan bunları sevdirmək lazımdır və burada da biz müəllimlərin üzərimizə böyük məsuliyyət düşür. Məsələn, mən şagirdlərimi Qobustan Dövlət Tarix və Bədii Qoruğuna aparmışam. Oradan gələrkən uşaqlar çox böyük təəssüratlarla qayıtmışdılar. Bildirdilər ki, nə yaxşı biz oraya getdik. Təəssüf ki, çox az ailə tapmaq olar ki, birlikdə Qobustan Dövlət Tarix və Bədii Qoruğuna, yaxud hər hansı bir muzeyə baxmağa ziyarətə getsinlər. Eyni zamanda sevindirici haldır ki, son vaxtlar ailələr uşaqlarını tamaşalara aparırlar və bu sahədə bir inkişaf var. Bu, çox sevindiricidir.
- Bu sahədə əsasən hansı problemlər mövcuddur?
- Təəssüf ki, bəzi sahələrə maraq zəifdir. Hərtərəfli mədəniyyətə sahib olmaq daha gözəldir. Məsələn, mən kitab təqdimatlarında iştirak edirəm. Yeni kitablarla tanış olmaq, vaxtımı belə şeylərə sərf etməyi sevirəm və istəyirəm ki, şagirdlərim də sevsinlər. Dərs prosesində əvvəlki dövrlə müqayisədə bir qədər fərqlilik var, baxışlar dəyişib. Yeni dərsliklər hazırlanır, lakin dahilərin fikirləri toxunulmazdır və hər zaman da öz təsdiqini tapır. Ona görə də onların qiymətli sözlərinə müdaxilə etmək qeyri-mümkündür. İstərdik ki, öz imzasını qoyan yazarlarımız yenə olsun. Amma təəssüf ki, bunun şahidi olmuruq. Şagirdlər şeirləri sevə-sevə əzbərləyirlər. Onlara keçmişin şeirləri kimi baxmırlar, mənimsəməyə, nəticə çıxarmağa çalışırlar. Sadəcə şagirdlərdə esse yazmaq qabiliyyəti zəifləyib. İnşa yazmaq istəmirlər. Şifahi fikir üstünlük təşkil edir, amma fikirlərini yazıya köçürməkdə çətinlik çəkirlər. Biz 5-ci siniflərdə şagirdlərə hər hansı bir mövzuda, yaxud dərslə bağlı esse yazmağı tapşırırıq. Bu sahədə mövcud problem, yəqin ki, onların az mütaliə etmələri ilə bağlıdır. Çalışırlar ki, sosial şəbəkələrə daha çox müraciət etsinlər, ordan daha çox öyrənsinlər, hətta bir mövzunu oradan oxusunlar. Ancaq sosial şəbəkə kitabın yazarı kimi fikirlərini elə geniş çatdıra bilməz. Əgər oxucu bir əsəri oxuyub xəyala dalmırsa, onu düşünmürsə, həyəcanlanmırsa, demək ki, burdan heç nə əldə etməyib. Sosial şəbəkənin müsbət tərəfi odur ki, qısa vaxt ərzində istədiyi məlumatı əldə edə bilir, amma təcrübə toplamaq, söz ehtiyatı əldə etmək, düşünmək baxımından kitabı heç nə əvəz edə bilməz. Söz ehtiyatı toplamaq üçün mütləq kitab oxumaq lazımdır. Mütləq dahilərin əsərlərini, fikirlərini oxumaq lazımdır, dahilərin hər hansı fikiri bir incidir. Texnikanın inkişafı ilə əlaqədar həm də insanlar bu gün hər şeyi asan əldə etmək istəyir. Əgər bu gün kompyuterin klaviaturasından istifadə edilirsə qələmlə yazmağa ehtiyac duyulmur. Əvvəllər məktub yazmaq vardı, yaxud oxucu özünü oxuduğu kitabın qəhrəmanı kimi təsəvvür edirdi. İndi sinifdə şagirdlərə məcburən 5 cümlə yazdırırıq. Çünki mütaliə etmir, zəifdir. Mütaliəsi güclü olan şagirdlər hər zaman yazır, yaradır. Eyni zamanda kitab oxumaq bir daxili tələbatdır. Bəzən elə fikir olur ki, onu həmin vaxt yazmaq istəyirsən, sonra o fikir təkrarlanmır. Həyat virtualın üzərində qurulmayıb. İndi insanların üzərində təbəssümün az olmasının bir səbəbi də bəlkə onların virtual aləmə aludə olmasından irəli gəlir. Nə yaxşı məktəbdə ədəbiyyat dərsi var. Ən azından məcburən məktəb dərsliklərini oxuyurlar. Dövlətimizin ən mühüm addımlarından biri təhsilin məcburi olmasıdır. Hətta qüsurlu şagirdlərimiz üçün evdə təhsil alması üçün şərait yaradılıb. Şagirdlərimə hər zaman deyirəm, öncə həyatda məqsədiniz olsun. Bunun üçün də biz əlimizdən gələni edirik. Çalışırıq ki, mədəniyyətimizi təbliğ edək. Müəllimin özünü aparmasından şagirdə münasibətinə qədər bu öz əksini tapmalıdır. Şagird də müəllimdən ibrət götürməlidir. Hazırda yay tətilidir, onlara ev tapşırıqları vermişəm. Məqsəd o deyil ki, nöqsan tutaq, istəyirik, onları yaxşı fikrə yönəldək. Millətimiz, dövlətimiz üçün çalışaq, gözəl bir vətəndaş yetişdirək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar
07.09.2018
“BANM-i bitirdikdən sonra bacarıqlı mühəndis olacağıma inanıram”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info