“İpoteka ilə gənc alimlərin mənzillə təminatı üçün proqram hazırlanır ”
Tarix: 18.07.2013 | Saat: 23:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə mətbuat konfransı keçirdi. O qeyd etdi ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında qeyd olunmuş əhəmiyyətli çağırışlar alimlərimiz qarşısında konkret vəzifələr qoyub. A.Əlizadə 3 ayda akademiyada aparılan struktur dəyişikliyi, informasiyalaşdırma, alimlərin sosial rifahının yüksəldilməsi istiqamətində nəzərdə tutulan tədbirlər, maddi-texniki bazanın gücləndirilməsi məqsədi ilə həyata keçirilən layihələr, elmi nəşrlərin və veb-resursların təkmilləşdirilməsi və digər məsələlər haqqında ətraflı məlumat verdi. AMEA-da təşkil olunmuş beynəlxalq elmi konfranslar, simpoziumlar, yubileylər haqqında söhbət açan A.Əlizadə akademiyanın institutlarında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyevin daim elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışan A.Əlizadə AMEA-nın və onun bir sıra institutlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində dövlətimizin başçısının müvafiq sərəncam və fərmanlarını xatırlatdı. O, dedi ki, cari ilin may ayında Şamaxı Astrofizika Rəsədxanasında aparılan əsaslı təmir işlərinin başa çatmasından sonrakı vəziyyətlə tanış olarkən dövlətimizin başçısı qeyd edib ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Hazırda Azərbaycanın elm siyasəti məhz bu istiqamət üzərində qurulub.
Akademik Prezident İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli sərəncamı ilə cari ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq “Elektron hökumət” Dövlət Proqramına elmi dəstək verildiyini vurğuladı. O, bu sahədə akademiyada da köklü dəyişikliklər aparıldığını, akademiyanın İnformasiya Texnologiyaları İnstitutunun köməyi ilə AMEA-nın müxtəlif institutlarının da informasiya-kommunikasiya texnologiyaları (İKT) ilə təmin olunduğunu diqqətə çatdırdı. AMEA-nın prezidenti akademiyanın müvafiq qurumlarında İKT-nin tətbiqi ilə əlaqədar elmi-tədqiqat işlərinin, səmərəli elmi araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu nəzərə çarpdırdı. A.Əlizadə 3-4 ay ərzində akademiyada bir sıra şöbələrin ləğv olunduğunu, onların yeniləri ilə əvəz edildiyini bildirdi: “Bu gün AMEA 17 dövlət proqramının inkişafında və həyata keçirilməsində uğurla iştirak edir. Gələcəklə bağlı qəbul olunmuş bütün strategiya və dövlət proqramlarında ölkəmizin strateji inkişaf xəttinin həyata keçirilməsində alimlərimiz də dəyərli töhfələr verəcək”. Tədbirdə akademiyanın institutlarının tərkibində iki yeni baza kafedrasının yaradıldığı diqqətə çatdırıldı.
Müasir dövrün əsas aparıcı qüvvəsi olan gənclərin elmə cəlb edilməsi prosesinin uğurla həyata keçirildiyini söyləyən AMEA-nın rəhbəri bildirdi ki, hazırda akademiya əməkdaşlarının 30 faizini gənclər təşkil edir. Akademiyanın 14 gənc elmi işçisi tədqiqat işləri ilə əlaqədar dövlətimiz tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına xarici ölkələrə ezamiyyətə göndərilib.

AMEA-nın “İstedadlı gənclər” liseyinin
yaradılması nəzərdə tutulur


A.Əlizadə dövlətimiz tərəfindən gənc alim və tədqiqatçılara göstərilən xüsusi diqqət və qayğıdan, onların sosial təminatının gücləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrdən, gənclərlə bağlı Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən söhbət açdı. Qeyd etdi ki, gənc alimlərimizin ipoteka krediti vasitəsilə mənzillə təmin olunması məsələsi dövlətimiz tərəfindən yüksək səviyyədə dəstəklənib və onların bütün sahələrdə problemlərinin həll olunması istiqamətində Azərbaycan dövləti tərəfindən daim maliyyə vəsaiti ayrılıb. O diqqətə çatdırdı ki, ipoteka kreditləri vasitəsi ilə gənc alimlərin mənzillə təminatı gündəmdədir. Akif Əlizadə dedi ki, bununla bağlı proqramlar hazırlanmaqdadır: “Dövlət başçısı tərəfindən AMEA-ya 10 milyon manata qədər vəsait ayrılıb və institutlarda maddi-texniki baza qurulur. Dövlət başçısına müraciət etdik və AMEA-ya yarım milyon manat vəsait də ayırdı. Bu vəsait hesabına diplom müdafiəsi ərəfəsində olan gənclərimiz Avropada müvafiq müasir avadanlıqlardan istifadə edə bilirlər”.
AMEA prezidenti elmi-tədqiqatlar üçün xeyli sayda qrantların sərf olunduğunu da dedi. Akademiyada müxtəlif sahələrdə 1000-ə yaxın yerli və beynəlxalq qrant layihəsi həyata keçirilir. Onun sözlərinə görə, hazırda AMEA-da beynəlxalq qrantlardan daha çox istifadə edilir: “Bu rəqəm minə yaxındır. Əlbəttə, Prezident yanında Elmin İnkişafına Dəstək Fondundan da kifayət qədər vəsait ayrılır”.
A.Əlizadə AMEA-nın qorunub saxlanması və inkişafının vacibliyindən də danışdı.
Qarşıda duran planlar haqqında məlumat verən A.Əlizadə gələcəkdə akademiyada magistratura təhsil pilləsinin, akademiyanın bir sıra yeni institutlarının və AMEA-nın “İstedadlı gənclər” liseyinin yaradılmasının nəzərdə tutulduğunu bildirdi. O qeyd etdi ki, AMEA sovet idarəçilik ənənəsindən uzaqlaşmağa çalışır: “Təəssüflər olsun ki, sovetlər dövründə elmi təhsildən ayırdılar, ancaq həyat göstərdi ki, elm təhsilsiz inkişaf edə bilməz. AMEA-da gələcəkdə lisey yaradılmalıdır. Bu, gələcəkdə olacaq. Ancaq indiki halda AMEA-da magistratura mütləq yaradılmalıdır. Artıq magistratura ilə bağlı sənədlər Prezident Administrasiyasına təqdim olunub və razılıqla qarşılanıb. Artıq bununla bağlı müvafiq sərəncam hazırlanır. Gələcəkdə AMEA-nın İstedadlı Gənclər Liseyi, daha sonra AMEA Universiteti yaradılmalıdır. Biz bütün bunları həyata keçirməyi nəzərdə tutmuşuq”.
Akademiyanın prezidenti bildirdi ki, elmlə təhsilin inteqrasiyası istiqamətində də mühüm addımlar atılıb: “Elmi fəaliyyətin səmərəliliyinin daha da artırılması, ölkənin digər elm müəssisələrində və ali məktəblərində aparılan fundamental və tətbiqi araşdırmaların əlaqələndirilməsi, müvafiq sahələrdə tətbiqinin təmin olunması, elmi kadrlardan düzgün istifadə edilməsi məqsədilə müəyyən tədbirlər görülür”.

AMEA-nın Neft İnstitutu yaradılacaq

Akademik tədbirdə bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutu yaradılacaq: “Azərbaycan neft diyarıdır, belə bir institut olmalıdır. Hazırda bu məsələyə Prezident Administrasiyasında baxılır”.
O bildirdi ki, Azərbaycanda müasir Xəzər Mərkəzi də yaradılır: “Prezident İlham Əliyev bununla bağlı sərəncam verib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA hazırda bu Mərkəzin yaradılması ilə məşğuldur”. Akif Əlizadə AMEA-da şərqşünaslıq istiqamətində fəaliyyət göstərəcək qurumun yaradılması niyyətinin olduğunu da qeyd etdi.
AMEA-nın prezidenti bu yaxınlarda akademiyanın institutlarına boş direktor yerlərinə müsabiqə barədə elan veriləcəyini bildirdi: “İnstitutlara bacarıqlı alimlər rəhbərlik edəcək”.

“Bizneslə elmin innovativ əlaqəsini təmin etsək,
uğur əldə edəcəyik”


Akademik bildirdi ki, ötən il doktoranturaya qəbul planı dolmayıb. O qeyd etdi ki, bu il keçiriləcək qəbul da ənənəvi şəkildə həyata keçiriləcək. Akif Əlizadə elmin istehsalatda tətbiqi ilə bağlı da danışdı: “Bizneslə elmin əlaqəsi innovativ olmalıdır. Bunu əlaqələndirə bilsək, uğur əldə edəcəyik. Artıq bununla bağlı - elmin istehsalatda tətbiqinə dair addımlar atırıq. İstəyirik ki, elmimiz biznesə - istehsalata tətbiq edilsin. Bu həm AMEA-ya gəlir gətirəcək, həm də elmin inkişafına təkan verəcək”.

Göytəpə arxeoloji parkının layihəsi hazırlanır


A.Əlizadə dedi ki, Göytəpədə arxeoloji qazıntılar zamanı aşkarlanan tapıntılarla bağlı arxeoloji park yaradılacaq.
A.Əlizadə bildirdi ki, hazırda parkın layihəsi hazırlanır. O, AMEA-da hazırda 7 elm bölməsinin fəaliyyət göstərdiyini də qeyd etdi. A.Əlizadə bildirdi ki, AMEA-da ilk dəfə olaraq hüquq şöbəsi də yaradılıb. Onun sözlərinə görə, indiyə qədər bir çox məsələlərdə görülən işlərin hüquqi aspektləri tam müəyyənləşməyib. Akademiyanın beynəlxalq əlaqələrindən söhbət açan A.Əlizadə bu istiqamətdə mühüm addımların atıldığını, AMEA-da yeni beynəlxalq elmi laboratoriyanın yaradıldığını nəzərə çarpdırdı.
A.Əlizadə yeni nəşrlər haqqında söhbət açaraq “Elm dünyası” jurnalının fəaliyyətindən danışdı, dərginin artıq iki nömrəsinin çap olunduğunu bildirdi. Sonra suallar cavablandırıldı, jurnalistlərlə xatirə şəkli çəkdirildi. Sonda bazar iqtisadiyyatı şəraitində innovativ fəaliyyəti gücləndirmək məqsədi ilə AMEA-nın korporativ üslubunun tətbiqinin əhəmiyyətini özündə əks etdirən sərgi nümayiş etdirildi. Sərgidə AMEA-nın korporativ loqosu, təltif və mükafatları, qovluq və zərflər, blanklar, vəsiqə və vizit kartları, korporativ təbriknamə və təqvimlər, qapı lövhələri, suvenir və aksessuarlar, hədiyyələr və digər nümunələr təqdim olundu.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info