Binəqədidə qalib jurnalistlər mükafatlandırıldı
Binəqədi Rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “AzərTAC”ın İctimai-siyasi redaksiyasının baş redaktoru Albina Atlıxanova, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər mətbuat nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları Binəqədi Rayon İcra Hakimiyyətində (RİH) yaradılmış 1646-Sakinlərin Müraciət Xidməti ilə tanış olub və rayonda son bir ildə abadlıq-quruculuq, sosial-iqtisadi inkişaf sahəsində həyata keçirilmiş işlər və elektron hökumətin tətbiqindən bəhs edən filmə baxıblar. Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında mətbuatın cəmiyyətin inkişafında rolundan danışıb, cəmiyyətin tərəqqisində hadisələri obyektiv işıqlandıran KİV nümayəndələrinin də rolunun olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin mətbuata göstərdiyi qayğıdan bəhs edən X.İsgəndərov 1998-ci ildə ümummilli lider tərəfindən mətbuat üzərindəki senzuranın ləğv edilməsi ilə milli mətbuatımızın inkişafına stimul yarandığını və Prezident İlham Əliyevin mətbuata daim diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Binəqədi RİH-in başçısı bu qayğıya bariz nümunə kimi 156 mətbuat nümayəndəsinin dövlət tərəfindən evlə təmin olunmasını göstərib. Daha sonra çıxış edən Ə.Amaşov, V.Səfərli və V.Rəhimzadə mətbuata dövlət qayğısından, Binəqədi rayonunda son bir ildə reallaşdırılan abadlıq-quruculuq işlərindən danışaraq bu işləri bir örnək kimi qeyd ediblər. Tədbirin gedişində “Binəqədi” qəzetinin təşkilatçılığı və Albina Atlıxanova, Bəhruz Quliyev və Vüqar Rəhimzadənin həmtəsisçiliyi ilə “Binəqədinin dostları” Mətbuat Klubunun təsis olunduğu elan edilib. Tədbirin sonunda “Binəqədi rayonu mətbuatın gözü ilə” yazı müsabiqəsinin qalibləri təltif edilib.
Fuad

Xəbər 543 dəfə oxundu.