Avstriyalı gimnast: Bakıda keçirilən bütün turnirlər yüksək təşkilatçılığı ilə seçilir
Çempionatdakı çıxışımdan razı qaldım. Düzdür, bəzi səhvlərə yol verdim. Lakin finalda həmin səhvlərimi düzəltməyə çalışacağam. Avropa çempionatı qitənin ən nüfuzlu turnirlərindən biridir. Ümid edirəm ki, bu çempionatda uğur qazanacağam.
Bunu bədii gimnastika üzrə Avropa çempionatında iştirak edən avstriyalı gimnast Nikol Rupreçt AZƏRTAC-a müsahibəsində deyib. Bakıdakı yarışlarda dəfələrlə iştirak etdiyini vurğulayan gimnast deyib. “Azərbaycan paytaxtındakı yarışlarda dəfələrlə iştirak etmişəm. Bakıda keçirilən turnirlərin hamısı yüksək təşkilatçılığı ilə seçilir”.
Mayın 19-da yekun vurulacaq çempionata 35 ölkədən gimnastlar qatılıblar.
Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.

Xəbər 167 dəfə oxundu.