Bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər istifadəyə veriləcək
Tarix: 25.01.2019 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biri də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllidir. Bu təbəqədən olan soydaşlarımızın problemlərinin həlli istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə xüsusi önəm verilməsi özlüyündə bir daha qaçqın və məcburi köçkün probleminin Azərbaycan dövləti üçün nə qədər mühüm xarakter daşıdığını sübut edir.

Keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib


Ötən illərdə ölkəmizin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar imzalanıb. Prezident İlham Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır. Bu işlərə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də töhfə verir. Dövlət başçısının ölkəmizdəki qaçqın və məcburi köçkünlərin problemlərini, onların həlli yollarını daim önə çəkməsi bu təbəqədən olan soydaşlarımıza hərtərəfli dövlət qayğısının təzahürü kimi dəyərləndirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərlə bağlı Prezident İlham Əliyev bildirib ki, keçən il 5800-dən çox köçkün ailəsinə yeni evlər, mənzillər verilib: “Bu, son illər ərzində rekord göstəricidir. Bununla bərabər, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 620-dən çox mənzil verilib. Bu il daha da çox mənzil veriləcək, o cümlədən məcburi köçkünlər üçün yeni şəhərciklər tikiləcək. Yəni bu məsələ daim diqqət mərkəzindədir. Biz hələ də ağır vəziyyətdə yaşayan köçkünlərin problemlərinin həlli üçün bu il də böyük vəsait nəzərdə tutmuşuq. Biz bu məsələləri həll edəcəyik. İlkin hesablamalara görə, bu il təqribən 5000 köçkün ailəsi üçün yeni mənzillər tikilib istifadəyə veriləcək. Hələlik biz bu rəqəm üzərində dayanırıq, amma il ərzində baxarıq, əgər imkan olarsa, bunu daha da artıra bilərik. Nə qədər çox etsək, bir o qədər də yaxşıdır. Ancaq hamımız bilməliyik ki, bu, böyük vəsait tələb edən layihələrdir və biz bu məsələləri imkan daxilində həll edirik. Bu günə qədər 300 min məcburi köçkün yeni evlərlə təmin edilib”.

Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib

Son illərdə qaçqın və məcburi köçkünlər üçün bütün zəruri infrastrukturla təchiz olunmuş qəsəbələr salınıb. Belə ki, son 18 il ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda bütün sosial-texniki infrastruktura malik 102 müasir qəsəbə salınıb ki, bunun da 3-ü ötən il istifadəyə verilib. Ötən il 5800 köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstəricidir. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,5 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. Evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı artıq 300 minə çatır ki, bu da 55 min ailə deməkdir.
Ümumilikdə bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 7,1 milyard manatdan artıq vəsait xərclənib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən isə 2 min 74 məcburi köçkün sahibkara 44,3 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı - əkinçilik, heyvandarlıq, bitkiçilik, arıçılıq ilə bağlı layihələrə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 15 ildə 75 faizdən 12 faizədək azalıb.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına və perspektiv inkişafına yönələn müvafiq sərəncamları, dövlət başçısının kəndin bərpasından sonra burada görülən işlərlə tanış olmaq məqsədilə bu əraziyə səfəri, bu səfərdən sonra kəndin bərpasının davam etdirilməsi ilə bağlı imzaladığı növbəti sərəncam olduqca böyük əhəmiyyət kəsb edir. Cocuq Mərcanlıdan sonra vaxtilə işğal altında olan Şıxarx qəsəbəsində bütün sosial-texniki infrastrukturu ilə birlikdə 1170 məcburi köçkün ailəsi üçün inşa edilmiş və açılışında Prezident İlham Əliyevin iştirak etdiyi müasir şəhərcik də deyilənləri təsdiqləyir.
Onu da qeyd edək ki, Mehriban Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə 900 məcburi köçkün ailəsi qəzalı binalardan yeni mənzillərə köçürülüb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən son tədbirlərdən biri kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 24-də Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin açılışını göstərmək olar. Layihə üzrə hər biri 2 bloklu, 9 mərtəbəli, 1026 mənzilli 11 yaşayış binası inşa olunub. Yaşayış kompleksinə üçmərtəbəli məktəb binası və uşaq bağçası daxildir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri kimi ötən ilin sonunda Abşeron rayonunun ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksi istifadəyə verilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 101-ci şəhərcikdir. Ölkə başçısının 2011-ci ildə imzaladığı Sərəncama əsasən, Sumqayıt şəhəri ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış 2900 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli binalardan ibarət yeni yaşayış məhəlləsinin tikilməsi qərara alınıb. Məhəllənin salınması üçün 50 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1000 ailənin yerləşdirilməsi üçün 17,5 hektar torpaq sahəsi istifadə edilib. Yeni yaşayış məhəlləsinin layihələndirilməsi və tikintisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib. Kompleksdə tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Layihə üzrə 23-ü 42, biri isə 35 mənzilli olan 7 mərtəbəli yaşayış binası inşa olunub. Məktəb və uşaq bağçasının daxil olduğu yeni yaşayış kompleksində digər zəruri infrastruktur obyektləri - klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası tikilib, istirahət parkı salınıb, uşaq meydançaları yaradılıb.
İlin sonunda Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Şəhərin mərkəzində, Koroğlu prospektində yerləşən kompleksin inşasına 2017-ci ilin martında başlanılıb. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina, o cümlədən səkkizmərtəbəli səkkiz, 15 mərtəbəli dörd bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib.
Bütün bunlar isə onu göstərir ki, Azərbaycan dövləti qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı və diqqət göstərir, onların problemlərinin həllini daim diqqət mərkəzində saxlayır.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Ermənistan büdcəni icra etmək üçün vəsait tapmır
15.10.2019
Müxalifətçilərin “qəhrəman”a çevirdiyi qadın videomüraciətində onları ifşa etdi
14.10.2019
Kənd turizminin inkişafı kəndli üçün yeni gəlir mənbəyidir
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 Gələn il əmək pensiyaları bir daha artırılacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info