Rüstəm İbrahimbəyov: “Kim pul versə, alacağam”
Prezidentlik iddiasında olan Rüstəm kişi açıq şəkildə bəyan edib ki, xaricdən kim istəyir, gətirib ona pul verə bilər, “seçildikdən” sonra onların maraqlarını təmin edəcək, çaldıqları havaya oynayacaq
Qondarma “milli şura” təmsilçilərinin Tiflisdə keçirilən görüşü fiasko ilə nəticələndi. Ənənəvi müxalifət liderləri Tiflisdə bir daha anladılar ki, elə bir oyuna düşüblər ki, qoca kinodramaturqun ssenarisi əsasında hələ çox “oynamalı” olacaqlar. Tiflis görüşündə böyük məyusluğa uğrayaraq qoca kinodramaturqdan nə maliyyə yardımı ala, nə də ortaq məxrəcə gələrək seçki qərargahı formalaşdıra bildilər. Ən acınacaqlısı da odur ki, Bakıda sinələrinə döyərək illərdir müxalifətçilik oyunu oynayanlar, özlərini demokratiya mübarizləri kimi qələmə verənlər Rüstəmin bir əmri əsasında erməniyə məxsus olan oteldə sıraya düzüldülər. Rüstəmin erməni sevgisi o qədər güclüdür ki, “milli şura”nın toplantısını belə, bədnamlara məxsus oteldə keçirdi. Yəqin, erməni dostları bunun üçün ondan otel pulu almayıblar. Hərçənd görüşdə iştirak edən bəziləri, o cümlədən İsa Qəmbər üçün ermənilərlə dostluq etmək, müqavilə imzalamaq adi haldır. İndi də erməni dostlarının otelində bir araya gələrək onların hesabına toplantı keçiriblər. Ermənilərin köməyi ilə Azərbaycanda demokratiyanı “inkişaf” etdirmək, hakimiyyətə gəlmək istəyirlər… “Milli şura” rəhbərinin Azərbaycana, xalqımıza, dövlətimizə nifrəti o qədərdir ki, Tiflisdə Bakıdan gedən jurnalistlərin suallarını cavablandırmayıb, ümumiyyətlə, onlarla doğma dilimizdə yox, doğma dilində danışıb. Yəqin ki, oteli ona peşkəş edən erməni ağaları Azərbaycan dilində danışmağı yasaqlayıblar. Amma “Reqnum” agentliyinin müxbirinin suallarını həvəslə cavablandırıb. Səbəb çox sadədir, hazırda bu agentlikdə ermənilərin təsir imkanları çox genişlənib. Ala-yarımçıq kinodramaturq müsahibəsində özünü ifşa edib. Əslində bu şəxs özü də etiraf edir ki, siyasətçi deyil, elə ona görə də verdiyi müsahibələrdə həmişə “quş buraxır”. Bu həm onun siyasətdə naşı olmağından irəli gəlir, həm də iç üzünü ortaya qoyur. Rüstəm İbrahimbəyov müsahibəsində qeyd edir ki, guya o, sovet illərindən yaradıcılığında həmişə həqiqəti deməyə çalışıb və bu gün məhz “həqiqəti” dediyi üçün “neqativ” münasibətə məruz qalıb. O, sovet illərində həqiqəti ifadə etdiyini deyəndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətini tənqid etməsini nəzərdə tutur. Çünki həmin dövrün ideologiyası bunu tələb edirdi. Əgər çəkdiyi bəzi filmləri nəzərdə tutursa, yəqin, unudub ki, həmin filmlərin efirə çıxması ulu öndərin sayəsində mümkün olub. Kinodramaturq sovet vaxtı həqiqəti söyləsəydi, Müşfiqin, Cavidin taleyini yaşayardı. Həmin vaxtdan ta bu günə qədər Qarabağ yaramız haqqında film çəkibmi? Bu mövzu ilə bağlı ssenari yazıbmı? Səfər etdiyi dünya ölkələrində qatıldığı təqdimatlarda Qarabağ həqiqətləri, erməni işğalı, Xocalı soyqırımı haqqında məlumat veribmi? Yox. Çünki onu bu illər ərzində ancaq rahat həyat şəraiti, “Şərq-Qərb” kinofestivalı adı altında dövlətin ayırdığı pulları yemək, maliyyə vəsaitini vergidən gizlətmək, müqəddəs ziyarət yerimiz olan Şəhidlər xiyabanının ərazisində erməni dostlarına əyləncə mərkəzi açmaq düşündürüb. Bax bu səbəblərə görə Azərbaycan xalqının sənə qarşı münasibəti neqativdir. Utanmadan müsahibəsində qeyd edir ki, Azərbaycanda siyasətçilərin ölkəni, Bakını tərk etməsinə qadağa qoyulub. Yəqin ki, bu sözləri ifadə etdiyi vaxt “Reqnum”un jurnalisti Rüstəmin nə qədər qeyri-ciddi və qeyri-səmimi olmasına ürəyində istehza edib. Yəqin, ürəyində düşünüb ki, Azərbaycanda siyasətçilərin, müxalifət təmsilçilərinin ölkəni tərk etməsinə necə qadağa qoyulub ki, millilikdən uzaq “milli şura” başbilənləri yığışıb xarici ölkə paytaxtında-Tiflisdə görüş keçirirlər. Bəs onlar ölkədən necə çıxıblar, ay Rüstəm kişi? Hələ bu, harasıdır. Ala-yarımçıq kinodramaturq qeyd edib ki, Azərbaycanda xalq yoxsullaşır!? Bu kişi yaşlandıqca nə danışdığını bilmir. Heç olmasa, ətrafındakılar onun diqqətinə çatdırsınlar ki, ay Rüstəm kişi, bu gün Azərbaycanda yoxsulluq dünya üzrə ən aşağı göstəricilərdə sayılan 5 faiz civarındadır. Amma rəsmi Bakı bu faizin də çox olduğunu hesab edərək yoxsulluğun tamamilə aradan qaldırılmasına çalışır. Cari ilin ilk 6 ayı ərzində qeyri-neft sektoru 10,9 faiz, bütövlükdə ölkə iqtisadiyyatı 5 faiz artıb. İnflyasiya cəmi 2 faiz təşkil edir. Bu ilin geridə qalan ayları ərzində əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil edib. Ölkə üzrə orta aylıq əməkhaqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil edir. Bu, sadəcə kiçik statistikadır. Amma ermənipərəst kinodramaturqun qondarma iddialarını ifşa etmək üçün yetərlidir. Rüstəm İbrahimbəyov ən böyük “quşlarından” birini də bu müsahibəsində edib. O qeyd edib ki, Rusiyada yaşayan milyarderlərdən kimsə ona seçkidə iştirakını maliyyələşdirmək üçün pul versə, məmnuniyyətlə götürəcək. Dəhşətdir! Bu sözləri Azərbaycanda prezident olmaq istəyən şəxs səsləndirir. Allah xalqımızı, dövlətimizi belə insanlardan qorusun. İndi səhərdən-axşama kimi Rüstəmi tərifləməklə, hakimiyyəti tənqid etməklə məşğul olan “milli şura” üzvləri cavab versinlər-onların özlərinə vahid namizəd seçdikləri şəxs xaricdən pul verilərsə, alacağını deyir. Hələ də onu dəstəkləməkdə davam edirsinizsə, deməli, siz də onun bu fikri ilə razısınız. Yox, razı deyilsinizsə, dərhal ondan imtina etməlisiniz. Buyurun, seçim edin. Amma digər tərəfdən düşünəndə ki az qala Qarabağın ermənilərə məxsus olduğunu deyən ermənipərəst şəxsi özlərinə “lider”, “vahid namizəd” seçilməsinə razılıq veriblərsə, deməli, seçimləri bəllidir. Amma onlardan soruşmaq lazımdır-xaricdən seçki kampaniyası üçün pul alan şəxs necə prezident ola bilər? Əvvəla, qanun buna icazə vermir. Digər tərəfdən xaricdə yaşayan şəxs sənə niyə boş yerə pul verməlidir? Heç kim kiminsə seçki kampaniyasını havayı maliyyələşdirmir. Mütləq həmin maliyyənin arxasında gizli sövdələşmə, müəyyən maraqların həyata keçirilməsi dayanır. Dünya siyasətində, seçki prosesində belə qayda var ki, sponsorlar birləşib hansısa şəxsin kampaniyasını maliyyələşdirir ki, sonradan həmin şəxsin vasitəsilə maraqlarını reallaşdırsınlar. Pul alan şəxs də pul verənin qarşısında öhdəlik götürür. İndi də Rüstəm kişi açıq şəkildə bəyan edir ki, xaricdən kim istəyir, gətirib ona pul versin, “seçildikdən” sonra onların maraqlarını təmin edəcək, çaldıqları havaya oynayacaq. Onsuz da başqa dövlətin vətəndaşı kimi rəsmi öhdəlikləri olan Rüstəm indi də qeyri-rəsmi öhdəlik götürəcəyinin mesajını verir. Həmin şəxslər erməni milyarderlər də olar bilər. Elə Rüstəmin istəyi də budur. Onlar rahat şəkildə ona maliyyə yatıra bilərlər. Çünki Rüstəm öz dili ilə etiraf edir ki, gətirin pul verin, nə istəyirsiniz, edəcəyəm. Başqalarının pulu, xarici qüvvələrin yardımı ilə Azərbaycanda prezident seçilmək istəyən şəxs və onun ətrafına toplaşanlar bilsinlər ki, Azərbaycan xalqı sizlərin xislətinə yaxşı bələd olduğundan heç vaxt taleyini sizin kimilərin ümidinə buraxmaz.
Anar Miriyev

Xəbər 1143 dəfə oxundu.